Mövlud Mövlud əfsanəsi

(“Renessans həsrəti” silsiləsindən)

 

Gənc yazıçı Mövlud Mövlud özünə qəsd edəndən sonra ən yaxınını itirmiş adam kimi, mən uzun müddət nə edəcəyimi bilmədim. Zərbə o qədər qəfil və məşum idi ki, bu faciə haqqında sağlam məntiqlə düşünə bilmir, ürəyimdə kimlərisə ittiham edir, ağılın və düşüncənin hüdudlarından kənarda çırpınırdım. Hətta rəhbəri olduğum “Yazı” dərgisinin böyük bir qismini ona həsr etməyim, dərginin ənənələrini pozaraq üz qabığında və arxa qapaqda onun rəsmlərini verməyim (adətən bu yerlərdə məşhur bir rəssamın əl işini verirdik), kitabının təqdimatında çıxış edib nələrisə deməyim... də bu anlaqsız hissləri yox edə bilmədi...

 

Ta ki... hə bu günlərdə onun  “Çətirsiz” adlı kitabı çıxdı... və sanki odun üstünə su töküldü...

 

...Kitabı kimin və nə üçün buraxmağı əsas deyil, əsas odur ki, Mövludun sağlığında görməli olduğu bu işi görmüş, onun 100 səhifədən ibarət hekayələr kitabını buraxmışdılar... Və hamıya aydın olan bu fikir mənim də xaotik düşüncələrimi cilovlaya bilmişdi: yazıçı yaratdıqlarının dışında adi bir fərddir, cism və ruhdan ibarət hamı kimi varlıqdır, yazıçı əsərlərindədir. Mövlud da bu 100 səhifəlik kitab imiş əslində....

 

...Mövludu ilk dəfə haçan gördüyümü, yaxud tanıdığımı ha istəsəm də, xatırlaya bilmədim. Elə bil doğulandan bilirmişəm belə bir oğlanın olduğunu. Kəndimizdəki tay-tuşlarım kimi. (Hə, Mövlud həmişə özündən yaşlı yazıçılarla oturub-durub. Hətta onların içki məclislərində də iştirak edib.)

 

Bildiyim odur ki, göbəyi ədəbiyyat kluarlarında kəsilən bu gülərüz uşaq (o, həmişə bu dünyaya əbədi gülən uşaq gözlərindən baxdı), ədəbiyyatın ögey oğlu kimi o divarsız-tavansız binanın daim açıq olan qapısından içəri girə bilmədi, eləcə o qapının yanından  boylana-boylana qaldı – buraxmadılar onu və onun kimiləri, çün bu “binanın” qart və qaramat sahibləri üçün hər gələn istedad bir kabus idi – üstlərindən xətt çəkməyə hazır olacaqlarından qorxub qələmi əllərindəcə alıb qırır, qırıq qələmlə yazmağa məcbur edirdilər...

 

Amma elə orada boylana-boylana bir-birindən gözəl hekayələr yazdı...

 

Hə, yadıma düşdü. Mövlud adıyla ilk rəsmi təmasım “Şəhərcik” romanında olub. Romanın bir yerində televiziyada gedən tok-şou təsvir olunub. Məşhur şair çıxış edir: “...o gün oxuyuram. Gənc bir şairə var, şairə deməyə də dilim gəlmir, Günel Mövlud adında! Güneli başa düşdük. Bəs Mövlud nədi? Mövlud bir olar. Bircə dənə! Hələ biri də var Mövlud Mövlud adında... ədəbiyyatı mövludlar basdı... deyir tüpürüm sizin mentalitetinizə!.. yox e, mən tüpürmürəm,  Mövlud... Günel Mövlud... Süleymanlı...  Mövlud Mövlud... eeee...”

 

Çox-çox sonralar biləcək bunu və özünəməxsus şəkildə qəşş edib gülərək telefonda qışqıracaq: ”Ay müəllim, siz neynəmisiniz?!.” Sonra nələrsə dedi təbii. Amma yadımda qalan o nida oldu...

 

Sonra ürkə-ürkə dedi ki, müəllim, “Yazı”ya hekayələrimi verə bilərəmmi? Mən də ərklə təpindim ona: niyə vermirsən? Bəs bu dərgi nədən ötrüdür? Təcili göndər, özü də bir neçəsini. (Artıq mən Mövludun qələminə bələd idim. Hansısa hekayəsini oxuyub qeydlərimi facebookda yazmış, bir qədər də tərifləmişdim: qorxma, istedadın var, yaz demişdim.)

 

Və ardıcıl olaraq Mövludun bir neçə hekayəsi dərgimizdə çap olunmağa başladı.

 

Və bir gün hansısa saytda onun “Yazı” haqqında müdhiş bir məqaləsi çap olundu. (Onsuz da dərgimizdən ayrılmış dostlar bu yazıya görə Mövludu bərk qınadılar da. Məni də ona qatdılar ki, niyə “Yazı”nın saytında manşetdə qoyulub o yazı. (Elə indi də oradadır; yazidergisi.com-a girəndə sizi ilk salamlayan Mövludun şəkli və yazısı olacaq.)

 

Və bir gün Mövludun “Yanaqda donmuş göz yaşı” adlı ecazkar bir hekayəsini oxuyub xeyli təsirləndim. Kompüteri nə vaxt açıb o hekayə haqqında esseni klaviaturaya birbaşa döyəclədiyimi indi dumanlı xatırlayıram. Yadımda qalan o ki, bitirən kimi bir-iki dəfə oxuyub, moderator.az-a göndərdim. Səhəri Mövlud zəng vurdu və yenə eyni nidasını eşitdim: ”Ay müəllim, siz neynəmisiniz?!” Çox-çox sevinmişdi! Hətta xahiş elədi ki, vaxtınız varsa bir görüşək...

 

...Boynuma alım ki, Mövludun 3-4 hekayəsini oxuya bilmişdim. Yəni onun 100 səhifəni tuta biləcək sayda hekayəsinin olduğunu bilmirdim... Varmış! Nə yaxşı ki, varmış!..

 

İndi yeganə təsəllimiz olan o kitabı oxumağa başlamışam. Bir statusumda yazmışdım: Mövludun kitabını oxuyuram. Amma gündə bir hekayə. Sanki kitabı tez bitirməklə Mövludu təzədən itirəcəyimdən qorxuram – onun ölümünə inanaram birdən. Axı daha onun yeni hekayəsi olmayacaq, yazılmayacaq...

 

Kitabının təqdimatında aparıcının qəfil söz verməsi məni karıxdırdı – zatən mən onun haqqında söz deyəcək halda deyildim. Amma nələrsə dedim. Yadımda isə iki fikir qaldı:

 

“O yol o yaşda gəncin deyil, nisbətən ömrünü yaşamış, hətta Mövluddan iki dəfə artıq yaşamış biz yazıçıların idi...”

 

“Məni yandıran odur ki, bu məşum hadisə çox tez baş verdi. Heç olmasa,  10 il sonra olsaydı, Mövluddan ən azı bir roman, iki-üç hekayələr kitabı qalardı...”

 

...Mövludun “Çətirsiz”ini oxuyuram. Zatən bu dünyaya çətirsiz gəldi, çətirsiz getdi Mövlud. Öz qəhrəmanı kimi. Nə başının üstündə damı oldu, nə əyninə ürəyi istəyən paltarı kefi istəyən qədər geyə bildi, nə ağzına dad gətirən təamları doyunca yeyə bildi, nə də ürəyini deşən sözləri tam deyə bildi. Amma bunlarısa deyə bildi nə yaxşı:” Hər dəfə Bakıya yağış yağanda yadıma Qazaxın yağmurlu günləri düşür. Yağışlı gecələrdə evə tək qayıtmaq istəmirəm. Qorxmuram. Darıxıram. Və gözlərimdən üzümə yağış yağmağa başlayır.”

 

Mövludun hekayələrində bir siluet var. Hər səhifədə baş qaldırır, səni – oxucunu təqib edir. Nə qədər çalışsan da bu həyulənin əlindən qurtara bilmirsən. Bu siluetin, bu həyulənin adı NİSKİLdir. Mövludun gülən gözlərində də vardı bu nisgil. Və bəlkə də onu 17-ci mərtəbədən də o nisgil atdı...

 

“Teatral” adlı hekayəsindəki nisgil isə təkcə nisgili deyil, Anadolu türkləri demiş böyük bir xəyal qırıqlığıdır. Hətta bu xəyal qırıqlığı bütöv bir xalqı məhv edəcək  antirenessans doğurmağa yetər,  təzyiqi sıfıra  düşürməyə bəs edər!.. (Bu ANTİRENESSANS  mənim “Renessans həsrəti” – esselər, müsahibələr və internet statusları – kitabımın çapa hazırlanan ikinci cildinə ön sözü kimi yazılmış essenin adıdır.)

 

“Töhmət” adlı bir hekayəsi də var. Dostları ədəbi qəhrəmana “Töhmət” ayaması ilə müraciət edirlər. Və bu “Töhmət” bir gün könüllü savaşa gedir. Gedir və həlak olur. Görün atasını morqda oğlunun meydi ilə necə görüşdürür yazıçı: ”Morqa girəndə üzünü bağlanmış gördüm. Oğlumu sümüyünün iyisindən tanıdım, ay bala!”

 

Mövludun çox sevdiyim bir hekayəsi də var ki, mən ona ayrıca esse həsr etmişdim. Həmin “Su və sunami haqqında esse”mdən bir nümunə gətirmək istəyirəm: “İ.S.Turgenevdən soruşmuşdular ki, son vaxtlar oxuduğun ən gözəl poeziya nümunəsi hansıdır? Cavab vermişdi: M.Y.Lermantovun “Zəmanəmizin qəhrəmanı” romanında “Taman” hissəsi.

 

Mənim də son vaxtlar oxuduğum ən ağrılı poeziya nümunəsi Mövlud Mövludun haqqında bəhs etdiyim hekayəsi idi.” (Söhbət “Yanaqda donmuş göz yaşı”ndan gedir.)

 

***

 

Mövlud həlak oldu. Ömrü cismən bitdi. Amma bu balaca kitabça deyir ki, Mövludun həyatı bitə bilər, buna söz yox, Mövlud Mövlud əfsanəsi isə davam edir. Hə, hə! O bilirmiş taleyinin kəm olacağını. Ona görə də adının sonrasına başqa ad qoşulmasını istəməyib. (Əfsanə və rəvayətlərdə necə deyirlər: Əsli-Kərəm, Abbas-Gülgəz, Leyi-Məcnun, Romeo-Cülyetta və sair.) Mövlud isə öz adının arxasına yenə öz adını qoşub: MÖVLUD-MÖVLUD əfsanəsi belə yaranıb...

 

Hazırlaşın. Yaxın zamanlarda sizi yeni bir əfsanənin, yeni bir dastanın yarpaqları görüşə çağıracaq. Mövlud ömrü bitdi, Mövlud-Mövlud əfsanəsi davam edir... 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017