Onlar yayda bu kitabları oxuyacaqlar - SORĞU

Yay gəlir. Hamı tətilə çıxır, istirahətə gedir. Bəs tətildə hansı kitablar oxunacaq? Yazıçılarımız yay tətilinə hansı kitablarla gedəcək?

 

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

 

 

Səfər Alışarlı

 

 

Tətil məsələsi mənim üçün bir qədər şərti olsa da, fikirləşirəm ki, əsasən öz əlyazmalarım üzərində işi davam etdirəcəm. Oxumağa, əlbəttə, babat bir kitab lazımdı. Onu gərək axtaram.

 

 

Nəriman Əbdürrəhmanlı

 

 

Nə vaxtdır ki, Cəmil Mericin "Bu ölkə", Rollan Seysenbayevin "Gecə səsləri", Anatoli Kimin "Cənnət sevincləri”, Aslan Quliyevin "İsti və soyuq torpaqlarda" kitablarını əlimin altında saxlayıram ki, fürsət tapan kimi oxuyum. Məzuniyyətimin yarısını səfərlərə sərf eləmişəm, qalan yarısında da o kitabları oxumaq istəyirəm. Gördüyünüz kimi, siyahımda Avropa yazıçılarının əsərləri yoxdu, çünki səviyyəli ədəbiyyat təkcə Avropada yaranmır.

 

 

Elçin Hüseynbəyli

 

 

Yay tətilinə getməyəcəm. Həmişəki kimi, hara istəsəm gəzməyə gedəcəm. Gəzəndə isə kitab oxumuram. İstədiyim kitabları evdə oxuyuram. İndilikdə oxumaq istədiyim xüsusi kitab yoxdur. Mirzə Cəlilin hekayələr kitabı həmişəki kimi stolumun üstündədir. Darıxanda varaqlayıram.

 

 

Etimad Başkeçid

 

 

Məzuniyyət zamanı əsasən yollarda oluram, kitab oxumaq həvəsi, hardasa, heç qalmır. Avtobusda, qatarda nə oxudunsa, odur. Belə isə ötən ildən Türkiyədən bir kitab gətirmişəm – C.Kutzeenin «Astagəl adam» adlı kitabı. Rus dilindədir, orada bir universitet müəllimi bağışlayıb. Elə-belə vərəqləmişəm, düz-əməlli oxumaq imkanım olmayıb. Vaxt olsa, onu götürüb oxuyacağam.

 

 

Aqşin Yenisey

 

 

Mən o qədər təmin olunmuş həyat yaşamıram ki, yay tətili və tətildə oxuyacağım kitablar haqqında əvvəlcədən planlar qurum. Mənim həyatım da, mütaliəm də xalqımızın təbirincə desək, “Allah verəndən” prinsipinə bağlıdır.

 

 

Mehriban Vəzir

 

 

Yay tətilinə kitabsız gedəcəm. Tətilimi nəvələrimə həsr edəcəm. Söz vermişəm bir sətir belə oxuyub-yazmayacam. Bir saatlıq belə kompüteri açmayacam. Alınacağına əmin deyiləm. Amma çalışacam. “11 ay kitabla, bir ay kitabsız” şüarı ilə keçirmək fikrindəyəm tətilimi.

 

 

Narıngül

 

 

Yay tətili yəqin ki, işdən məzuniyyəti nəzərdə tutursunuz. Avqust ayında məzuniyyət götürüb səfərə çıxmaq fikrim var. Əgər maliyyə cəhətdən imkan olsa, 4-5 günlük ölkə xaricinə getmək istəyirəm. Qalan zamanı isə yəqin ki, evdə, yaxud da öz rayonum Oğuzda olacağam. Rayona gedəndə yenə adətim üzrə özümlə kitab götürəcəyəm. Həm də bu kitablar nəsr kitabı olacaq. Əli Bəy Azərinin tərtibatçılığı ilə yenicə çapdan çıxmış “25 Yazıçının Hekayələri”, Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” kitabları, bir də “Azərbaycan” və “Ulduz” jurnallarının oxumadığım bir neçə nömrəsi yanımda olacaq.

 

 

Rəbiqə Nazimqızı

 

 

Müasir yazarlarımız var bu siyahıda - Kənan Hacı, Fərhad Amur, Qismətin yenicə tərcümə etdiyi “Rus ədəbiyyatından mühazirələr” kitabı, dünya ədəbiyyatından Paviçin “İstanbulda son məhəbbəti”. Alıb yığdığım xeyli əcnəbi müəllif də var ki, oxumağa imkan tapmamışam. Amma elə Paviçi İstanbulda, Boğazda oxumaq kimi arzum var bu yay üçün. Qismət olsa... Şeir kitablarını demirəm, onları vərəqləməyə həmişə vaxt tapıram.

 

 

Cəlil Cavanşir

 

 

Adətən tətilə getmirəm. Bu il də elə bir şansım olacağını düşünmürəm. Ona görə də getməyəcəyim tətilə xüsusi hazırlaşmıram. Bu yayı tərcümə edəcəyim və redaktəsi ilə məşğul olduğum kitablarla keçirəcəyəm. Xüsusi olaraq oxumaq istədiyim bir neçə kitab da var. Qismətin tərcüməsində Nobokovun "Rus ədəbiyyatından mühazirələr"ini, 2017-ci ildə çap olunmuş yerli müəlliflərin əsərlərini oxumaq arzusundayam.

 

 

Qismət

 

 

Salman Rüşdünün son romanı "İki il səkkiz ay iyirmi səkkiz gecə"ni, Alec Marşın "Ezra Paund" bioqrafiyasını, Mo Yanın seçmə hekayələrini oxuyacam.

 

 

Sevinc Elsevər

 

 

Ev doludu kitabla. Hansı olsa. Hazırda Herman Hessenin “Knulp”, Corc Oruelun “Kataloniyaya məhəbbətlə” sənədli romanını oxuyuram. Keçən yaydan oxuduğum, hələ bitirə bilmədiyim kitablar var. Uilyam Miller: “Senaryo Yazımı”, Susan J. Napyerin “Anime” kitabları. Bunlardan başqa bir neçə kitab da var ixtisasımla bağlı. Bu yay ümumiyyətlə, dissertasiyamı tamamlamaq niyyətindəyəm. Keçən yay nə yazmışdımsa, yazmışdım, yarımçıq qalmışdı. Bu yay daha ciddi işləməyi düşünürəm. İmkan qalsa, bədii ədəbiyyat da oxuyacam.

 

 

Aqşin Evrən

 

 

Yayda 2-3 ölkəyə getmək planım var. Həmin ölkədəki oxucular "Mənfi sənsiz dərəcə" kitabımı istəyiblər deyə, məcbur onları - kitabları da aparmalıyam. Amma istirahət müddətində hər hansı kitab oxumayacağam. Zatən il boyu intellektual istirahətlə məşğul oluruq deyə, tətili çox üzdən, səthi yaşamaq istəyirəm.

 

 

İradə Musayeva

 

 

Məzuniyyətimi əvvəlcədən xərcləmişəm əslində. Yayda ola bilsin ki, elə Bakıda oldum. Amma bu müddət ərzində çoxlu kitab oxumalıyam. Həmin kitabları stolumun üstündə 3 qrupa bölmüşəm. Tənqidçilərin mütaliəsi ilə yazıçıların, azad oxucuların mütaliəsini qarışdırmaq olmaz. Biz bir az “könülsüz oxucu”, “məcburi mütaliə əsirləri” kimi bir sıxıntını da yaşamalı oluruq çox zaman. Məsələn, istədin-istəmədin yeni çıxan və hay-küylə üstünə gələn bəzi kitabları “yerində oturtmaq” üçün də oxumalı olursan, səndən səmimi diləklə rəy, fikir, tənqidi münasibət  istəyən müəlliflərin kitabını da və s.

 

Bir sırada həmin kitabları yığmışam. Və onlara əzab kimi baxıram. Bunlar daha çoxdur... oxumamış adlarını deyə bilmərəm...

 

O biri sırada elmi məqalələr üçün, tədqiqat məqsədi ilə seçdiyim kitabları qoymuşam. Ədəbiyyatşünaslıqla bağlı məqalələr toplusu və s. əlaqədar vəsaitlər...

 

3-cü sırada sevə-sevə oxuyacağım kitablardır. 1. Coysun türk dilində çıxan 860 səhifəlik “Uliss”i, “Fikir və əməl böyüklərimiz” kitabı (C.Əfqanidən, Ə.Topçubaşovdan, Ə.Hüseynzadədən, Ə.Ağaoğlundan,  M.Ə.Rəsulzadədən, Ü.Hacıbəyli və başqa bu cür mütəfəkkirlərin həyat və yaradıcılığından bəhs edir), K.Hamsunun, C.D.Selincerin əsərlərini, İ.Qaspirallı haqqında printerdən çıxardığım materiallar və s.

 

Məncə bu bir yay üçün böyük zəhmətkeşlik və fədakarlıq olar. Əgər hamısını oxuya bilsəm...

 

 

Aysel Əlizadə

 

 

Türkiyədəyəm. Kobe Abenin bir kitabını almışam, “Qumsallıqdakı qadın” romanı. Onu oxumağa başlayacam. Başqa planım yoxdur. Qabağıma hansı kitab çıxacaq onu da oxuyacam.

 

 

İman Usuboğlu

 

 

“Buri”, “Çətirsiz”, “100 ilin tənhalığı”... Şərifin son romanını da alacam.

 

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
25 İyun 2017