Elə sehr tapaq ki - ŞEİR

 

Kulis.az Qalib Bəhramın şeirlərini təqdim edir.

 

Bütün həftələr sənli

 

birinci gün, günəş doğsun,

yemləyək, pəncərəmizə

qonmuş tənha sərçələri.

 

ikinci gün,

xatirələr düşsün yada,

yorulmadan,

gəzək doğma küçələri.

 

üçüncü gün, kitablardan

baş qaldıra bilməyək.

elə bir sehr tapaq ki,

heç vaxt, heç vaxt ölməyək

 

dördüncü gün, qonaq gedək

gözləri yol çəkənlərə,

gülümsəyib salam verək

yolumuzdan ötənlərə.

 

beşinci gün, heç qalxmayaq

isti yatağımızdan,

səmaya sevgi göndərək

kiçik otağımızdan.

 

bütün günü əllərim

saçlarınla rəqs etsin,

dünya ki, bizim deyil

axı nəyimizə gərək,

kimlər gəlsin, kim getsin

 

şənbələri sərxoş olaq,

içib ucuz araqları.

bazarları yağış yağsın,

yusun bütün günahları

 

 

Qarağac meşəsində payız

 

(Abbas Kiarostaminin ölümünə)

 

Ağaca mişar dəydi,

Kəsildi budaqları.

Öpdü yer kürəsini,

Qarağac yarpaqları.

 

Bir ağac da azaldı,

Bəşəriyyətin yükü.

Havada rəqs elədi,

Sarı yarpaq, quş tükü.

 

Sonra da yağış yağdı,

Yudu quş günahların.

İnsanlar apardılar,

Kəsilmiş budaqları.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017