Nobelçi yazarın kitabları burda həbs olundu - Kitab Evindən REPORTAJ

Tanınmış jurnalist Səbuhi Məmmədli ötən il Moskva Kitab Evindən reportaj etmişdi. Bu günlərdə isə Nobel mükafatçısı Svetlana Alekseyeviçin kitabları bu ünvandan yığışdırıldı. Məsələnin aktuallığını nəzərə alıb həmin reportajı təqdim edirik.   

 

Kulis.az

 

Bu mağazanı ildə 7 milyon alıcı ziyarət edir. Eyni zamanda 200 mindən çox kitab var satışda. 50 min növdə də dəftərxana ləvazimatı. Keçmiş SSRİ-nin, hətta bəzi göstəricilərə görə Avropanın ən böyük kitab mağazasıdır: Moskva Kitab Evi.

 

Moskvanın “Arbatskaya” metro stansiyasından çıxan kimi qarışınıza çıxacaq. Hə, düzdür, mağazanın dizaynı köhnədir. Bir sözlə, sovet memarlığının klassik nümunələrindən biri. Kitab Evinin açılışı 1967-ci ilin elə bu vədələrinə təsadüf edib. Ümumi ərazisi 5 000 kv. metrdir. Təkcə satış sahəsi isə 3700 kv. metri keçir.

 

Burada hər adda, hər mövzuda, hər yaşa uyğun kitab tapmaq mümkündür. Fəlsəfə, sosiologiya, tarix, iqtisadiyyat, idman, biologiya və təbii ki, bədii ədəbiyyat.

 

Moskva Kitab Evinin internet mağazası da fəaliyyət göstərir ki, evdən çıxmayıb, istədiyiniz kitabı əldə edə bilərsiniz. Və maraqlıdır ki, bu zaman alacağınız kitabın qiyməti də dəyişmir.

 

 

Kitab Evində “Pereplet” Art-klubu fəaliyyət göstərir. Kluba giriş sərbəstdir. Bura Rusiya paytaxtında yaradıcı insanların ən sevimli məkanlarından sayılır. Moskva teatrlarının aktyorları, ədəbi camiə, gənc yazarlar, publisistlər, jurnalistlər axşamlar bura yığışaraq, qızğın müzakirələr aparılar. Axşam demişkən, Kitab Evi çox gec bağlanır. Saat 23-ə qədər ziyarətçilərinin qulluğundadır.

 

Kitab Evində “Bukinist ədəbiyyatı” şöbəsi də fəaliyyət göstərir. Həm bədii, həm texniki ədəbiyyat, həm də müxtəlif lüğətlərdən ibarət böyük və çeşidli məkandır bura. Hətta 19-cu əsrdə çapdan çıxmış kitablara belə rast gəlmək mümkündür.

 

Audio-video zalda isə ən müasir multimedia texnologiyalarının köməyi ilə minlərlə çeşiddə kitab, ləvazimatla rastlaşa bilərsiniz. Təsəvvür edin, 3500-dən çox audio kitab, 8 mindən çox video material, 45-dən çox dili öyrənmək üçün minlərlə multimedia vasitələri… bir sözlə, zəngin bir yerdir.

 

 

***

 

Həm yerli, həm də şəhərin qonağı olan alıcıların baş çəkdikləri şöbələrdən biri də “Rusiya klassikləri” bölməsidir. Minlərlə kitab var burda. Amma ən maraqlısı “Rus klassiklərinin kitabxanası: 10 əsr, 10 cilddə” seriyasından olanlardır. Burda Qədim Kiyev Rus dövlətindən 19-cu əsrə qədər yazılmış bütün əsərləri bir yerdə almaq imkanınız var. Puşkin, Tolstoy, Turgenev, Dostoyevski, Çexov, Bunin, Nabokov, Soljenitsın, Trifonov, Şukşin, Kantemir, Derjavin, Jukovski, Brodski, Simonov, Çuxontsev, Axmatova və daha kimlər, kimlər… hamısı bir yerdə.

 

Və ya “Dünyanın ən böyük muzeyləri” silsiləsindən buraxılmış 10 cildlik. Luvr, Drezden, Uffitsi və Pitti, Vatikan, Orse, Vaşinqton Milli Qalereyası, Ermitajı evinizin içində təsəvvür edin. Çox nəfis şəkildə çap edilmiş bu kitablara tələbat da çoxdur.

 

Uşaq ədəbiyyatı da bir başqa aləm: 3 min çeşiddə uşaq kitabları, əlifbadan tutmuş Harri Potterə qədər.

 

 

***

 

Kitab Evində kitab təqdimatı üçün isə Azərbaycandakı kimi əl-ayağa düşməyə, dost-tanışa zəng edib çağırmağa ehtiyac yoxdur. Əvvəla təqdimata görə, Kitab Evinə pul ödənmir. İkinci isə Kitab Evi böyük məmnuniyyətlə təqdimatı öz üzərinə götürür, anonslar verir, sosial şəbəkələrdə çağırışlarla oxucunu başına toplaya bilir.

 

Çox uzağa getməyək, məsələn bu günlərdə azərbaycanlı yazar Elçin Səfərlinin "Rasskaji mne o more" (“Mənə dənizdən danış”) kitabının uğurlu təqdimatı olub. Bu mağazada satılan on minlərlə kitabın içində isə Azərbaycan 5-6 adda kitabla təmsil olunub. Bunlardan Həsənzadə və Sankinanın həmmüəllifi olduğu və Azərbaycanı tarixi, təbiəti və mədəniyyətinə həsr edilmiş “Azərbaycan: Yol bələdçisi” kitabı, Tomas De Vallın “Qara Bağ”, Kərim Şükürov və Taleh Bağıyevin müəllif olduqları “Qarabağ”, Vasili Kuznetsovun “5 səyahət: Şimali Koreya, İran, Albaniya, Türkmənistan, Azərbaycan” kitabı və daha bir neçə dolayısı ilə Azərbaycana aid olan nəşrlər var. Və təəssüfedici məqamlardan biri də odur ki, Kitab Evində Aris Kazinyan adlı erməni müəllifin “Poliqon Azərbaycan: Siyasi-kulturoloji tədqiqatlar” kitabı da özünə yer eləyib. Kitabın ilk səhifələrindəcə Nizaminin fars şairi kimi təqdim olunması barədə qeydlər artıq bu cızma-qaranın mahiyyətindən xəbər verir.

 

Kitab Evində ziyarətçinin rahatlığı üçün hər şeyə əl atıblar. “Ədəbiyyat kafesi”ndə kofe içə-içə ədəbi müzakirələrdə qatılmaq bir ayrı zövq verir. “Ailəvi Oxu Zalı” isə adından da göründüyü kimi mütaliə həvəskarı olan ailələr üçündür. Sifariş şöbəsində  dünyanın harasında çapdan çıxmağından asılı olmayaraq istədiyiniz kitabı sifariş verə bilərsiniz. Uzağı bir həftəyə evinizdə, kitabxananızdadır. Bundan başqa 500 rubldan (təxminən 11 manat) artıq dəyərdə kitab aldınsa, sənə hədiyyə kartı verirlər. Bundan sonra ilin 365 günü həmin kartla, Kitab Evindən güzəştli şərtlərlə kitab və ya dəftərxana ləvazimatı, habelə suvenirlər ala bilərsən.

 

Kitab Evinin ayrıca nəşri də var: “Bir yerdə oxuyaq”. İllüstrasiyalı rəngli jurnaldı, özü də aylıq. Həm də pulsuz...

 

Səbuhi MƏMMƏDLİ

Moskva

13.10.2016

 

 

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
17 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017