Nəsrimizin ən şorgöz qəhrəmanı

Kulis.Az şair Elxan Zal Qaraxanlının “Şərqin şərqi olan qərb” yazısını təqdim edir.

 

Elçin Hüseynbəylinin “Don Juan”romanı  barədə düşüncələr

 

Don Juan Avropa ədəbiyyatının ən məşhur personajıdır. Şərqdə əli qələm tutan hər kəs özünü “Leyli və Məcnun” mövzusunda sınadığı kimi, Qərbdə də əlinə qələm götürən hər kəs Don Juan haqqında yazmağı özünə borc bilirdi. Lope de Veqa, Bomarşe, Bayron, Puşkin və daha neçə-neçə qüdrətli qələm sahibləri bu mövzuda öz gücünü sınayıb. Bu qəhrəman bu qədər insanın könlünü və fikrini hansı cəhətləri ilə fəth edib? İndi bu suala cavab vermək çətindir. Ola bilsin, orta əsrlərin cəngavərlik epoxası ilə vidalaşan Avropaya yeni erkək obrazı lazımıymış və bu tələbat ədəbiyyata gənc, yaraşıqlı, cəsur, macəraçı və qadın ürəklərinin fatehi Don Juanı  təklif edib. Bu obraz isə aristokratik gəncliyin dünya görüşünün formalaşmasında önəmli bir rol oynayıb. Əgər Servantesin “Don Kixot”u öz Dulsineyası yolunda hər şeyə hazır bir eşqli cəngavərliyin rekviyemiydisə, Lope de Veqanın “Don Juan”ı  həyatda hər şeyin bazı olmağa çalışan yeni gənc aristokratiyanın mövcudluğunun “fatihəsi” oldu. Və başlandı. Bu başlanış bu günə qədər davam edir, çünki bugünkü gənclik də mahiyyətcə Don Juan havasındadır və buna görə bu personaja maraq heç vaxt azalmayacaq. Hind folklorunun Krişnası olduğu kimi, Avropa folklorunun da Don Juanı var və o Avropa təfəkkürünün gənc qafalarda oturuşmasında önəmli rol oynayır.

 

Əlbəttə, bu personajın Qərbə Şərqdən transfer olunduğu şübhəsizdir. O, əbəs yerə Avropanın İslam dünyası ilə çox əsrlik təmas nöqtəsində – İspaniyada doğulmayıb. Onu elə bil “Min bir gecə” nağıllarının içindən dartıb qopardıblar. Belə baxanda burada qəribə heç nə yoxdur. Çünki Qərb Şərqin Şərqində yerləşir. Biz bu gün Qərbə nə qədər heyranlıqla baxırıqsa, bir vaxtlar Qərb də Şərqə elə heyranlıqla baxırdı. Səlibçiləri təsvir edən XII əsr ərəb müəllifi Hüsamə ibn Munkız onları mədəniyyətdən uzaq, lakin savaş ruhu güclü olan insanlar kimi təsvir edir. İndi isə əhvalat dəyişib, çünki əhvalatlar Şərqdən  Qərbə, Qərbdənsə Şərqə köç edir və bu dövrə heç vaxt qapanmayacaq.

 

Elçin Hüseynbəylinin “On üçüncü həvari – 141-ci Don Juan” romanı da Şərq və Qərb arasında ədəbi köç edən əhvalatlardan biridir. Onun qəhrəmanı Səfəvilər dövründə Şah Abbasın göndərdiyi elçiliyin tərkibində İspaniyaya səfər edən və orada dinini dəyişib Don Juan ismini qəbul edən Səfəvi əsilzadəsi, Bayat tayfasından Don Juan de Persiya, yəni Persiyalı Don Juan kimi tanınan bu adam öz sərgüzəştlərini qələmə alıb və 1604-cü ildə, İspaniya krallığının o zamanki paytaxtı Valyadoliddə çap etdirib. Amma bu kitab yalnız 1926-cı ildə G.Le Streync tərəfindən ingilis dilinə çevriləndən sonra məşhurluq qazanıb. Bu kitab meydana çıxandan sonra bəlli oldu ki, Don Juan de Persiya adlı tarixi şəxsiyyət olub və o dinindən, məmləkətindən imtina etmiş əslən azərbaycanlı Oruc bəy Bayatdır. Özü də bu zat İspaniyada böyük məşhurluq qazanıb. Çünki kitabın sonunda onun şəninə yazılmış xeyli sonet var və onları, Don Juanı tanıyan ispan əsilzadələri yazıb. Sonetlərdən birinin müəllifi isə seqoviyalı donna Anna de Espinosa Ledesmadır.

 

Image result for On üçüncü həvari Don Juan

 

Yəqin ki, bizim Oruc bəy, məşhur Don Juanın prototipinin formalaşmasında hər hansı bir şəkildə iştirak edə bilərdi. Və Elçin Hüseynbəyli tarixi şəxsiyyət olan Don Juanla ədəbi qəhrəmanın sintezindən yeni bir Don Juan meydana çıxardı. Onun ədəbi qəhrəmanı yalnız XVI əsrin sakini deyil, o bu gün də yaşayır və yeni təcəlla etmiş Don Juan öz ilkin formasını axtara-axtara İrana və İspaniyaya səfər edir. Bu axtarışın fonunda isə keçmiş əhvalatlar bir ayrı şəkildə təzədən təkrar olunur. Çünki əhvalatlar köçəridir və onlar həmişə dövr edir, dövrə isə heç vaxt qapanmır. Ona görə XVI əsrlə XXI əsr arasında elə də ciddi fərq yoxdur, çünki keçən 400 il ərzində “donjuançılıq” deyilən bir məfhum  öz əhəmiyyətini itirməyib. Əksinə, hətta Amerika ədəbiyyatının yaratdığı yeni fantastik qəhrəmanların formalaşmasına da öz təsirini göstərib. Elçinin romanı keçmişlə bu günün sintezi şəklində yazılsa da, zənnimcə tarixi bir əsər kimi daha əhəmiyyətlidir. Çünki tarixi əsərlər Azərbaycan ədəbiyyatında ən zəif həlqələrdən biridir. M.S.Ordubadinin “Qılınc və qələm”indən və İsa Hüseynovun “Məhşər” romanından sonra bizdə elə də sanballı əsər yazılmayıb. Olsun ki, bu siyahıya Elçinin “Mahmud və Məryəm”ini də əlavə etmək olar. Bu isə çox azdır. Buna görə Azərbaycan dilində tarixi əsər yazmaq xeyli çətindir, çünki ənənənin olmamasından başqa, dilimizin bugünkü imkanları buna imkan vermir. Dil işləndikcə inkişafda olar, bizim isə onu uzun müddət işlətmək imkanımız olmayıb. Hər gün Azərbaycan dilinə dublyaj olunmuş filmlərə baxanda bu dil kasadlığını hiss etməyə bilmirsən. Xüsusən dil məsələləri ilə qeyri-peşəkarlar məşğul olanda.

 

Bu baxımdan Elçin Hüseynbəyli əsl peşəkardır və o yazdığı əsərin bədii həllindən başqa, dil və termin məsələsini də əsasən ustalıqla həll edə bilib. Termin məsələsi Avropa və İslam Şərqi saraylarının yaratdığı koloriti təsvir etmək üçün mühüm şərtdir. Bugünkü situasiyada Azərbaycan yazıçısı söz yaradıcılığı ilə, yəni yeni söz yaratmaq ilə məşğul olmağa məhkumdur. Zənnimcə, belə məsələlərdə Türkiyə ədəbiyyatından öyrənməli çox şeylər var.

 

Dostum Elçinin romanını oxuduqca buna bir daha əmin olursan. Əsərdə çağdaş dövrün təsvirində müəllif nə qədər çevikdirsə, keçmişin nəqlində o qədər ehtiyatlıdır. Hiss olunur ki, bir çox terminlər onun öz söz yaradıcılığının məhsuludur. Amma hələlik o da hamı kimi rus dilinin çoxillik mədəni təsirindən yaxasını qurtara bilmir. Məsələn, Anna Avstriyalı rus dilindən Anna Avstriskayanın kalka tərcüməsidir. Avropada isə ona Anna de Avstriya deyirlər. Bu qəbildən xeyli misallar göstərmək olar. Amma mənim məqsədim o deyil. Əsas məsələ odur ki, Elçin çox ziddiyyətli tarixi bir dövrü XXI əsrin süzgəcindən keçirərək, gözəl, koloritli bir şəkildə oxucuların mühakiməsinə verə bilib. Həmin dövrdə hakimiyyətdə olmuş Səfəvilər sülaləsi  Azərbaycanın taleyində mühüm rol oynayıb və on illərlə davam edən Səfəvi-Osmanlı qarşıdurmasının əsas mücadilə meydanı Azərbaycan olub. Bundan əlavə həmin dövr Səfəvi xanədanının ən qüdrətli vaxtına – birinci Şah Abbas zamanına təsadüf edir. Eyni zamanda, İspaniya krallığı da həmin vaxt öz şöhrətinin zirvəsində idi və Vest İndiadan axıb gələn altun və gümüş hesabına dəbdəbə və harınlıq içində üzürdü. Onların hər ikisini birləşdirən bir təmas nöqtəsi də vardı – Osmanlı əzəməti önündə duruş gətirmək istəyi. Məhz bu istəkdən doğan hadisələr Bayatlı Oruc bəyi İspaniyaya gətirir və o dinini dəyişib Don Juan olur. Müəllif bu dönüklüyü Oruc bəyin anasının xristian olması ilə izah etməyə çalışır. Amma məsələ onda deyil. Eyni dövrdə Osmanlı taxtında da slavyan qızı Roksolananın oğlu III Mehmet otururdu və din dəyişmək barədə düşünmürdü. Oruc bəy Bayat Şərqdən Qərbə köç edən yeni yaşam dövrünün həvarisi idi və buna görə də Don Juan oldu. O zamandan başlayan İvanlaşma prosesi isə hələ də davam edir. Çünki köç hələ ki, Qərb istiqamətində gedir.

 

Amma məsələ bununla bitmir. Elçin Hüseynbəyli dindəyişmənin (müvəqqəti də olsa) fəsadlarını da proqnozlaşdıra bilir və qəhrəmanının yad eldə keçirdiyi sıxıntıları qələmə alır. Donjuanlaşmış Oruc bəy Şah Abbasa məktub göndərərək, ölkənin xarici  siyasətinə yenidən baxmağın zamanı çatdığını deyir və osmanlılarla savaşın iki türk, müsəlman qövmünə ağır başa gələcəyini bəlirtləyir.  Elçin  Oruc bəyin dəyişməsini vətənə sevgi ilə bağlayır. Onun rəmzi həvariləşməsi də bu məqsədə xidmət edir. Yəni müəllif demək istəyir ki, vətənin şərəfi naminə  qınanılan addımları da atmaq olar.

 

Şübhəsiz, Elçin Hüseynbəylinin bu əsəri də dairəni qapatmır. Və o demək istəyir ki, Qərbə gedən köçün Şərqə bir dönüşü də olmalıdır…

 

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017