Rusdilli katibə, rokda Aşıq Ələsgər, yüz il əvvələ səyahət – REPORTAJ

Sizə hardan xəbər verim, hardan? Bizim bu Aşıqlar Birliyindən. Bu aşıqların başı bineyi-qədimdən bəlalı olub, yerləri-yurdları yox imiş. O vaxtı İçərişəhər tərəfdə bir koma qaralayıb yerləşiblər ora. Sonra Xalça müzeyinin arxasına köç eləyiblər. Əsrlər əvvəl olduğu kimi indi də gəlib çıxıblar Apellyasiya Məhkəməsi tərəfə.

 

Bu nə kirimişilikdi, qadanızı alım?! Darvazanın qabağında durub zəngi basıram, çıxan, qarşılayan yoxdu. Elə bil yas düşüb. Bir səs, hənirti gəlmir, eləcə arada bir əsən küləyin bekara səsidir. Bu dəm qapı açıla, bizim fotoqrafımızı görməyəmmi? Lap mat-məəttəl qaldım. Bu aşıqların qapısında duran bir qolu qüvvətli oğlan yoxdumu?

 

 

Nəsə, nə başınızı ağrıdım, keçdik içəri, yenə səssizlik gəldi durdu qabağımızda. Qab-qaşıq, su səsi çaldı qulaqlarım. Baxanda gördüm, böyrümdə bir xanım ədəb-ərkanla qab yuyur. Dedim, a bacı, səndəmi burda işləyirsən? Gülümsəyərək başını tərpətdi. Bəs nə iş görürsən, adın nədi deyəndə sakitlik yenə gəldi dürtüldü aramıza.

 

Bu dəm qonşu otaqdan səs eşitdim, tanış səsdən tutub girdim otağa. Pah, otaq nə gözəl! Elə bil sazın köynəyini soyundurubsan, dərisini buranın dörd tərəfinə düzübsən. Bu tanış səs kim ola? Musa Nəbioğlu. Burda, Aşıqlar Birliyində nəşriyyat işinə baxır. Kitab-zad buraxır, jurnal çıxardır. Qabağında da kağız-kuğuz. İndi fikir verdim ki, böyründə buxarı vardı. Görüşdük, əl tutub qucaqlaşdıq. Musa müəllim dedi, bir işə yaramır o kamin, qışda işləyib eləmir.

 

Sonra kitabları göstərdi bizə, Aşıqlar Birliyində nəşr olunan bərli-bəzəkli, sazlı-sözlü kitabları. Hələ birini də hədiyyə elədi. Yaxşıca bir söz də yazdı girişinə: “Əzizim Ayxana, saz ömrü və saz ömür arzularıyla”.

 

Fotoqraf dostumun qulağına pıçıldadım ki, ayə, bu saz ömrü çox uzundu, neynirəm mən bu ömrü, qoymaram bu ömrü hesaba girə. O da dodaqaltı qımışıb içəridəki kitabları, buxarını “şırıqqa-şırıq” çəkməyə girişdi.  

 

Musa müəllim bizim Zəlimxan Yaqubun vaxtından burda işləyirmiş. 2008-dən.

 

- 1984-cü ildə Hüseyn Arif əsasını qoydu buranın. O, öləndən sonra bir hərc-mərclik oldu. Yaxşı bilmirəm onu. Məhərrəm müəllimdən öyrənərsiniz.

 

Bu qarışıq dövrdə sən demə, Aşıqlar Birliyinə Zümrüd adında bir qadın başçılıq eləyirmiş. Amma Musa müəllim o dövrü müfəssəl danışmadı, ötəri keçdi, yəqin Məhərrəm Qasımlıya da deməyə söz qoydu. Söz qadından düşmüşkən, Musa müəllimdən soruşdum ki, bu Telli Borçalı da üzvüdür Aşıqlar Birliyinin. Musa müəllim dedi, mən bilən deyil, amma Məhərrəm müəllimdən dəqiq öyrənə bilərsiniz.

 

 

Yolçu yolunda gərək, Musa müəllimin də başı kitablara qarışıb, kişini çox yormadan dırmaşdıq yuxarı. Pilləkənlərin də üstünə xalça döşənib. Nə gözəl yaraşır birliyə xalça. Pəh-pəh! Saz rəngində taxta divarlar. Elə bil binanın bətnində bir saz yaşayır. Nəysə, nağıl dili yüyrək olar, gəldik çıxdıq Məhərrəm Qasımlının otağının həndəvərinə. Burda üç gözəl xanım oturub şirin-şirin söhbət edirdilər. Aralarında bir cavanı var, Məhərrəm müəllimin katibəsidir. Məni tanıdı, əyləşməyim üçün stul göstərdi, işıqlı gözlərini maraqla üzümdə gəzdirdi.

 

- Birlikdən yazmağa gəlmişik. Məhərrəm müəllim bilir.

 

- Ha siz Ayxan bəy... Doqrudan... Ay bildim men... Mexerrem müəllim demişdi. Beş dəqiqəyə girərsüz...

 

- Adınız nədir?

 

- Leyla...

 

- Nə gözəl...gözləri hələ də nur saçırdıRus dillisiz deyəsən?

 

 

- Aha... Xardan bildüz? Provilno. – gülümsədi.

 

- Bəs nə əcəb aşıq? – mən də lap rus dillilər kimi danışmağa başladım. – Yəni burda işləmək...

 

- Nə bilum... Belə alındı. – təbəssümlə cavab verdi – Əslində mən tibbi biologiyanı qurtarmışam.

 

- Tibbi biologiya? Maraqlıdı. Kiminin əvvəli, kiminin axırı... – heç bilmədim bunu niyə dedim.

 

- Tak... tak... Sonra Məxərrəm müəllim gələndə bura, mən də keçdim bura katibə.

 

Leyla xanımın yanındakı qadının kim olduğunu soruşdum. Mənə nə desə yaxşıdır?

 

- Bura mənsiz işləməz.

 

- Necə yəni? Bəlkə sədrsiz? – gülüşdük.

 

Leyla xanım gözlərində həmişəki işıq maraqla soruşdu:

 

- Özünüz tapın... Tak...

 

 

Başımı qaşıdım: “Sədr müavini olmasın?”

 

Gülüşdülər.

 

- Müxasib. – Leyla xanım əlini əlinə vurdu. – Buğalter...

 

Başıma vurdum ki, ey dadi-bidad, doğurdan da mühasibsiz iş keçməz. O biri dinməzcə bizə qulaq asan xanım dedi ki, mən də arxiv kitabxanada işləyirəm.

 

Məhərrəm müəllimin otağına keçəndə gördüm uzun, çay kimi bir stulun o başında tək-tənha oturub, qulağında da telefon kimləsə danışır: “Deyirəm ki, o aşıq Novruz “Novruzgülü” çalanı saxlayın orda. Dastan danışır e, onu kəsin doğrayın. Mən təqdim edirəm, sonra “Novruzgülü” çalınır. Vəssalam...”

 

Əliynən işarə elədi ki, oturum.

 

- Xoş gəlmisiniz. Bağışlayın, iş çox olur da...

 

Elə bəri başdan soruşdum ki, ay Məhərrəm müəllim, yaman sakitçilikdi burda, nə məsələdir. Bir qəşəng qəşş elədi. Sonra aldı sazı əlinə, görək nə dedi:

 

“Bura həmişə səsli-küylü olub. Uje qonşuluqdakılar da öyrəşiblər bu səs-küyə. Qışda içəridə məşq eləyirdik, səs o qədər gəlmirdi. İndi yaydı deyə, elə o balaca həyətdə eləyirik. Görən də elə bilir burda toy-büsatdı.”

 

 

Musa müəllimdən soruşduğumu burda da təkrarladım:

 

- Telli Borçalı buranın üzvüdür?

 

- O üzvlük haqqında müraciət eləməyib. Həm də Gürcüstan vətəndaşıdır.

 

- Üzvlük necədir ümumiyyətlə?

 

- Azərbaycan vətəndaşı olmalıdır, yaşı uyğun gəlməlidir.

 

- Ən qoca üzvünüz kimdir?

 

- Xanmusa Musayev. 96 yaşı var. Bu yaxında fəxri ad verildi ona. Yaşayan ən yaşlı aşığımızdır.

 

- Bəs ən kiçik üzv?

 

- Vüsalə var. 16 yaşında...

 

Məhərrəm müəllimdən həmin o qarışıq dövrü soruşdum. Hüseyn Arif 1992-ci ildə öldü, ondan sonra Aşıqlar Birliyində ağız deyəni qulaq eşitmədi. Nə təhər olub bu?

 

 

- Qaracan, bir də Zümrüd adında iki aşıq elan eləyiblər ki, biz Aşıqlar Birliyinin sədriyik. Heç sənəd-sünəd də yox. Eləcənə özləri bəyan eləyiblər. Bu düz çəkdi 2008-ci ilə qədər. 5-ci qurultayda Zəlimxan Yaqub gəldi və bu məsələ kökündən həll olundu, hərc-mərclik dayandı.

 

- O itlərin toyunda saz salan aşığı çıxartmışdınız...

 

- Hə, aşıq sənətini aşağılayan şeylər birliyə yaraşmır.

 

- Başqa çıxartdığınız olubmu?

 

- Bir bu itlərə saz salandı, bir də qoy görüm... – başını qaşıdı. – Gədəbəyli aşıq idi, adı “E”ynən başlayır. Gözlə telefona baxım.

 

Tapa bilmədi, nəsə deyib keçdik. Bu aşıq sən demə, əlində diktofon ora-bura gedirmiş, Aşıqlar Birliyinin əleyhinə materiallar toplayırmış, birinə deyirmiş ki, denən İrandan gələn aşıqlardan qurum 500 manat istəyib. Nə başınızı ağrıdım, şayiə yayırmış, birliyin gününü göy əskiyə bükübmüş.

 

 

- Aşıq Ədalət də söyüş söymüşdü. Ona bir cəza vermədiniz ki? – qəsdən soruşdum.

 

- Ədalət bizim tariximizdir. Aşıqlar Birliyinin də idarə heyətinin üzvüdür. Ədalətin söyüşünə bir şey deməyə haqqımız yoxdur.

 

“Bəs özü istefa verən varmı?” - soruşanda sədr dedi ki, o “Lider”də bir aşıq yarışması keçirilirdi, yadındadırmı. Başımı salladım.

 

- Biz şərt qoymuşduq ki, o cür biabırçı yarışmalara gedən aşıqlar birlikdən çıxarılacaq. Çünki bu sənətə təhqirdir. Hə, nəsə, bu sözümüzdən sonra çox aşıq getmədi. Amma o gün İlham Astanbəyli gətirdi sənədini ki, çıxmaq istəyir birlikdən, doğrusu hələ baxmamışam. Yarışmaya getmək üçün...

 

Məhərrəm Qasımlı ayağa durub bizi arxiv yerinə apardı. Hələ dedi ki, Aşıqlar Birliyinin bu arxivi 10 günə qurulub. Elə ilk görən də siz olacaqsınız.

 

Nağıl dili yüyrək olar. Gəldik, bayaqkı dinməz-söyləməz xanım otaqda əyləşmişdi, qutu kimi balaca otaq idi. 1928-ci ildə qurultayı keçirilən Aşıqlar Birliyinin arxivi bu balaca otaqda saxlanılıb. Dənə-dənə, yavaş-yavaş yığırmış Məhərrəm Qasımlı. Bizə də elə I qurultaydakı əlyazmaları göstərdi, yaxında bunları nə təhər var, eləcə də yayacaqmış. Bəxtəvər idik ki, köhnə əlifbada, qırışmış kağızlarda o qurultay yazılarını ilk görən biz olduq.

 

Sonra sədr bizi çardağa apardı, sən demə buradan müzey düzəldəcəklərmiş.

 

- Ay Məhərrəm müəllim, burdan muzey olarmı? – deyə soruşdum, başını tərpətdi ki, burda muzey açmaq başbilənlərin əlində beş dəqiqəlikdir.

 

İçəridə beş-altı şəkil olar ya olmazdı. Sədr dedi, belə 200-dən çox şəkil var, hələ aşıqların geyimləri, sazları, səs yazıları da qoyulacaq.

 

Çıxanda gözümə Kamandarın şəkli sataşdı. Mənimki ədəbiyyatda Kafkadır, sazda Kamandar.

 

- Kamandarın sazını gətirdəcəksiniz?

 

- Oğluna demişik. Çox pul istəyir. 200-ə verən deyil ki?

 

- Nə qədər istəyir?

 

- 2 min istəyir. Haqlıdı əslində. Bircə sazdı atasından yadigar.

 

 

Aşıqların təzə geyimlərini görmək eşqi düşdü canıma. Məhərrəm müəllim katib Altay Məmmədovun paltarları gətirdiyini dedi. Bir az gözləməli olacaqdıq. Elə bu dəmdə rusdilli Leyla xanım gülümsəyərək xəbər verdi ki, paltarlar gəlib. Pillələri enəndə Leyla xanımdan soruşdum ki, sazı sevirsinizmi. Başını gülümsəyərək yellətdi.

 

- Hə, sevir. Özü də saznan cazı qarışıq lap çox sevir – Məhərrəm müəllim onun əvəzinə cavab verdi. 

 

Sədr dedi ki, burda məşqlər olubmuş, sazı, cazı, roku bir arada təqdim eləmək istəyirlərmiş. Bəstəkarlar, folklorşünaslar, musiqiçilər yığışıb bir yerə, hər gün sazda, cazda, rokda ifalar, məşqlər... Axırda görüblər hələ alınmır.

 

- Aşıq Ələsgərin qoşmalarını ingilis dilinə tərcümə edəcəyik. Həmin qoşmalar cazda da, rokda da oxunacaq. İndi iş gedir. Çoxdandı bunun üstündə işləyirik.

 

- Aşıq Ələsgərin ingiliscə səslənməsi maraqlı olardı...

 

- Hə, bizim işçilər məşğul olur. Elə eləmək istəyirik ki, orijinala yaxın olsun. Həm cazda, həm rokda Aşıq Ələsgər oxuna bilsin. Yaxın günlərdə hazırlayıb təqdim etmək, bir konsert eləmək istəyirik.

 

İçəridən saz səsi gəldi, Məhərrəm müəllimin otağında Altay Məmmədov bizi gözləyirdi, qabağında da təzə aşıq paltarları.

 

Birini əynimə keçirdim, fotoqraf şəkil çəkdi.

 

 

Daha o qalife şalvarlar getdi, o uzun papaqlı aşıq geyimi köhnədə qaldı. İndiki geyim qəşəng parçadan tikilib, özü də rahatdı, balaca. Dəyirmi papağı qoyursan başına, vəssalam olursan aşıq.  

 

- Əşşi, indi deyəcəklər Məhərrəm yanında saqqallı aşıq gəzdirir – sədr bunu dedi, uğunub getdik.

 

Bu dəm rusdilli katibə mənə əla işarəsi göstərdi:
 
- Sizə çox yaraşır aşuq paltaru...

 

İndi yadıma düşdü ki, Aşıqlar Birliyinin birinci qurultayı bizim bu Yazıçılar Birliyindən tez olub: 1928-ci ildə. O vaxtı deyilənə görə, aşıqları ideologiyanın informasiya ötürücüləri kimi istifadə edirmişlər. Yaxşı yadıma düşdü. Məhərrəm müəllimdən elə bunu da soruşum:

 

- Stalinin paltarı deyirdilər aşıqların geyindiyinə. O nə məsələdir?

 

- Yalan söhbətdir. O geyim Səfəvilər dövlətindən qalır. Ordu paltarıydı, aşıqlar onu geyinib özlərini hökumət adamı kimi təqdim edirdilər.

 

Məhərrəm müəllim ayağa durdu, dedi, indi o paltarları geyinmirlər. Yəni o qalife şalvara ehtiyac yoxdur daha. Aşıqlar onda qalifeni geyinirdilər ki, rahat ata minsinlər. İndi atmı qalıb, hamısı “Mersedes”də gəzir. İkimiz də qəşş eləyirik.

 

Hə, əzizlərim, Aşıqlar Birliyindən çıxdıq, qulağıma yenə saz səsi gəldi.

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017