Tolstoy “Hərb və sülh”ü yazanda siqaretlə içkini niyə atdı?

Tolstoy “Hərb və sülh” yazanda siqaretlə içkini niyə atdı?

 

Tolstoylar nəslinin bütün nümayəndələri bədəncə sağlam olublar. Öz ömrünü müharibə və ya ölüm cəzası ilə başa vuranlardan başqa qalanları çox uzun və səmərəli həyat yaşayıblar. Lev Nikolayeviç məlum olduğu kimi xəstəxanada deyil, yolda ölmüşdü. Özü də 82 yaşında, indiki ölçülərlə götürsək kifayət qədər uzun ömürdür.

 

 

Qəhvədən də, ətdən də imtina

 

Tolstoy sağlam həyat tərzinin təbliği ilə bağlı da xeyli işlər görmüşdü. İçmir, çəkmirdi, ömrünün ortalarında qəhvədən, yaşlı vaxtı isə ətdən imtina etmişdi. Gimnastik hərəkətlər kompleksi işləyib hazırlamışdı. Onun tərtib etdiyi gimnastik hərəkətlər dövrü üçün qabaqcıl tapıntı idi, elə müasir dövrdə də kifayət qədər yararlıdır. Başqa sözlə Tolstoy sağlamlıq məsələlərində də nümunə sayıla bilərdi.

 

Bütün bunlara baxmayaraq əsas sual açıq qalır – Tolstoy belə sağlam həyat tərzinə necə gəlib çıxmışdı? Adətən deyirlər ki, sadaladığımız uğurlar aramsız mənəvi axtarış və düşüncələrin məhsuludur. Prinsipcə bu, doğrudur. Sadəcə bir şeyi dəqiqləşdirmək gərək: Lev Nikolayeviç ali ruhani dəyərlərdən çox sağ qalmaq kimi elementar şeylər haqqında düşünürdü. Çünki yumşaq desək, onun sağlamlığı yerində deyildi.

 

Bu da hərbi hospitalın artilleriya podporuçiki Lev Tolstoyun sağlamlıq vəziyyəti barədə verdiyi arayışdan çıxarış: “Ortaboylu olsa da, bədəncə arıqdır. Bir neçə dəfə ciyərlərinə soyuq dəydiyi üçün xəstələnib, əl və ayaqlarında revmatik ağrılar var. Həmçinin təngnəfəslik, öskürək, təşviş, xiffət, ürəkgetmə, quru, xışıltılı nəfəs alma ilə yanaşı güclü ürək döyüntülərinin olması da müəyyənləşib. Bunlardan başqa Krım qızdırmasından sonra onda yaranmış qara ciyər bərkiməsi nəticəsində iştahası zəifləyib, həzm prosesi düzgün getmir, mütəmadi qəbzlik yaranır, beyinə qan yığılması və başgicəllənmə müşahidə olunur. Rütubətli havada aşağı və yuxarı ətraflarında revmatik yel ağrıları olur.”

 

Qeyd edək ki, bu xəstənin şübhə və qorxularını rədd edən rəsmi sənəddir, onun fantaziyasının məhsulu deyil.

 

 

Lev Nikolayeviçin fantaziyası isə kifayət qədər dərin idi. Geniş yazıçı təxəyyülü kiçik bir sızanağı belə görünməmiş dərəcədə böyüdüb dərd eləməyə imkan verirdi. Götürək elə adi itdirsəyini. Xalq arasında ona heç önəm vermirlər, tüpürürsən gedir. Daha dəqiq desək qəfildən xəstənin gözünə tüpürmək lazımdır (başqa bir “dərmanı” da var, amma onu yazmırıq, özünüz bilirsiz nədir). Guya tüpürəndə itdirsəyi sağalır.

 

Bu üsul “xalqa yaxınlığı” ilə öyünən Tolstoyun işinə yaramırdı. Görün gündəliyində nə yazır: “Gözümə yepyekə itdirsəyi çıxıb. Elə əziyyət verir ki, hər şeydən məhrum olmuşam. Nə yeyə, nə də yata bilirəm. Görə bilmirəm, eşidə bilmirəm, nəyisə qoxlaya bilmirəm, bir az da səfehləmişəm.” O qədər böyük ustalıqla yazılıb ki, istər-istəməz xəstənin halına yanırsan. Ancaq görün bu naxoşluğa onun dostları, misal üçün dekabrist Mixail Puşin necə reaksiya verir: “Onun ağrımağı bizə ləzzət edir, əyləndirir, güldürür: bekara itdirsəyindən ötrü üç dəfə həkim dalınca adam göndərib”.

 

İngilis yazıçı Cerom K.Ceromun “Qayıqda üç nəfər, iti saymasaq” əsərində baş qəhrəman tibbi lüğəti oxumağa başlayır və oxuduqca orda adı keçən xəstəliklərin hər birini özündə aşkar edir, bircə zahı qızdırmasından başqa. Belə təəssürat yaranır ki, ingilis yazıçı rus ədəbiyyatının klassiki ilə yaxın tanış imiş: Tolstoyun tibbə münasibəti eynən bu şablon üzərində qurulmuşdu.

 

 

32 dişdən dördü

 

Buyurun, bu da hələ 30 yaşına çatmamış Lev Nikolayeviçin “əziyyət çəkdiyi” xəstəliklərin bəzilərinin siyahısı: Sancıyla müşayiət olunan qanlı ishal, səbəbi bilinməyən səpmə, örə xəstəliyi, mədə qıcqırması, ürək tutması, bel ağrıları, boğaz və qaraciyərdə eyni vaxtda ağrılar, quru və bəlğəmli öskürək, öyümə verən miqren, qasıqda ağrı və şişkinlik, zökəm, revmatizm, mədə pozğunluğu, damarların varikoz genişlənməsi, qotur və babasil. Hələ harasıdır? Tolstoy bu “xırda xəstəliklər”lə yanaşı ciddi-ciddi özündə vərəm, epilepsiya, sifilis, mədə xorası və nəhayət beyin xərçənginin əlamətlərini axtarırdı.

 

Aydındır ki, hər dəfə bu cür bəhanələrə görə həkim çağırılırdı. Orası da aydındır ki, həmin həkimlər yuxarıda adları sadalanan xəstəliklərin heç birini onda tapmadıqları üçün fırıldaqçı elan olunurdular: “Cahillər, boşboğazlar, başları heç nədən çıxmır, heç bir xeyirləri yoxdu, başdan-ayağa yalançıdırlar.”

 

Ən gülməlisi odur ki, bu sadalanan və sadalanmayan naxoşluqlardan biri onda həqiqətən var idi. Karies və parodontoz sürətlə inkişaf edirdi. Hələ 22 yaşı olanda gündəliyində ilk dəfə belə qeyd yazmışdı: “Yenə dişlərimi soyuğa vermişəm, flüs (xəstə dişin ətinin iltihabı) çoxalıb, buna görə də yata bilmirəm, bütün günü dişlərim ağrıyıb.” Yaxın 11 ildə yazıçının gündəliyinin leytmotivini bu fikirlər təşkil edəcəkdi.

 

 

Məsələ burasındadır ki, bu real, nəzərəçarpan, əzablı problem nədənsə diqqətdən kənar qalmışdı. Tolstoy dantistlərin tibbi yardımından qəti surətdə imtina edirdi. Dişləri isə ağrımaqda və düşməkdə davam edirdi. Bu, yazıçının Londona səfər etdiyi 1861-ci ilə qədər davam etdi. Yazıçının orada qaldığı ay yarım müddətinə problem öz-özünə həll oldu. Tolstoy bu haqqında yazır: “Dişlərim sındı”. Bu o demək idi ki, onun ağzındakı 32 dişdən cəmi dördü salamat qalmışdı. Belə ağızla yaşamağın çətinliyini anlamaq üçün həkim olmağa ehtiyac yoxdu. Yaxınları Tolstoya məsləhət görürdülər ki, “saxta” diş qoydursun. Əbəs yerə. Tolstoy ömrünün sonuna qədər ağzındakı dörd dişlə yaşadı.

 

Qəribə də olsa, bu fenomenə hardasa ağıllı izahat tapmaq mümkündür. Təqribən həmin dövrdə dünyanın başqa böyük yazıçısı da oxşar problem yaşayırdı. Bu Hans Kristian Anderson idi. Özü də deyəsən Tolstoya baxanda onun dişləri daha pis ağrıyırdı. Onun ağzında da karies, parodontaz kimi problemlər vardı, dişləri dəhşətli ağrılar verirdi. Bununla belə Anderson düşünürdü ki, ona ilham verən elə bu ağrılardır, ağrılar sayəsində belə dahiyanə əsərlər yazır. Anderson bu fikrə o qədər inanırdı ki, sonuncu dişi düşəndən sonra yazmaq bacarığını tamamilə itirdi.

 

“Andersonun əhvalatı” bütün Avropa qəzetlərində tirajlanırdı. Lev Nikolayeviç də bu kədərli hadisə barədə kifayət qədər məlumatlı idi. Məşhur nağılçının taleyini təkrarlamaq istəmirdi. Buna görə də “saxta” dişlərdən imtina edirdi, ona elə gəlirdi ki, bu dişlərin gətirəcəyi ilham da saxta olacaq.

 

 

Şedevrin doğuluşu

 

Qəribədir ki, bu ona kömək etdi. Lev Nikolayeviç 1860-cı illərin əvvəllərində həyatının ən önəmli əsəri olan “Hərb və sülh” roman-epopeyası üzərində çalışırdı. Əsərin yazı prosesi növbəti dəfə ləngiyir, Tolstoy əsərin davamını yaza bilmir. Bir yandan da diş ağrıları şiddətlənir. Ağrılar o qədər güclənir ki, Tolstoy ilk dəfə həkimlərin dediyinə əməl etməli olur. O, əksər xəstəliklərin çox yeməkdən qaynaqlandığını nəzərə alaraq özünə qarşı kəskin qaydalar qoyur.

 

Ağzındakı salamat dişlərini qorumaq naminə o ətdən imtina edir, sürtgəcdən keçirilmiş yeməklər yeyir, yalnız sup, sıyıq və kisellə qidalanır: “Yemək barəsində özümü tamam saxlayıram. Şam yeməyim çox sadədir. Səhər yeməyində ancaq yulaf sıyığı yeyirəm.” Hətta bu da ona az görünür: “Şam yeməklərini ötürürəm. Ciddi pəhrizə qayıtmışam. Hər gün yaş dəsmalla silinirəm.”

 

Bu pəhrizə əməl edəndən iki həftə sonra roman “ölü nöqtə”dən tərpənir. Yazıçı isə özünün ümumi vəziyyəti barədə ilk dəfə belə yazır: “Düşüncələrim aşıb-daşır. Gümraham, şənəm, başım aydındı, gün ərzində beş-altı saat işləyirəm. Bu təsadüfdü, ya yox?”

 

 

Sualdan da hiss olunur ki, Tolstoy bunun təsadüf olmadığını düşünürmüş. Məhz “Hərb və sülh” üzərində çalışdığı zaman o, içkini, siqareti atır, qəhvədən imtina edir. Bunlardan başqa öz gigiyenasına da diqqət etməyə başlayır. Baxaq görək bunlar barəsində yoldaşı Sofiya Andreyevna Tolstaya nə deyirdi: “Lev Nikolayeviç fiziki sağlamlığının qayğısına çox qalırdı. Gimnastika ilə məşğul olur, gir qaldırır, həzm məsələlərinə diqqət edir, açıq havada çox vaxt keçirməyə çalışırdı. Ən başlıcası isə yuxusunun qeydinə qalırdı və gün ərzində kifayət qədər yatmağa çalışırdı.” Sonuncu cümlə xüsusilə qiymətlidir. Kimin tərəfindən deyildiyi bilinməsə də belə bir fikir yayılıb ki, guya Tolstoy gün ərzində cəm 4 saat yuxu yatırmış və bununla belə özünü gümrah hiss edirmiş. Yazıçının böyük oğlu Sergey Lvoviç atasının gün bölgüsü barədə başqa şey deyirdi: “O, gecə birdə yatmağa gedir, səhər doqquza qalmış yuxudan durardı.” Belə çıxır ki, Tolstoyun yatmağına 7-8 saat vaxt sərf olunurmuş. Müasir mütəxəssislər də gün ərzində bu qədər yatmağı məsləhət görürlər.

 

Tolstoyu nahaq yerə unikal yazıçı adlandırmırlar. Ancaq o, insan kimi də unikal idi. Onun vasvasılıq və stomatoloji xurafatdan başlayıb ağıllı və sağlam həyat tərzi ilə yekunlaşan ömrü insanı heç də əsərlərindən az təəccübləndirmir. 

 

 

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
25 İyun 2017