Alma bağlarını satan tanrı

Hikmət Mədənçi

 

İndi tanrıdan zəng gəlmişdi. Konturu tez qurtardığı üçün mən onu yığmalı oldum. Amma onun indi kefi bir də düzəlməyəcək. Dedi ki, -“o sözləri mən yazmdırmışdım ki, sən onun saqqızını oğurlayasan”. Ona hər marketdə saqqız satıldığını xatırlatdım. Amma mənim axmaq olduğumu bildirdi. Həm də “İndi də əl çəkmə onsuz da həyatı zülm və əzablar üçün yaratmışam, o da sənin olmalıdır, ona yazdığım zülm sənin çətinliyin məndən dönük çıxmağındır. Bir az xoş günlər yazmışam. Daha doğrusu mən katibəmə yazmağı tapşırmışdım ki, harası xoşuma gəlməsə qaralayacam. Amma yazını iş vaxtının son saatlarında gətirdiyi üçün oxumadan imzaladım. Tanrıda tanrıdı da diqqətindən bəzi şeylər qaça bilər.” - dedi.

 

Dedi ki, “mən yerdəki hakimlərə şans tanımağıma baxma, yazdığım hökmlərə düzəliş etmirəm”.

 

Ümumiyyətlə, ondan özümü soruşanda hər dəfə danışanda Marks haqqında danışdıqlarıma əsəbiləşirdi. “Əslində kapital 5-ci kitabdır, amma naşiri mən olmamışam deyə ona siqaret pulu da qıymadım”. - deyirdi.

 

Məni də, o günlərə sala biləcəyini desə də, bir az danışdıqdan sonra – “sən özünü Kafkaya tay eləmə, o qız Milena deyil. Sənin hisslərini başa düşəcək, sükanı bərk saxla” - dedi. Amma ona maşınım yoxdur deyəndə bir zarafat da elədi: “Qaynatan alar”. Ona ay bədbəxt onu müəllim yaratmısan deməyə macal tapa bilmədim. “Sən yaxşı oğlansan mənim işlərim başımdan aşır” - deyib telefonu söndürdü.

 

İndi mən onun danışdıqlarını sənə ona görə yazmalıyam ki, tanrını bu eşqə qatmadan razılıq əldə edək. Mənim işğalımı qəbul elə. Yoxsa müstəmləkə şərtləri daha ağır olacaq və hər yazdığın şikayətə görə ona bir torba alma göndərib qəlbini elə fəth edəcəm ki, o, Adəmi də bağışlayacaq. Onda bəlkə qadınlardan da imtina etməyi bacardı. Hamınızı yer üzündən sildi. Sən o yana, anamı da düşünə bilməyəcəm. Daşdan-divardan bir ana düzəldib onu qəlbimdə əbədiləşdirəcəm. Heç o da sizə kimin elçi getməyi barədə düşünməyə macal tapmayacaq. Sən bunlara hazırsanmı?! Birdə ona deyəcəm ki, bir az da hörmət edim, heç kimin içmədiyi yalnız üçün düzəldilən sudan, yer üzündə insanların dilində dəyməyən yalnız özünün yediyi donuzun kababından mənə də versin. Ölümsüzlüyün sirri ondadır. Sonra bütün vərəsələrini paydan məhrum edib mənə öz taxtını, əmlakını versin. Onun yerinə keçə bilsəm bəlkə yalvarışlarına baxıb səni sağ saxlayam. İndi vaxt gec olmamış düşünürsənmi? Ya ona bir paket ən sevdiyi "Şafran" göndərim sənin ağlını alsınmı? Vaxtına çox az qalıb. Tez düşün! Ya da, düşünmə! Vaxt verdikcə izafiləşirsən, bu dəqiqə tanrıya zəng vururam.

 

- Alo! Alo!

 

- Bəli, yenə nə var?

 

- Tanrıya ver telefonu!

 

 

 

- Tanrı indi məşğuldur. O yeni kitabında partlayış etmək üçün Nyutonu cəhənnəmdən çıxarıb aparıb öz bostanına. Yazığın başına hər gün xiyar, pomidor, badımcan atır ki, bəlkə yeni bir şey kəşf edə bildi. Bir də boşuna ümidlənmə, sənin qıza xox gəldiyini eşidən kimi bütün alma bağlarına dost-tanışlarının adına kupçalar verib. Həm də, indi o almadan diksinib. Adəmi də, bu yaxınlarda bağışlayacaq, ona hələ cənnətdə dəniz kənarında bir evdə vermək istəyir. “Birinci uşağımdı getsin kef eləsin”. – deyir. Sən indi yeməyə belə alma tapa bilməzsən.

 

- Kitabı hansı nəşriyyatda çap etdirəcək?

 

- İndi telefonu söndürməliyəm, şimşək çaxır. Bir azdan yer üzünə də, çatacaq.

 

- Denən dayandırsın da!!!

 

- Bu aralar Zevslə problemləri var…

 

- Alo, Alo…..  Nə isə… Alma bağlarını satan sabah da, qızı bir başqasına verəcək. Bizə qalan kor ümidlərdir.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017