Küçük ətinə yerikləyən qadın – BİRCƏNİN ROMANI

 

 

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

 

əvvəli burada

 

O “küçük əti” misalını Maral boşuna gətirməmişdi. Atası illər öncə maldarlıq təsərrüfatının başçısıymış. Bir il el yaylağa köçəndə bunun çobanlarından birinin arvadı boylu olar. Böyük naxırı çobanlar obadan uzaq dağlarda otararmışlar, qapıda qalan arıq-axsağı da bu yaşlı kişi arxaca yaxın yamaclara buraxıb həm mallara, həm də çoban dəyələrindəki arvad-uşağa göz qoyarmış.

 

Bir gün Maralın atası yenə özünü iri bir qayanın kölgəsinə verib mal otarırmış. Boylu çoban arvadı da gur çayın o biri yaxasında ocaq qalayıb paltar yuyurmuş. Kişi görür ki, qadın təzə balalamış qancığı çörəkləyib arxacdan çayın qırağına gətirdi, itin zəncirini iri bir daşa bağlayıb qabağına xeyli çörək tökdü, sağa-sola baxınıb heç kimin görmədiyinə əmin olanda pota küçüklərdən birini tutub başını daşa döydü, sonra da ölü küçüyü közə basdırıb başladı pal-paltarı yumağa. Bu müddətdə itin zingiltisi, ulartısı dərə boyu axan çayın şırıltısına qarışıb qayalarda əks-səda verirmiş.

 

Dünyagörmüş kişi bir anlıq çaşıb qalır, nə baş verdiyini anlamır, gördüyünə inana bilmir. Oturub səbirlə işin sonunu gözləyir. Gəlin yenə ətrafa bir oğrun nəzər salır, sonra odunla közü dağıdıb, ocaqda bişmiş küçüyü acgözlüklə yeməyə başlayır. Elə bu məqamda kişi çoban arvadının başının üstünü kəsdirir:

 

- Ay bala, nə qayırırsan, başına hava gəlib?!

 

Qəbahətinin üstü açılmış gəlin ağzındakı tikəni udub yalvarır:

 

- Qurbanın olum, Yaqub dayı, mənlə işin olmasın, yerikləyirəm.

 

Kişinin gözləri kəlləsinə çıxır:

 

- Cəhənnəmə yeriklə! Quyruğunda çöllərə düşdüyümüz donuz ha deyil. Ürəyin ət istəyir, de bir halal heyvan kəsim, ta küçüyü niyə yeyirsən?

 

Naçar qalmış gəlin:

 

- Mən bunun ətinə yeriklədim, neyləyim, başıma haranın daşını salım, - deyib başlayır özünü döyməyə.

 

Kişi küçüyün qalıqlarını gəlinin əlindən alıb ocaq yerindəki köz qarışıq çay aşağı axıdır, ancaq gəlinin sirrini obada bir müddət heç kimə vermir. Sonralar söhbət yayılıb hamının qulağına çatmışdı. Maral qaynanamın da bildiyi bu əhvalatı məni rahat buraxsınlar deyə xatırlatmışdı...

 

***

 

Düzdü, ürəyimdən it-pişik əti keçmirdi, ancaq elə mən özüm də qəribə dadlara, əcaib qoxulara yerikləyirdim. Xörək, bişmiş yadıma da düşmürdü. Yanan təzəyi əlimdə tutub tüstüsünü saatlarla ciyərimə çəkirdim, doymurdum, dincəlmirdim. Evə girəndə əllərimi sabunlayıb yuyurdumsa da, əyin-başımdan yanmış təzək qoxusu gəlirdi, bu dəfə də Emin məndən iyrənib öyüyürdü.

 

Günlər ötdükcə tütünə hərisliyim daha da artırdı. İndi artıq çeynədiyim siqaret kötükləri də məni doyurmurdu, yanan tütünün tüstüsünü ciyərlərimə çəkmək istəyi başımdan getmirdi. Bundan irəli də demişdim, uşaq vaxtı nənəmin qəlyanını həmişə mən odlayırdım, siftəsini də çox zaman özüm sümürürdüm. Hakim qardaşım duyuq düşən kimi babamın paslı “Otuzikilik” tüfəngini qapıb girirdi nənəmin buğda çuvallarının arxasına, ordan məni nişan alırdı. Qorxudan dilim-dodağım təpiyirdi, elə bilirdim tüfəng indicə şaqqıltıyla açılacaq. Yalvarırdım, and-aman eləyirdim ki, bir də qəlyana yaxın durmayacam, ancaq ertəsi gün verdiyim sözü tuta bilmirdim. Ta nənəm ölən günəcən belə oldu. İndi yenə tənbəki eşqinə düşmüşdüm. Emin siqaret kötüyünü ağzımda tutub məni tüncar eləmişdisə də, tütünə hərisliyim qorxumu üstələyirdi, indi də siqaretin özünə yerikləyirdim.

 

Beynimi qapsamış bu istəyin təhrikiylə Eminin yarımçıq qutularından tək-tək siqaret oğurlamağa başladım. Hamı evdən çıxandan sonra oğurluq siqareti götürüb girirdim həyətdəki ayaqyoluna; girməmişdən qapıdakı nanəlikdən bir dəstə nanə də yığırdım. Siqareti yarıyacan çəkib söndürür, qalan yarısını da dilimin üstünə qoyub sorurdum. Siqaret kötüyünü sorduqca şirin bir gicəllənmə tuturdu məni, nanə dəstəsini ovub əllərimə, üzümə sürtəndən sonra səndirləyə-səndirləyə evə girirdim.

 

Bir gün yenə yerik gözümü necə tutdusa evdə olan qaynanama məhəl qoymadan siqaret götürüb özümü ayaqyoluna atdım. Tualetin enli taxtalarının arasından evin qapısına nəzarət eləyirdim ki, gələn olsa görə bilim. Evə həmişəkindən tez gələn Emin ayaqyoludan bayıra yayılan tüstünü sezdi. Tərs kimi mən də necə təntimişdimsə bu dəfə tualetə nanəsiz girmişdim. Birdən Eminin səsi lap qulağımın dibində cingildədi:

 

- Ana, Elgiz gəlib?

 

Kiçik qaynımı soruşurdu. Zöhrə xala (yəni qaynanam):

 

- Yoox, bir azdan gələcək, - dedi, - nədi ki?

 

- Bəs koramal hanı?

 

Emin məni çox vaxt belə çağırırdı. Bir dəfə mənasını soruşanda mənə bu cür izah vermişdi: “İlan çalan sağalar, koramal vuran sağalmaz; sənin də dilinin altında zəhər tuluğu var, eynən koramal kimi”.

 

- Buralardadı, həyətə düşdü.

 

Tez yarımçıq siqareti ayaqyoluna atıb nəfəsimi içimə çəkdim. Taxtaların arasından Eminin düz üstümə gəldiyini görəndə qapının arxasındakı gümüşü rəngli ağır çuqun tualet aftafasından ovcuma su töküb üzümə vurdum, o bulanıq arx suyundan iri bir qurtum da aldım ki, bəlkə tütün iyini ağzımdan apara.

 

Eləcə üzümdən, əlimdən su dama-dama Eminlə burun-buruna dayandım. O, bir göz qırpımında əlimdəki aftafanı qapıb bayıra tolazladı, qolumdan tutub məni eşiyə atdı. Quruyub qalmışdım, nəsə deyib özümü təmizə çıxarası halda deyildim. Bircə bunu istəyirdim ki, məni döysün, ağız-burnumun qanını axıtsın, amma evdəkilərə bir söz deməsin.

 

Demə Emin hər gün siqaretinin azaldığını görürmüş, ancaq məndən yox, qardaşından şübhələnirmiş. İndi oğrunu iş başında yaxalamışdı. Mənim də bir qəribə xasiyyətim vardı: nəsə bir yanlışım, yalanım, ya bir günahım tutuldumu, hər şeydən əvvəl mənə bir eybəcər gülmək gəlirdi, ilk reaksiyam həmişə gülmək olurdu; ağlamaq, vaysınmaq, peşmanlamaq gülüb qurtarandan sonra başlayırdı. Bu səfər də elə oldu: Eminin qanlı-qanlı baxdığını görcək məni bir dəli gülmək tutdu. Gülüşüm onu lap təbdən çıxardı, məni bir də ortalayıb həyətin ortasına atdı. Eminin əlindən çıxan kimi özümü ağacların arasındakı nanəliyə atdım. Aftafadan içdiyim kirli suyun üstündən bir dəstə nanə yığıb ağzıma basdım. Bu müddətdə ara vermədən elə hey gülürdüm.

 

Emin nanələri əlimdən alıb məni evə sürüyəndə gülməyim dayandı. Qaynanam pilləkənin başından bizə baxırdı. Mən yavaşca buna yalvardım:

 

- Nolar, qadan alım, başına dönüm, evdəkilərə heç nə demə. Söz verirəm, bir də belə iş tutmayacam.

 

Elə bil o mənim yalvarışlarımı eşitmirdi. Biləyim əlində iti addımlarla evə doğru gedirdi, mən də onun arxasınca az qala qaçırdım. Pilləkənin ayağında biləyimi Eminin əlindən qoparıb evə cumdum. O, gözləri böyümüş qaynanama hər şeyi danışdı. Az sonra Zöhrə xala başını bizim otağa salıb dedi:

 

- Ta ondan uşaq olmaz, olsa da xəstə, şikəst bir şey olacaq.

 

Əslində bu, çox ağır xəbər idi, ancaq onun dedikləri məni xeyli toxtatdı. O dəmdə, o dəkədə bətnimdəki uşaq məni qəti maraqlandırmırdı. O uşaq mənim yanğılı istəyimdən, şirin qadınlığımdan, həsrətli analığımdan yaranmamışdı ki, indi də ona nəsə olacaq deyə dərdə düşəydim. Yox, indi məni əlimdə tutulmuş oğurluğun amansız xəcaləti, hamının bundan sonra mənə oğru kimi baxacağı, hər itiyə görə məndən şübhələnəcəyi qorxusu, bunlardan da çox əzilmiş qürurum incidirdi.

 

Qaynanamın ağlına gəlməzdi ki, əslində xoş xəbər verib mənə. İçimdə yuva qurub qanımı içən, məni hamının qarşısında gülünc hala qoyan, dilə-dişə salan o dölcüyə yenidən nifrət göyərmişdi ürəyimdə. İndi onun xəstə, ya şikəst doğulacağının bir zərrə narahatlığı yoxuydu uçunan qəlbimdə. İndi mən ona içimə atılmış düşmən casusu kimi baxırdım...

 

Emin məni külfət içində rüsvay elədi. O məni incidib alçaltdıqca mənim də onun bətnimdə gəzdirdiyim övladına nifrətim artırdı. Həmin gündən Emin mənə nəzarəti bir az da gücləndirdi, daha evə siqaret də gətirmədi, nə çəkdisə işdə-gücdə, çöldə-bayırda olanda çəkdi.

 

Təkcə qaynatam Mahmud əmi mənim hallarıma, davranışlarıma anlayışla, insafla yanaşırdı. O mənim pərtliyimi, xəcalətdən ölüb yerə girdiyimi gördükcə gülə-gülə deyirdi:

 

- Dovşan, heç nəyi vecinə alma, bunlar hamısı tezliklə keçib gedəcək, sənin də canın dincələcək. Onların hürməyinə məhəl qoyma. Hamısı keçib gedəcək...

 

Bu ağıllı, sanballı, təmkinli kişinin vəziyyətimi anlaması, olanları böyütməməsi mənim könül yaralarıma məlhəm çəkirdi. Onun hesabına bu yağı düşərgəsində özümə müttəfiq tapmışdım.

 

***

 

Avqustu çox ağır keçirdim. Bütün günü istidən ləhləyirdim, elə bilirdim bağrım çatlayacaq. Evdə bircə dənə küləkləyən vardı, onu da qaynanam yatanda otağına aparırdı. Ağzıma bir tikə qoyan kimi başımdan tər leysanı yağırdı. Bir yandan isti, bir yandan Emindən iyrənməyim, bir yandan da ağır ev işləri məni əldən salmışdı. Qaynanam qızmar yay boyunca dirrikdə bitən bütün tərəvəzlərdən mənə banka bağlatdı. Evimizdə xiyar, pomidor turşusu çox bağlamışdım, amma lobya, badımcan, bibər bişirib bağlamağı bu evdə öyrəndim.

 

Böyük həyətimiz başdan-başa meyvə ağaclarıyla doluydu. O halımla hər meyvədən nə qədər mürəbbə, cem, kompot bişirib yığmışdım. Gecələr qapımızdan axan arxın ilıq suyuna girərdim ki, bəlkə damarlarımda pıqqapıq qaynayan qanım soyuya, yata biləm. İçimdəki qaynar soba da bir yandan bağrımı çatladırdı.

 

Nənəmin öyrətdiyi qaydayla çoxlu meyvə qurutmuşdum. Hamama bitişik iri bir otağı qaynatam mənə ayırmışdı, divarları boyu iri rəflər düzəltmişdi. Əlimdən çıxan məhsulları ora yığırdım, bankaları səliqəylə rəflərə düzürdüm.  Hətta Emin də arada bu otağa girib içində rəngbərəng meyvə-tərəvəz olan balonlara tamaşa eləyirdi. Mənim işlərimdən zövq alan qaynatam tez-tez deyirdi:

 

- Dovşan, bizim evdə heç vaxt bu qədər bol ərzaq olmamışdı. Bunlar hamısı sənin ayağının ruzisidi, əllərinin bərəkətidi.

 

Belə sözləri eşitdikcə ağrımı-acımı unudurdum, qol-qanadım açılırdı. Qaynatamdan başqa bu evdə hamı tənbəl idi, yaxşı yeməyi xoşlardılar, di gəl işləməklə araları yoxuydu. Bəzən mətbəxdə kartof qurtarardı, ancaq mənim deyinməyimə baxmayaraq nə Emin, nə də subay qaynım yanını yerdən qaldırıb qaynatamın bostanda əkdiyi kartofdan çıxarıb mənə verməzdi ki, yeməyə atım. Hirsimdən bel götürüb özüm düşərdim bostana, onlar da mənə baxıb gülərdilər. Amma yemək vaxtında hazır olmasa, qaşqabaqları yer süpürərdi.

 

***

 

Artıq sentyabr gəlmişdi, hamiləliyin beşinci ayına girmişdim. Dərdimi-halımı kiməsə anlatmaq istəyirdim, ən çox da eltim Maralla bölüşməyə can atırdım, ancaq Emin məni heç kimlə kəlmə kəsməyə qoymurdu, Maralla danışdığımı görsəydi, qan salardı. Bu müddətdə ikicə dəfə məni evimizə aparmışdı, onda da ancaq gecə getmişdik, hərəsində iki saat oturub qayıtmışdıq.

 

Məndən üç yaş kiçik bacım universitetin sonuncu kursunda oxuyurdu, ondan balaca Lalə isə orta məktəbi bitirib instituta sənəd versə də, müsabiqədən keçə bilməmişdi. Atam evinə gedəndə Lalə Eminə yalvarırdı ki, bircə gecəliyə də olsa mənim orda qalmağıma razı olsun, ancaq Emin ona mehriban davransa da, inadından dönmürdü. Anam həmişəki kimi məni soyuq qarşılayırdı, halımı-əhvalımı soruşmurdu. Böyük qardaşım Səməndər üstüörtülü də olsa hamiləliyimlə maraqlanırdı, nə yeyib-içdiyimi, ürəyimdən nə keçdiyini soruşurdu. Mən də utandığımdan bu mövzuda söhbətdən yayınırdım. Emin məni ailəmdən uzaq tutmağa çalışırdı, soruşanda bunu belə izah eləyirdi:

 

- Bacıların, gəlinləriniz səni öyrədəcəklər, ailəndən soyuyacaqsan. 

 

Həm də məni təkcə özümünkülərdən yox, öz nəslindən, qohum-əqrəbasından da qoruyurdu. Əmisi, bibisi, xalası qızlarını, onların gəlinlərini də mənə yaxın buraxmırdı. Onlar bir yana, atası, qardaşlarıyla kəlmə kəsdiyimi görəndə belə aramızda söz-söhbət, dava-dalaş olurdu...

 

ardı var

 

LENT

26 İyun 2017
25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017