Anlamadıqca burnu uzanan adamlar

Karikaturaçı-rəssam Rəşid Şerifə can sağlığı diləyiylə

 

Mətbuatdan ilk oxuduğum “məqalə” bəlkə elə karikaturaçı-rəssam Rəşid Şerifin karikaturalarıdır.

 

90-ların ortasındanmı, ya axırındanmı, xatirimdə deyil, qəzetləri açan kimi onun karikaturalarını axtarırdım. Bunlar ən tez oxunan müəllif məqalələri idi. Ölkədə baş verənləri anlamaq üçün, görünməyəni görmək üçün, ya da sadəcə olaraq, karikaturadakı məna qatlarını tapmaq zövqünü yaşamaq üçün öz küncüm var idi. Hər kəsin, sinifdə xadimədən tutmuş, bulaqdan su daşıyan uşaqlara qədər hər kəsin siyasi-ictimai mövzularda mülahizələr səsləndirdiyi, özünü ölkənin söz haqqı saydığı bir zaman idi.

 

Ta o vaxtdan bir qədər əvvələ qədər qəzet səhifələrində hali-məczubumuzu anladan, tək bizim deyil, zaman, gerçəklik, cəmiyyət arasında qalan günün insanını, dünyanın halını çizən karikaturaçı rəssamın teatr işləri ilə çox sonra tanış olacağam. Hələliksə, onun anlamaq istəyən, dünyanın işlərinə mat-məətəl qalan, anlamadıqca burnu uzanan, uzandıqca hegemonlaşan, avam, əbləh, əlacsız, qəhrəmanlarını izləyirdim.

 

Onlar müxtəlifdir, amma onları bir şey birləşdirir.

 

Əlbəttə burunlarının quruluşundan başqa...

 

Onlar hamısı məhkumdur; bu dünyaya, bu cəmiyyətə, bu düzənə və nəhayət Rəşid Şerifin karandaşına...

 

Onlarda mənfi-müsbət bölgüsü yoxdur. Bu karikatura çərçivəsində qəhrəman sözü şərtidir. Böyük bir əbədiyyət içində uzağı görə bilməyən tiplər var. Qəhrəman yox, tipaj olsa belə, nə qədər konkret hadisəyə aksent etsə belə, bu karikaturaların kiçik çərçivəsi daxilində əbədiyyət atmosferi var.

 

Sifətsiz tipajlarda əbədi məhkumluq var.

 

Bu cəzaçəkmə küncündə bir karikatura xüsusilə yadımda qalıb:

 

Müasir Sizif mətbuat səhifələrindən ibarət yükünü zirvəyə diyirlədir. Kürənin üstündə daha başqa biri öz yükünü ona sarı itələyir. Bu karikatura çoxqatlılığı ilə bahəm, əbədi cəza təəssüratı ilə yaddaqalandır.

 

Hətta əbədi olmasa belə, çox böyük bir zaman: “Əcəb epoxaya düşmüşük...”

 

...Uca Tanrıdan Rəşid müəllimə can sağlığı diləyirəm. 

 

Image result for karikatura Rəşid

 

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
25 İyun 2017