Şekspir əxlaqsız və oğru idimi? – SİRLİ HƏYAT

Kulis.az Əyyub Qiyasın tərcüməsində Pobert Şnakenberqin “Böyük yazarların sirli həyatı: UİLYAM ŞEKSPİR” məqaləsini təqdim edir.

 

23 aprel dünya ədəbiyyatı tarixinin ən sevindirici, eyni zamanda, həm də kədərli günlərindən biridir. 1564-cü ildə həmin gün Uilyam Şekspir (onun xaç suyuna çəkilməsi günü kimi doğumundan üç gün sonranı qəbul etsəniz, bu tarixlə də razılaşsanız) doğulub və 52 il sonra həmin gün dünyasını dəyişib. Migel de Servantes – məşhur “Don Kixot”un müəllifi də 1616-cı ilin 23 aprelində dünyadan köçüb, amma o, özü etiraf edirdi ki, birincilik uğrunda yarışda palma budağı seçimi qarşısında qalsaydı, mükafat bütün dövrlərin və xalqların insanlarının dahi kimi qəbul etdiyi Şekspirin payına düşərdi.

 

Şekprin doğulduğu ailəyə tanınmış demək olmazdı. Atası Con əlcək istehsalı işində irəli getmiş usta olsa da, dəfələrlə qanunla konflikt yaşamışdı. Onu birbaşa evinin qabağında peyin tayası yığıdığı üçün cərimə etmişdilər. Qara bazarda yun alveri etdiyi üçün izləyirdilər. Şekspirin – böyük oğulun vəziyyəti də şəhər rəhbərliyinin gözündə yaxşı deyildi və o, heraldika kollegiyasına (gerblərin təsdiqi kollegiyası) ailə gerbinin təsdiqi ilə bağlı ərizə yazıb müraciət edəndə, ərizəsi geri qaytarılmışdı. Uilyam Şekspir sonradan bir vaxtlar atasının məğlub olduğu yerdə buna müvəffəq oldu və öz gerbi üçün belə bir deviz də seçdi: “Non sanz droit” (“Haqsızlıqla olmaz”), – onun atasına qarşı edilən haqsızlıqlarla barışmadığını fikirləşmək olar.

 

Bardın (el şairi) gənclik illəri haqqında çox az məlumat var. On səkkiz yaşı olanda o, toy gününə qədər dörd aylıq hamilə olan iyirmi altı yaşlı Enn Xatau ilə evlənmiş, 1585-ci ildə Şekspir ailəsində əkizlər dünyaya gəlmişdi. O dövrlər Şekspirin ailə vəziyyəti barədə dəqiq məlumat yoxdur. Ehtimal etmək olar ki, həmin dövrlərdə Uilyam katib, bağban, arabaçı, dənizçi, mətbəə işçisi, sonra da, hətta sələmçi olub. Şekspirşünaslardan biri hətta lap uzağa gedərək, gələcək yazıçının bir müddət fransiskan məbədində olduğu barədə fikir yürüdür. Təəssüf ki, onun gerçəkdən necə həyat sürməyi barədə fikir yürütmək bizə də çətindir.

 

Şekspir haqqında aşağıdakı səhih məlumatlar 1592-ci ilə aiddir, o vaxt yazıçının dramaturq-qadaşlarından biri öz həcvində onu “özünü rəngbərəng lələklərlə bəzəmiş qara qəlbli mənsəbpərəst” adlandırmışdı. Bu sancmalar Uillin o vaxtlar artıq Londonda kifayət qədər uğur qazanmağına sübutdur. Düzdür, onun ilk vaxtlar yazdığı pyeslər müasir oxucuya bir qədər çiy görünə blər, amma o dövrlər üçün böyük iş idi. Onun yüngül komediyalarından olan “Səhvlərin komediyası”ndan və “Tita Andronika” faciəsindən – hansı ki, bu faciədə qan su yerinə axırdı – əldə etdiyi gəlir Şekspirə tipik kənd centlmeni həyatı yaşamağa imkan yaratmışdı və o özü də həmişə belə bir həyat sürmək arzusunda olmuşdu. O, daşınmaz əmlak məsələləri ilə məşğul olur, faizə pul verir, həmin pulları geri qaytarmaq üçün məhkəmədə iddialar qaldırır və nəhayət, “Qlobus” teatrının səhmlərini alır ki, bu da ona varlanmaq imkanı verir.  Bundan əlavə o, arvadının gözündən yayınıb qadınlarla əylənir, vergi məmurlarını başından edir və ümumiyyətlə, özünü qanunlara, burjua maraqlarına tüpürən adam kimi aparır. Hə, nə deyirsiz, indi həmin adamın bizə bu qədər maraqlı və cəzbedici görünməyi çoxmu təəccüb doğurur?

 

Image result for william şekspir

 

1613-cü ildə Şekspir işlərini atıb Stratforddakı malikanəsinə köçəndə həyat, artıq onun üzünə çoxdan gülmüşdü. Ədəbiyyat baxımından isə həyat onun üzünə növbəti əsrlərdə də gülməyə davam etdi. İndiyə qədər elə bir adam tapılmır ki, onun bu qədər gözəl və ustalıqla yazılmış pyesləri ilə müqayisə ediləcək nəsə yaza bilsin. Onun ustalığı haradasa ədəbiyyat aləmində başdanxarablar kimi yaşayan Semyuel Teylor Kolridc, Henri Ceyms, Çarlz Dikkens, Ceyms Coys və ser Con Hilhudla müqayisə edilə bilər. Hətta Şekspirin pyeslərini kraliça I Yelizavetanın yazdığını iddia edənlər də var ki, buradan da ortaya kraliçanın vəfatından – 1603-cü ildən – sonra onların kim tərəfindən yazıldığı sualı çıxır. Kim nə deyir desin, gerçək Şekspir 1616-cı ilə qədər ömür sürüb. Həmin ilin yazında o, qəfildən xəstələndi – güman ki, çoxlu içki içdiyi üçün – və 52 yaşında, ömrünün ahıl yaşında (o vaxtlar ahıllıq yaşı elə o qədər hesab olunurdu) gözlərini əbədi yumdu.

 

“Ad nəyi ifadə edir?”

 

İngilis dilini öyrənmək istəyən hər kəs bu dilin orfoqrafiyasının nə qədər qarışıq olduğunu yaxşı bilir. Şekspir dövründə isə bu lap qarmaqarışıq idi. Bu baxımdan Shakespeare soyadını yazmağın səksən mümkün variantını ortaya qoya bilərik ki, onlardan da ən ekzotik görünən, məsəlçün, Shagspere və Shaxberd olandır. Hətta Bard özü belə soyadını yazmağa çətinlik çəkirmiş. O, bunu mümkün altı fərqli qaydada yazırmış ki, sonradan özü də dolaşığa düşmüş və Shackpere (1612-ci ildə yazdığı ərizədə), Shakspear (1612-ci ilə aid sənəddə), Shackpere (1616-cı ildəki vəsaiyyətnaməsinin birinci səhifəsində) və  nəhayət, Shakspeare (eyni sənədin üçüncü səhifəsində belə idi və buradan da onun son arzusunun nədən ibarət olduğunu aydınlaşdırmaq olar)  imzası üzərində qərar tutmuşdu. Hər halda o, hər dəfə ən düzgün variantı tapmağa cəhd edirmiş.

 

Maral əti həvəskarı

 

Doğrudanmı ingilislərin böyük şairi və dramaturqu dövrünün rəzil oğrularından biriymiş? Dillərdə gəzən əfsanələrə görə, guya 1580-ci ildə Şekspiri brakonyerlik etdiyi üçün həbs ediblər. Guya o, magestratın nüfuzlu nümayəndəsi ser Tomas Lyüsiyə məxsus torpaqlarda maral ovlayırmış. Şekspirin ölümündən az sonra Hlosterşirdən olan Riçard Devis adlı keşiş yazmışdı ki, dramaturq cavanlığında “xoşagəlməz işlərə baş qoşur, yəni, maral və dovşan əti oğurlayırmış” ki, bunun cəzası olaraq Lyüsi onu “tez-tez qamçı ilə vurmuş, bəzən həbsə salmış və nəhayət, öz xeyrini düşünüb onu torpaqlarından qovubmuş”. Həqiqət nədən ibarət olursa olsun, o dövrdə Şekspir həqiqətən də Stratfordu tərk etmiş, Londona gəlmişdi. Özü də bir yol tapıb ona qarşı zalımlıq edən adamdan qisas da ala bilmişdi. Deyilənə görə, “Vindzorlu oyunbazlar”dakı hakim Şellou və eyni pyesdəki VI Henrix obrazları məhz Lyusinin karikaturasıdır.

 

Vergini ödə – rahat yaşa!

 

Ovaxtkı ölçülərlə götürsək, Şekspir 1597-ci ildə artıq, böyük imkan sahibi idi. Və təbii ki, bütün varlılar kimi o da öz sərvətini qorumaq üçün vergidən yayınmağa çalışırdı. Həmin ilin kral hesabatı cədvəlində onun adı vergidən yayınanlarla bir sırada çəklirdi. Üstündən üç il keçsə də borc ödənmədən qalırdı. 1600-cü ilin vergi hesabatlarında onunla bağlı “13 şillinq 4 pens borclu” qeydi var və xəbərdarlıq edilir ki, dramaturqun işi Vinçester yepiskopluğunun dəftərxanasına göndəriləcək ki, orada Londonun ən məşhur borclular həbsxanası yerləşirdi. Daha sonrakı sənədlərdə Şekspirin (ya da onun vəkil etdiyi şəxsin) axır ki, haqq-hesab etdiyi göstərilir.

 

Əsl Şeylok

 

Şekspir bəlkə ömründə heç vaxt borclarını ödəmək barədə düşünməyib, amma başqalarından bunu hər zaman tələb edib. Çox adama məlumdur ki, xəsis borcverən kimi ad çıxaran Şekspir ehtiyacı olan dostlarına borcu onların “qara gözünə görə” vermirmiş. Bir dəfə gələcək kürəkəninin atası belə bir fikir işlətmişdi: “Cənab Şekspirlə iş görmək istəyəndə pulunuzdan möhkəm yapışın...  Təbii ki, bunu bacara bilsəniz”. Şekspir məbləğindən asılı olmayaraq ona borclu olan hər kəsi məhkəməyə verməklə ad çıxarmışdı. O, xəsislikdə Dikkensin Skrucuna oxşayırdı. O, stratforlu kasıblara bir penni belə əl tutmazdı, aclıq illərində isə ehtiyat üçün taxıl və maya gizlətmişdi. Alimlər indiyə qədər Şekspirin vəsiyyətnaməsindəki “arvadıma keyfiyyətinə görə ikinci çarpayını vəsiyyət edirəm” sözlərini yozub başa çatdırmağa acizlik göstərir, bunu nəsə bir teatr məzəsi, yoxsa ölməkdə olan adamın simicliyinin son həddi kimi qəbul edib-etməməkdə çətinlik çəkirlər.

 

Şekspir özünü lap “Benedikt taciri” pyesinin qəhrəmanı Şeylok kimi aparmışdı...

 

Image result for william şekspir

 

Qanuni və qanunsuz uşaqlar

 

 Şekspirin qeyri-qanuni oğlanları onun bir neçə pyesində əsas rolları oynayıb, odur ki, Bardın nigahdankənar nəslinin varlığı heç də şübhə doğurmamalıdır. Dramaturq vaxtının çox hissəsini Londonda keçirir, arvadını Enndə və Stratfordda uşaqlarla bir yerdə qoyurdu. Evə qayıdarkən yolüstü Oksforda baş çəkir, əsasən də şərab taciri Con Davenanta məxsus meyxanada gecələyirdi. Davenantın Ceyn adlı yaxşı arvadı vardı və... nəsə... həmin qadınla Billi Şeks ala yorğan altında min oyundan çıxırdı...

 

1606-cı ilin fevralında onun bir oğlu dünyaya gəldi və uşağı... bəh-bəh-bəh... Uilyam Davenanat adlandırdılar. Şekspir uşağın xaç atası oldu. Oğlan böyüdükcə ona olan heyranlıq bütün ulu babalarına olan heyranlıqları kölgədə qoydu. Uill Devenant dramaturq kimi ad çıxartdı, teatra rəhbərlik etdi və 1637-ci ildə sarayda şair-laureat adı aldı. Hətta 1667-ci ildə Con Draydenlə birlikdə “Tufan”ın yeni versiyası üzərində işlədi. Semyuel Batler Devenant haqqında belə deyirdi: “Özü də bilirdi ki, eynən Şekspir ruhunda yazır və barəsində Şekspirin oğlu kimi düşünməkləri ona (Devenanta) xoş gəlirdi”. O vaxtlar DNK testi yox idi və ona görə də bundan sonra gerçəyi öyrənmək mümkün deyil.

 

Baş rolda

 

Qadın gözəlliklərinin əsiri olan Şekspir bir dəfə tini burulanda dostu Riçard Byerbeclə rastlaşdı. Dostunun teatrın yaxınlığında yaşayan bir qadına gizli, romantik görüş təyin etmək üçün necə dil töküb yalvardığını eşitdi. “Özünü III Riçard” kimi təqdim elə, – Şekspir aktyora məsləhət verdi. Dahi dramaturq çox fikirləşmədən həmin qadının evinə getdi, əvvəldən bildiyi kod adını deyib evə keçə bildi və qadınla maraqlı eşq yaşadı. Bir qədər sonra  Byerbec ora gələndə, Şekspir dostuna belə bir məktub göndərdi: “İstilaçı Uilyam özünü III Riçarddan tez çatdırıb”.

 

Məsələ ondadır ki...

 

Şekspirin əxlaqsız olmağı ilə bağlı deyilənlər əsla şübhə doğurmur. Boş yerə deyil ki, o, adını çəkmədiyi, amma  Qarabuğdayı Qadın adı ilə məşhur olan bir xanıma iyirmi altı məhəbbət (hətta erotik) sonet həsr edib. Bəs dünyada belə romantik şeirlər müəllifi kimi tanınan birinin iki komandaya oynamağına necə baxırsız? Alimlər inidyədək onun biseksual olub-olmadığı barədə mübahisə edirlər. Onun biseksuallığı ideyasını ortaya atanlar Şekspirin kişilərə həsr etdiyi 126 başqa sonetə (həmin sonetlərdə mənim dostum, mənim hökmdarım kimi ifadələr var) istinad edirlər. Şekspirin sağlığında çap olunan yeganə sonetlər kitabı da müəmmalı “Cənab W.H.” həsr olunub. Hə, Şekspir dostları Con Heminqsa, Riçard Byerbecə və Henri Kondellə də pul ayırıb və bunu dostlarının barmaqlarına üzük taxıb onun xatirəsini yad etməkləri məqsədilə edib. Belə şayiələr isə uzun illərdən bəri insanların fikirlərini qarışdırır.

 

Image result for william şekspir

 

Şübhəli qohum-əqrəba

 

Bir sıra görkəmli şəxslər kimi Şekspirin də ətrafı şübhəli qohum-əqrəbadan xali olmayıb və onların arasında ən şərəfsiz kimi kürəkən Tomas Kuini yadda qalıb. Meyxana işlədən, axmağın, avaranın biri olan kürəkəni keyfiyyətsiz şərab alveri üstündə dəfələrlə məhkəməyə veriblər. Kuini Şekspirin qızı Cuditin tayı olmasa da o, buna mane olmayıb və onlar Bardın ölümünə iki ay qalanda, 1616-cı ilin 10 fevralında evləniblər. Hələ toy şirinisinin dadı damağından getməmiş Cudit ərinin ona başqa qadınla xəyanət etdiyindən xəbər tutub. Stratfordda böyük hay-küy qalxıb. Şekspir tez-tələsik Kuinin adını vəsiyyətnamədən çıxarıb. 26 mart tarixində eşqbaz əyyaşxana sahibi “şəhvani hisslərin əsiri” ittihamı ilə mühakimə edilib, onu kütlə qarşısında tövbə etdirməklə cəzalandırıblar. Doğrudur, bir qədər sonra qərar kiçik məbləğdə cərimə və məhdud dairədə tövbə ilə əvəz olunub. Bu iyrənc hadisədən sonra Şekspirin ölümünü kürəkənindən görənlər, onu mirasdan məhrum etdiyi üçün qayınatasını öldürməkdə günahlandıranlar da tapılmışdı. Amma bu ehtimalları təsdiq edəcək heç bir dəlil-sübut tapılmayıb.

 

Ölü nömrəsi

 

Nə vaxtsa qalıqlarının sərdabədən çıxarılmasına əngəl yaratmaqdan ötrü (o vaxtın praktikasına görə) Şekspir məzarının üstünə belə bir and yazdırmışdı. Şairin sərdabəsindəki epitafiyanın sətri anlamı təxminən belədir:

 

Mənim əziz dostum, Tanrı xətrinə,

Burada yatan cəsədə toxunma.

Ölmüş bir adamın sümüklərini tərpətmək günahdır.

O sümükləri incidənlər, görüm Tanrının lənətinə gəlsin.

 

Bir çox alimlər şairin məzarını açmaq, onun gerçəkdən necə göründüyünü dəqiqləşdirmək üçün qalıqlarının eksqumasiya olunmasını istəyirdilər, bəziləri iddia edirdi ki, Bard böyük bir xəzinə – çap olunmayan şedevrləri ilə bir yerdə basdırılıb. Amma bu vaxta qədər heç kəs onun lənətlərini ciddi qəbul etmədən belə bir addımı atmağa cürət etməyib.

 

Mifologiya 

 

Gerçəkdən Şekspirin pyeslərini “kim yazıb” sualı ətrafında baş qaldıran mübahisələr böyük şairin şəxsiyyəti ilə bağlı bəzi miflərin yaranmasına səbəb olub. Bu şayiələrdən biri də onun “Kral Yakovun Bibliyası”nın yazılmağında işitirak etməyi barədə olan söhbətlərdir. Digər bir əfsanə isə ispan inkivizasiyasından qaçan italiyalı əsilzadə Mikelancelo Krollalans  (onun da soyadı “Shakespear” – nizə ilə heyran edən) adlı bir nəfərin Şekspir adı altında gizlənməsi ilə bağlıdır.

 

Barnum və Bard

 

Hər il milyonlarla adam Şekspirin beşiyini görmək arzusuyla  Stratford-on-Eyvona toplaşır. Amerikalı sirk impresarisi F.T.Barnumun bəxti isə daha çox gətirib, ehtimala görə Şekspirin doğulduğu ev haradasa sirk şəhərciyi yerləşən ərazidə, rəqs edən fil və it başlı oğlan heykəli olan yerdə olub.

 

1850-ci ildə Stratforda gələn Barnum Şekspirin evinin bərbad halda olduğunu görəndə gözləri yaşarıb (binanın bir hissəsindən ət dükanı kimi istifadə edilirmiş). O, evi almaq, binanı Amerika mülkiyyəti kimi rəsmiləşdirmək və xalqın sərəncamına vermək istəyib. Amma Barnum arzusunu həyata keçirə bilməyib, ingilis hökuməti buna mane olub və ev milli abidə statusu alıb.  

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017