Fikrət Sadıq öləndə nəyə sevindim - Şərif Ağayar yazır...

Bir də gördün şəkildi adam...

 

Dünən Mahnı Teatrının əsas zalına girən kimi diqqətimi çəkən mərhum şairimiz Fikrət Sadığın səhnəyə qoyulmuş iri cavanlıq fotoşəkli oldu və bu fotoşəkil yuxarıdakı məşhur misranı yadıma saldı.

 

Artıq şəkil idi Fikrət Sadıq və hər kəs dünən gecə bu şəklin başına – şairin xatirə gecəsinə toplaşmışdı.

 

Nə olacaq? Şeir, musiqi, təntənəli nitqlər... Tanış simalar, doğma səslər, ehtiram ifadə edən poetik sükut...

 

 

İstəkli adam idi Fikrət Sadıq.

 

Sabiri o qədər sevirdi ki...

 

Mən onun Sabirlə eyni şəhərdə və eyni gündə doğulmasında mistik zərurət görürəm.

 

Canında bir satirik ruh da vardı.

 

Amma heç vaxt, heç bir zaman Sabiri yamsılamadı.

 

Çətindi bu...

 

Canın qədər sevdiyin hər hansı klassikin təsirinə düşməmək, onun yerini bildiyin kimi, öz yerini də bilmək.

 

Fikrət Sadıq həddini bilən şair idi və ömrü boyu bu həddən bir addım da aşağıdan davrandı.

 

Mən onu şəxsən elə yaxından tanımasam da bir neçə dəfə qarşılaşmışdıq.

 

Və elə o an Fikrət Sadıqla bu qarşılaşmalarım kino lenti kimi gəlib gözümün qabağından keçirdi.

 

 

Gənc idim. İnqilabi romantika ilə yaşayırdım. Yaltaqlığı bağışlamırdım. Yaltaqlanan adam görəndə tutub çırpmaq istəyirdim.

 

Bir axşam İlqar Fəhmi, Rövşən Naziroğlu, Elxan Zal və mən Sahil bağında gəzirdik. Qəfil elə bir vurmaq ehtirası baş qaldırdı ki içimdə, asanlıqla yanımdakılara da yansıdı. Pul da yox. Hərə bir tərəfə baxa-baxa başını qaşımağa başladı. Bircə İlqar Fəhmi narahat deyildi, çünki özünü namza verib yeyib-içmək azarından da, inqilab xülyasından da canını qurtarmışdı.

 

Nə edək, ilahi?!

 

Birdən baxaq kim?

 

Fikrət Sadıq, Qabil və Abbas Abdulla Rəssamlar İttifaqının tinindən çıxıb aşa-aşa Milli Kitabxanaya tərəf gəlirlər. Hiss olunurdu ki, möhkəm vurublar. Dedim, heç olmasa gəlin gedib bu qocaların yanından keçək, arağın, yeməyin iyi vursun bizi... Bəlkə, bir az səbbimiz alına!

 

Görüntünün olası içeriği: 2 kişi, gözlük

 

Az keçməmiş daha bir “mütərəqqi” ideya gəldi ağlıma: qocaları soymaq!

 

O vaxt da indiki kimi küçə kameraları-filan yox idi. İşimizi çabuk yerinə yetirsək polis-filan da gəlməyəcəkdi. Razısınızmı?

 

İlqar müti bir təbəssümlə boynunu qısdı və hətta bu şakadan belə rəncidə olduğunu küllü-aləmə eyham elədi. Elxan Zal əsassız nikbinliklə gülümsədi. Yafəsin gözləri güldü. Rövşən, deyəsən, dostluğumuzu xətrinə, ya da növbəti itoynadan bakılı ədasını nümayiş etdirmək üçün gər səslə az qala çığırdı: “Getdüük!”

 

Rövşəndən başqa hamının ciddi-ciddi qorxduğunu və ya tərəddüd etdiyini görüb, onları ürəkləndirdim:

 

- A kişi, baxın Fikrət Sadığın üzünə, saçına, bığına, baxışına, yerişinə, əsasına... Belə adam bizi tutdurmaz! Allah haqqı tutdurmaz! Əgər Fikrət Sadıq onlardan zorla araqpulu aldığımıza görə bizi tutduracaqsa, tüpürüm belə dünyaya. Bundansa içəri yaxşıdır!

 

- Qabil də trutdurmaz! – Rövşən inamla dedi.

 

- Tutdurmaz! O heç tutdurmaz! Pulu oğurlamağımızın səbəbini bilsə, “voopşe” tutdurmaz! – türkləş demişƏ üstünə əklədim.   

 

- Abbas Abdulla yaman sərt baxır. Buxara papağından da qorxur adam. Lap Süleyman Rəhimovun əsərlərindəki əzazil bəylərə oxşayır – Elxan qımışdı...

 

- O mənlikdi! Aşıq Əmrahın ləfzində bir “Dübeyti” oxuyacam, sarılacaq boynuma! Narahat olmayın! – Zəif damarını bilirdim.

 

Və inanmayacaqsınız... Yaxınlaşdıq adamlara. Biz yaxınlaşanda İlqar Fəhmi qorxusundan aralandı. Yafəs Məftun hansısa kolun dibinə çəkilib bizi izləməyə başladı. 

 

- Eşq olsun bizim böyük ustadlarımzıa! – Elxan Zal elə bil başqanı olduğu Mahmud Kaşğari Fondunun tədbirini açırdı. Yanaşıb hamısının əlini sıxdı. Biz də istər-istəməz onun ardınca getdik...

 

- Ağayar, xoş gördük! - Qabilin məni tanıması Elxanı ürəkləndirdi. Başladı nə başladı:

 

- Bunlar (Mənimlə Rövşən – Ş.A.) bizim gənc şairlərdir. Çox istedadlı uşaqlardır...

 

- Lap gözəl! – Qabil ikimizi də sərxoş gözləri ilə didişdirdi.

 

Abbas Abdulla fikir vermirdi bizə. Fikrət Sadıq yanpörtü istehzayla baxırdı.

 

 

Qabilin qoluma girib diqqətlə qulaq asdığını görən Elxan Zal lap ilhamlandı:

 

- İstəyillər, bir balaca boğazlarını yaşlasınlar, amma pulları yoxdu...

 

- Nə, pul? – Qabil müəllim elə soruşdu, dedim, bu saat anamızı söyəcək. Fikrət Sadığın üzü güldü, bığlarının ucundan səadət töküldü.

 

Bu o vədələr idi ki, Fikrət Sadıq yenicə prezident təqaüdü verilmişdi.

 

Ürəyim düşdü. Elxana acıqlandım içimdə. Bundansa mənim etdiyim zarafat daha urvatlı olardı. Təqaüdü də yenicə almışdılar. Nə olar, bir ayını da biz xərcləyərdik. 

 

- Yoxdu! Pul nə gəzir! – Fikrət Sadıq süfrəyə yanaşıb çörək istəyən pişiyə təpinən kimi təpindi bizə. Qorxumdan az qaldım miyoldayam. Yafəs vəziyyətin qəlizliyini görüb gizləndiyi kolun dalında yumağa döndü. İlqar gözdən daha çox itdi.  

 

Rövşən lap üzlülüyünə saldı:

 

- Niyə, Fikrət müəllim, təqaüdünüzü yenicə almısız!

 

Fikrıt müəllim əsasını bir əlindən o birinə keçirdi. Elə bildim solaxayı Rövşənin alnının sağ yanına birini endirəcək. Təəssüf ki eləmədi. Eləsə, bəlkə onları soymaq üçün bəhanəmiz olardı. Qabilin qolundan dartdı ki, gedək.

 

Qabil ayağını dirədi, əlini şalvarının arxa cibinə atıb qəfil pul çıxartdı. Havada pula baxıb onun “Əlliminlik” olduğunu gördü:

 

- Yox bu çoxdur  - deyib cibinə qaytardı.

 

O vaxt “Əlliminlik” həqiqətən də çox pul idi. Uzağı üç “şirvanla” biz istəyən qonaqlıq təşkil eləmək olardı.

 

Qabil eyni qaydada daha bir əskinaz çıxarıb havaya qaldırdı. Bütün gözlər ona zilləndi: “Şirvan” idi.

 

- Bu sənin – deyib uzadanda bir qıram da həya eləmədən alıb cibimə dürtüşdürdüm.

 

İkincini çıxarıb yenə yuxarıda baxdı, “şirvan” olduğunu dəqiqləşdirəndən sonra “Bu sənin!” – deyib Elxana uzatdı. O da götürdü. Üçüncünü də eyni qaydada, eyni sözlərin müşayiəti ilə Rövşənə uzatdı və “Gələn ay, burda olun, onda da Fikrət verər” – deyib bizdən aralananda Fikrət müəllimin çəliyinin ucu havada qəribə bir rəqs elədi və mən bu rəqsin ifadə etdiyi sözləri aydınca oxudum: “Tullanın burdan!”

 

 

***

 

- Bu qocalar niyə çıxıb getmir eee... evinə-eşiyinə! Cavan və istedadlı uşaqlar boş-bekar qalmışıq arada!

 

Yazıçılar Birliyinin ikinci mərtəbəsində, Səməd Vurğunun 37-ci il repressiya qurbanlarının lövhəsinə gülümsəyərək əl elədiyi foyedə indi bu dəqiqə BMT-nin şəmsiyyəsi altına sığınmış Lətif Mustafaoğlu ilə söhbət edirdik. Yuxarıdakı inqilabi sözlər də bəndənizin ilan sancmış dilindən çıxdı. Bu vədə koridordan çəlik tıqqıltısı gəldi və bir azdan Fikrət Sadığın gülümsər çöhrəsi peyda oldu qarşımızda. Onun saçları elə safca bəyaz idi ki, bir anlıq Dədə Qorqudun təşrif gətirdiyini düşündüm. Salam verib iş otağına tərəf addımlayanda Lətif onu saxladı:

 

- Fikrət müəllim, görün bu cavan oğlan nə deyir?

 

Tutuldum. Fikrət müəllim təbəssümlə üzümə baxıb Sahil bağındakı məşhur avaranı tanıdı. Amma üz cizgiləri sevgi ifadə edirdi. Deyəsən, Qabildən pul almağımız onun xoşuna gəlmişdi. İllah da özü vermədiyi üçün...       

    

- Nə deyir ki? – səsi elə həlim çıxdı, ruhuma qəribə sakitlik gətirdi.

 

Lətifin vecinə deyildi heç nə:

 

- Deyir, Fikrət Sadıq yaşlı adamdır, pilləkənləri də qalxıb-enə bilmir, bir yandan da təqaüd alır, maddi sıxınıtısı yoxdu, gedib otursun evində, nəvələriylə oynasın, biz də gəlib işləyək onun yerində, Yazıçılar Birliyinə yeni nəfəs gətirək.

 

Fikrət Sadığın üzündəki təbəssüm öz yerini peşmanlıq, qəmginlik duyğusuna verdi. Öz təbirincə desək, “təbəssüm” sözü tərsinə çevrilib “müsibət” ifadə etdi. Çox pis oldum. Bu azmış kimi ardınca bunları söylədi:

 

- Narahat olmasın, yaşlı adamam, tezliklə ölərəm, gələr!

 

Fikrət Sadığın ölüm xəbərini eşidəndə nəinki orda işləmədiyim, üstəlik AYB üzvü olmadığım üçün sevindim.

 

***

 

 

Bakıda Əlişir Nəvainin heykəlinin açılışıdır. Özbəkistan prezidenti İslam Kərimov təşrif gətirib. Mən də Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsində işlədiyim üçün tədbirə ezam olunmuşam. Güclü təhlükəsizlik tədbirləri görülür. Ağzımızın içini də yoxlayırlar.  

 

Açılış törənində özümü şair və yazıçılar tərəfə verdim və çıxışların sonunda İslam Kərimovun iti addımlarla mənə tərəf gəldiyini gördüm.

 

Gəldi, gəldi, tam yaxınlaşanda gülümsəyərək qarşımda əsasına söykənib dayanmış Fikrət Sadığa əl uzatdı. Onu özbəkcə salamladı, Dədə Qorquda oxşatdığını söylədi. Fikrət müəllim də söhbətə başlayıb Özbəkistan səfərlərindən danışdı, onu xeyli güldürdü. Tərs kimi mənim də cibimdə zən səsi xeyli yüksək olan mobil telefon vardı. Dedim, ilahi, bu saat zəng çalacaq, beynəlxalq biabırçılıq olacaq. İslam Kərimovla aramız təxminən metrə yarım idi... Əlimi yavaşca cibimə apardım ki, telefonun səsini alam, ya da söndürəm, baxdım, yanımdakı iri baş əlimin hərəkətinə uyğun yana çevrilir. Qorxa-qorxa gözaltı marıtladım: qulağında qulaqcıq, nəhəng bir mühafizəçi idi! Qulağından ağ köynəyinin boğazına keçən spiralvari şunur canıma üşütmə saldı. Əlimi cibimdən çəkib yanıma saldım. Baş da müvafiq hərəkətlə çıxış vəziyyətinə qayıtdı.

 

***

 

Mən onu insan kimi də, şair kimi də çox sevmişəm. Amma bunu heç vaxt bildirmək imkanım olmayıb. Bilmirəm şairin oğlu Orxan Fikrətoğlu bunu necə hiss edirmiş. Görünür hardasa “quş” buraxmışam... 

 

Zahid Sarıtorpağın kitab təqdimatında mənə dəvətnamə verərkən dedi: “Fikrət Sadığı çox istədiyini bilirəm!”

 

Dünən, şəklə dönmüş adamın hüzurunda onu xeyli çox istədiyimi bir daha hiss elədim.

 

Yeri behişt olsun.          

             

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017