Vurğun Əyyub “Şəkil” hekayəsindən yazdı - TƏHLİL

“Babamı mən kor eləmişdim.”  Şərif Ağayarın “Şəkil” hekayəsi cəmi dörd sözdən ibarət, özünü ittiham havalı bu cümlə ilə başlayır... və hekayənin son cümləsi təsiri bağışlayır: adama elə gəlir ki, nə baş veribsə, artıq olub bitib, nəticədə Baba kor olub! Yazıçı daha nə deyəcək ki? Sonrakı iki cümlə (“Buna bütün varlığımla inanacaq qədər balaca, vicdan əzabı çəkəcək qədər böyük idim.  Belə baxanda, özündə də günah vardı” ) səni fikrindən döndərir və  intizar içində oxumağa başlayırsan ki, nə baş verib, bu etiraf və özünü ittihamın səbəbi nədir? Etiraf etmək gərəkdir ki, yazıçı oxucunun diqqətini cəlb etmək, ədəbi intriqa yaratmaq baxımından uğurlu bədii fənd işlətmişdir.

 


Hekayədə təsvir olunan hadisələr Qarabağ savaşı ilə əlaqədardır. Yazıçı qəhrəmanlarını bu tarixi hadisənin fonunda təsvir edir. Amma burada birbaşa döyüş səhnələri, vətənpərvərlik, igidlik hissləri aşılayan hadisələr  yoxdur. Əvəzində müharibə nəticəsində köçkün, qaçqın düşmüş insanların taleyi var. Həmin müharibənin fəlakətli nəticələrini yazıçı istər qəhrəmanlarının hiss –həyəcanlarında, istərsə də yaşamaq mübarizəsində, qarşılaşdıqları iztirab və fəlakətlərdə, həyat tərzlərində ustalıqla göstərə bilmişdir.

 

Hekayənin kompozisiyasını bir uşağın Babası ilə olan münasibətləri təşkil edir. İlk baxışda ayrı-ayrı xatirələrdən reportaj xarakteri daşısa da, hekayədəki hadisələr  məntiqi bağlarla bütöv bir mətn təəssüratı oydır. Hekayənin süjet bütövlüyünü təmin edən Baba-Nəvə münasibətinin inkişaf dinamikasıdır.  Süjetin digər xətləri bu ana xəttə bağlanır, bu xəttin inkişafına yardım edir. Xatirə üslubunda qələmə alınan hekayədə uşağın yaddaşında olan ayrı-ayrı hadisələr, epizodlar  xronoloji ardıcıllıqla təsvir edilmişdir. Bu ardıcıllığı şərti olaraq üç bölümə ayıra bilərik: 

 

1) Qaçqın düşməmişdən əvvəl nəvənin Babası ilə olan münasibətləri və uşağın intiqam almaq üçün Babasının şəklinin gözlərini “kor” etməsi; 

2) Ailənin qaçqın düşərək Hacı Süleyman düzünə yerləşməsi və uşağın qisasçılıq əməlinin üstünün açılmaması; 

3) Qaçqınlıq zamanında Baba ilə nəvənin münasibətləri, baş verən hadisələr və Babadan qorxunun yerini ona olan sevgi və heyranlığın tutması.
  

Hekayədə ata, ana, əmi xarakterik cizgiləri ilə işlənsə də, ən yaddaqalan obrazlar, sözsüz ki, Baba və Nəvədir.  Digər surətlər  bu iki obrazın yanında epizodik və köməkçi xarakter daşıyır. Müəllif Baba ilə Nəvəni yaddaqalan, bənzərsiz insanlar olaraq yarada bilmişdir. Yazıçının həm əbədi (övlad-valideyn sevgisi, həyat və ölüm, sədaqət və dözüm), həm də cari (sosial həyat qayğıları, qaçqınlıq bəlasının acı və ağrıları, yaşamaq uğrunda mübarizə) məsələlərə münasibəti bu iki insanın münasibətləri müstəvisində ortaya qoyulmuşdur.  

 

Bizim hekayəçilikdə daha çox ana-oğul, ata-oğul mövzuları işlənmişdir. Baba-nəvə münasibətləri mövzusunda yazılmış əsərlərdə isə (Məsələn, “Qaraca qız”da) bu münasibətlər ideallaşdırılmış şəkildədir, mürəkkəblikdən, təzadlardan uzaqdır, sadədir, birrənglidir: ya Babanın nəvəyə hədsiz sevgisi, ya da nəvənin ənənədən gələn Babaya sayğı kultu, minnətdarlıq və itaət borcu üzərində qurulmuşdur. Şərif məlum və məşhur “atalar və oğullar” konfliktinin bədii yozumunu baba ilə nəvə arasındakı sadə məişət konflikti müstəvisində verməyə çalışmışdır. Yazıçı ilk dəfə bu münasibətlərə fərqli bir yöndən baxmış, onu yüksələn xətlə, bütün təzadları və mürəkkəbliyi ilə qələmə almışdır. Təzadlı hisslər, düşüncələr hekayənin bədii gücünü dəfələrlə artırmışdır:

 

Babadan qorxunun, ona olan nifrətin sevgiylə əvəzlənməsi;  yaşlı, yerindən çətinliklə tərpənən bir adamın əziyyətlərinə laqeydlikdən onun ağlamağına mane olmamaq üçün ayağını yerə yavaşca basmağa qədər yüksələn bir duyğusallıq; Babanın verdiyi cəzaların qisasını almaq ehtirası və bu günahın doğurduğu sonsuz peşmançılıq və əzab hissi...

 

 Yazıçı məkan kontrastlarından da qəhrəmanlarının xarakterinin açılması üçün bacarıqla istifadə etmişdir. Birinci bölümdə hadisələr dar məkanda-bir ev çərçivəsində cərəyan edir. Belə darlıq hekayə qəhrəmanlarının dünyaya baxış dairəsini, duyğu, düşüncə, fəaliyyət  meydanını da daraltmışdır. Baba  yalnız sakitlik və ikinci oğlunu evləndirmək arzusu ilə yaşayır. Dar, rahat məkanda Baba sıxılmış görünür, işi ancaq uşaqlarla öcəşməkdir, onları cəzalandırmaqdır.  Dar məkanda Baba  şəkilləşib (oğlu onun şəklini böyüdüb evin divarından asıb), artıq statikləşib,  bir növ “donub”!  (Axı şəkil zamanın, məkanın  “donmuş”luğu və sabitliyidir. Bu statikliyi, “donmuş”luğu hətta onun uzun çubuğu ilə uşaqları vurması, əli əsə-əsə səhəngdən özünə su tökməsi də dəyişə bilmir.)  Digər tərəfdə isə Nəvə aşıb-daşan enerjisini xərcləməyə yer axtarır, lakin məkanın darlığı buna imkan vermir, Babanın cəzası, qışqırması, söyüşü ilə üzləşir. Uşaq bircə şey haqqında düşünür: ona yad olan, qəzəbli, cəzaverici babasından intiqam almaq! Hekayənin sonrakı hadisələri geniş, sərhədləri bilinməyən bir məkanda – Hacı Süleyman düzündə baş verir. Məkanın dəyişməsi duyğuların, düşüncələrin, hərəkətlərin də istiqamətini dəyişir. Hacı Süleyman düzənliyində onların fəaliyyət meydanı da genişlənir, duyğuları sərbəstlik və azadlıq əldə edir, arzu və hisslərini gizlətməyə ehtiyac duymurlar. Qaçqınlıq həyatı, Hacı Süleyman düzü Babanı statiklikdən qurtarır, hərəkətə gətirir, Nəvəni isə həyat mübarizəsinə qoşur, insan kimi formalaşdırır. Gördüyümüz kimi, məkanın darlığı və genişliyi ilə duyğu, düşüncə və fəaliyyətin istiqaməti uğurlu şəkildə bir-birini tamamlayır. 

 

Yazıçı Hacı Süleyman düzünün amansız təbiətinin təsvirini çox canlı boyalarla vermişdir. “Artıq Hacı Süleyman torpaqlarına yağışlar da yağmırdı. Hacı Süleymanın təkcə yeri deyil, göyü də qurumuşdu. İstidən nəfəs almaq olmurdu. Elə bil bizi iplə yanan təndirin içinə sallamışdılar. Bədənimizdən yanmış yağ iyi gəlirdi. Yer istidən elə çatlayırdı ki, az qala çırtıltı səsini eşidirdik. İlan-çayanlar da dəhşətli istilərə dözməyib yoxa çıxırdı yavaş-yavaş. Ditdili və mığmığaların əlindən rahatlıq yox idi. Mığmığalar miçətkəndən də keçirdi. Ətraf getdikcə daha çox şoranlaşır, uzaqdan-uzağa qar kimi ağarırdı. Qurumuş torpaq ayaq altında xırıltıyla ovulub toza çevrilir, külək əsəndə bu toz havaya qalxıb ətrafı tüstü kimi bürüyür, günlərlə çəkilmirdi”. Uşağın da, babanın da şəxsiyyət və xarakterinin gizli nöqtələri məhz bu sərt təbiətlə təmasda olduqları zaman üzə çıxır. Qaçqın həyatı, yaşadıqları Hacı Süleyman düzünün amansızlığı, susuzluq, uşağın ayaqqabısızlıqdan yara tökmüş ayaqları – bütün bunlar müharibənin gətirdiyi bəlaların dekoru rolunu oynayır. Süjetin bu hissəsində  Babanın xarakteri bütün yönləri ilə açılır, uşağın  xarakteri isə formalaşma prosesi keçirir. Təbiətin bu sərt və acımasız mənzərəsi önündə itkin düşən oğlunun həsrətilə Babanın ağlaması, nəvəsinə göstərdiyi qayğı və nəvaziş, Babanın iztirab və qayğılarına nəvənin duyduğu hisslər o qədər canlı, təbii boyalarla təsvir edilmişdir ki, oxucu bu duyğuların təsiri altında belə bir qənaətə gəlir ki, ən sərt, acımasız şərait belə insani duyğuları öldürə bilməz! İnsan övladı öz bəşəri duyğuları ilə bütün çətinliklərin fövqündədir!   

 

Təhkiyədə yazıçı ilə Nəvə eyniləşir və onların təbii, gerçək duyğuları, səmimi düşüncələri ilə baş-başa qalan oxucu da onlarla birlikdə Babanı “kor” etmənin iztirablarını yaşayır. Yazıçı balaca qəhrəmanına əxlaq dərsi keçmir, uşağı Babasına qarşı göstərdiyi hörmətsizliyə görə danlamır, onu hansısa şəkildə tənəyə məruz qoymur, adət-ənənəyə (böyüyə hörmət) sayğı göstərməyə çağırmır. Sadəcə, qəhrəmanını dəyişdirəcək, onu Babaya sevgi və sayğı ilə yanaşmağa vadar edən detalları, hadisələri qələmə alır.

 

Hekayədə sərt, gerçəkçi bir üslub hakimdir. Biz burada uydurulmuş melodramatik səhnələr, ucuz sentimental hisslər, bayağı ah-uflar görmürük. Bir uşağın Babasına  olan kininin, qəzəbinin get-gedə sevgi və heyranlığa çevrilməsinə, qisas, intiqam hissinin ölçüyəgəlməz peşmançılıqla əvəz olunmasına gətirib çıxaran hadisələr, detallar qətiyyən uydurma deyil, canlı həyat mənzərələridir. Hekayəçinin təhkiyə tərzi və həyati müşahidələri, ona yaxşı tanış olan həyatdan alınmış detallar əsərə bir yaşanmışlıq, hadisələrə olmuşluq havası verir. Balaca qəhrəmanının münasibətindəki dəyişkənlik və keçid yazıçı tərəfindən inandırıcı, təbii şəkildə  qələmə alınmışdır. Hekayənin təsir, sirayətedici gücü də, məhz, bu təbiiliyində və gerçəkçi olmasındadır. Şərifin hekayəsi bir daha Belinskinin belə bir fikrinə haqq qazandırır: “Gözəl olan həqiqətdir!” Gerçəkliyə yazıçı sədaqəti Şərifin hekayəsinə təsiredici bir güc vermişdir. 

 

Hekayənin dili obrazlı, xalq dilinin şirəsindən qidalanan, süni bəzək-düzəkdən uzaq bir dildir. Bir-iki məqamı nəzərə almasaq, yazıçı balaca qəhrəmanının düşüncəsinə uyğun dil ilə təhkiyə qura bilmişdir. Təhkiyə sadə, anlaşıqlı, təsvirlər dəqiq və mənalıdır. İnsan ümidsizliyini bir uşağın düşüncə və ifadə imkanları səviyyəsində bundan yaxşı ifadə və təsvir etmək olmazdı: İstidən ümidlərimizin də yanıb kösövə döndüyü adi günlərin birində...!” “Yanıb kösövə dönmək” həm istinin dərəcəsini, həm də əlacsızlığın, sabaha ümidin yoxa çıxmasını yığcam və gözəl bir şəkildə bildirmişdir.

 

Təəssüf ki, bəzi hallarda müəllif  dil gözəlliyinə, fikir və təsvir dəqiqliyinə xələl gətirən qüsurlara da yol vermişdir. “Kaş o vaxt əsirlikdə öldürəydilər. Elə sevinərdim ki! Yəni öldürmüş olsaydılar və həm də mən babamı tanımış olsaydım sevinərdim. Yoxsa atama görə pis olardım. Yəqin o da öz atasını mənim kimi çox istəyirdi.” Dolaşıq, məqsədi bəlli olmayan bu cümlələr arasında məntiqi əlaqə qurmaq xeyli çətindir! 

 

“Dik məmələri içimi qıdıqlayan qara dikdabanlı ucaboy həkim məlahətli səsiylə tərcüməçiyə söylədi ki...” Bu təsvirdən həkimin gözəl bir qadın olduğu anlaşılır. Amma bir neçə cümlə sonra qəhrəmanımız onun əmisinə bənzədiyini söyləyir. “qəfil fərqinə vardım ki, dikdaban geyinmiş həkim bir suyundan əmimə oxşayır.” Əziz oxucular, qadın və kişinin gülümsəmə tərzinə dayanıb mən bu oxşarlığı təsəvvür edə bilmədim, Siz necə?

 

Hekayə kimi həcmcə kiçik bir janrda yazıçı gərək maksimum dərəcədə qənaətcil olsun, artıq söz və ifadələrə yer verməsin. Şərifin təhkiyə dili bu baxımdan diqqətəlayiqdir. Amma təəssüf ki, həmişə belə deyil. “Mənasını indi də anlamadığım bu sözlər körpə vaxtı məni lüt soyundurub köynəyindən içəri salan babamın mənə öyrətdiyi dualardandır.” Hekayənin əvvəlində ananın dilindən deyilmiş, oxucuya tanış olan qara şriftlərlə verdiyimiz  bu ifadələr mətndə yersiz təkrarçılıqdır, əlavə heç bir funksiya yerinə yetirmir, cümlə içərisində heç bir üslubi-semantik yükü yoxdur.

 

Məncə, son üç abzas da hekayənin məzmun və ideyasına, emosional gücünə heç nə əlavə etmir. 

 

Dil, üslub baxımından müəyyən qüsurlara rast gəlinsə də, Şərif Ağayarın “Şəkil” hekayəsi Azərbaycan hekayəçiliyində diqqətçəkən, maraqlı əsərlərdən biri hesab olunmalıdır. /xeber365.com//

 

Vurğun Əyyub
Xəzər Universitetinin dosenti

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017