Məşhur tənqidçinin “Cinayət və cəza” haqqında essesi

 

Kulis.az Seyfəddin Hüseynlinin tərcüməsində Dmitri Merejkovskinin “Dostoyevskinin "Cinayət və cəza"sı essesini təqdim edir.

 

Tərcüməçidən

 

Məşhur rus yazıçısı, tənqidçisi və filosofu Dmitri Sergeyeviç Merejkovskinin (1866-1941) yaradıcılığı dünya ədəbi-fəlsəfi fikrinin XIX əsrin sonu-XX əsrin birinci yarısında qazandığı ən mühüm nailiyyətlər sırasında xüsusi yer tutur.

 

Məmur ailəsində dünyaya gəlmiş D.Merejkovski Sankt-Peterburq Universitetinin tarix-filologiya bölməsini bitirib. Ədəbi mühitə şair nasir kimi qədəm qoyub. Həmin dövrdə o, xaraktercə Hegel fəlsəfəsinə yaxın olan, mənəvi inkişafı üç mərhələdə təqdim edən dini-fəlsəfi sxemini meydana çıxarıb.

 

D.Merejkovski hələ çox gənc ikən böyük istedadın məhsulları olan bir sıra ədəbi-tənqidi əsərlər - Servantes, Dostoyevski, Tolstoy, Flober, Çexov, Turgenev yaradıcılığı haqqında dərin təhlili yazılar qələmə alıb və nəşr etdirib.

 

Ziyalı zümrəsi ilə kilsə arasındakı münasibətlərə dair mövqeyi, xüsusən orijinal dini baxışları Merejkovskinin yaradıcılıq bioqrafiyasının ən təzadlı məqamlarını təşkil edir. 1920-ci illərə qədər əsasən Peterburqda yaşayıb-işləyən D.Merejkovski həmin illərdə Polşaya köçüb, daha sonra birdəfəlik Parisdə məskunlaşıb.

 

Onun 1932-ci ildə Belqradda nəşr edilən xristianlıq tarixinə İncildəki hadisələrə dair "Naməlum İsa Məsih" kitabında Merejkovskinin hədsiz dərəcədə geniş erudisiyası böyük istedadı, eyni zamanda mürəkkəb dini görüşləri tam mənada öz əksini tapıb. Müəyyən mübahisəli məqamlarla yanaşı, bu kitabın bir çox fəsillərini müəllifin İsaya saf inam məhəbbətinin parlaq ifadəsi sayılır. Bilavasitə dini baxışlarını öz əsərlərində əks etdirməklə bərabər, D.Merejkovski ömrünün sonlarına qədər bədii yaradıcılığını davam etdirib, böyük ədəbiyyata bağlılığını axıradək qoruyub saxlayıb.

 

Yaradıcılığa başlayandan Sovet rejimi qurulana qədər D.Merejkovskinin əsərləri dövri mətbuatda, ədəbi fəlsəfi məzmunlu nəşrlərdə mütəmadi dərc edilib, daima diqqət mərkəzində olub. D.Merejkovskinin bu ya digər məsələ barədə düşünməsi ədəbi mühitdə ciddi mövqeyə malik, başda Tolstoy, Çexov ilkin dövrdə Maksim Qorki olmaqla, hər bir qələm adamını hər zaman maraqlandırıb. Xaricə köçdükdən sonra, ədəbi-fəlsəfi mövqeyi, ictimai görüşləri nəzərə alınmaqla, Sovet cəmiyyətində Merejkovski haqqında mənfi fikir formalaşdırılmasına cəhd göstərilib. Ən yaxşı halda, onun adı yaradıcılığı üzərindən sükutla keçilməsi "məqsədəuyğun" sayılıb. Merejkovskinin keçmiş Sovet məkanında yenidən tanıdılması, əsərlərinin geniş nəşri əsasən son 20 ildən bəri mümkün olub.

 

Ədəbi-tənqidi əsərlərində bir sıra nəhəng yazıçıların yaradıcılığını böyük istedadla təhlil etdiyi üçün, düşünürük ki, Dmitri Merejkovskinin irsinin Azərbaycan dilinə tərcümə olunması ana dilimizdə nəşri zəruridir.

 

Oxuculara ixtisarla təqdim etdiyimiz "Dostoyevskinin "Cinayət cəza"" essesini D.Merejkovski ilk dəfə dahi yazıçının ölümündən 9 il sonra - 1890- ilin martında "Russkoe obozrenie" jurnalında çap etdirib. Əsərin jurnal variantının giriş sözündə Merejkovski yazırdı:

 

"Dostoyevskinin bütün yaradıcılığını təhlilə cəlb etmək uzaq gələcəyə aid olan həm çox böyük, həm dəhşətli dərəcədə çətin ədəbi-tənqidi qəhrəmanlıqdır. Təqdim olunan bu oçerk yalnızca sadə mümkün qədər səmimi oxucu qeydləridir".

 

***

 

TURGENEV, TOLSTOY VƏ DOSTOYEVSKİ – RUS ROMANÇILIĞININ ÜÇ KORİFEYİ

 

...Turgenevdə bir rəssam məharəti var. Onun yaradıcılığının qüdrəti, eyni zamanda, müəyyən qədər birtərəfəliliyi də bundan irəli gəlir. Gözəllikdən zövq almaq onu həyatla çox asanlıqla barışdırır. Türgenev təbiəti insan ruhundan daha dərin və nüfuzedici nəzərlərlə müşahidə edir. O, Lev Tolstoy və Dostoyevski kimi psixoloq deyil. Amma o, insanın da kiçik bir zərrəsi olduğu bu dünyadakı həyatı necə də dərindən anlayır. Onun üslubu necə də saf, dili nə qədər muüsiqilidir!..Bu həlim poeziya ilə uzun müddət təmasda olanda adama elə gəlir ki, həyat yalnız onun gözəlliklərindən həzz almaq üçündür.

 

Lev Tolstoy, bütövlükdə, möhtəşəm fitri qüdrətdir. Burada ahəngdarlıq bir qədər pozulub. Səssizcə seyr edilən zövq mənbəyi əvəzinə, burada - bütün əzəməti, ilkin dolğunluğu, bir qədər qaba, ancaq möhtəşəm saflığı ilə bərabər, həyatın özü verilir. Bu iki yazıçı həyata kənardan baxır. Biri səssizcə, rəssam baxışı ilə, digəri isə mənəviyyat zirvəsindən həyata nəzər salır.

 

Dostoyevski bizə daha yaxın, daha doğmadır. O bizim aramızda - bu qüssəli, soyuq şimal şəhərində yaşayıb. Həyatın keşməkeşlərindən və həllolunmaz müşküllərindən, bizim də çəkdiyimiz əziyyətlərdən, əsrin bəlalarından çəkinməyib. Dostoyevski bizi, Turgenevə xas poetik ülviliklə, yaxud Lev Tolstoy tək ruhani təkəbbürü ilə yox, sadəcə, dost, tay-tuş kimi sevir. O, bütün düşüncələri və sarsıntıları ilə birgə bizimkidir. Bizimlə eyni qabdan su içsə də, lap bəlkə zəhərlənsə də, o, nəhəng və qüdrətlidir. Tolstoy "xəbis" ziyalı mühitinə həddindən artıq nifrət bəsləyir, günahkar insanların zəiflikləri onu iyrəndirir. Dostoyevski isə bəzi hallarda bizə birgə yaşadığımız, sevdiyimiz, doğma və dost saydığımız adamlardan daha yaxın olur. O, ağrını, xəstəliyi bizimlə paylaşır, təkcə xeyirdə yox, şər işdə də yanımızda dayanır. İnsanları da ki, öz zəiflikləri qədər heç nə birləşdirə bilməz. Dostoyevski ən məhrəm düşüncələrimizdən, qəlbimizin ən gizlin istəklərindən xəbərdardır. Dostoyevskini oxuyarkən onun "çoxbilmişliyi", özgənin qəlbinə nüfuzetmə bacarığı adamı hər an təəccübləndirir. Onda elə mübhəm düşüncələrə rast gəlirsən ki, həmin fikirləri nəinki ən yaxın dostuna, heç özün də özünə açıb deməzsən. Ürəyimizdəkiləri "oxuyan" belə bir insan, hər halda, yenə də bizi bağışlayır, "xeyirə üz tutun, Allaha, özünüzə inanın" - deyir. Bu isə gözəllik önündə yaranan heyranlıqdan, yabançı bir ruhaninin moizəsindən daha möhtəşəm və təsirlidir.

 

Dostoyevskidə tam ahəngdarlıq, antik dövrə məxsus ölçü mütənasibliyi, "Atalar və oğullar"ın müəllifində bolluca gözə dəyən "puşkinsayağı gözəllik" nişanələri yoxdur. Onda təbiətlə sıx bağlılıq, Tolstoyda aşkar görünən təbii qüdrət də diqqəti çəkmir. O - elə indicə həyatın içindən çıxmış, bu saatca əzablardan keçərək, göz yaşları axıtmış İnsandır. Onun gözlərinin yaşı hələ qurumayıb, əlləri hələ də həyəcandan titrəyir. Dostoyevskinin əsərlərini oxumaq düzgün deyil, onları yaşamaq, içərisindəki əzabları bölüşmək gərəkdir. Yalnız bundan sonra onlar yaddaşda əbədi yer tutar.

 

 

DOSTOYEVSKİNİN BƏDİİ ÜSULLARI: İNCƏ PSİXOLOJİ KEÇİDLƏR

 

Oxucunu əsərindəki hadisələrə cəlb etmək üçün Dostoyevski özünəməxsus bədii üsullara əl atır. O, qəhrəmanlarının əhval-ruhiyyəsində çox incə, az qala hissolunmaz psixoloji keçidlər yaradır. Məsələn, Raskolnikov cinayət törədəndən azacıq sonra, hələ heç kəs ondan şübhələnməmiş, polis məntəqəsinə gedir, sahə nəzarətçilərilə üz-üzə dayanır. Burada müəllif qəhrəmanının yaşadığı ruhi halları ardıcıllıqla sıralayır. Raskolnikov polis məntəqəsinə daxil olarkən əvvəlcə onu dəhşət bürüyür. Fikirləşir ki, yəqin, əməlinin üstü artıq açılıb, ondan şübhələnirlər. Biləndə ki, şübhə hədəfi deyil, ondakı əsəbi gərginliyini sevinc əvəzləyir, bir yüngüllük hiss edir. Elə buradaca onun sadəlövhlüyü ortaya çıxır, ürəyindəkiləri kiminləsə bölüşmək, hətta açıb sahə nəzarətçilərinə danışmaq istəyir. Bu coşqunluq da uzun çəkmir, Raskolnikov özünün adi ovqatına qayıdaraq, qatı qüssəyə qərq olur, onda yenidən əsəbilik və təlaş baş qaldırır. O, bir az əvvəlki hissiyyatını rəzil bir duyğu kimi xatırlayır. Bayaqkının əksinə, indi Raskolnikova elə gəlir ki, əgər otaqda nəzarətçilər yox, lap ən yaxın dostları da olsalar, qəlbindəki boşluğun ucbatından, onlara adam bilində bircə söz də tapıb deyə bilməz. Raskolnikov hiss edir, anlayır ki, daha bundan sonra heç vaxt heç kəslə səmimi ola bilməyəcək. Çünki indi o - cinayətkardır. Bu an "əzablı, sonsuz tənhalığın və özgələşmənin tutqun təəssüratı onun ruhuna hakim kəsilir". Kimliyindən asılı olmayaraq, istənilən oxucu bu saysız ruhi məqamlardan hansısa birini reallıqda yaşayıbsa, dərhal öz şəxsi həyatının məlum anlarına qayıdacaq, onları təkrar yaşayacaq. Müəllifə də elə bu lazımdır. Sonrakı məqamlar artıq yazıçının təxəyyülünün məhsulu yox, oxucunun öz yaşantılarınının ifadəsi olacaq. Çünki arada qırılmaz bağlılıq, psixoloji vəhdət yaranıb. Dostoyevski oxucunun ürəyini ələ alır və qəhrəmanın əhval-ruhiyyəsinin ən dərin qatlarına enməyincə, onun hisslərini gerçək həyata bağlamayınca əl çəkmir. Tədricən oxucunun şəxsiyyəti qəhrəmanın obrazı ilə birləşir, təfəkkürü onun düşüncə tərzinə doğru meyllənir, istəkləri eyniləşir. Dostoyevskinin əsərini oxuyan zaman əsas obrazların taleyindən kənar yaşantılara qapılmaq müşkülə çevrilir. Elə bil ki, təxəyyüllə gerçəkliyi ayıran sərhəd ortadan götürülür. Bu, sadəcə, qəhrəmanın halına acımaq deyil, onunla birləşmək, bütövləşməkdir. Porfiri qatillə salamlaşarkən əl uzatmağa tərəddüd edəndə adamın müstəntiqə acığı tutur, şübhələnməyinin müqabilində sanki ona qarşı şəxsi ədavət hissi ortaya çıxır. Yaxud Raskolnikov, əlində qana bulaşmış balta, pilləkənlərlə yüyürüb, rəngsazların işlədiyi mənzildə gizlənəndə keçirdiyi bütün müdhiş hissləri biz də yaşayırıq. Onun xilas olmasını, haqlı cəzadan tezliklə qaçıb qurtulmasını, Koxun və yoldaşlarının Raskolnikovu görməməsini, cinayətin üstünün açılmamasını ağrılı bir duyğu ilə arzulayırıq. Oxucu bu məqamda qəhrəmanla birlikdə, cinayətkar məzmun daşıyan bir psixoloji təcrübə keçir və kitabı kənara qoyandan sonra həmin qorxulu təəssüratdan uzun müddət ayrıla bilmir. Harmoniyadan, gözəllik və poeziyadan alınan zövq keçib gedəndir, bunların təsirinin tədricən yaddaşdan silinməsi mümkündür. Amma ruhun keçdiyi cinayətkar mahiyyətli təcrübəni ömür boyu unutmaq olmaz. Dostoyevski ürəklərdə əzab və sarsıntı kimi silinməz izlər qoyur.

 

Dostoyevskinin digər bir bədii üsulu məfhumları qarşılaşdırmaq, təsirli və müdhiş, mistik və real anlayışların sərt təzadlarını ortaya qoymaqdır.

 

Marmeladov ölümqabağı, artıq yarıhuşsuz bir haldaykən miskin görkəmli balalarını gözdən keçirir. Nəzərlərini balaca Lidanın - təəccüb və uşaqlara xas inadkarlıq yağan gözlərini atasına zilləmiş sevimli qızcığazının üzərində saxlayır. "A...a...- o, təlaş içində kəkələyib, qızcığaza işarə elədi. Nəsə demək istəyirdi. - Hə, nədir, nə deyirsən? - Katerina İvanovna çımxırdı.

 

- Ayağıyalın qalıb... onun ayaqları yalındır! - ata ifadəsiz, key nəzərlərini qızcığazın ayaqlarına dikib, zarıdı. Saç-saqqalı çallaşmış keşiş, hər nə lazımdısa, gətirib gəldi. Hamı kənara durdu. Tövbə ayini çox çəkmədi". Katerina İvanovna ilə uşaqlar diz çöküb dua edirlər. Elə bu dəm adamların arasından, səssiz və ürkək hərəkətlə keçərək, bir qız qabağa çıxır. Onun səfalət, ölüm və dəhşət yağan bu otaqda qəfil peyda olması qəribə təsir bağışlayır. Qızın paltarı üç qəpiyə dəyməz. Üst-başına küçə həyatından xəbər verən bəzək-düzək taxıb. "Marmeladovun qızı Sonya əyninə ipək parçadan tikilmiş, biabırçı təəssürat oyadan, ətəyi uzun, əcaib görünüşlü paltar, ayağına işıldayan çəkmələr geyib, başına gülünc formalı, parıltılı lələk taxılmış həsir şlyapa qoyub". Bu təsvirlərdən dərhal sonra yazıçı ölüm yatağındakı adamdan, tövbə ayinindən söz açır.

 

 

REAL VƏ MİSTİK MƏFHUMLARIN QARŞILAŞDIRILMASI

 

Dostoyevskinin romanlarında real və mistik məfhumların qarşılaşdırılması da eyni dərəcədə adi, sadə xarakterlidir. Sennaya ətrafındakı dar döngələr, tozlu və üfunət qoxuyan Peterburq, polis məntəqəsi və sahə nəzarətçiləri, yoxsulluq, əxlaqsızlıq, böyük şəhərin hər gün qarşılaşdığımız bozumtul və ürəkbulandıran mənzərəsi... Bütün bunlar qəflətən, yuxuyabənzər bir tərzdə kabusa, qarabasmaya çevrilir. Müəllif həyatın dərinliklərində sirli, qaranlıq və nəhs hər nə varsa, onları qabardıb üzə çıxarır. O, baş verənləri, xırda təsadüflərin üst-üstə düşməsini qəsdən faciəvi nəhs amillərin təsirinə salır.

 

Raskolnikov cinayət törətməyi qərarlaşdırmazdan əvvəl kafedə bilyard oynayan, tanımadığı iki nəfərin bir sələmçi qarı - onun gələcək qurbanı haqda söhbətini eşidir. Qətlin planı, bütün mənəvi motivləri, tam təfərrüatına qədər, ona sanki taleyin özü tərəfindən çatdırılır. Baxırsan, əhəmiyyətsiz fakt kimi görünür, amma bu, Raskolnikovun qərarının qətiləşməsində mühüm rol oynayır. Bu - nəhs bir təsadüfdür. Təxminən həmin vaxtlarda yorğun-arğın halda xeyli müddət  boş-boşuna gəzişərək Sennaya tərəfə gedib çıxan Raskolnikov orada bir meşşanın həmin qarıyla birgə yaşayan Lizaveta ilə söhbətini dinləyir. Meşşan hansısa işlə bağlı görüş təyin edir: "Sabah saat yeddidə..." Aha, deməli, qarı evdə tək qalacaq. Raskolnikov bütün varlığı ilə hiss edir ki, "artıq ağlına, iradəsinə hakim deyil" və qətl törətmək qərarı qətidir. Yenə də nəhs təsadüf! Öz mənzilində son hazırlıqları görən Raskolnikov baltanı paltosunun içərisinə tikilmiş ilgəyə keçirir. Elə bu dəmdə: "Küçədə kimsə qışqırdı: saat çoxdan yeddi olub!.." "Aman Allah! Çoxdan..." - Raskolnikov bu düşüncəylə küçəyə atılır. Müəllif açıq şəkildə qeyd edir: "Raskolnikov axır vaxtlar hər şeyə xüsusi məna verirdi. O, sonralar həmişə bu əhvalatda nəsə bir qəribəlik, bir sirlilik görür, hansısa təsadüflərin, kənar amillərin təsirini axtarırdı". Nəhs təsadüflər onu cinayətə sürükləyir, elə bil ki, paltarının bir ucu maşının təkərinə ilişib və onu özüylə dartıb aparır.

 

 

YUXU İLƏ REALLIQ ARASINDAKI SƏRHƏDLƏR

 

Böyük realist və bununla yanaşı, nəhəng mistik olan Dostoyevski gerçəkliyin şəffaf olduğunu hiss edir. Onun aləmində, həyat - arxasında əlçatmaz, insanın ağlına gəlməyən anlayışların gizləndiyi örtükdən başqa bir şey deyil. O, elə bil, qəsdən yuxu ilə reallıq arasındakı sərhədləri uçurub dağıdır. Sonralar çox parlaq və canlı xarakterlərə çevrilən obrazlar əvvəldə sanki röyadan, hansısa dumanlıqdan qopub gəlirlər. Misal üçün, küçədə Raskolnikova "qatil" deyən naməlum meşşan belə fiqurlardandır. Ertəsi gün həmin adam Raskolnikova sayıqlamanın məhsulu, kabus təsiri bağışlayır, amma sonra yenidən həqiqi subyektə çevrilir. Eyni hal Svidriqaylovun birinci dəfə peyda olması zamanı da baş verir. Sonralar ən vacib bir tipə çevrilən bu yarımfantastik obraz, naməlum meşşanla yanaşı, onun da mövcudluğuna inana bilməyən Raskolnikovun yuxularından, sayıqlamalarından meydana gəlir. O, öz yoldaşı Razumixindən Svidriqaylov barədə soruşur: "Yəni sən onu dəqiq gördün? Lap aydın gördün onu? - Hə, hə, dəqiq yadımdadır, onu min nəfərin içində tanıya bilərəm. Adamların sifəti mənim yaxşı yadımda qalır. - Hə, deməli, belə...- Raskolnikov mızıldandı. - Amma bilirsən, məncə... Nəsə mənə elə gəlir ki, bu, fantaziya, uydurma da ola bilər. Bəlkə də həqiqətən mənim ağlım çaşıb, o, qarabasma kimi gözümə görünüb".

 

Yaradıcılığının bu kimi xüsusiyyətləri Dostoyevskinin bədii lövhələrinə tutqun, ağır, ancaq həm də cazibədar, ildırım çaxmasını xatırladan bir kolorit verir. Adi həyati detallar vasitəsilə gizli qatlar, ağlagəlməz sirlər açılır.

 

 

DOSTOYEVSKİNİN CIZDIĞI ŞƏHƏR MƏNZƏRƏLƏRİ

 

Bu haqda danışmamaq olmaz. Yazıçı onları çox üzdən, yüngül ştrixlərlə təqdim edir, mənzərənin özündən daha çox, onun yaratdığı ovqat ifadə olunur. Müəllif yalnız nadir hallarda fonu müəyyənləşdirmək və qabartmaq zərurəti yarananda bir neçə ştrix əlavə edir: "Səmada bircə lələk də bulud yox idi, çayın suyu mavi rəng almışdı. Nevanın belə halları az-az olur. Kilsənin günbəzi elə parıldayırdı ki, təmiz havada onun üzərindəki bərbəzək aydın seçilirdi..."

 

Dostoyevskinin təsvirlərində heyrətamiz dərəcədə parlaq bədii təfərrüatlar çoxdur. O, şəhərin özünəməxsus poeziyasını yaxşı duyur. Paytaxtın səs-küyündə Dostoyevski başqa sənətkarların okeanın sonsuz sakitliyində duyduqları qədər sirli-sehrli gözəllik kəşf edir. Meşələrdə, okean sahillərində, aydın səma altında təbiətin sirlərini, hüdudsuzluğunu hamı görüb hiss edə bilər. Ancaq Dostoyevskidən başqa heç kəs insan həyatının sirlərini belə dərindən duymayıb. Şəhərlərə xas poeziyanın meşədə, okeanda, ulduzlu asimanda təcəssüm edən poeziyadan heç də cılız və sönük olmadığını ilk dəfə məhz Dostoyevski açıb göstərdi.

 

Dostoyevski Raskolnikovun törətdiyi cinayəti onun müasiri olduğu cəmiyyətin əhval-ruhiyyəsi və həmin dövrün hakim ideyaları ilə əlaqələndirir. Sələmçi qarının qətlinə onun pullarının köməyilə görüləcək xeyirxah işlərlə bəraət qazandırmağın mənəvi baxımdan düzgün olub-olmadığı barədə mübahisələrlə bağlı müəllifin belə bir qeydi var: "Bütün bunlar onun dəfələrlə müxtəlif mövzularla əlaqədar, fərqli formalarda eşitdiyi, gəncliyə məxsus fikirlər, söhbətlər idi". Raskolnikov öz dövrünün - romandakı hadisələrin cərəyan etdiyi 60-cı illər (XIX əsrin - S.H.) ədəbi hərəkatının iştirakçısıdır. O, özünün ən seçmə fikirlərini "Qırılmaz nitq"də dərc olunan "Cinayət haqqında" adlı məqaləsində ifadə edir. İnsanların səadəti, yoxsa bizim vicdanımızın hökmüylə yazılan qanunlara riayət edilməsi - hansı daha ali məqsəddir? Ümumi rifah üçün ayrı-ayrı hallarda mənəvi prinsipləri pozmaq olarmı?

 

 

ŞƏR VƏ ZORAKILIQLA NECƏ MÜBARİZƏ APARMALI?

 

Yalnız və yalnız ideyalarla, yoxsa elə zor yoluyla? Zamanın bütün ağrıları bu suallardadır və onlar Dostoyevskinin romanının ana xəttini təşkil edir. Beləliklə də, bu əsər müasir həyatın ən qorxunc azarının təcəssümünə çevrilir. Bu, bir "Qordi düyünü"dür və onu kəsib-doğramaq yalnız sonrakı dövrlərin qismətinə yazılıb.

 

Raskolnikov Sonyaya iki insanın - yaramaz Lujinin və kasıb, amma saf qəlbli Katerina İvanovna Marmeladovanın həyatının dəyəri haqda sual verəndə o hirslənir: " - Cavabı olmayan sualları niyə verirsiniz, axı, - Sonya acıqlı dilləndi. - Belə çıxır ki, Lujinin bundan sonra da yaşayıb, yeni əclaflıqlar törətməsi yaxşıdır? Siz bunu da özünüz üçün ayırd edə bilmirsiniz? - Axı, mən Yaradanın hökmü haqda nə deyə bilərəm ki... Belə mənasız suallar nəyə lazımdır? Məgər heç mümkündürmü ki, bu cür işlər mənim rəyimdən asılı olsun? Məgər mən kimin yaşamalı, kimin ölməli olduğu haqda hökm verə bilərəm?"

 

Həyatda ən dəhşətli anlayışlar heç də şər və onun xeyir üzərində qələbəsi deyil. Çünki bu qələbənin müvəqqəti olduğuna ümid var. Ən dəhşətlisi - xeyirlə şərin bəzən eyni bir hərəkətdə, eyni bir ruhda hədsiz dərəcədə qaynayıb-qarışmasına, bir-birinə pərçimlənməsinə rəvac verən nəhs qanun-qaydalardır. Mələklə İblisin əbədi mübarizəsi bizdə, bizim ruhumuzda cərəyan edir. Ən böyük fəlakət də budur ki, biz hərdən onların hansını daha çox sevdiyimizi, hansının qələbəsini daha çox arzuladığımızı yəqin edə bilmirik. İblis təkcə sonsuz həzz vəd etməklə deyil, həm də özünün şirnikdirici doğruçuluğu ilə insanı yoldan çıxarmağa səy göstərir. Adamda belə bir şübhə yaranır ki, bəlkə həqiqətin görünməyən hissəsi, anlaşılmayan tərəfi də var?..

 

Raskolnikov şərə əl atmaqla xeyirxahlıq etmək istəyir, ümumi rifah uğrunda qanunu pozur. Ancaq gəlin görək, onun bacısı Dunya da eyni yolda deyilmi? Dunya özünü Lujinə təslim etməklə qardaşının xilasına çalışır. Raskolnikov insanlara olan sevgisi naminə kiminsə həyatına son qoyursa, bacısının da ona bəslədiyi məhəbbət üzündən namusunu ayaq altına atmaq qərarına gəlir.

 

Sonya Marmeladova da cəfakeşdir. Ailəsini dolandırmaq üçün Sonya öz bədənini satır. Raskolnikovla Dunya kimi, o da "qaydanı pozur", şər əməllərlə xeyirxahlıq etmək istəyir.

 

Svidriqaylov iliyinə qədər xəbis və xudpəsənddir. Ancaq elə həmin Svidriqaylovda cəngavərlərə məxsus nəciblik də var. O, qəribə və sonsuz, kobudluğu və həssaslığı, ülviliyi və fədakarlığı ilə seçilən məhəbbətlə sevdiyi Dunyanı öz otağına gətirib. Qapı bağlıdır, açar isə Svidriqaylovun cibindədir. Birdən Dunya tapança çıxarır. "O, bir addım irəlilədi və atəş açıldı. Güllə onu yalayıb keçdi.

 

- Hə, dəymədi, heç nə olmaz! Bir də atın, gözləyirəm, - Svidriqaylov tutqun bir təbəssümlə gülümsəyərək, aramla dilləndi, - amma baxın a, tətiyi çəkməyə macal tapmamış, mən sizi qamarlaya da bilərəm!..

 

- Əl çəkin məndən! - çaşqın halda dilə gəldi. - Allaha and olsun, mən yenə ataram. Sizi öldürərəm!..

 

- Noolar... Üç addımlıqdan öldürə bilərsiniz. Əgər öldürməsəniz...

 

Onun gözləri parlıdadı və daha iki addım irəli yeridi. Dunya tətiyi çəkdi. Güllə açılmadı.

 

- Yaxşı doldurmamsınız. Eybi yox. Hələ gülləniz var. Nizamlayın, mən gözləyərəm.

 

Qız birdən tapançanı tullandı.

 

- Buraxın məni! - Dunya yalvardı.

 

Svidriqaylov yerində əsdi...

 

- Deməli, sevmirsən? - sakitcə soruşdu. Dunya etirazla başını yellədi. - Heç vaxt da sevə bilməzsən?.. Heç vaxt?..- Svidriqaylov məyusluqla pıçıldadı.

 

- Heç vaxt!

 

Svidriqaylovun içində bir anlıq səssiz və dəhşətli çarpışma getdi. Qəfildən cəld hərəkətlə pəncərəyə yaxınlaşıb, üzü bayıra tərəf dayandı. Bir an da keçdi.

 

- Alın açarı!.. Çıxın, gedin! Tez!

 

O, elə pəncərədən çölə baxmaqdaydı. Dunya açarı götürmək üçün masaya yaxınlaşdı.

 

Svidriqaylov qımıldanmadan, arxaya baxmadan təkrar elədi: - Tez olun! Tez!

 

Bu "tez olun" kəlməsində nəsə qorxulu bir çalar duyulurdu. Dunya bunu hiss edib, cəld açarı qapdı, cumub qapını açdı, qaçaraq otaqdan çıxdı. Qız gedəndən sonra Svidriqaylovun üzündə qəribə bir təbəssüm göründü. Bu - məyus, kədərli və sönük bir təbəssüm idi".

 

Ertəsi gün - dan yeri söküləndə Svidriqaylov özünü öldürür.

 

 

GÜNAHLARIN BAĞIŞLANMASI: MƏHƏBBƏTDƏN YARANMIŞ “CİNAYƏT VƏ CƏZA”

 

İstefaya çıxmış məmur Marmeladov köhnənin əyyaşıdır. O, qızının özünü satmaq hesabına qazandığı qəpik-quruşu içkiyə xərcləyir, üstəlik, özü kimi keflilərin arasında onunla məzələnən, heç tanımadığı bir nəfərə, arsız-arsız, Sonyanın "sarı bileti"ndən danışır: "Hamıya rəhm eləyən, hamının dərdini anlayan İlahi bizi də bağışlayacaq. Bizim yeganə hakimimiz odur – Haqq-Təaladır. Elə bir gün gələcək ki, O soruşacaq: "Hanı o ləçər analığından, yad uşaqlardan ötrü özünü fəda edən qızcığaz, hanı?" Fərsiz, əyyaş atasının azğınlığına bələd ola-ola təqsirindən keçən o qızcığaz hardadır?!" Nəhayət, "Gəl", - deyib çağıracaq, Haqq-Təala mənim Sonya balamı bağışlayacaq, mən yəqin bilirəm ki, bağışlayacaq. Hamını - rəhmliləri də, zalımları da, ağıllıları da, səfehləri də mühakimə edib, günahlarından keçəcək. Axırda bizi də səsləyəcək: "Siz də gəlin çıxın, əyyaşlar, aciz-avaralar, siz də gəlin!" Deyəcək: "Donuz, heyvan xislətli olsanız da, siz də gəlin!"

 

Müdriklər, aqillər söylənəcəklər ki, İlahi, onlara niyə rəhm edirsən?" Cavab verəcək: "Ey müdriklər, ona görə rəhm edirəm, ey aqillər, o səbəbdən bağışlayıram ki, onların heç biri özünü bu mərhəmətə layiq bilmir". Bunu deyib, əllərini bizə uzadacaq, biz də diz çöküb göz yaşları axıdacaq və hər şeyi anlayacağıq. Onda hamı hər şeyi anlayacaq. İlahi, sən özün rəhm elə!"

 

Əgər belə düşkün birisinin qəlbində bu qədər inam və məhəbbət yatırsa, öz yaxın adamının ünvanına "Cinayətkardır" deməyə kimin insafı yol verər?

 

Raskolnikov, Dunya, Sonya, Svidriqaylov və Marmeladovun xeyirxah, yaxud bədxah olduqlarını necə müəyyənləşdirmək olar? Həyatın nəhs qaydalarının, xeyirlə şərin qaçılmaz vəhdətinin mahiyyəti nədir? İnsanları "Cinayət və cəza"nın müəllifi kimi tanıyan kəs onları mühakimə edib, deyə bilərmi ki, baxın, bu, günahkardır, o isə məsum. İnsanları məsumluğuna, günahsızlığına görə sevmək olmaz. Çünki yalnız Haqq-Təala günahsızdır. Dunyanın saf qəlbində də, Sonyanın fədakarlığında da bir günah, bir cinayət toxumu var.

 

İnsanlara qüsur və zəifliklərinə görə nifrət bəsləmək olmaz. Elə bir rəzalət yoxdur ki, onda insan ruhu özünün ilahi gözəlliyinin, heç olmasa, bircə zərrəsini qoruyub saxlamasın. Həyatımızın təməlində mizan-tərəzi, haqq-ədalət yox, Allaha sevgi ilə mərhəmət hissi dayanır.

 

Dostoyevksi - insan əzablarının sonsuzluğuna dərindən bələd olan bu böyük realist həm də ilahi məhəbbətin tərənnümçüsüdür. Onun "Cinayət və cəza"sı büsbütün məhəbbətdən yoğrulub. Məhəbbət - bu əsərin hərarəti, ruhu və poeziyasıdır. /Xəzər jurnalı, 2006, 1/

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017