“Pərdə”nin rejissoru: “Filmlər olmasaydı küçədə veyillənən avaraydım” - MÜSAHİBƏ

Söz vaxtına çəkər, keçən ilin təxminən bu vaxtlarında yerli kinosevərlər ekranlara təzə çıxmış “Pərdə” filmini müzakirə eləyirdilər, cəmiyyətimiz üçün tabu olan, hamının bilib, amma açıq deməyə çəkindiyi  bir mövzuya toxunmağından danışırdılar. “Pərdə” filminin rejissoru Emil Quliyev bu yaxınlarda “İkinci pərdə” adlı yeni filminin çəkilişlərini tamamlayıb.


Rejissor müsahibəsində filmin mövzusundan, çəkiliş prosesindən, üzləşdikləri çətinliklərdən və ümumilikdə cəmiyyətimizin problemlərindən danışıb. 

 

– Emil, “İkinci pərdə” nə haqqındadı? 

 

– Filmin süjetini danışmaq istəmirəm, bir şey deyə bilərəm, birinci filmdən qaynaqlanmır, tamamilə fərqli hekayədi, amma birinci  filmin qəhrəmanlarının yaşadığı mühitdə baş verir, eyni məhəllə, eyni küçədi. Hətta burda ilk filmin qəhrəmanlarını da görəcəksiniz. Eyni məhəllədə yaşayırlarsa, görüşə bilərlər də. “İkinci pərdə” filmi xəyanət haqqındadı.


– “Pərdə” filminin finalında dostlardan biri çıxır gedir, o birinin öldüsü-qaldısı məlum deyil, üçüncünün də həmçinin. Onların üçünü də yenidən bir yerdə göstərmək ilk filmdən qalan təəssüratı pozmaz ki? 

 

– Üçünü bir yerdə göstərirəm, çünki ilk filmdə onlar – yəni Zaur, Fuad və Emin heç birlikdə görünmürlər, ancaq dostdular axı... Digər tərəfdən “İkinci pərdə”də əhvalatlar birinci filmdə baş verənlərdən əvvəl olur. Onu da deyim ki, hadisələri real həyatdan götürmüşük. Düzdü, ssenaristin təxəyyülünün məhsulu da var,  amma əhvalat həqiqətən baş verib.

– Ssenari müəllifi kimdi? 

 

– Mən və Pərviz Həsənov. Mən ssenarinin konsepsiyasını hazırladım, Pərvizlə birlikdə yazdıq. 


– Filmin adının “İkinci pərdə” olması kommersiya fəndidi, yəqin ki...
 

– Yox, “Pərdə 2” olsaydı, kommersiya fəndi olardı. Bu isə “İkinci pərdə”di.


– Amma “Pərdə 2” qoysadınız adını, çox bəsit olardı.

 

– Hə, elə banal olardı. “İkinci pərdə” ikinci akt deməkdi, teatrdakı kimi. Bu filmdə cəmiyyətdə olan digər pərdələrdən, tabulardan danışırıq. Cəmiyyətimizdə o qədər elə pərdələr var ki... sonsuz sayda... Nə qədər ki, cəmiyyətdə pərdələr var, bizim “Pərdə”nin də o qədər davamı olacaq...

 

– Çəkilişlər necə keçdi? 

 

– Əla, səkkiz gün çəkdi. Prodüser inanmırdı, deyirdi ki, səkkiz günə film çəkilməz. Bunu İlham Qasımov da demişdi, zarafatla olsa da. Onların fikrincə, film 15, 16, 20 günə çəkilər, amma biz səkkiz günə sığdırdıq. Çünki aktyorlarla üç aya yaxın məşq eləmişdik. Məşqlərin nəticəsi o qədər ideal idi ki, meydançaya çıxanda 3-4 səhnəni çıxmaq şərtilə yerdə qalanları bir dubla çəkdik. “Xlopuşka” lazımsız bir əşyaya çevrilmişdi az qala.. 


– Aktyorlarınız kimlərdi? 

 

– Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Ziya Ağa, Rövşən Ağayev, Elşən Əsgərov... Təzə aktyordu, əjdahadı. Mən ona çox inanıram. Çox gözəl aktyordu, böyük potensialı var, sadəcə bu günə qədər onu ya çəkməyiblər, ya da çox az çəkiblər. Biz onu Cəlilabaddan gətirdik. Sonra Elşən Hacıbabayev, o, bizim filmdə dramatik roldadı. Cəmilə Tağızadə. Bir nəfər də yeni aktyor var, film çıxanda görcəksiniz – Natiq Muxtarov. Əslində aktyor deyil, bu vaxta qədər heç yerdə çəkilməyib, amma çox gözəl oynadı.

 

 

– Çəkilişlər bitəndən sonra sosial şəbəkədə kastinq prosesi haqqında xeyli lətifəyə bənzər əhvalatlar yazmışdınız.  Doğrudan, vəziyyət o qədər bərbaddı?

 

– Biabırçılıq idi. Əsas qadın qəhrəmanı oynamaq üçün aktrisa tapa bilmirdim. Hamı imtina eləyirdi. Kim ssenarini oxuyurdu, deyirdi, mənlik deyil. Ümidimizi itirmişdik, pul da bitmək üzrəydi. Axırda Günay Əhməd razı oldu, halal olsun ona. Təkcə o başa düşdü ki, bu, bir film, bir rol, obrazdı, o da aktrisa... Bir dəfə demişəm, yenə təkrar eləyirəm: bu gün Azərbaycanda böyük film çəkmək mümkün deyil, çünki insan resursu yoxdu. Aktyoru dəvət eləyirdik, deyirdi ki, mən kastinqə gəlmirəm. İş ondadı ki, hansısa xarici rejissor olsaydı, hətta kütləvi səhnələrdə də çəkilməyə qaça-qaça gələrdilər, amma bizim kastinqlərdən imtina eləyirdilər. Ən gülməlisi tələbələr idi, epizodik rollara çəkilmək istəmirdilər, böyük rol axtarırdılar. Mən tipajlarla işləyirəm deyə birinci tipaja baxırdım, sonra portfolioya. Düzdü,  bəlkə də, səhv yanaşmadı, amma başqa cür bacarmıram. Zaur Şəfiyevlə buna görə xeyli mübahisə eləmişik. Mənim üçün tipaj vacibdi, sonra qalan şeylərə baxıram. Təbii ki, istedad yoxdusa, çəkməyəcəm, axtarmağa davam eləyəcəm, ancaq yenə əvvəlki qaydada. Bircə tipaj vardı ki, ondan keçə bilmədim – Elşən Əsgərov. Dedim ki, bacarsa da, bacarmasa da, oynadacağıq. O da rolunun öhdəsindən çox yaxşı gəldi. Dastin Hoffmandı o. Səmimidi, obrazı bilir, araşdırır, öyrənir, daim sual verirdi.

 

– Maliyyə məsələsini necə həll elədiniz, filmin prodüseri kimdi? 


– Bir az çətin oldu, heç kim boynuna götürmək istəmirdi. Bircə nəfər cəsarətli prodüser tapıldı – Orxan Mərdan. “Xoxan”, “Naxox” filmlərinin prodüseri. Prodüser mənim aləmimdə necə olmalıdısa, o da eləydi. Gəldi, dedi ki, mən sənə inanıram, istədiyin kimi çək. Digərləri deyirdilər ki, bunu çəkməyin mənası yoxdu, pul gətirməyəcək.

 

– Bəs birinci filmin uğuru  heç bir rol oynamadı?


– Yox, əksinə, “Pərdə”dən sonra söz verənlərin, öpüb-qucaqlayanların, vizit kartlarını verib “nə vaxt başlasan, mən birinciyəm” deyənlərin  heç biri boynuna götürmədi, ssenari ilə tanış olmaq belə istəmədilər.

 

– Nazirliyə, ya da kinostudiyaya müraciət etmişdinizmi? Xatırladığım qədərilə Müşfiq Hətəmov kinoşünaslarla debatı zamanı əməkdaşlığa dəvət etdikləri rejissorların içində sizin adınızı da çəkmişdi.

 

– Yox, məni dəvət eləməmişdilər. “Nərimanfilm”lə birlikdə bir film çəkməliydik, sonra hava şəraiti və bir neçə bizdən asılı olmayan səbəblərə görə alınmadı. O da mənim şəxsi təşəbbüsüm idi, özüm getmişdim “Nərimanfilm”ə. Onlar da məni dəstəklədilər, Nəriman Məmmədov da çox gözəl prodüserdi, sadəcə iş birliyimiz alınmadı. Dövlət kinostudiyası məni dəvət eləməyib. Amma mən də istəyərdim ki, filmimi adam balası kimi 20-30 günə çəkim, tələsə-tələsə səkkiz günə yox. Hər şey maliyyəyə bağlıdı, büdcə azdı. Ona uyğun hərəkət etməyə məcbursan və istər-istəməz çərçivəyə düşürsən. Çox demirəm, heç olmasa, 14-15 gün normal çəkə bilsəydim, rahat işləyərdim. İndi isə vaxt az olduğundan aktyorlar da yorulurdu, digərləri də. Düzdü, birnəfəsə oynayırdılar, amma mən istəyərdim ki, oturum baxım, fikirləşim, bir də çəkim.

 

– Bununla belə ssenarinizi nazirliyə təqdim eləməmisiniz...

 
– Yox, onlar heç götürməzdilər o ssenarini. Söyüş çoxdu. Real hadisələrdi, o vəziyyətdə  söyməmək mümkün deyil. Kimsə baxıb desə ki, mən söyməzdim, yalan deyəcək.

 

– Aktyorlar o səhnələri oynayanda kompleks keçirirdilər ? 

 

– Yox, meydançada elə bir aura yaranmışdı ki, “stop” deyirdik, aktyorlar dayanmırdılar, yerdə oturub ağlayırdılar.  

 

– “Pərdə” və “İkinci pərdə” arasında keçən zaman ərzində sizin üçün nə dəyişib, fərq var idimi?

 

– Dəyişiklik var. Dəyişiklik ondan ibarətdi ki, mən bu dəfə təkcə aktyor oyununa yox, digər vacib xırdalıqlara da fikir verirdim. Rəssam işindən tutmuş, geyimlərə, qrimə qədər. Məkan seçimi filmin ümumi estetikasına qulluq eləyir, ya yox, rəglər, tonlar... hamısına fikir verirdim. Bu dəfə uzun səhnələri böldüm, klassik üslubda necə çəkilirsə, elə elədim. Öz tərzimi də bir az dəyişdim, ancaq əvvəlkinə qayıdacam, bu, məni qane eləmədi. Pis alınmayıb, amma mən başqa cür olmasını istəyərdim.

 

 

– Bəs özünüzün prosesə, kinoya münasibətinizdə nəsə dəyişdimi? Yəni birinci filmdə sadəcə öz istəkləriniz vardı, ancaq ikincidə həm də ilk filmin uğurunun gətirdiyi məsuliyyət də öz sözünü deyib, yəqin ki...


– Təbii ki. Məsuliyyət vardı, qorxu vardı, “ikinci film” kompleksi vardı. Çəkiliş meydançasına gedəcəyim gün yata bilmirdim. Bu, mənim üçün Allah qarşısına çıxmaq kimi bir şey idi. Təkcə bu filmdə yox, həmişə belə olub. O qədər məsuliyyət, qorxu var ki... Bu, enerjidi axı.. Sən tamaşaçıya enerji ötürürsən. Rejissor olmaq ağır yükdü. Mən bu sözdən utanıram, hələ özümə rejissor deyə bilmirəm, bəlkə, bir neçə filmdən sonra... İkinci film üçün elə bir əhvalat olmalı idi ki, ya yaxşı olsun, ya da, ümumiyyətlə, olmasın. Uzun müddət həmin əhvalatı axtardım və tapdım. O qədər hamıya yaxın bir mövzudu ki, başımla cavabdehəm: film çıxandan sonra minlərlə kişi, qadın öz fikrindən dönəcək.  

 

– Deməli, film kişi və qadın münasibətləri haqqındadı? 

 

– Özü də necə bir münasibət! Dəhşət! Çox aktual sosial mövzudu. Əminəm ki, üç-beş adamdan biri onu eləyir. Daşa tutacaqlar məni. Bəlkə də, tutmazlar. Mən birinci film haqqında da belə fikirləşirdim. Ramiz Fətəliyev demişdi ki, çəkmə. Qorxu içində çəkmişdim. Ssenari ilə tanış olan hər kəs deyirdi ki, ağır mövzudu. Sonra özüm oturdum fikirləşdim ki, nəyi ağırdı axı.. Normal filmdi, bir ailənin problemidi, orda “biz” sözü yoxdu, ümumiləşdirmə yoxdu. 

 

– Doğrudan, fikirləşirsiniz ki, insanın ölümünə belə səbəb ola biləcək bakirəlik problemi ancaq həmin ailəyə aiddi?

 

– Yox, bilirəm ki, yüzlərlə elə ailə var. Ancaq mənim filmdə göstərdiyim hadisə sırf o ailəyə aiddi. Sözsüz ki, filmə baxan hər kəs ordan özünə nəsə götürə bilər. Mən o ailənin nümunəsində cəmiyyətdə olan problemi göstərirəm ki, elə ailələr varsa, baxsınlar və nəticənin necə ola biləcəyini görsünlər.

 

– “Pərdə”yə baxandan sonra düşüncəsi dəyişənlər oldumu?


– Yox, o adamlar dəyişməz, onlar üçün artıq gecdi.

 

– “Pərdə” filmi mütərəqqi fikirli tamaşaçılarda ziddiyətli münasibət doğurmuşdu. Bir qism tabu mövzuya toxunduğuna görə alqışlayırdı, digər qisim “bu filmin nəyinə cəsarətli deyirsiniz, heç bir dəyişiklik göstərmir, hamı situasiyanın qurbanı oldu, bitdi” söyləyirdi...

 

– Əslində, bunu deyənlər özlərini təkzib eləyirlər, çünki düz deyirlər. Mən inqilabçı deyiləm ki, inqilab eləyim və nəyisə dəyişim. Sadəcə film çəkmişəm və cəmiyyətimizin bəzi nümayəndələrinin eyiblərini özlərinə göstərmişəm ki, bəlkə görüb anlayalar. İkinci filmdə də eynilə belədi. Heç bir çıxış yolu göstərmirəm. Mən müəllim deyiləm ki, kiməsə nəsə öyrədim, deyim ki, sən səhv eləyirsən, sən də düz. Sadəcə cəmiyyətdə olan aktual bir problemdən danışmışam. Cəmiyyətdə olan! Mən nə siyasətə, nə dinə qarışıram, hərçənd orda da çoxlu problemlər var, ancaq onların mənə heç bir aidiyyatı yoxdu. Məni yalnız sosiumun, yaxın insanların problemləri maraqlandırır. Onların həyatlarını güzgü kimi özlərinə göstərmək... Bu filmdə də müsbət qəhrəman yoxdu, daha doğrusu, onların düşdükləri vəziyyətdə yaxşı olmaq qeyri-mümkündü. Mənə elə gəlir ki, hər bir şey cəmiyyətdən başlayır, onun təfəkkürü yaxşı istiqamətdə dəyişsə, qalan şeylər də zəncirvari düzələcək.

 

 

– Sənət o təfəkkürü dəyişə bilərmi? 

 

– Əlbəttə. Məsələn, məni filmlər dəyişdi. Tamamilə başqa adam idim, əvvəllər mənimlə eyni masa arxasında  oturmaq istəməzdiniz. Məhəllədə veyillənən avaranın biri idim. Filmlər olmasaydı, heç vaxt dəyişməzdim. Bilmirəm, bəlkə məni dəyişib, başqasına elə təsir eləmir. Bu da ola bilər. Mən baxdığım filmlərdən həmişə nəticə çıxarırdım, özümü qəhrəmanın yerinə qoyurdum. Bəlkə də, emosional adam olduğuma görədi. “Pərdə” filmindən sonra nə qədər insan təşəkkür yazdı mənə. Yeni filmdə də bir neçə sosial problemə toxunmuşuq, bəzilərinə səthi, bəzilərinə dərindən. Filmin böyük gəlir gətirəcəyinə inanmıram, amma bilirəm ki, ona baxanların əksəriyyəti biganə qalmayacaq. Bu filmi festivallara da göndərmək olar. Planımızda var, prodüserimiz söz verib.   
 

– Emin, müsahibələrinizin birində “Pərdə” filmini çəkərkən daha çox rus rejissoru Bıkovdan təsirləndiyinizi demişdiniz... Hələ də ondan təsirlənirsiniz?

 

– Bu filmdə də elədi. Onu heç nəyə dəyişmərəm. Çox istəyərdim ki, ssenarilərimi oxusun, filmlərimdən birinə baxsın. Düzdü, belə bir imkanım var, amma utanıram.

 

– “İkinci pərdə” filminin operatoru kimdi? 

 

– Dmitri Suvorov. Moskvadan dəvət eləmişdik. Çox gözəl operatordu. Əsl kino fanatıdı. Moskva Yeni Kino Məktəbindən tapdım, İsmayıl Səfərli adlı ssenaristin köməyilə. O, bizə ssenarinin yazılması prosesində çox kömək elədi, oxudu, istiqamət verdi. İsmayıl Səfərli və rejissor Rüfət Həsənovun köməkliyi ilə tanış oldum Dmitri ilə. Çox razı qaldım. Ssenarinin tərcüməsini diktofona yazıb göndərdik, dinlədi və dedi ki, xoşuma gəldi, gəlirəm Bakıya. Həm insan kimi, həm də peşəkar kimi çox yaxşıdı. İşə görə hər şeyə hazır idi. Dili bilməyə-bilməyə durdu getdi Dərnəgül bazarına, penoplast kəsdirib gətirdi ki, mənə bu lazımdı. Filmə nəfəs verdi. Üz-üzə oturmuş iki nəfəri çəkirdisə, əvvəlcə soruşurdu ki, onlar kimdilər, münasibətləri necədi? Soyuqdusa, soyuq işıqlandırım və sair. Əsl operator belə olmalıdı. İmkan olsa, bundan sonra da onunla işləmək istəyərdim. Çox istəyərdim ki, azərbaycanlı operatorlar, nəinki operatorlar, işıqçılar, qrimçilər də işinə onun kimi məsuliyyətlə yanaşsın.

 

– Yəqin ki, bunda məktəbin də böyük rolu var...

 

– Mənim də məktəbim olmayıb, lazım olanı özüm tapıb oxuyuram. /Xeber365.com-a/

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017