Məktub gözləyirəm xatirələrdən - TALEH HƏMİD-65

Bu gün şair, publisist və jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Taleh Həmidin anadan olmasından 65 il ötür.

 

Taleh Həmid 1952-ci il iyunun 19-da Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə ordu sıralarında xidmət edib, 1974-1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlayıb. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıb. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

 

1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. 1985-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilib, 1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, onun kənarlarında da işıq üzü görüb.

 

Bir sıra mətbu orqanlarda - “Ulduz” jurnalında şöbə müdiri (1979-1989), “Yeni fikir” qəzetində baş redaktor (1989-1992), “Müstəqil qəzet”in təsisçisi və baş redaktoru (1992-2005) vəzifələrində işləyib. 2005-2015-ci illərdə Regionların İnkişafı İctimai Birliyinin sədr müavini olub.

 

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. 2012-ci ilin noyabrında “VI Uluslararası Çanaqqala şeir axşamları” festivalında Azərbaycan poeziyasını təmsil edib. 2015-ci ildə Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya  qoyulub.

 

Taleh Həmid 1 noyabr 2016-cı ildə 64 yaşında vəfat edib və doğulduğu kənddə torpağa tapşırılıb.

 

DƏNİZ KƏNARINDA BAYRAQ YELLƏNİR

 

Dəniz kənarında bayraq yellənir,
Coşur damarımda kükrəyən qanım.
Göy, yaşıl, qırmızı - ümman sellənir,
Yaşa, ey Vətənim, Azərbaycanım!

 

Min ildi səninçün qanlar vermişik, 
Azğın düşmənlərə gərmişik sinə.
Biz səndən ötəri canlar vermişik,
Biz Məcnun olmuşuq sənin eşqinə.

 

Damarımın qanı, alnımın təri, 
Sən yerin işığı, göyün işığı.
Arzum, diləyimsən əzəldən bəri,
Ey mənim bayrağım, günəşə şığı!

 

Səninlə yurduma bahar, yaz gəldi,
Elə ki, quş kimi qalxdın havaya.
Uğrunda can verən ruhlar dincəldi,
Min alqış deyirəm müqəddəs paya.

 

Nə niyyətlə gəldi gələn yağılar,
Sonuncu düşmənim ölürmü, görən?
Ey Vətən, sinəndə ölən yağılar,
Vətən nə deməkdi, bilirmi görən?

 

Riqqətə gətirir bütün dünyanı,
Cahana yayılır işığı, nuru.
Bayraq şəhidlərin tökülən qanı,
Bayraq - nəsillərin sınmaz qüruru!

 

Dəniz kənarında bayraq yellənir, 
O, mənim eşqimin məbədi olsun.
Göy, yaşıl, qırmızı ümman sellənir,
Deyirəm ey Tanrım, əbədi olsun!

 

 

CƏLALIM OL, CƏLALIM

 

Oğluma vəsiyyətnamə

 

Həyat şirin, ömür gözəl əzəldən, 
Bil qədrini ötüb keçən hər anın.
Yorulma arzudan, işdən, əməldən, 
Tut nəbzini bəri başdan dünyanın.

 

Dost seçəndə tələsməynən, yaxşı bax, 
Çətin gündə, bərk ayaqda hay olsun.
Həyat qurub, yar seçəndə sən sabah,
Elə yar seç əsli-zatı qoy olsun.

 

Dünya mərdlik dünyasıdı, bilginən,
Ağac əkən öz barını görəcək.
Ağlayanın göz yaşını silginən,
Tanrı bir gün əvəzini verəcək.

 

Nanəcibdən uzaq dolan, uzaq qaç,
Nadürüstün günahı var, bilginən.
Çörəkli ol, saxa göstər, süfrə aç,
Belə işin savabı var, bilginən.

 

Məclislərdə yaxşı otur, yaxşı dur,
Bərəkallah, var-dövlətdən yaxşıdı.
Dönə-dönə mən görmüşəm, ay oğul,
Alın təri xəcalətdən yaxşıdı.

 

Yerində de, şirin eylə sözünü,
Söz yarası ürəklərə xəncərdi.
Əməlinlə uca eylə özünü, 
Yaxşı əməl gün gələr ki, səngərdi.

 

Ata yurdda ocaq yandır, sönməsin.
Mən qıymaram yollarında qar ola.
Heç vaxt üzün el-obadan dönməsin,
Eli sevən, ellər ilə var ola.

 

Bilirəm ki, qoca dünya gididi,
Çətin gündə hər dərdini mən alım.
Sən atanın, sən ananın ümidi,
Elə eylə, cəlalım ol, Cəlalım!

 

ANAMIN NƏ KÖVRƏK MƏZAR DAŞI VAR

 

Yanına gələndə həsrətim sönür,

Ocağa çevrilir, alova dönür,

İçim pöyşələnir, əlim isinir,

Anamın nə isti məzar daşı var!

 

Dinir, xəbər alır hər əhvalımı,

Kim daş çağırıbdı, bu daş zalımı?

İsladır quruyan yanaqlarımı,

Ay Allah, daşın da öz göz yaşı var!

 

Önündə varlığım çəkilir dara,

Bələnir yağışa, üz sürtür qara,

Ünvan göstərirəm qəlbidaşlara,

Anamın nə kövrək məzar daşı var!

 

MƏKTUB GÖZLƏYİRƏM


Məktub gözləyirəm, gözlərim yolda,
Deyəsən, hardasa bir ananım var.
Mən tənha qalmıram tənhalıqda da, 
Bəlkə bu halıma bir yananım var.


Məktub gözləyirəm xatirələrdən, 
Dönüb bircə dəfə qapımı döysün.
Kimdənsə mən məktub umuram hərdən,
Ya yaxşı söz yazsın, ya da ki söysün.


Ömrü əbəs yerə yaşamayırıq,
Hardasa yaxşıyıq, hardasa da pis.
Həmişə bir kökdə olammayırıq,
Yaşamaq olmayır səssiz, səmirsiz.


Məktub gözləyirəm ilk məhəbbətdən,
Qatsın körpəsinin təbəssümünə.
Çatdırsın dostların yanında da mən
Üz tutub təklikdən qaçdığım günə.

 

GÖLDƏ SƏHƏR

 

Xəyal məni yenə çəkib aparır,
Sular kükrəyirlər, sular daşırlar.
Nə söhbət qurtarır, nə söz qurtarır,
Ləpələr nə şirin pıçıldaşırlar.

 

Gölə səpildikcə qızıl şəfəqlər,
Qızılı rəng alır ağ qağayılar.
Burda uşaq kimi doğulur səhər,
Burda səhərlərin öz anası var.

 

Yarır buludları zərif üfüqlər,
Qızıl tarla kimi qızarır sular.
Necə mehribandı hər gələn səhər,
Üzü təbəssümlü, gözü gülümsər.

 

Bu şıltaq dalğalar özünü yorub,
Qaçıb sahillərdə dincələcəkdi.
Bir zülmət gecənin bətnindən doğub,
Ən şirin, ən kövrək gün güləcəkdi...

 

GƏNCLİYİMİ YADA SALDIM

 

Bu gün yenə gəncliyimi yada saldım,
Qaranquştək uçub gedən
O günləri, o illəri xatırladım.
Uzaqlara uçub gedən
Durnaların karvanında
Xəyal məni necə çəkdi
Buludlardan-buludlara.
Üz qoymadım, baş vurmadım
Haralara?
Dağlar aşdım, yollar keçdim,
Yağış kimi səpələndim
Çöl-çəmənin sinəsinə.
Durub heyran kəsildim mən
Torağaylar nəğməsinə.
Arıların öpüşündən
Çiçəkləri xumar gördüm,
Bulaqları coşar gördüm,
Qaynar gördüm,
Buludları göy üzündə
Oynar gördüm.
Zirvələrdə çəkildikcə
Şimşəklərin çaxmağı,
Taya-taya buludlara od düşürdü.
Dağda təkə, çayda
Balıq hürküşürdü.
Nə vardısa, özünə
Bir sevgili seçirdi.
Təbiətin canından
Cavanlığı keçirdi...

 

MƏN BIR ÇİNARAM

 

Mən bir çinaram - uca bir çinar,
Torpaqdan su içir qolum, budağım.
Dostlarım solmayan yarpağımdılar,
Qoynum quşlar üçün - yaşıl otağım.

 

Mən bir çəmənəm - gülüm, çiçəyim
Nə xəzan tanıyır, nə payız bilir.
Çiçəklər gözümdür, otlar köynəyim,
Başımdan dumanlar, çənlər çəkilir.

 

Mən bir bulağam - dumduru suyum
Sonsuz arzulartək çağlayıb axır.
Gecələr güzgüyəm ay işığına,
Ulduzlar şəklinə gözümdə baxır.


Mən bir axar çayam - şıltaq dağ çayı,
Daşlardan-daşlara dəyib axıram.
Uca zirvələrdən enib aşağı,
Başımı torpağa əyib axıram.

 

Mən bir cığıram dağ yamacında,
Dərəni zirvəyə çatmaq istərəm.
Bütün cığırları yığıb dövrəmə,
Hüdudsuz yollara qatmaq istərəm.

 

Mən bir insanam - eşqim, diləyim,
Şeirlə, nəğməylə açılıb dilim.
İnsandan aldığım yaxşılıqları
Vaxt verin, insana qaytara bilim.

 

GÖRƏRSƏN YOXAM

 

Özüm də bilmirəm, axı nədəndi,
Küsəyən olmuşam, kövrək olmuşam,
Xəyallar başımda dumandı, çəndi,
Dönüb bədən boyda ürək olmuşam.

 

Sənsiz il bilirəm hər dəqiqəni,
Gözümdən yaşı da silə bilmirəm.
Daha həsrətinə yandırma məni,
Gəlmirsən, sakitcə ölə bilmirəm.

Mən bir günəbaxan - günə sarıyam,
Qaytar o bahara - çağıma məni.
Deyirdin çinartək çox vüqarlıyam,
Qoymaynan içimdən sınmağa məni.

 

Çox da ki, nəğmələr düşmür dilimdən,
Qarşıda nələr var, axı nə bilim,
Elə əl gəzirəm tutsun əlimdən,
Elə dağ gəzirəm söykənə bilim.

 

Zaman ötüşübdü, vaxt o vaxt deyil,
Daşlardan-daşlara gəl çaxma məni.
Adım aldatmasın, baxt o baxt deyil,
Tale ümidinə buraxma məni.

 

Qoyma nəzərindən, gözündən məni,
Səbir də qalmayıb dalınca baxam.
Apar gözlərində, apar, sən məni,
Gedərsən, gələrsən, görərsən yoxam...

 

PAYIZLAR, SALAM

 

Salam, sarı payız, xəzəllər salam,

Bir güllü yazı da belə itirdik.

Salam, sarı saçlı gözəllər salam,

Bahardan payıza nəyi itirdik.

 

Uçan illərimə bir il də hördüm,

Küləklər daramır daha telimi.

Bir qızın əlində üşüyən gördüm,

Payız çiçəyini ürəyim kimi.

 

Geriyə qayıtmır bu cığır, bu yol,

Çətin bu güneydə üz tutub qalam.

Sağ ol, güllü yazlar, baharlar, sağ ol,

Salam, xoş gəldiniz, payızlar salam.

 

MƏN ELƏ BİLİRDİM QOCALMAYACAM

 

Düşünürdüm illər geri dönəcək,
Gənclik ulduz kimi göydən enəcək,
Nə alov sönəcək, nə od sönəcək,
Mən elə bilirdim qocalmayacam.

 

Könlümdə bir dəli eşqin həvəsi,
Dilimdə məhəbbət, sevgi nəğməsi,
Demə, yol gedirmiş vaxtın dəvəsi,
Mən elə bilirdim qocalmayacam.

 

Dostlar inciyirlər - görüşməyirəm,
Yaxşını, yamanı bölüşməyirəm,
Könüllər incidib, qəlbə dəyirəm,
Mən elə bilirdim qocalmayacam.

 

Qəfil xəşəm oldu sünbüllü zəmim,
Başımdan çəkilmir kədərim, qəmim,
Uşaqlıq dostlarım, gənclik həmdəmim,
Mən elə bilirdim qocalmayacam.

 

Köç etdi qardaşım, köç etdi bacım,
Bir əldən tutana qalıb əlacım,
Nələr pıçıldamır ağaran saçım -
Mən elə bilirdim qocalmayacam.

 

Ömür bir gizlicə pərvəriş etdi,
Taleh, cavanlığı qaçırdın getdi,
Dövrənə işıqlar saçırdın, getdi,
Sən elə bilirdin qocalmayacan?

 

BİR DƏ YAĞMAYACAQ BU YAĞIŞ BELƏ

 

Bu qəfil başlayan payız yağışı.

Yubatdı hardasa tələsən qışı,

Damlası ömrümün minrəng naxışı,

Nə yaxşı səpildi çəmənə, çölə

Bir də yağmayacaq bu yağış belə.

 

Bu keçən payızda, gedən payızda,

Bəlkə bu yağışdır yoxum, varım da,

Səsi nəğmə oldu qulaqlarımda

Damlalar hardasa döndülər selə,

Bir də yağmayacaq bu yağış belə.

 

Harda arzulayıb, harda görüşdük,

Kövrək buludların bəhsinə düşdük

Əlvida deməyək, bəlkə görüşdük,

Vallah düşməyəcək bu fürsət ələ,

Bir də yağmayacaq bu yağış belə.

 

Yazıldı bir ilə bir günün adi,

Ömrümüz beləcə bir gün yaşadı,

Hara tələsirik, ağzı qışadı,

Bu gurşad damlalar qoy yağsın hələ,

Bir də yağmayacaq bu yağış belə.

 

GƏLMƏYƏCƏYİK

 

Ulduzu göylərdən enən görmüşük,

Yanan ocaqları sönən görmüşük,

Biz hansı gedəni dönən görmüşük? -

Bir də bu dünyaya gəlməyəcəyik.

 

Ağın ağ rəngi var, qaranın qara,

Əbəs aldatmasın şirin xülyalar.

Gözlər dikilməsin sonsuz yollara,

Hər şeyin əvvəli, bir də sonu var.

Birin bir təkrarı, onun onu var,

Bir də bu dünyaya gəlməyəcəyik.

 

Eşqin alovunda biz kül olarıq,

Ömrün sehirində bir gül olarıq,

Deyirik, gülürük, nə qədər varıq,

Onsuz da yoxluğun üzü qaradı,

Bir də bu dünyaya gəlməyəcəyik.

 

NƏ YAXŞI ŞAİR YARANDIM

 

Qızındım ömrün fəsillərinə,

İçimdə sönsəm də, içimdə yandım.

Sənə minnətdaram, qismətim, sənə,

Nə yaxşı dünyada şair yarandım!

 

Arzu eləmədim büllur sarayı,

Kimsənin yığdığı sona qalmayıb.

Şairlik Tanrının vergisi, payı,

Şairlər sevgidən şair olmayıb.

 

Uğursuz sevgilər kimə nə verdi

Ömrə kədərdən, qəmdən savayı?

Hər günüm duyğulu, qayğılı keçdi,

Demirəm illərim uçdu havayı.

 

Əkdim sətir-sətir yazdığım anda,

Əkinçi torpağa tum əkən kimi.

Arılar çiçəkdə bal axtaranda,

Mən də dərd axtardım su çəkən kimi.

 

Qəmi qəm içində bələmək olur,

Ehtiyac əlimi min dəfə sıxdı.

Gələn gələcəkdi, neyləmək olur? –

Qismətim qarşıma bu donda çıxdı.

 

Ürəyim kökləndi xoş duyğularla,

Mənim söz bağıma gülşən dedilər.

Nadanlar sözümü qanmasalar da,

Ariflər sözümə “Əhsən!” dedilər.

 

Döndü yuxulara, döndü ömür-gün,

Canın ağrısını can özü bilər.

Gördülər yanıram el-oba üçün,

Şair olan gərək yana dedilər.

 

Alovum başımda, tüstüm içimdə,

Ömür etdim doğmalar, yadlar içində.

Demirəm yaşadım zülüm içində,

Deyirəm əridim odlar içində...

 

ÖMRÜ BİTİRDİM

 

Adını, ünvanını,

Yerini-yurdunu bilmədiyim gözəl,

Qəfildən nə şirin qəhqəhə çəkdin.

Köksüm qubarlandı,

İtirdiyim gülüşləri

Qaytardın mənə.

 

Düz bir ömürdü gəzirəm o gülüşləri,

Onu harda itirmişdim, bilmirəm.

Küləklər qanadında,

Quşlar dimdiyindəmi

Gətirdi, bilmirəm...

 

Sən güldün, mən sevindim,

Gəldin, itirdiyimi  tapdım,

Getdin - tapdığımı itirdim...

Bir gülüşü gəzə-gəzə,

Düz bir ömrü bitirdim.

 

DOLANIRIQ BİZ

 

Saat əqrəbində ötür ömür, gün,

Saat dairəsində fırlanırıq biz.

Bizi fırlatsa da bu Yer kürəsi,

Yerin də başına dolanırıq biz.

 

O dərin dəryaya nahaq daş atdıq,

Çox da öyünməyək - qurduq, yaratdıq.

Biz hardan gəlirdik, haraya çatdıq? -

Allah ümidinə dolanırıq biz.

 

İlişib qalırıq haqda-nahaqda,

Yerimiz hardadır? - Başda-ayaqda,

Okeanlar, dəryalar durulaşmaqda,

Hələ təzə-təzə bulanırıq biz?

 

Ömür dediyimiz bu qeylü-qalda

Axır bir sevdadı, əzəl bir sevda.

Bir gün kül olacaq görəsən o da,

Nahaqdan odlara qalanırıq biz.

 

ANA YAŞIYAR

 

Ömrü pərvanəyə eyni yaşıyar,

Övladla ürəyi, beyni yaşıyar,

Yerin çəkisini öz oxundan çox

Bəlkə bir həsrətli ana daşıyar.

 

Sinirməz haqqını bir kimsə dansa,

Dünya od tutmazmı bir ana yansa?!

Könlü parçalansa, ürəyi sınsa,

Sağalmaz yarası, onu qaşıyar.

 

Bizi bu dünyaya gətirən ana,

Ucaldıb, böyüdüb, yetirən ana,

Mən gördüm övladın itirən ana –

Ömrü necə yana-yana yaşıyar!

 

Taleh, analardı əbədi ilqar,

Öldü deməynən, sən varsan, o var.

Köksünün altında sonsuz məhəbbət,

Dilinin ucunda ana yaşıyar.

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017