Kilsədə şaman duası - Həmid Ormanlı yazır...

Kulis.az Həmid Ormanlının “Generalın portretinə əlavə” oçerkini təqdim edir.

 

General – dostum Mehmanın təlğəsidir. Əlbəttə ki, bu təlğə (ayama – red.) Ona göydən düşməyib. Qeyri-adi jestlər, boy-buxun, tünd qara eynək, yad yanında ötkəm danışıq, təmkinli təbəssüm “General Əhmədov”u çoxlarına yedizdirib.

 

Sovet-alman müharibəsinin mübariz zabiti olmuş atası Tağı kişi (ruhu şad olsun) və qəhrəman anası Leyli xala onu bu tipdə böyüdüb. Mehmanın qopub gəldiyi Tovuz rayonunun Aşağı Quşçu şenniyində Tağı dayının ziyarətində çox olardım. Tağı dayı tək Tovuzun yox, respublikanın adlı-sanlı veteranlarından olub. Ona görə də rəhmətlik hər yeri düşəndə “a bala, hökumət 41-45 nömrəli telefonu, elə-belə hər öyə çəkərmi ?”- deyib fərəhlənirdi.

 

Sözüm onda deyil. Dediyim odur ki, hərbi-vətənpərvər mühitdə böyüyən Mehmanın generallığı olduqca təbiidir. Bir çox stereotiplərdən azad, bizim bu generalın hələ də kəşf olunmamış xeyli tərəfləri var. Siz təsəvvür edin ki, içki məslislərinin əvvəlində araq stəkanını başına qoymağı, məclisin sonuna yaxın isə araq stəkanının üzünü salfetə bükməyi onun hələ də kəşf olunmayan tərəflərinin ən sadə detallarındandır. Düzdür, Zahir bəy, Sədat İsmayılov, Ehtiram İlham, Yusif Savalan, Seymur Mustafazadə, Vüsal Odər, Bəhram İsmayılov kimi stajlı araq və əqidə dostları belə bir versiya irəli sürürlər ki, bu onun arağı axıra kimi içə bilməməyindən irəli gəlir. Ancaq bu heç də belə deyil. General təbiət adamıdır. Hansı daşın altında nə var bilir. Tovuz rayonunun Qala boynu kəndində axtarış ekspedisiyası işləməzdən düz 10 il qabaq Qala boynuna gedib bir daşın üstündə oturdu ki, bu daşın altında qızıl var. Təsəvvür edin ki, generaldan az qala 5-6 il sonra gəlib o daşın üstündə ilan oturdu. Daha sonra da axtarış ekspedisiyası...

 

Bloknotunda Azərbaycanın az qala hər kəndindən 2-3 adamın koordinatı var. Yeri gəlmişkən Tovuzda belə adamlar çoxdur. Məsəlçün, Mirsalam Ağa və Ehtiram İlham həmin adamların ən üzdə olanlarındandır.

 

Elitar yer olsun, hara olur-olsun fərqi yoxdur, bir də görürsən ki, general cibindən əl dəsmalını (kənddə burun dəsmalı da deyirlər) çıxardıb ot biçən kişilər kimi qıraqlarını düyünləyib qoydu başına. Bax belə özünəməxsusdur bizim general. Özü yaxşı tanıyır. Onunla şərikli bir dostumuz var. Allah üzümüzə baxıb ki, rayonda yaşayır. Hamını hamıdan əvvəl tanıyan, hamını hamıdan çox istəyən bir dostumuz. O, bir məclisdədirsə, mütləq diqqəti cəlb etməli, orda olduğunu bildirməli, öz məzhəbində məclisi ələ almalıdır. Yoxsa bu fağır və kövrək insan heç cür rahatlıq tapa bilmir. Bax belə məqamlarda bizim generalın əvəzi yoxdur deyə hamının baxışı ona zillənir. O gözünə döndüyüm də ya kəskin etirazını bildirəcək, ya da eşidəcəksən ki, generalın səsi yüz ağac uzaqdan gəlir. Yaxşı bilirsiz ki, bəzi admlar yoqaya-filana meylli olurlar. Bu məsələdə generalın əvəzi yoxdur. Bir də görürsən ki, tövrünü pozmadan çıxır qabaq stolunun üstünə, yoqadakı məşhur oturuşda oturur. Böyrünə də düzür yer fındığı, qoz ləpəsi, qara kişmiş və bulaq suyu. Qara kişmişə çatanda susuzlayır deyə bir parç bulaq suyundan içib yenidən yenə də keçir yer fındığına. Deyir, məni saxlayan budur.

 

Mehman qatı və qəti millətçidir. Ay nə bilim yaşının üstünə yaş gəlməyi ilə, ay hava ilə, ay su ilə fikrini dəyişənlərdən deyil. “Nə mutlu Türkəm deyənə” - bu söz sanki Mehmanın boyuna biçilib. Milli məsələlərdə səbri dardır. Ona görə də bir vaxtlar universitetin məşhur bir müəlliminin peysərinə tuşladığı şilləni saxlaya bilməmişdi. Zəngin arxivi var. Mərhum professor Murtuz Ələsgərovun AXC-yə üzvlük ərizəsindən tutmuş, Trumpun filyaşına kimi nə desəniz generalın arxivindən tapmaq olar. Generalın bir sirrini də açım. Bir neçə ağız bağlayıcı xüsusi dualar bilicisidir. Yəqin ki, bu da onun şamanlığından irəli gəlir. Yalan olmasın 5 il Bakının gur yerlərində və Bakı-Qazax yolunda sürücülük vəsiqəsi olmadan maşın sürdü. Bir dəfə də Yol polisiylə problem yaşamadı.


 

Etiraf etməliyəm ki, hərdən bizim generalın yox yerdən adamı işə salmağı da var. İstəyirəm bu barədə bir az geniş danışım. Günlərin bir günü adamın evə girmək istəmədiyi təklifsiz günlərin birində, general dostumla şəhərdə gəzirdik. Birdən qarşısından keçdiyimiz kilsənin yanında dayanıb dedi: “Gedək, görək bunlar nə işlə məşğuldurlar? Həm də musiqiyə qulaq asarıq”. Di ha, çox elə məscidə gedəniydim, qalmışdı kilsəyə getmək. Ha etiraz eləsəm də xeyri olmadı. Onda Bakıda hələ multikulturalizm söhbəti yoxuydu.

 

Nə isə məni də sürüyüb kilsəyə apardı. Su sonası kimi çit-güllü donlu şeytan qızlar bizə gülər üz göstərib, əl uzadıb mehribanlıqla salam verdilər. Hətta imkan tapıb bizi öz tədbirlərinə də dəvət etdilər. Mehman mənim də qızlara suyulub nisbi yumşalmağımı görüb, razılıq verdi. Kolokul çalınanda içəri keçdik. Maraqlı hislər keçirirdim. Sanki bir dost xatirinə böyük bir milli xəyanətə imza atmışdım. İçim təlatüm eyləyirdi. Mərasim iştirakçılarının çoxu qırımından bizimkilərə oxşayırdı. Bu məni daha da əzirdi. Onlar bu tədbirə 10-15 Türkiyəli tələbəni də cəlb etmişdilər. Müşahidələrim məndə belə bir qənaət yaratdı ki, bu tələbələri bura cəlb etmək kilsənin qızları üçün iki vur iki kimi bir şeydir.

 

50 yaşını çoxdan haqlamış Füzuli rayonundan məcburi köçkün olan qonşum Baratəli kişini görəndə lap dalağım sancdı. Axı sinninin bu vaxtında adam dinini dəyişərmi? Söz yox ki, onların hamısı generalın sərt cəzasını aldılar. Heyf ki, mən bu barədə yaza bilmirəm. Əl-qərəz, iştirakçılarının çoxunu qız-gəlin təşkil eyləyən bu mərasimdə hamı əllərini göydə süzdürərək, dini musiqi vasitəsiylə müqəddəs ruha qovuşurdular. İnsan psixologiyasına az-çox bələd olan general dostum isə gah onlarla həmrəy olduğunu bildirən jestlər edir, gah da burdakı qız-gəlinlərin gözləri ilə onu yediklərini pıçıltı ilə mənə bildirirdi. Birdən mərasimin başında duran orta yaşlı qırmızı saç qadın üzünü camaata tutaraq, “Əllərinizi yanınızdakılara uzadaraq deyin ki, İSA Səni sevir” - deyə komanda verdi. Yalan olmasın iki-üç nəfər qız da əlini mənə uzadaraq İsa Səni sevir dedilər. Etmədim tənbəllik, mən də əlimi solumdan üçüncü dayanan şeytan qıza uzadaraq “Səni sevməmək olarmı, əlbəttə ki, İsa Səni sevir” deyə təxminən bu ruhda bir söz dedim. Şeytan qız ürəkdən güldü. Onun gülüşü sanki içimdən keçirdi. Daha sonra mərasimin rəhbəri olan qadın “Əlinizdəki kitabları yuxarı qaldırın, qoy şeytan görsün ki, siz hansı yolun yolçususunuz, qoy şeytan görsün ki, sizi ram edə bilməz...” - deyə yeni tapşırığını verdi. Mehmandan başqa hamı əlindəkini İncili göyə qaldırdı. Ürəyimin səsinə səs verib mən də əlimdəki kitabı göyə qaldırdım. Əlimdəki “Qoca şamanın duaları” kitabıydı...

 

LENT

29 İyul 2017
28 İyul 2017
27 İyul 2017
26 İyul 2017