Əziz Nesinə heyvan deyən kim idi? – SiVAS QƏTLiAMI

 

Kulis.az Mirmehdi Ağaoğlunun “Əziz Nesinin ölüm qorxusu və ya Sivas qətliamınında yaşananlar” yazısını təqdim edir.

 

2 iyul 1993-cü il. 

Sivas. Madımak oteli.

Pir Sultan Abdal Şənlikləri yarıda kəsilib. Günorta namazından sonra məscidlərdən çıxan qəzəbli kütlə indi də oteli mühasirəyə alıb. 500 nəfərlik kütlə 15000 olub. 

Polis müdaxilə etmək gücündə və arzusunda deyil. Sonrakı təhlillər də göstərdi ki, nə polis, nə də əsgər gərəkli tədbirləri görməyib. Nümayişçilər oteli yandırırlar.

Qəzəbli dindarlar otelə sığınmış, əksəriyyəti yazıçı, şair, aşıq olan qrupa cəhənnəm əzabı yaşatmaq fikrindədilər.

 


Otel qaranlıqdır. Yalnız aşağıdan qalxan qan kimi qırmızı alov dilimləri ara-sıra ətrafı işıqlandırır, divarlarda xilas üçün çarpışan həyəcanlı insanların qaçan kölgələri əks olunur. 

Otel otaqlarını, dəhlizləri qatı, boğucu tüstü bürüyür. Nəfəs almaq mümkün deyil. Hələ taqəti olanlar qonşu binaya atılıb xilas olmaq istərkən ölənlər var. 

Böyük yazıçı isə sakitdir. Təmkinlidir. Yanında yazıçı Lütfü Kaleli var. 

Öləcəklərini düşünürlər. Lütfi Kaleli həyəcanla “ölürük, abi, ölürük, abi” deyir.

Əziz Nesin də təmkinlə “öləcəyiksə, öləcəyik” cavabını verir. 

 

 

Lütfü Kalelidən xahiş edir ki, onu çarpayıya uzandırsın: “ Sayın Kaleli, məni bu yatağa uzat, cəsədimizi bu qaragüruh meyidimizi yaraşıqlı görsün”.

Yazıçı istəmir öləndən sonra büzüşmüş, əl-qolu qatlanmış, bir küncə sığınmış cəsədini görüb “qorxaraq öldü” desinlər.

Amma bu, mümkün deyil. Taqəti qalmayıb. Boğulmaqdan özünü güclə saxlayır. Nəfəs alıb verə bilmir. Yataqda qıvrılır. 

Əziz Nesin sağ qalmaqdan çox ölüncə qorxaq bir şəklə düşəcəyindən ehtiyat edir və buna görə də şərəfli bir ölüm üçün çarpışır. 


Birdən Lütfü Kaleli pəncərəyə yaxınlaşır. “İmdad!” deyə bağırır. Nümayişçilər bağıranın məmur olduğunu zənn edib yanğınsöndürən maşının yaxınlaşmasına icazə verirlər.

 


Yanğınsöndürən maşının nərdivanları pəncərəyə yaxınlaşır. Birinci 78 yaşlı yazıçı qalxır pəncərəyə. Taqətsizdir. Kaleli qolundan tutub. Pilləkənləri otura-otura düşür.

Aşağıdakılar pilləkənlərdən düşən dünyaca məşhur ateist yazıçını tanıyırlar. Bağırtılar yenə yüksəlir. 

Bir müddət əvvəl Salman Rüşdinin “Şeytan ayələri” əsərini türkcəyə çevirəcəyini bəyan eləmişdi. Artıq “Aydınlıq” qəzetinin bir neçə sayında romandan tərcümələr getmişdi. Sivaslıları qəzəbləndirən də ateist yazıçının bu tədbirdə olması idi. 

Aşağıda pillələrin yanında dayanmış orta yaşlı, saqqallı, Nəcməddin Ərbakanın rəhbər olduğu “Rifah” partiyasının üzvü olan Cafer Özçakmak da pilləkəndən düşənin Əziz Nesin olduğunu görüb bağırır: “Əsl öldürüləsi heyvan budur. Öldürün onu!” Xilasedici çaşqınlıq içində geri çəkilir. 

Dəhşət. Əziz Nesin nə etsin? 

Ömrü boyu dinə inanmayan bir adam indi dini səhnə iştirakçısına çevrilib. Xilasedici nərdivan sanki sirat körpüsüdür.

Arxada alovun udduğu cəhənnəm kimi bir otel, qarşıda linç olmaq təhlükəsi.

Xilasedicilərin gözləri qəzəblidir. Əyinlərində xilasedici formaları olsa da, beyinləri qaragüruhdan heç fərqli deyil. 

Başlarında fanatizm havası. Qəlblərində zərrə qədər də vicdan yoxdur. Nə insanlıq, nə də peşə vəzifələrini yerinə yetirirlər. Onlar da Əziz Nesini öldürmək fikrindədirlər. 

Bu an polislərdən biri Əziz Nesinin qolundan yapışaraq gərəksiz bir əşya kimi pilləkənlərdən yerə atır. Linç etmək istəyən kütlə onun üstünə tökülür.
 

 

Təpiklər. Yumruqlar.

Böyük yazıçı ömür boyu müdafiə etdiyi sadə xalq nümayəndələrinin ayaqları altındadır. 

Ölüm an məsələsidir.

Birdən kütlə yarılır. Bir polis məmuru camaatın arasından çıxıb Nesini yerdən qaldırır. Polis maşınına mindirir. Maşın kütləni yara-yara xəstəxanaya doğru yönəlir.

Ömrü boyu polisdən qaçan Əziz Nesini bir polis məmuru ölümdən xilas edir.

P.S. Tarixə Sivas qətliamı kimi düşən həmin faciədə 33 yazar, şair, aşıq, 2 otel işçisi və 2 nümayişçi olmaqla 37 nəfər yanaraq və tüstüdən boğularaq öldü, 60-dan çox adam yaralandı.


16.07.2012

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017