Nüsrət Kəsəmənlinin ŞEDEVRİ

Kulis.az “Bazar oxusu” layihəsindən Nüsrət Kəsəmənlinin “Getmək istəyirsən” şeirini təqdim edir.


Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.

Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.

Döşənib yollar tək ayaqlarına,
Sənə yalvarımmı? Bu mümkün deyil.
Qoymaram qəlbimtək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.

Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən nə danış, nə din
Yox ol uzaqlartək dumanda çəndə
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görürsən məndə

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.

 

Digərləri:

Nəriman Həsənzadənin “Nə qəribədir” şeiri

Musa Yaqubun “Taleyin qisməti” şeiri

Əlisəmid Kürün “Kentavr” şeiri

Salam Sarvanın “Bağışla, otağim tör-toküntüdü” şeiri

Zəlimxan Yaqubun “Yavaş yeri” şeiri

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017