Neftçi uşaqlarını aldatmaq istəyən varlı oğlan

 

 

Kulis.az “Naməlum kino” layihəsində Ənvər Əblucun 1984-cü ildə çəkdiyi “Qara gölün cəngavərləri” filmini təqdim edir.

 

Süjet: Hadisələr XX əsrin əvvəllərində Bakıda neftçilərin yaşadığı qəsəbədə baş verir. Yeniyetmə Əliş (Natiq Adullayev) dostları ilə birlikdə hər gün göldən nöyüt yığıb alverçi Məlikə (Muxtar Avşarov) satır. Amma Məlik uşaqlara nöyütün pulunu ödəmir, hər dəfə bir bəhanə ilə boyun qaçırır. 

 

Balaca qəhrəmanların ataları ağır şərtlərdə neft mədənlərində işləyir. Onlar çətin əmək şəraiti müqabilində cüzi əmək haqqı alırlar. Ona görə də 15 saatlıq iş gününü azaltmağa əmək haqlarının artırılmasına nail olmaq məqsədilə böyük miqyaslı tətil keçirməyi planlaşdırırlar. Tətilin təşkilati işlərində onlar gizli bolşevik qrupları ilə əlbirdirlər. Neft mədənlərinin sahibi Fəttahov (Hacımurad Yegizarov) onların tətil etmək niyyətlərindən xəbər tutur. O, Əlişlə yaşıd olan, gimnaziyada təhsil alan oğlu Fərruxu (Kamran Əhmədov) öz yerinə hazırlaşdırır. Oğluna fəhlələrin təhlükəli olduğunu deyir: “Elə et ki, səndən həm çəkinsinlər, həm də hörmət etsinlər”. Beləcə Fərrux yoxsul həmyaşıdları ilə yaxınlaşır. Onların etibarını qazanmaq üçün atasının hiyləgər məsləhətlərinə əməl edir. Əlişin atası, tətilin əsas təşkilatçılarından biri pəhləvan Qulunu (Həşim Qadoyev) polislər həbs etmək istəyir. Fərrux Əlişə atasının gecə həbs ediləcəyini xəbər verməklə onun etibarını qazanmağa çalışır. Digər uşaqlar Fərruxa inansalar da, Əliş ona şübhəylə yanaşır. 

 

 

Qulu tutulandan sonra Fəttahov oğlunun uşaqlar yanında güvəninin daha da güclənməsindən ötrü onu azad etdirir. Fərrux isə Əlişə Qulunun azad olunmasını atasından xahiş elədiyini deyir.

 

Və günlərin birində Fərrux dənizkənarında qayalıqlardan birində fəhlələrin təlim keçdiyini görür, o, atasına xəbər vermək üçün evə tələsir. Əliş onun niyyətindən duyuq düşür... Və dostları ilə birlikdə nə olursa - olsun Fərruxu dayandırmaq qərarına gəlir...

 

“Qara gölün cəngavərləri” yazıçı Süleyman Vəliyevin “Şor cüllütü” povestinin motivləri əsasında ekranlaşdırılıb. Əsər avtobioqrafik xarakter daşıyır. Süleyman Vəliyev Ramanada fəhlə ailəsində anadan olub, inqilabdan əvvəl bolşevik Həmid Sultanov Ramana neft mədənlərində işlərkən onların həyətində kirayədə yaşayıb.

 

Fəhlə qəsəbəsi, onların yaşayışı, baraklardakı darısqal otaqlar, kasıb interyerlər, dözülməz əmək şəraiti təsvirlərində realizm güclüdür.

 

Əhvalatda əsas qəhrəmanlar uşaqlardır. Onlar məktəbə getmək, təhsil almaq əvəzinə ataları kimi ağır işdə çalışır, eyni zamanda onlara tətilin təşkil olunmasında kömək eləyir. Yaşlarından erkən böyüsələr də nə onlar, nə də Fərrux uşaq saflığını itirməyib. Hətta rejissor Fərruxa bəzi məqamlarda mərhəmətlə yanaşır. Filmin bir epizodunda uşaqlar Məlikdən pullarını almaq üçün onun yolunu kəsirlər. O, imtina edəndə üzünə nöyut yaxırlar, Fərrux da onlara qoşulur. O, yaşıdlarıyla vaxt keçirmək, uşaqlığını yaşamaq istəyir. Bu epizodda uşaqların üsyanı həm də baş verəcək inqilabın kiçik modelidir.

 

 

Daha bir maraqlı epizod var: Novruz bayramının təsviri səhnəsi. Sinfi münasibətlərin dərinləşməsinə baxmayaraq, Novruz bayramı varlını da, kasıbı da birləşdirir, onlar arasında səmimi kontakt qurur.

 

Filmdə qadın obrazı demək olar ki, yoxdur. Yalnız bir neçə kadrda ötəri Əlişin anası (Zemfira Sadıqova) və bacısı Sürəyya (Günay Rəhimova) görünür. 

 

Süjetin motivlərindən biri sovet inqilabının təbliğinə yönəlsə də, rejissor daha çox sıravi insanların məişətini, öz haqların uğrunda mübarizəsinə fokuslanıb.

 

Hərçənd, film plakat pafosunda (əllərində qırmızı bayraq tutan fəhlələrin tətilinin baş tutması) finalla bitir.

 

Filmin operatoru Kənan Məmmədov, ssenari müəllifləri Süleyman Vəliyev, Emil Ağayev, Yuri Çulyukindir.

LENT

19 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017