Artıq nə mübtədayam, nə tamamlıq...

 

Firudin Həmidli

 

Antonim əvəzliklər

 

Ah, sənin təsirli fellərin

Məhv etdi bütün cümlələrimi...

Oysa, mənim tamamlığım yalnız sən idin.

Nə oldu sənə?...

 

Bütün nitq hissələrim alt-üst oldu,

Heç biri işə yaramadı

Sən "getmək" sözünü

Birinci şəxsə salanda...

Və mən susdum, boğuldum,

Titrədi bütün əlifbam,

"Ölmək" feli çatmadı dadıma...

 

Oysa ki, "sevmək" feli

Yalnız sənə tətbiq üçün

Yazılmışdı bütün lüğətlərimdə.

Mənmi bacarmadım,

Sənmi uymadın?

Kim idi günahkar?

 

Oysa, səni daima

Arzu şəkli ilə xatırlayırdım.

Axtarsan hər sözümün mənşəyini,

Sən çıxardın sonunda...

 

Sənin lüğətlərinə

Alınma sözlər qarışdı, sevgilim!...

Aramıza qeyri-müəyyən bir mübtəda

Necə, hardan ayaq açdı, sevgilim?

Nə köməyə gəldi bağlayıcılar,

Nə acizanə ədatlar...

Qopdu hardansa bir nida: Bitdi eşq!

 

Artıq nə mübtədayam,

Nə tamamlıq...

Bir xəbərdən ibarətəm:

Darıxıram...

 

Sənsə...

Ah, sən...

Adın ən yad lüğətlərdə,

Ən uzaq cümlələrdə...

LENT

24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017