Özünü qayadan atan kəlbəcərli qızlar – Qorxmaz Şıxəlioğludan İŞĞAL XATİRƏLƏRİ

Kulis.Az tanınmış yazıçı-jurnalist Qorxmaz Şıxəlioğlunun “Yaza boylanan dağlar” yazısını təqdim edir.

      

2014-cü ilin soyuq yanvar günü idi. Axşamüstü işdən çıxıb piyada üzüaşağı - metronun “İçərişəhər” stansiyasına tərəf düşürdüm. Ara-sıra bu stansiya ilə üzbəüzdə, yeraltı keçiddəki kitab mağazasına baş çəkməyim olur. Həmin gün burda üstündə kəlbəcərli şair Sücaətin şəkli olan bir kitab gördüm.  Ölümündən altı il sonra çap olunmuş “Sücaəti unutma” adlı bu kitabı, təbii ki, anındaca aldım.

 

Sücaəti çoxdan tanıyırdım. Əlbəttə ki, şeirlərindən. Sonralar da, Kəlbəcərlə bağlı televiziya verilişləri hazırlayanda, ondan üç-dörd dəfə müsahibə almışdım. 90-cı illərdə Gəncəbasar tərəfə ezamiyyətə gedəndə, maşında, kafedə, yəni, harda maqnitofon oxuyurdusa, orda mütləq Sücaətin qoşmalarını eşidərdin. Mən Sücaəti təkcə poeziyasına görə yox, həm də məğrurluğuna görə sevirdim. O, qabağından yeyən oğul deyildi, özünə hörmət qoyurdu. Əsl istedadları həmişə belə məğrur gördüm. O, sözü, nəfəsi, yazısı, səsi, baxışı ilə, necə deyərlər, təpədən-dırnağa Kəlbəcər idi. İlahi, doğma yurda, od-ocağa nə boyda məhəbbət, nə boyda böyük yanğı vardı onda...

 

2001-ci ilin martında, Novruz bayramı ərəfəsində Kəlbəcərin işğalı ilə bağlı televiziya verilişi hazırlamaq üçün Gəncəbasar tərəfə çəkilişə getmişdik. Gəncədə və Göygöl rayonunda köçkün kəlbəcərlilər daha çox məskunlaşıb. Sücaətin evi Göygöl rayonuna gedən yolun üstündə - Gülüstan qəsəbəsində idi. Operator Vaqif Babayevlə onlara getdik. O, yataqda idi. Sücaət məni görüb çox kövrəldi. O, təzəcə Tehrandan qayıtmışdı. Avropada səfir işləyən həmyerlisi Eldar Həsənovun köməkliyi ilə nurunu itirməkdə olan gözlərini müalicə etdirmək üçün İrana gedibmiş. Şəkəri yüksək olduğuna görə, gözlərində əməliyyat aparmaq mümkün olmamışdı.

 

Sücaət məni görüb çox kövrəldi. 1993-cü ildə və sonralar da ondan müsahibə almışdım.

 

Dedi ki, bu dəfə danışası deyiləm. Çox yorğun görünürdü, tamam həvəsdən düşmüşdü. Birtəhər onu yola gətirdim. “Bu danışdıqlarımı hələ çəkmə”, - dedi. Sonra ağır-ağır danışmağa başladı: “Gözlərim, demək olar, görmür. Kəlbəcər dərdi də ki, daha axırıma çıxıb. Hərdən şeirin havası gələndə, qızımı çağırıram. Mən deyirəm, o yazır. Bu günlərdə eyni qaydada, ata-bala evdə oturub yazırdıq. Elə bu arada qapı açıldı, qızımın rəfiqəsi girdi içəri. Kitab üçün gəlibmiş. Nə isə, kitabı götürüb getdi. Ertəsi gün dərsdən qayıdan qızım, ayağını içəri qoyan kimi, başladı hönkürtü ilə ağlamağa. Demə, həmin gün dərsə gedəndə, rəfiqəsi ondan soruşubmuş ki, atan Sücaətin gözləri görmür? Qızım, “Yox, görür” deyib. Rəfiqəsi qayıdıb ki, bəs mən gördüm axı - atan deyirdi sən yazırdın.”

 

Səsimi boğsam da, söhbətin bu yerində gözümün yaşını saxlaya bilmədim. Sücaət dərindən bir ah çəkib, ağır-ağır dilləndi: “Daha and içmişəm, lap çatlayıb ölsəm də, heç nə yazmayacam. Qoy ürəyimdəkilər elə ürəyimdə çürüsün”.

 

Sonra operator Vaqif Babayev kameranı işə saldı. Sücaət Kəlbəcərdən danışdı, axırda da, təzə yazdığı bir qoşmasını oxudu. O qoşmadakı bir bənd içimi silkələdi, onu indi də yadımdan çıxarda bilmirəm:

                     

Yazımı, yayımı qışa döndərib,

Gülləni sinəmə qoşa döndərib,

Allah ürəyimdə daşa döndərib,

Səkkiz il gözümdən axan dağları.              

 

Kitab mağazasından  bu xatirələrlə çıxdım. Onu da deyim ki, Sücaətin o şeirlər kitabından sonralar yenə də alası oldum. Qəribədir ki, mən bu kitabı hər alıb gətirən gün sanki kimsə, dostlardan, qohumlardan birinə xəbər göndərirdi - qonağımız gələrdi. Və tərslikdənmi, ya da xoşbəxtlikdənmi, Sücaətin bu kitabı, hər dəfə pəncərənin qabağında olardı. Gələn qonaq da ərklə bu kitabı məndən istəyərdi. Xülasə, indi məndə Sücaətin o kitabı yoxdur, gərək alam...

 

Qələmə aldığım bu yazını da, mənə Sücaətin  kitabı yazdırdı-məcbur etdi ki, 1993-cü ilin fevralında Kəlbəcərə-ezamiyyətə getdiyim o ağır günlərə qayıdım.

 

***

 

18 fevral, 1993-cü il. Nahar fasiləsindən təzəcə qayıtmışdım. Onda Az.Tv-də “İctimai-siyasi proqramlar baş redaksiyası”nda çalışırdım. İş yoldaşlarımdan kimsə xəbər gətirdi ki, indicə baş redaktorun yanında iclas olacaq, deyəsən, yuxarıdan sədrə zəng ediblər. Qısa deyim: iclasda məlum oldu ki, Kəlbəcərdə vəziyyət çox ağırdır. Ora təcili çəkiliş qrupu getməlidir. Tez dedim ki, mən getmək istəyirəm. Bunu o qədər də vətənpərvərliyimə yozmayın,  həm də ömrümdə olmadığım Kəlbəcəri görmək istəyirdim. Rejissor Azad Məmmədov da könüllü olaraq mənə qoşuldu. Operatorlardan  Alik Maratov bizimlə gedəsi oldu.

 

Səhər tezdən artıq üzü Yevlaxa gedirdik. Yevlaxda vertalyota oturduq. Onu da  deyim ki, bizi müşayiət edən “Murovdağ” Xeyriyyə Cəmiyyətinin sədri, “Azərnəşr”in baş redaktoru, kəlbəcərli Əlövsət Ağalarov idi. Onda Kəlbəcərə gedən avtomobil yoluna ermənilər nəzarət edirdilər. Yeganə bir yol qalmışdı ki, o da Murovun qarlı zirvəsindən keçirdi. Qışın qar-boranında isə burda vertolyotsuz ötüşmək mümkün deyil. Yuxarıda dedim, mən heç vaxt Kəlbəcərdə olmamışdım. Düzü, “Kəlbəcər” deyəndə, həmişə dağlar, yaylaqlara köçən el-oba, alaçıq, qaya, bulaq, çöl-çəmən gəlirdi gözümün qabağına. İçimdə qəribə bir doğmalıq vardı Kəlbəcərə. Bəlkə də, təbiəti, doğulduğum İsmayıllının təbiətinə oxşadığından irəli gəlirdi bu doğmalıq? Yeri gəlib, qoy deyim. İkincidə oxuyurdum. Çox vaxt sinfimizi dördüncülərə qatıb dərs keçərdilər. Biz ikincilər 13, dördüncülər isə 7 nəfər idi. Əksər vaxt nəğmə dərslərində zəngə az qalmış, müəllim dörddə oxuyan Rasimi yazı lövhəsinin qabağına çağırardı. O da, müəllimin istəyi ilə həmişə olduğu kimi, Səməd Vurğunun “Dağlar” şeirini aşıqsayağı oxuyardı:

 

Binələri çadır-çadır,

Çox gəzmişəm özüm, dağlar.

Qüdrətini sizdən aldı,

Mənim sazım, sözüm, dağlar.

 

 

Atası hər yay Rasimi yaylağa apardığından və onun, doğrudan da, yaylaqlı günlərin arzusu ilə yaşadığından, ya da nədirsə, bilmirəm, “Dağlar” bu  uzun və arıq oğlanın dilində çox kədərli səslənirdi. Belə vaxtda müəllim pəncərənin bir metr enliliyindəki palıd taxtapuşuna dirsəklənib, kəndin qənşərindəki dikdirdən keçib gedən torpaq yola baxardı. Rasimin səsi müəllim kimi, biz uşaqları da çox kövrəldərdi. Onu da deyim ki, “Dağlar”ı sevən bu müəllim mənim atam idi, Rasimin də dayısı...              

 

İndi Murovun üzərindən uçanda, o nəğmə (atam “şərqi” deyərdi) dərslərini xatırlayırdım. Bilirdik ki, Kəlbəcərdə vəziyyət çox ağırdı. Ona görə də, hamının üz-gözünü bir kədər bürümüşdü. Ancaq heç kim bunu büruzə vermək istəmirdi. Nə yaxşı ki, vertolyotun uğultusu vardı, yoxsa bu cür dinməz-söyləməz yol getmək olmazdı, adamın bağrı çatlayardı. Birdən mənə elə gəldi ki, o vaxtlar atamı kövrəldən, bəlkə də, ömründə görmədiyi bu dağlar olub. Axı  kəndimizin, necə deyərlər, beş addımlığındakı dağlar üçün atam niyə qəribsəməliymiş ki? Sözümü qəribçiliyə salmayın. Axı atam dil-ədəbiyyat müəllimi idi. Xəstə Qasımı, Dədə Ələsgəri, Cəfər Cabbarlını, Cavidi, Müşfiqi, Səməd Vurğunu, Rəsul Rzanı çox sevirdi. Kəlbəcərin İstisuyunda Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsindən, təbii ki, xəbəri vardı. Aşıq Ələsgərin qoşmalarındakı Dəlidağı, Qoşqarı, Murovu, Qırxqızı, Narışları qiyabi də olsa, tanıyırdı. Yəqin, cənnətmisallı o yerləri, həmin qoşmalardan sevmişdi atam...(indi də, kənddəki üst evimizdə bu söz ustadlarının portretləri divardadır)

 

İllüminatordan dağlara baxırdım. Fikir məni aparmışdı. Birdən, elə bil kinolarda olduğu kimi, vertolyotun səsi yavaş-yavaş yavaşımağa başladı, onu çox ahəstə 30 il əvvəlki Rasimin səsi əvəzlədi. İlahi, Rasimin tərtəmiz, büllur kimi ağappaq səsi bu zirvələrə necə yaraşırmış. Yəqin o vaxtlar, o nəğmə dərsində gözləri yol çəkən atam, elə görmədiyi bu dağları xatırlayırmış. Bəlkə də belə deyildi. Ancaq mən bu cür düşünürdüm...

 

***

 

Vertolyotdan düşəndə bizi birinci qarşılayan, uşaqlar oldu. Onlar müharibənin nə olduğunu, böyüklər kimi olmasa da, hər halda, sövq-təbii duyurdular. Ona görə də, balacalar vertolyota arxa-dayaq kimi baxırdılar. Yəni mühasirədə olan, gecə-gündüz düşmən hücumuna məruz qalan Kəlbəcər tək deyil, onlar haqqında düşünürlər.

Rayon mərkəzinin aşağı qurtaracağındakı vertolyot meydançasından gəldiyimiz kafeyə cəmi 10 dəqiqəlik yol var idi. Kafedə peç yanırdı. İçəri adamla dolu idi. Televiziyadan gəldiyimizi bilib, başımıza yığışdılar. Zil qara saçlı, ucaboy, hardasa otuz beşə yaxın yaşı olan bir oğlan dil-boğaza qoymurdu. Bu kəlbəcərli oğlan rəssam idi. Leninqradda yaşayırdı. Söhbətindən bildim ki, həyat yoldaşı rusdu. Kəlbəcərdəki vəziyyətlə bağlı, ailəsini də götürüb doğma yurda qayıdıb. Arıq, sir-sifəti süfahi, bu ağbəniz oğlan, doğrudan da, elə bil rəssam olmaq üçün doğulmuşdu. Müharibə ona yaraşmırdı.

 

 

Hələ 80-ci illərin əvvəllərində Azərbaycan Radiosunda ştatdankənar müxbir kimi çalışanda, rəssamlar haqqında bir çox verilişlər hazırlamışdım. Yəni rəssam dünyasından xəbərdar idim. Onlarla söhbət etmək, mənim üçün həmişə maraqlı olub. Kəlbəcərli rəssamın ürəyi dolu idi. Sanki, əlinə göydən düşmüşdüm. Əlövsət bizi tələsdirməsəydi, bu kafedə çox qalasıydıq. Çörək yeyib, çöldə bizi gözləyən “Villis”ə əyləşib, üzü yuxarı - İcra Hakimiyyəti binasına yollandıq. Hər yan qara bürünüb. Havada möhkəm şaxta var idi. Artıq qaş qaralırdı. Ancaq heç bir yerdə işıq yanmırdı. Kəlbəcər çox kədərli görünürdü, adamın ürəyi sıxılırdı. Dedilər ki, bir həftədir rayona verilən elektrik enerjisi kəsilib. Təkcə İcra Hakimiyyətinin binasında işıq yanırdı. Öyrəndik ki, bu da generatorun hesabınadır. İcra Hakimiyyətində qərara gəldik ki, səhər tezdən Çərəktar və Qılışlı kəndlərinə gedək. Qonaq evindən və mehmanxanadan danışmaq artıq idi. Bizi gecələməyə, deyəsən, avtobaza rəisinin evinə göndərdilər. (Sonrakı günlər, növbə ilə hər gecə bir idarə və müəssisə rəhbərinin evində qalmalı olduq). Burda xırda bir haşiyə çıxım. Biz ezamiyyətə üç günlüyə getmişdik. Ancaq Kəlbəcərdə yeddi gün qalası olduq. Çünki Bakıdan vertolyot gəlmirdi. (1991-1993-cü illərdə Goranboy, Çaykənd, Ağdam, Kəlbəcər, Zəngilan və digər döyüş bölgələrinə çəkilişə gedəndə, həmişə ayrıca bir dəftərim olardı. Olduğum yerlər və görüşdüyüm adamlarla bağlı xırda-para qeydlər edirdim. Bu yazını da o dəftərçələrin əsasında qaralamışam) İcra Hakimiyyətində bizə bildirdilər ki, sizi etibarlı və cəsur bir oğlan müşayiət edəcək.

 

Ertəsi gün bildik ki, o cəsur oğlanın adı Ramizdir.

Onu da deyim ki, o vaxt AzTv-də “Hərbi proqramlar redaksiyası” yox idi. Cəbhə bölgəsinə əsasən, bizim redaksiyanın əməkdaşları gedirdi.

                                              

***

 

20 fevral. Səhər tezdən çəkiliş qrupumuz “Villis”lə yola çıxır. Hərbi geyimli sürücümüz Ramiz, sanki od parçasıdır. “Kalaşnikov” avtomatı yanındadır. Maşında, hardasa 10-15 dənə tankəleyhinə mina (TM-57) var. Ramiz deyir ki, bu minalar mütləq bizə lazım olacaq. Söhbətdən məlum olur ki, o, Kəlbəcər sərhəddində birinci güllə açılan gündən səngərdədir. İki daşın arasında öyrəndim ki, Sovetlər dönəmində Rusiyada artilleriya qoşunlarında xidmət keçib. 1991-ci ildə Ramiz Çərəktarda ermənilərin YAK-40 təyyarəsini (yaraqlıları daşıyan) vurduğu üçün Müdafiə Nazirliyi onu UAZ-469 avtomobili ilə mükafatlandırıb. (3 il sonra biləcəyəm ki, o, kəşfiyyat bölümünün rəis müavini imiş). Çərəktarda dəstəmizə bir cavan hərbçi də qoşuldu - Telman Hüseynov. Onun gözlərində, elə bil şimşək oynayır. Bədəncə dolu olsa da, atletik görkəmi var. Hərəkətlərində çox cəlddir. Baxışları şikarını izləyən qartalı yada salır. Səsində, danışığında iynə ucu boyda giley-güzar, şikayət, qorxu yoxdur. Sanki Telman “ölüm” adlı anlayışdan xəbərsizdir. O, snayperdir. Arada avtomatını mənə də verir. Burda yenə də bir haşiyə çıxmaq istəyirəm. Xatırladım ki, artıq 90-91-ci illərin əvvəllərindən Az.Tv-nin mühafizə polisinin bütün əməkdaşları növbəyə avtomat silahla çıxırdılar. Cəbhə bölgələrinə getdiyim üçün, fürsət tapıb dostlaşdığım polislərdən avtomatla davranmağı, yəni tək-tək və fasiləsiz atəş açmaq qaydalarını öyrənmişdim. (Əsgərlikdə- Uralda -“stroybat”da olmuşdum). Əl qumbarasının məftilini çəkib atmağı isə, mənə Kəlbəcərdə olduğum ikinci gün Ramiz başa saldı. Bizə bildirdi ki, təhlükəli yerlərdə olacağıq, silahdan istifadəni bilməlisiz. Kim nə deyir-desin, adam özünü silahla yenilməz hiss edir. Silah  adama güc verir. Sovetlər dövrü, sülh adı ilə,  bilə-bilə silahı gözümüzdən salıblar. Silah pis idisə, nəsil-nəsil ulu babalarımız niyə qılınc qurşayıb, xəncər gəzdiriblər? Yaxud ağzını açan kimi sülhdən danışan böyük dövlətlər hər il hərbi büdcəsini niyə artırır? Yadımdadır, hardasa 15 il əvvəl Hindistan nüvə silahı hazırlamaq istədiyinə görə, ABŞ və bir çox Avropa ölkələri ona qarşı müxtəlif iqtisadi-siyasi sanksiyalar tətbiq etdilər. Ancaq hindlilər öz yolundan dönmədilər. İlk nüvə silahının sınağı uğurla həyata keçiriləndə, Hindistanın baş naziri (O, sınağı izləyənlər arasında olub) sevincindən qışqırıb demişdi: “İndi bizə hörmət edəcəklər, çünki gücümüz var!”. (O vaxtlar hansısa rus qəzetindən oxumuşdum bunları) Uzunçuluq kimi qəbul eləməyin, qoy bir söz də deyim. Artıq 14 yaşımda qoyun nobatına gedəndə, mütləq 16 nömrəli təklülə tüfəngimizi götürərdim (əsasən payız və qışda). Yoxsa, qarlı havalarda, dağ-dərədə silahsız qoyun otarmaq olardı? O 16 nömrəli tüfəng ən çox gözlənilən canavar qorxusunu heç eləyirdi. Həm də ki, bizim qoyun otardığımız İrəmədəki dağ-dərədə kəklik, dovşan, qaratoyuq da olurdu. Yəni tüfəng hava, su yerində idi bizə. Güllə atandan sonra, şişməsin deyə, tez gilizi çıxarıb, barıt qoxusu verən tüfəngin lüləsini iyləyərdim. Ən çox sevdiyim iş idi bu. O barıt qoxusu, elə bil ürəyimdəki bütün qorxu-hürkünün kökünü yandırırdı. (Yanmış barıt və benzin qoxusu üçün indi də ürəyim gedir).

 

 

Çərəktarın girəcəyindəki yanmış BMP yanında Ramiz “Villis”i saxlayır.  Yaxınlıqdakı ağacın budaqlarında yarıçürümüş əsgər paltarının qalıqları, yerdə yanmış botinkalar, alüminium su qabı, qaralmış sümüklər var. Ramiz kameraya danışır: “Burda səkkiz ay əvvəl dəhşətli döyüş olub. Bizim tankçılar erməni tankçıları ilə qəfil üz-üzə gəliblər. Bizimkilər hardasa, 3-4 saniyə erməniləri qabaqlayıb, onların BMP-sini vurublar. Bu, həmin BMP-dir. Çərəktar döyüşündə 100-ə yaxın erməni quldurunu məhv etdi bizim döyüşçülər”. Ramizdən sonra kənd adamları danışır. İşıq və dolanışığın olmadığından gileylənirlər. Kəndin icra nümayəndəsi Şaban Qurbanov müsahibə verir. Deyir ki, bizə kömək lazımdır, kömək.

Şaban mənə çox xoş təsir bağışlayır. Yadımdadır, o vaxtlar Bakıda hamı deyirdi ki, Kəlbəcərdə vəziyyət ağırdır, bu gün-sabah rayon boşalacaq. Şaban: “bizə kömək lazımdır, kömək” deyəndə, Bakıda Kəlbəcərlə bağlı eşitdiklərimi dilə gətirmək istədim. Ancaq tez də fikrimdən daşındım...

 

Möhkəm qar yağırdı. Artıq Qılışlı kəndində idik. Burda da adamların dərdi eynidir. “Mərkəz bizə laqeyd, biganə yanaşır” deyirlər. Kənd icra nümayəndəsi Hafizin (soyadı yoxdur dəftərimdə) dediklərindən: “Bilirsiz, müharibədə şəhər də gedər, kənd də. İnsan da həlak olar, adamın qol-qıçı da gedər. Sonra o şəhəri, o kəndi döyüşüb geri qaytarmaq olar. Buna təbii baxıram. Mən bizə olan biganəliyi, laqeydliyi qəbul edə bilmirəm. Görmürsüz, Kəlbəcər mühasirədədir?”

 

Burdakı hərbi hissənin döyüşçüləri ilə görüşmək istəyirik. Kazarma yerli kənd orta məktəbinin binasında yerləşir. Hissə komandiri-polkovnik Əzizağa Qənizadə bizi yaxına buraxmır. Rusdilli polkovniklə heç cür dil tapa bilmirik. Uzun çək-çevirdən sonra bizi çəkiliş aparmamaq şərti ilə kazarmaya buraxırlar. Döyüşçülər yerdə nimdaş bir adyala bürünüb yatıblar. Taxta döşəmədəki toz o qədər çoxdur ki, ayaq basanda izi qalır. Dedilər ki, bu yatan əsgərlər gecə səngərdə növbə çəkənlərdir. Çoxunun balışının yanında köhnə-kürüş qablarda buza dönmüş şorba vardı. Yəqin şorba çox dadsız olduğu üçün belə yeyilməmiş qalmışdı. Yatanlar oyanmasın deyə, yavaşca çölə çıxırıq. Gördüyümüz mənzərədən sarsılmışdıq. Mən, 1991-ci ilin dekabrında Goranboyun Şəfəq kəndində, 1992-ci ilin aprelində Ağdamın Şelli kəndində - ön cəbhələrdə olmuşdum. Heç yerdə belə acı vəziyyət görməmişdim. Həyətdəki əsgərlərdən müsahibə almaq üçün, yenə də Əzizağa Qənizadə ilə görüşmək istədik. Dedilər ki, harasa getdi...

 

 

Piltə-piltə qar yağır. Pal-paltarımız Kəlbəcər qışı üçün deyil. Qılışlıdan çıxhaçıxda, kəndin başında qoyun sürüsü yolumuzu kəsdi. Qaş qaralmaqda idi. “Villis”i saxlatdırdım. Qoyunların belindəki qar buz tutub. Alik tez kameranı çıxardı. Mənim məqsədim, əynindəki sırıqlısının rəngi bilinməyən çoban oğlanla söhbət etməkdi. Təxminən 35 yaşı olan bu oğlan Telmanı görən kimi, sevinir: “Başına dönüm, ay Telman, bilirsən, ermənilər 20 gündür atamı oğurlayıblar. Ev-eşiyim də, bu qoyun sürüsü də sənə qurbandı. Neynirsən elə, atamı qaytar, sonra da - əlini qarnının üstünə qoydu, - ortama da bir güllə vur”. Bu oğlanın sonuncu sözləri yəqin ki, ölənə qədər yadımdan çıxmayacaq...

 

Üzü rayon mərkəzinə doğru yol almışıq. Heç kim danışmır. Rayon mərkəzinə çatar-çatmaz Ramiz dillənir:

 

- Bizə gedirik.

 

Dağların qoynunda sərt təbiətlə qol-boyun yaşayan insanlar yalançı

nəzakəti sevmirlər, bunu lazımsız bilirlər. Ona görə də, Ramizin bu təklifini sükutla qarşılayırıq, yəni razıyıq. Evə ayaq basan kimi, hiss elədim ki, burda bizim gəlməyimizi heç kim gözləmirmiş. Dağ adamlarının bir gözəlliyi də ondadır ki, qonaq gələndə özlərini itirmirlər, necə var, elə görünürlər. Bizi ilk qarşılayan ucaboylu, görkəmindən məğrurluq yağan qara paltarlı bir kişi oldu:

 

- Allahverdi -  Ramizin atasıyam.

 

Növbə ilə onun əlini sıxıb evdəkilərlə salamlaşdıq. Mən aşıq Allahverdi

Qəmkeşi qiyabi tanıyırdım. O, gəlişimizdən xoşhal olmuşdu, könlü açılmışdı. İçəridə odun peçi yanırdı, ev isti idi. Aşığın bu doğmalığı evdəki istiliyi bir az da artırırdı. Soyuqdan, şaxtadan gələn adama bundan başqa nə lazım idi ki? Bir azdan ev adamla doldu. Ən çox yadımda qalan Ramizin əmisi İdris kişi oldu. Demə, o da qardaşı Allahverdi Qəmkeş kimi gözəl qoşmalar yazır. İdris kişinin 3-4 şeir kitabı çıxıb. Çörək kombinatının direktoru Firuzə Qasımova gəldi. Hiss elədim ki, o bu evə çox doğma adamdır. Görünür, yüzlərlə toyları yola vermiş, el məclislərində həmişə başda oturan söz sahibi olan Allahverdi Qəmkeş, sənətinə qail, tünlük sevənmiş. Çörək yeyəndən sonra (Süfrə məsələsini, Əli Kərim demişkən, özüm zilə çəkmirəm), Aşıq Allahverdi sazı köynəkdən çıxartdı, nə çıxartdı. Əvvəlcə özünün məşhur bir qoşmasını oxuyacağını deyib sazını köklədi:       

 

Bir gün yolum düşdü qəbristanlığa,

Orda zaman qışdı, dövran yatıbdı.

Sanki pıçıldaşır hər məzar daşı,

Şair, asta yeri, insan yatıbdı.

 

Aşıq ifasını başa çatdırdı. Tez-tələsik: “- Üzr istəyirəm, bu qoşma, mən biləni, Səməd Vurğunundur”, - dedim. Qəmkeş özünün şeir kitabını gətirdi, həmin qoşmanı mənə göstərib mehribanlıqla dilləndi:

 

- Bəlkə də, sən yüzüncü adamsan ki, bu sözü deyirsən. Doğrudan da, bu qoşma öz ruhuna görə, Səməd Vurğunun şeirlərinə çox oxşayır.

 

 

Ancaq mən gördüm ki, “səhvini tutmağım”, nəinki Allahverdi Qəmkeşin xətrinə dəydi, əksinə, ürəyinə yağ kimi yayıldı. Hansı söz-sənət adamı Səməd Vurğuna oxşamaq istəməz ki? Üstəlik də, aşıq olan kəs. Nə isə, bu demə hələ kinonun jurnalı imiş. Çörək yeyəndən sonra iki qardaş – Allahverdi Qəmkeşlə İdris sazlarını sinəsinə basıb, necə deyərlər, cəngi-cidala çıxdılar. Yox, qardaş, elə bil bütün qəhrəmanlıq, məhəbbət dastanlarını yazanlar kəlbəcərlilər olubmuş. İlahi, bu adamlarda belə yaddaş, sözə bu qədər həvəs hardandır?!

 

Gecə saat neçədə yatdığımız yadımda deyil. 

      

Qərara aldıq ki, səhər Ağdabana-Dədə Şəmşirin kəndinə gedək...

 

***

 

21 fevral. Hardasa rayon mərkəzindən 55 km aralıdakı bu kəndin yolu dağdan, dərədən, sıldırımlardan keçir. Üstəlik də, qar, buz, şaxta... Dədə Şəmşirin yüz dəfə, min dəfə keçdiyi bu yolu, yolboyu mənzərələri onun gözləri ilə seyr eləmək istəyirəm. Fikirləşirəm ki, İlahi, bura yazda gələn adam, yəqin bu yerlərin gözəlliyindən dəli olar. S. Vurğunun sözləri yadıma düşür:

 

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,

Kəklikli daşlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub, yada sal məni.

 

Yolboyu maşını tez-tez saxlayıb, təbiət mənzərələri çəkirik. Ən çox yubandığımız yer Tərtər şəlaləsi oldu. Sadəcə, çəkiləsi gözəl yerlər həddindən artıq çoxdur. Adam onların yanından elə-belə ötüb keçmək istəmir...

 

 

Ağdabandayıq. Bilirdik ki, kənd ötən ilin aprelində erməni yaraqlılarının hücumuna məruz qalıb. Düşmən kəndi ələ keçirsə də, burda bir saatdan çox qala bilməyib. Yerli özünümüdafiə batalyonu kəndi geri alıb. Erməni quldurları o gün 30-dan çox ağdabanlını qətlə yetirib, bir çox evləri yandırıblar. Kənddə çəkiliş aparıb sərhədə - əsgərlərin yanına qalxırıq. Möhkəm şaxtadır. Qarşı tərəfdə Ağdərənin ermənilər yaşayan Çapar kəndidir. Müsahibə aldığım döyüşçülər ürəklə danışırlar. Onların bəzilərinin buşlatının (sırıqlı) yaxasından yaşıl maykaları görünür. Uşaqlara çox soyuqdur, sadəcə, onlar özlərini sındırmırlar. Deyirlər ki, gecə burda möhkəm şaxta olur. Sarıyanız, çox sakit təbiətli bir döyüşçü ilə tanış oluruq: Hicran Abbasov. O danışmaq istəmir. Birtəhər onu razı salıram. Hicran 1964-cü ildə anadan olub. Kəlbəcərin Nəcəfalı kəndindəndir. 1984-cü ildə əsgərlikdən qayıdıb. SSRİ Daxili Qoşunlarında xidmət edib. 1991-ci ilin sentyabrından döyüşdədir. Batareya komandiridir, leytenantdır. Bakıda, Radio zavodunda tənzimləyici işləyib. Kəlbəcərdəki vəziyyətlə bağlı rayona qayıdıb. Ailəlidir, 2 uşağı var. Qardaşı İsgəndər 1992-ci ilin mayında Ağdaban uğrunda döyüşdə şəhid olub. O biri qardaşı İdris də özünümüdafiə batalyonunda döyüşür. Hicran böyük qardaşdır. Ondan soruşuram: “Ağdabanı qoruyursuz, bəs döyüşçülər arasında Dədə Şəmşirgildən heç kim yoxdur?”. O, yanındakı döyüşçüyə tərəf çevrilir: “Get, Habili bura çağır”. Bir azdan arıq bir döyüşçü bizə yaxınlaşır. “Buyurun, Dədə Şəmşirin nəvəsidir,” - Hicran dillənir. Onun da buşlatının yaxasından görünən yaşıl maykası gözümdən qaçmır. Elə Habil də xaraktercə Hicrana oxşayır, çox xəsisliklə danışır. Və Hicran kimi, o da arıqdır. Habildən və bir neçə başqa döyüşçüdən müsahibə alıb, Dədə Şəmşirin məzarını çəkmək üçün yuxarı qalxırıq. Həə... Burda deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Məlum oldu ki, kameranın ikinci ehtiyat batareyası da tam gücdən düşüb, sıfırdadır. İnanın, var damarım qurudu. İlahi, gərək rayona qayıdaq, İcra hakimiyyətinə. Bayaq dedim axı, başqa heç yerdə işıq yoxdur. Bəs necə qayıdaq? Bu qarda Ağdabandan rayon mərkəzinə gedib, qayıtmağa bir gün lazımdır...

 

...Axşam uşaqlara deyirəm ki, səhər tezdən Ağdabana gedəcəyik. Azad dinmir, demək, razıdır. Alikin səsində narazılıq var:

 

- Çəkdik də Ağdabanı.

 

- Dədə Şəmşirin məzarını çəkmədik.

 

- Nə olsun?

 

- Kəlbəcərə gələsən, Dədə Şəmşirin məzarını çəkməyəsən, elə şey

olar?

 

Siz Allah, məni pis başa düşməyin, sadəcə Bakıda doğulub boya-başa çatdığı və rusdilli olduğu üçün Alik təbii ki, Dədə Şəmşir söhbətindən və bütövlükdə aşıq ədəbiyyatından uzaq idi. Bir də ki, çöldə möhkəm qar yağırdı, Ağdabana getmək çətin olacaqdı. Onu da bildirim ki, Alik (əsl adı Ələşrəf idi) savadlı, mütaliəli və işinin peşəkarı idi.      

 

Qabağa qaçıb deyim ki, o, 90-cı illərin ortalarında Moskvaya köçüb getdi, orda mərkəzi televiziyada işlədi. Və sonralar ondan heç bir səs-soraq çıxmadı.

                                       

***

 

22 fevral. Ağdaban yolunun yarısında, sərt dikdirin yaxasında Ramizin “Villis”i ilişib qalıb. Burda yolu örtən buzun qalınlığı, ən azı, 15-20 sm-dir. Hamımız yerdəyik. Maşın bircə metr də arxaya sürüşsə, dərənin dibində olacaq. İlişdiyimiz bu yerdən 3-4 metrlik yolu qalxsaq, sonra asan olacaq. Ramiz “Villis”in arxasından balaca bel və lom çıxardır. Növbə ilə buzu qırıb təkər enliyində çığır açırıq. Azad Aliklə, mən Ramizlə işləyirəm. Biri lomla buzu qırır, o biri də bel ilə buzu kənara atır. Birdən Ramiz onların gözünü oğurlayıb, mənim boynumu qucaqlayır:

 

- Ə, sənin başına dönüm, elə bilirdim, siz televiziyaçılar yalandan bir-iki şey çəkib, sonra da yeyib-içib, çıxıb gedirsiz.

 

 

Ramizi kövrəldən mənim, ikinci dəfə Ağdabana getmək məsələsində israr etməyim olmuşdu. Çünki Ağdabana getmək söhbətini gecə onun yanında eləmişdik...

 

Burda eyni soyadlı üç məzar sıralanıb - Şəmşir Qurbanov, Əkbər Qurbanov, Çimnaz Qurbanova. Əkbər Dədə Şəmşirin oğlu, Çimnaz isə qızıdır. 1990-cı ilin iyulunda Bakıdan qayıdan Çimnazı Çərəktar yaxınlığında pusquda duran erməni quldurları namərdcəsinə qətlə yetirib... Ağdabanı cəmi bir saat çəkdik. Oxucu dostlarım elə düşünməsin ki, qarda, soyuqda ikinci dəfə Ağdabana getməklə qəhrəmanlıq göstərmişik. Yox... Sadəcə mənə elə gəlirdi ki, Dədə Şəmşirin məzarını çəkməsəm, o bundan xəbər tutacaq, ruhu məndən inciyəcək, o dağlar, dərələr, meşələr, Tərtər çayı məndən küsəcək. Bir də ki... Balacalıqda radioda aşıq havaları veriləndə, anam, üstəgəl biz doqquz uşaq, atamızın qorxusundan, az qala, nəfəs almazdıq. İndi mən o uzaq illərə, müəllim atamın aşıq musiqisinə olan məhəbbətinə, bibim oğlu Rasimin “Dağlar”ına xəyanət edə bilməzdim. Hələ, Bakıya qayıdandan sonra, neçə illər çörək kəsdiyim Məmməd Aslanın məsələdən hali olub, məni “bombalayacağını” demirəm.  

 

Geri qayıdırıq. Qəlbimdə bir narahatlıq var. İçimizdə ən xoşbəxt görünən isə Ramizdir.  

 

***

 

23 fevral. Qılışlı kəndinə getdik. Burda  əsgərlər üçün çörək bişirən sex var. Bu kəndə getməyimizi Telman xahiş eləyir bizdən: “Gedək, o çörəkçi qızları çəkək, onlardan müsahibə alaq. Əsgərə patron necə lazımdısa, eləcə də çörək lazımdı. Yüzlərlə əsgərimiz bu sexin çörəyini yeyir. Bu qızlar fədakarlığına görə döyüşçülərimizdən geri qalmırlar.”

 

Elə bu başdan deyim ki, cəmi iki qızdan ölüm-zülüm iki kəlmə söz qoparda bildik. Bu çörəkçi qızların çoxunun qohum-qardaşı gecə-gündüz düşmənlə üz-üzədi. İş şəraitlərini lentə alandan sonra qızların adlarını  dəftərçəmə qeyd edirəm: Sədaqət  İsayeva, Zəminə Babayeva, Məlahət Nəbiyeva, Kamilə Ataşova, Məhbubə İsayeva, Rəsmiyyə Xəlilova, Məleykə Şirinova, Aida Quliyeva, Mənsurə Xəlilova, Ülkər İbrahimova. Bir nəfər də fəhlə oğlan vardı burda: Saday Vəliyev. Görünür,  burdakı ağır  işlər Sadayın boynunda idi. Bu qızların hamısının üzündə ümid və qorxu vardı.  Gözlərindən bir sual oxunurdu: “Bizim zəhmətimiz hədər getməyəcək ki?..”  O qızların  baxışları indi də yadımdan çıxmır. Bizlərdən qeyrət uman gözlərini xatırlayanda, indi də utanıram, özümü günahkar bilirəm. Sonralar  mətbuatdan oxudum ki, Kəlbəcər işğal olunanda, neçə-neçə qız-gəlin düşmən əlinə keçməsin deyə, özlərini sıldırımdan atıb. Nədənsə, həmişə mənə elə gəlir ki,  sıldırımdan atılanların arasında o çörəkçi qızlar da olub. Çünki mən onları o vaxt belə uca görmüşdüm...

 

 

Həmin gün günortadan sonra Ramiz bizə dedi ki, əgər qorxmursunuzsa, mənimlə əməliyyata gedək. İzah etdi ki, Çərəktardan 13 km aralıda olan, ermənilər yaşayan Qetelvan (Qozlu Körpü) kəndinin yaxınlığında özü ilə gətirdiyi tankəleyhinə minaları basdırmalıdır. Çərəktardan düşmən istiqamətinə irəlillədik. Otaq Qaya deyilən yeri keçdik. Kəlbəcərin polis işçilərindən ibarət 15 nəfərlik bir qrup döyüşçü özlərinə “Qarikin stalovasi” deyilən yerə çatmamış mövqe seçmişdilər.(ümumiyyətlə, o vaxt Kəlbəcər ətrafında səngərlər yox idi). Ramiz bizi onlara təqdim etdi və sonra bildiri ki, məni müdafiə edəcəksiniz, mən isə bir qədər qabaqda avtomobil yoluna mina basdıracağam. Polislərdən kimsə : “Ay Ramiz, - bizi göstərib dedi, - bunları niyə narahat etmisən? Atışma təzəcə kəsib”. “Öz razılıqları ilə gəliblər. Heç bizdən geri qalan uşaqlar deyil. Kəlbəcərin bu vaxtında ki gəliblər, deməli, qorxmurlar”, - Ramizin cavabı gecikmədi. Biz düşmənlə burun-buruna idik. Ermənilərin zirehli texnikasının səsi gəlirdi. Yer tərpənirdi. Bizim bura gəlişimiz və Ramizin yolu minalaması hər kəsi sevindirirdi. Buradakı polislərin bəzilərinin adlarını qeyd dəftərçəmə yazıram: Vahid Xudiyev (Cəbi), Ədalət(Sarı), Qənimət(Qəni), baş leytenant Qadir (Xəstə), Arif Heydərov, Hikmət Verdiyev. Sonradan eşitdim ki, Ədalət növbəti döyüşlərin birində şəhid olub.

 

24 fevral. O gün  şəhərdəki 1 saylı orta məktəbin nəzdindəki  “Əlaçılar məktəbi”nə getdik. Siniflərdəki səliqə-sahman, uşaqların təmiz geyimi, bir sözlə,  burda hər şey ürəkaçandı. Məktəblilər S.Vurğunun “Azərbaycan” şeirini  həm doğma, həm də ingilis dilində əzbər söyləyirlər. Kəlbəcərin tarixindən danışırlar. Hardasa, bu məktəbdə iki saata yaxın çəkiliş apardıq. Təhsil şöbəsinin müdiri Vaqif Əşrəfovdan müsahibə götürdük. O, belə çətin vəziyyətdə dərsə davamiyyətin normal olduğundan danışdı. Günortadan sonra Kəlbəcər rayon mərkəzindən kadrlar çəkdik. Küçədə 75 yaşlı Əbülfət kişiylə rastlaşırıq. O da ürəyindəkiləri kameraya  danışır. Sonra da, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı, rayon Müdafiə Qərərgahının rəisi İlham Həsənovdan müsahibə alırıq. O, rayondakı ümumi vəziyyətdən, Kəlbəcərdə 400 şəhid ailəsi olduğundan və onlara qayğıdan söz açır...  

 

***

 

Fevralın 19-dan bəri vertolyot gəlmir, gözümüz səmada qalıb. Artıq 6-cı gündür ki, Kəlbəcərdəyik. Burda bizi necə, deyərlər, gözlərinin üstündə saxlayırlar. Ancaq nə qədər olmasa da, içimizdə bir sıxıntı var. Vertolyotun  nə vaxt gələcəyini öyrənmək üçün İcra başçısının yanına gedirəm. Deyir ki, Bakıdan bir sağlam cavab ala bilmirəm. Vertolyotun görünməməsi adamların ürəyinə şübhə toxumu səpir, ümidlərini öldürürdü - ən üzücü məqam bu idi.  Bakıya, iş yerinə zəng edib, vəziyyəti izah edirəm. Nəhayət, 7-ci gün,  günortadan sonra səmada narıncı vertolyot görünür. Az qala,  Kəlbəcərin yarısı, icra başçısı və biz də onların içində olmaqla, vertolyot meydançasına  üz  tuturuq. Vertolyota minmək istəyənlərin sırasında xəstələr, yaralılar, Bakıya  silah və digər işlər üçün gedənlər var. İcra başçısı  vertolyotun komandiri  ilə, adamlardan bir az aralı dayanıb söhbət edir. Əl işarəsi ilə icazə alıb, vertolyotun komandirinə yaxınlaşıram: - Baxnyov Yuri İvanoviç,- bakılıyam, - deyir - 8-ci km. qəsəbəsində yaşayıram.Gec gəlməyinin səbəbini soruşuram. Deyir ki, Laçına- Səfiyana silah aparmışdım. Birdən Yuri İvanoviç başçıdan soruşur: -“İndi ermənilər hardadı?” Qarşı tərəfin səsi yavaş olduğu üçün, nə dediyini ayırd eləyə bilmirəm. Baxnyov erməniləri klassik rus söyüşü ilə  “mükafatlandırandan”   sonra əlavə edir:   “Lap yaxına gəliblər ki, bu əclaflar.”

 

Ramiz mənə demişdi ki, ermənilərdə motorun istisinə uçan raketlər var. O raketlər göydə uçan obyekti çox rahatlıqla hədəfləyib vurur. Baxnyovun sonuncu sözləri,  düzü,  ürəyimcə olmadı. Yer qar və hava sazaqlı olsa da,   Gün çıxmışdı, göydə bir əlçim bulud da yox idi.  Narıncı rəngli vertolyotumuz Gün işığında bərq vururdu.

 

Göyə qalxırıq. Baxnyovun bayaqkı sözləri rahatlığımı əlimdən alıb. Fikirləşirəm ki, səni göyün ortasında  namərdcəsinə vuralar, əlin də heç  yana çatmaya. Vallah, ürəyimi partladan belə ucuz ölümdü. Yox, yerimdə otura  bilmirəm. Ürəyimdən keçir ki, qeyd dəftərçəmə  bir-iki söz yazım: saat neçədə göyə qalxdıq, bu dəqiqə nə düşünürəm və s. Tez  də fikrimdən daşınıram. Mənə elə gəlir ki, dəftərçəyə əlim dəyən kimi, bizi vuracaqlar. Durub Baxnyovun kabinəsinə keçirəm. Əslində, buna mənim icazəm yoxdur. Ancaq bayaqkı  2-3 dəqiqəlik söhbətdən təxmini bilirdim ki, Baxnyov mənə heç nə deməz.

 

- Korrespondent, deyəsən, narahatsan?

 

Bildim ki, o, son anda “qorxursan”ı  “narahatsan”la  əvəzlədi.

 

- Yox, burdan dağlar daha yaxşı görünür.

 

Baxnyovun iki köməkçisi də dinmir. O, çox arxayınlıqla dillənir:

 

- Bax, nə qədər istəyirsən, bax!

 

Hiss edirəm ki, vertolyot komandiri də narahatdır. Sadəcə, mənə görə özünü belə arxayın aparır. Bəlkə də, belə deyil. Çünki, həmişə risk içində olduqları üçün, illər keçdikcə  təyyarəçilərdə qorxu hissi tədricən ölür.

 

Murovun üstündən keçirik. Dağlar qar içindədir. Nəinki yol-iz, heç bir qara nöqtə də gözə dəymir. Zirvələr əl uzaqlığındadır. İçimdə çox pis, ürəyimə ağırlıq gətirən hisslər baş qaldırır: biz Kəlbəcəri darda qoyub qaçırıq. Yaxşı, bu verilişi hazırlayıb verdik efirə, bəs sonra? Bəli, bu “sonra” içimi didib-tökür. Ağdabanda buşlatının yaxasından yaşıl maykası görünən döyüşçülər düşür yadıma. Çərəktardakı məktəb-kazarmada toz içində yatan əsgərlər gəldi gözümün qabağına. Sonra çörəkçi qızları düşünürəm. Artıq Murovun üstündən keçmişik. Dağlardan aralanırıq. Və aralandıqca da, içimdəki peşmançılıq hissi daha da artırdı. Birdən fikirləşdim ki, indicə dağlar arxamızca qışqıracaq: “Bizi qoyub hara qaçırsız?”. Və bu qışqırıqdan vertolyot lərzəyə gələcək. Ürəyimdə özümüzə haqq qazandırmaq istəyirəm: “Həmişəlik Kəlbəcərdə qalası deyilik ki!”. Yox, gördüm ki, alınmır, hansısa gizli bir duyğu özümüzə bəraət qazandırmaq məntiqini darmadağın edir. Bəs bu hansı duyğu, hansı hissdir ki, yenə də məndən əl çəkmir, qəlbimi əzir? Birdən başa düşdüm ki, bu hiss, kasıb, halal bir ömür yaşayan insanları qarda, soyuqda qoyub, bir növ, aradan çıxmağımızla, yaxud, çəkiliş qrupumuzun mənim gözümdəki “al başıma, kül başıma” işi ilə yox, hökümətimizin Kəlbəcərə olan biganə, laqeyd və daha çox da  “Arxalı köpək qurd basar” məsəlinin ermənilərin timsalında, son 100 ildə olduğu kimi, yenə də, təsdiqini tapmaq qorxusu ilə bağlı idi. Bəli, erməni quldurları 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Naxçıvan və digər bölgələrimizdə törətdikləri qırğınlar kimi, Xocalı qətliamını da rus hərbiçiləri ilə birgə törətmişdilər. Və Kəlbəcərə görə qəlbimi bürüyən dəhşətli qorxu da, bu həqiqətdən su içirdi. Belə düşünməyin özü, bütün varlığımı, ruhumu əzirdi.  Düşünürdüm ki, belə bir gündə Bakının yarısı Kəlbəcərdə olmalıdır. Bütün bu ağrılı düşüncələr, elə bil bayaqkı “vertalyotumuzu vurarlar” narahatçılığımı yuyub aparmışdı. Elə bu əsnada Baxnyovun səsi eşidildi:

 

- Karrespondent, Naftalanın üzərindəyik, arxayın ol!

 

Bu xəbər heç tükümü də tərpətmir.

 

***

 

Martın 5-də Kəlbəcərdən hazırladığım “Yaza boylanan dağlar” verilişi efirə getdi. Bir həftə sonra xəstəxanaya düşdüm. Məni əməliyyat edən cərrah Zərraf Şirinov kəlbəcərli  idi. Aprelin 2-də Kəlbəcər işğal olundu. Bir ay sonra atam dünyasını dəyişdi. Ondan sonra Kəlbəcərdən çox televiziya verilişləri hazırladım, Məmməd Aslanı, Bəhmən Vətənoğlunu, Sücaəti və başqa onlarrla kəlbəcərlini çəkdim. Hal-hazırda da, Ramiz, Əlövsət və bir neçə başqa kəlbəcərli ilə dostluq edirəm.

 

***

 

“Sücaəti unutmayın” kitabını vərəqləyirəm. Yəqin, bu şeiri ömrünün son illərində yazıb Sücaət. Orda belə bir bənd var:

                    

Sücaət , neyləyək, baxt belə baxtdır,

Darıxma, hər şeyi həll edən vaxtdır.

Bir gün gülə-gülə qayıdacaqdır,

Ağlaya-ağlaya köçən Kəlbəcər.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017