Rənglərin sehri

Təranə Fazilqızı

 

Balaca olanda şəkil çəkməyi çox sevərdim. Rəngli boyalarım, qələmlərim, fırçam vardı. Ağ kağızlara nə gəldi çəkərdim. Təki çəkməyə bir şey olsun. Barmaqlarım bir yana, çox vaxt ağız-burnum da rəngə bulaşırdı. İndiki kimi yadımdadı. İlk çəkdiyim  qaranquş və dəniz olub. Dəniz deyəndə ki, dalğa-dalğa xətlər… 

 

Həə, dəhliz, mətbəxin divarları, gül-çiçək qağayı, göyərçin şəkilləri ilə dolu olardı. Bunların hamısı təbii ki, mənim yaradıcılığım idi. Danlamaq heç, anam məni bunun üstündə hətta bir-iki dəfə yaxşıca kötəkləmişdi də. Arada bu vərdişimdən əl çəksəm də, rənglərin sehri yenə də ahən-rüba kimi məni özünə çəkirdi. Məktəb bu həvəsimi bir az  da artırdı. Rəsm dərslərində uşaqlar üçün şəkillərin çoxunu mən çəkirdim. Rəssamlığım uşaqların içində məni əməlli-başlı hörmətə mindirmişdi. Elə çəkdiklərimin hesabına axsadığım riyaziyyatı yola verirdim. Yəni, uşaqlar  misal, məsələ həllində mənə kömək  edərdilər. Lakin, anam  qəti  qoymurdu  mən rəssamlığa baş qoşum. Elə hey  danlayıb  deyərdi: “Qızdan da  rəssam olar!?” Mən isə, anamdan bəzən inciyib küssəm də, əslində rəsm çəkməyimlə  çox fəxr  edirdim. Getdikcə gül-çiçək, dəniz, quş  şəkillərindən  soyumağa  başladım. Bu bəlkə də yaşla  bağlı  idi. Nədənsə, daha çox adamların şəkilini çəkmək istəyirdim. Təvözəkarlıqdan uzaq  olsa da, deyim ki, çəkdiyim bu portretlər  pis alınmırdı. Bütün bunlara  baxmayaraq, mən rəssam yox, jurnalist  oldum.  Rənglərə  olan o böyük sevgi isə ürəyimdə bir parça işıq kimi yaşamaqdadır. İndi mən bir sənətşünas kimi yox,  sadəcə  həvəskar  rəssam  kimi düşüncələrimi sizinlə bölüşmək  istəyirəm.

 

Hər hansı  bədii  fikri sözə,  musiqiyə çevirməyin çətinliyi çox olsa da  bəstəkar musiqisi, şair sözü ilə hiss və duyğularını ifadə edir. Rəssamların  bir xoşbəxtliyi  də ondadır ki, onların şair və yazıçılar kimi tərcüməyə ehtiyacı olmur. Onlar hissləriylə yaşayıb, rəngləri ağ kətana köçürürlər. Qəribəlikləri  də olur.  Qapalı, əsəbi, dalğın…

     Belə  rəssamlardan  Leonardo da  Vinçi, Van  Qoq, Rafael Santi,   Səttar  Bəhlulzadə və bir çoxları...  Seçilən,  cəmiyyətin diqqətini  çəkən bu insanlara nə xoş gəlibsə, onu da ediblər. Onların  sərbəstliyi, insanları  heyrətə gətirəcək əməlləri söz-söhbətə  səbəb olsa  da,  ümumilikdə  bu dahi rəssamlar  dünyanın hər  yerində sevilib, şöhrət və uğur  qazanıblar. Qəribəlikləri, tərslikləri isə, istedadlarına bağışlanıb.

 

Təsəvvür edin ki, həyatımız  ağ  və qara  rənglərdən  ibarətdir. Yoox, bunu təsəvvür etmək belə adamı qorxudur. Hətta musiqinin özündə belə rənglər var, ritmə uyğun rənglər.

 

İnsanın  ruhunu oxşayan təbiətin min bir rəng çalarıdı. Fəsillər bir-birini əvəz etdikcə rənglər də dəyişir. Ətrafımızda nə görürüksə ağac, torpaq, dəniz, meşə, bulud, yer-göy hər şeyin öz rəngi var. Rəng tək maddi yox, mənəvi dünyaya da aiddi. Sevginin, nifrətin, gülüşün, kədərin, sevincin də öz rəngi var. Hətta, hətta sükutun da. Sadəcə bunları görə bilən, duya bilən qəlbin ola.

 

Bir rəssamın danışdığı hekayət.

Qızılgüllər  çəkirdim.  Güllərdən biri  çox açıldığından məni narahat edirdi.  Ləçəkləri hər an tökülə bilərdi. Nə olar, olar deyib, çəkməyə  başladım. Düşündüm ki,  işim yarımçıq  qalsa belə,  fərq  etməz. Səhər  şehli, tər qönçələr  alıb  yenidən çəkərəm.  Bunları  düşünərkən fırçam  sürətlə  işləyirdi. Bir  neçə  saat da  keçdi.  Dünyada iz qoyacaqmış kimi, sona qədər mübarizə aparan gül  elə bil mənə işləməkdə kömək edirdi. Nəhayət, fırçamı yerə  qoydum. Bu anda sanki möcüzə  baş verdi.  Güllər  bir andaca  bütün  ləçəklərini  yerə  tökdü...

 

***

 

Gecənin  bir aləmində  əl işimə baxıb  nəyinsə çatmadığını  hiss  etdim.  Düşündüm ki, kaş burda bir kəpənək  olaydı,  güllərə  qonaydı.  Mən də  onu  çəkəydim.  Birdən hardansa  peyda olan iri  bir kəpənək güllərin  ətrafında  dövrə  vurmağa  başladı. Həyəcanla,  fırçanı  əlimə alıb  kəpənəyi  çəkməyə  başladım.  İşimi qurtarıb əllərimi yumağa  getdim. Geri döndükdə kəpənəyi görmədim. Hər yanı axtardımsa da onu tapmadım. Gecə vaxtı hardan gələ bilərdi bu kəpənək. Fikirləşdim ki, o Allahın mənə verdiyi mükafatdı. Sənətimə olan məhəbbətin qarşılığında  onu mənə ulu yaradan göndərmişdi.  Bəli,  pərvanə  şam  oduna yanan  kimi, gərək sənətinin vurğunu olasan, işləyib çalışasan. Bu tək rəssamlıqda yox,  bütün sənətlərdə uğur gətirən yoldur. Onda  sən  mütləq   mükafatını  alacaqsan....

 

2014

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017