Əlisəmid Kürün ƏN MƏŞHUR ŞEİRİ

Kulis.az “Bazar oxusu” layihəsindən Əlisəmid Kürün “Kentavr” şeirini təqdim edir. 

 

Kentavr

 

Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü. Kürəyində yük daşıyan adamlar mənə kentavrlari xatırlatdı… Bir də qulaqlarıma at kişnərtisi gəldi…

 

Dərdin arxasınca dördnala çapan

Bədəni at, başı adam,

Bu yarıat, yarıadam

Qaçmağa hallı adam

hara gedir, Yaradan?!

 

Sözünün dalında dağ kimi durub,

Hər gün bir sevdayla döyüşə gedir.

Dalına atdığı şələyə baxmır.

Xəndəyə yıxılmır, tələyə baxmır,

Özüylə söyüşə-söyüşə gedir.

 

At kimi yeriyir qəmin üstünə

Çapır, dördnala çapır,

Hara gedir qəm gətirir

Bir gün çörək tapır,

bir gün də tapmır…

 

«Mersedes» gözəllər keçir yanından

Vaxtı yox onlara gözucu baxa.

Faytona qoşulmuş ata boylanır,

Bu yarıat, yarıadama

ana boylanır

ata boylanır.

 

Kentavr şəhərdən baş aça bilmir.

Dəyənək qorxusu çıxmır canından.

Bu köçkün kentavr,

qaçqın kentavr

Polisin əlindən qaça da bilmir.

Bu qovur, o qovur,

Göydə Allah qovur, yerdə bəndəsi

Kəpənək yuxusu qaçıb gözündən

Hələ kütə gedir onun kündəsi.

 

– Hara qaçırsan, KENTAVR?

– Kimdən qaçırsan, KENTAVR?

Başın bədənindən ayrı,

Bədənin başından ayrı,

Özün-özündən qaçırsan,

Gedirsən qəmin üstünə

söyüşə-söyüşə,

Yaşamaqçün, ölməməkçün

Atlar örüşə gedir,

Kentavrlar – döyüşə!

 

LENT

20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
17 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017