Zənciyəm mən, gecə kimi qarayam - Lenston Hyuzun şeirləri

 

Lenston Hyuz (1902-1967) Harlem Renessansı (afro-amerikan mədəniyyətinin 1920-1930-cü illərdəki çiçəklənmə dövrünə verilən ad, afro-amerikan yazıçı və rəssamlarının aparıcı olduqları mədəni hərəkat) dövrü şairlərindəndir. O dövr ki, “irqi qürur” hissi qaradərililəri rasizmə qarşı qaldırmışdı və onlar ağların mədəniyyətinə cavab olaraq öz Afrikan köklərinə bağlı mədəniyyətlərini üzə çıxarmağa başlamışdılar.

 

Lenston Hyuzun da bütün şeirlərində bu dövrün özünüdərk prosesi əks olunub. “Zənci” adlı şeirində Hyuz afro-amerikalıların tarixini, keçmiş sınaqlara, bəlalara necə dözdüklərini və indi də dözməkdə olduqlarını əks etdirib. Şair özünü işçi, qul, nəğməkar, qurban kimi təsvir edərkən əslində müxtəlif yerlərdə, müxtəlif insanların irqi ayrı-seçkilikdən necə əziyyət çəkdiyini təsvir edir, tarixi şəxslərin və yerlərin adını çəkməklə tarixdə qaradərililərin oynadığı böyük rolu diqqətə çatdırırdı.

 

Kulis.az Aytəkin Mirişovanın tərcüməsində Lenston Hyuzun şeirlərini təqdim edir.

 

 

Zənci

 

Zənciyəm mən

Gecə kimi qarayam

Afrikamın dərinlikləri kimi qara.

 

Kölə olmuşam mən

Sezar əmr etdi, evini təmizlədim,

Vaşinqtonun ayaqqabılarını boyadım.

 

İşçi olmuşam mən,

Əlimin altında qurulub piramidalar,

Vulvort binasının bünövrəsi.

 

Nəğməkar olmuşam mən,

Afrikadan Corciyaya qədər

Yaymışam qəmli nəğmələrimi

Və onların ritmini.

 

Qurban olmuşam mən,

Konqoda qollarımı qopardı belçikalılar,

Və hələ də Missisipidə əzilməkdəyəm.

 

Zənciyəm mən

Gecə kimi qarayam

Afrikamın dərinlikləri kimi qara.

 

 

Xəyallar

 

Xəyallardan möhkəm yapış

Əgər ölsə xəyallar

Qanadı qırıq quş olar həyat

Uçmaz.

 

Xəyallardan möhkəm yapış

Əgər bitsə xəyallar

Bəhrəsiz torpaq olar həyat

Donar.

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017