Dönərə çevrilən atın qəmli hekayəsi

Kulis.Az Elnur Tuncun “Rəsulun atı” hekayəsini təqdim edir.

 

Rəsul kənddə babası kimi qoca olan atı ilə yaşayırdı. Bu ucqar kənddə cavanlar çörəkpulu üçün böyük şəhərlərə, Rusiyanın çöllərinə dağılmışdılar. Rəsulun əmiləri Volqaqradda bazarda göy-göyərti, bibisi isə kətə, lavaş bişirib satırdı. Atası öləndən sonra anası qonşu kəndə arvadı ölmüş kişiyə ərə getmişdi. Rəsul da qalmışdı tək-tənha. Belə olduğuna görə meylini babasının qoca-qoltuq atına salmışdı. Bütün gününü atla birgə keçirirdi. Gah atı aparıb göldə çimizdirir, gah bitini-gənəsini təmizləyir, saçını, quyruğunu darayır, gah da atın nəfəsi kəsilənə kimi kəndin o başına, bu başına çapırdı.

 

Axır vaxtlar təzə əyləncə də tapmışdı. Şəhərdən kəndə dincəlməyə gələn yekəqarın dayıların uşaqlarına atı kirayəyə verirdi. Dövrə vurmağı 1 manat. Rəsul təzə biznesindən qazandığı pul ilə atın yəhərini bəzəyib ona rəngli qotaz, fosforlu işıq filan da düzəltmişdi. Arada rusdilli xalalara guya atın belinə minməyə kömək etmək adı ilə əlini onların yumşaq bədənlərinə toxundurur, sonra da yüyəni qəsdən kələ-kötür yerlərə dartırdı ki, at onları daha çox atıb-tutsun və beləcə onların yırğalanan bədənlərinə baxsın.

 

At Rəsulun həm maddi, həm də mənəvi tələbatlarını ödəyən yeganə varlıq idi. Rəsul bəlkə də babasının ölməyinə razı olardı, amma atının dırnağına daş dəyməyinə razı olmazdı. Babası xəstələnəndə vecinə olmasa da, at naxoşlayanda səhərə qədər ağladığı vaxtlar olurdu. Bir-iki dəfə də babasının dərman almağa verdiyi pulundan çırpışdırıb atına kişmiş, şokalad alıb yedizdirmişdi.

 

At Rəsulun həm ata-anası, həm qardaş-bacısı, həm dostu, həm də sevgilisi idi. Sinif yoldaşları telefonlarda müxtəlif əyləncələrə meyl edirdilər. Rəsulun isə  əyləncəsi at idi. 

 

Babasının qan təzyiqi ilə şəkərinin eyni vaxtda qalxması onu xəstəxanalıq elədi. Rəsul məcbur qalıb babasına baxmaq üçün şəhərdə qalmalı oldu. Evi-eşiyi qonşuya tapşırmışdılar. Rusetdən göndərilən pulla babasına iynə dərman alandan sonra artıq qalan pulla bir-iki dönər alıb parklarda, internet klublarda avaralanırdı. Şəhərdə qaldığı bir həftə ərzində səhər, günorta, axşam ancaq dönər yeyirdi. Soğansız, bol ətli dönər. Qonşularının kiçik oğlunun işlədiyi kafeyə tez-tez gedirdi. Oranın dönəri dadlı olmasa da söhbət etməyə adam var idi. Ona görə yolunu daha çox ordan salırdı.

 

Amma bir dəfə qonşularının dönərxanasında yediyi dönər indiyədək yediyi dönərlərdən daha dadlı, daha tamlı gəlmişdi. Zarafat deyil ey, arıq canına bir oturuma dörd dənə dönər yemişdi. Elə də yeyimcil olmayan Rəsul dörd dönəri birnəfəsə yeməyinə açığı özü də məəttəl qalmışdı. Utanmasa beşincini də yeyərdi, amma yemədi. 

 

Babası bir az özünə gələn kimi həkimlərə kəndə qayıtmaq istədiyini demişdi.  Həkimlər də razı olmuşdular. Kənd keçən həftəki kənd idi. Amma bircə şey gözə dəymirdi. O da Rəsulun atı. Dağı-daşı axtarsalar da gördüm deyən olmadı. Biri dedi bəlkə sürüyə qoşulub dağa gedib, biri dedi bəlkə örüşdə qalıb canavar dağıdıb. Hər ağızdan bir avaz gəldi. Atın yoxa çıxmağı Rəsulun həyatında indiyə kimi baş verən ən böyük itki idi. Heç anasının onu gözü yaşlı qoyub qonşu kəndə ərə getməyi də Rəsula belə pis təsir eləməmişdi.

 

İnternetdə saytlar son günlər ölkəmizdə çox sayda at-eşşəyin yoxa çıxmasından yazırdılar. Oğurlanan at və eşşək ətinin dönərxanalarda satılmasından, qəssabxanalarda at ətinin dana əti adı ilə camaata satılmasından yazırdılar.

 

Rəsul indi bildi ki, şəhərdə yaşayan qonşularının dönəri niyə həmin gün heç vaxt olmadığı qədər dadlı imiş. Dönər satan qonşularının kənddəki at oğurluğu ilə tanınan böyük qardaşının da hərəkətləri, baxışları əvvəlki kimi deyildi.

 

Ahh... Doğma, əziz olan birinin ətini dişləmək, çeynəmək, həzm etmək nə qədər çətin... nə qədər ağır imiş... Rəsul bərkdən hönkürüb ağlamaq istəsə də, səsi çıxmadı. Amma gözündən axan bir neçə damcı yaş Rəsul kimi kimsəsiz qalan yəhərin üstünə, oradan da axıb torpağa süzüldü.

 

Otağın açıq pəncərəsindən babanın boğuq səsi gəlirdi:

 

 

- A bala, ay Rəsuuul. Dur o söyux daşın üstünnən. Vejinə də almaaa... Pensiyamı yığıf  saa maşın alajm... Get Tamam xalanı çağır, gəlsin təzyiqimi ölçsün. Yenə halım qarışıf...

 

LENT

26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
23 İyul 2017