Xoşbəxtlik stansiyası

Fərqanə Qədimova

 

Qapılar bağlanır! Növbəti stansiya Xoşbəxtlik!

 

Bomboş vaqonlar, vahiməli uğultu... Öz əksimlə üzbəüz oturmuşam. Görəsən o hansı stansiyadır? Ora uzun müddətdir ki, getməmişəm. Bəlkə 1 il bundan əvvəl? Yox! Daha uzaq... 5 il? Yox! Çox - çox uzaq...

 

Gözlərimi bağlayıram ki, xəyal edə bilim necə bir yer olduğunu. Alınmır. Yadıma sala bilmirəm çox uzaq keçmişdə bircə dəfə də olsa, olduğum yeri. Gözlərimi açır, bütünlüklə nəzər salmağa başlayıram. Heç kim və heç nə yoxdur. Necə olur ki, mən bu stansiyaya getməli oluram? Yenə yadıma sala bilmirəm.

 

- Gözlərini bağla və xəyal et!

 

Onun ağ-qara rəsmi bütün cizgiləri ilə göz qapaqlarımın arasında həyat tapır. Sevincdən qısılmış bir cüt göz xəyallarımda gözlərimlə qovuşur. Yana doğru azca əyilmiş başı, dodaqlarının qaçması uşaq məsumluğu bəxş edir simasına. Gülümsəyir. Gülümsəməsi ilə məni xoşbəxtliyə dəvət edir. Xoşbəxtlik stansiyasına!

 

Xoşbəxtlik stansiyası! Sonuncudur, xahiş olunur vaqonları tərk edəsiniz...

 

Gözlərimi xoş xatirələri canlandırıb, daha sonra ondan uzaq olduğum üçün şiddətli darıxmaq duyğusu ilə açıram.

 

- Əsli var olanda, surətini istəmə!

 

Vaqonu tərk etdikdən sonra qatarın sürətlə məndən uzaqlaşması içimdə yaranmaqda olan qorxunu daha da alovlandırdı.

 

- Ya səni orda tapa bilməsəm? Məni gözləməsən? Onda nə edərəm?

 

- Buraya gəlmisənsə, geriyə yalnız birlikdə qayıda bilərik.

 

Qorxaq addımlarla platformada irəliləyirəm.

 

- Qorxma, qorxma. Tez gəl! Gözləyirəm.

 

Addımlarımı sürətləndirərək platformanın düz mərkəzinə doğru can atıram. Sakit, səssiz düz mərkəzdə onu gözləyirəm. Çiynimə toxunan əl əsla məni qorxutmur. Hətta məni gözlətmədiyi, intizarda saxlamadığı üçün sevinirdim də. Arxaya çevrildikdən sonra isə, yenə eynilə sevincdən qısılmış bir cüt göz qarşımda idi. Əllərimlə simasına toxunur, gerçək ya xəyal olub-olmadığını özüm üçün aydınlaşdırıram. Onu qucaqlayır və dünyanın əvəzolunmaz hislərini yaşayıram. Səmimiyyət, dürüstlük, sevgi, hüzur, xoşbəxtlik, xoşbəxtlik və yenə də xoşbəxtlik...

 

- Xoşbəxtlik stansiyasına xoş gəlmisiniz!

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
17 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017