Türk əsgəri Əhməd bəy Ağaoğluna niyə müraciət etmişdi? – NADİR SƏNƏDLƏR

Kulis.az “Osmancıq Əhməd bəy Ağaoğluna niyə müraciət etmişdi?” məqaləsini təqdim edir.

 

Abid Tahirli

filologiya elmləri doktoru

doç.dr. Mehdi Gəncəli

(İstanbul)

 

Türk-islam dünyasının nadir zəka sahiblərindən  və mücahidlərindən Əhməd bəy Ağaoğlunun bu rəsmi ötən əsrin 20-ci illərinin əvvəllərində nəşr olunan Türkiyə qəzetlərinin birindən götürülmüşdür.

 

Birinci Dünya Müharibəsində məğlub olan Osmanlı Türkiyəsi ilə Böyük Britaniya arasında 1918-ci il oktyabrın 30-da bağlanmış Mudros müqaviləsinə görə, Türkiyə Cənubi Qafqaz, o cümlədən Azərbaycandan  hərbi hissələrini çıxarmalı idi. Cənubi Qafqaz Böyük Britaniyanın nüfuz dairəsi elan olunur və noyabrın 17-də Bakıya ingilis qoşunları  yeridilir.  N.Usubbəyov,  Ə.Ağayev və  M.Rəfiyevdən ibarət Azərbaycan nümayəndə heyətinin  İrandakı ingilis qoşunlarının komandanı general Tomsonla Ənzəlidə apardığı danışıqlar səmərəsiz olur. General Tomson Ənzəlidən Bakıya yola düşməzdən  əvvəl bir neçə bənddən ibarət  bəyannamə  ilə çıxış edir və bildirir ki, noyabrın 17-si saat 10-a kimi Bakı  həm türk, həm də  Azərbaycan qoşunlarından təmizlənməlidir. 

 

 

Bu xəbər Bakını erməni quldurlarından azad etmiş şanlı  Qafqaz İslam Ordusunun əsgərlərini də  məyus edir, onlar hər an canlarını fəda etməyə hazır olduqları Azərbaycandan - qardaş ölkədən ayrılmaq istəmirlər. Bir osmancığın Türkiyə və Azərbaycan tarixində misilsiz xidmətləri olan Əhməd bəy Ağaoğluna ünvanlandığı məktub bu duyğuların tərcümanıdır.

 

Yeri gəlmişkən qeyd edək ki, bu məktubun izinə 2015-ci ildə Türkiyəyə səfər zamanı əldə olunan  «Avukat Süreyya Ağaoğlu. Bir ömür  böyle geçti»  (Arşiv kataloqu. 1898-1992) adlanan və nadir sənədlərin toplandığı dəyərli  kitab-kataloqu (Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi. İstanbul Barosu yayınları, 2010. 520 səh.) əldə etdikdən sonra düşmüşdük. Katoloqa Əhməd bəy Ağaoğlunun qızlarından yalnız Şərqin, Türk-İslam dünyasının ilk qadın vəkili, hüquqşünası Sürəyya Ağaoğluna (1903, Şuşa-29 dekabr 1989, İstanbul)  aid sənədlər əksini tapmışdır.

 

 

Tezər və  Gültəkin xanıma məxsus şəxsi sənədlərlə bağlı məlumatlar  kataloqa daxil edilməmişdir. Peşəkarlıqla tərtib olunmuş kataloqda Sürəyya xanıma aid 5 minə yaxın şəxsi sənəd haqqında məlumat  mövzuya uyğun təsnif edilərək nəşr olunmuşdur (ətraflı bax: Abid Tahirli. Türkiyə tarixində iz qoyan bacılar.  "Ədəbiyyat qəzeti", 23 yanvar 2016; modern.az, 24 yanvar 2016.)

 

Kataloqda  əksini tapan ailə şəkilləri, məktublar, iş sənədləri, vizitkalar, pasportlar, gündəliklər, qəzet kəsikləri, broşür və digər rəsmi sənədlər  bu gün mühüm  tarixi və ictimai əhəmiyyət kəsb edir. Kataloqa «Ön söz» yazan prof.dr. Bəkir Kamal Ataman bu barədə bəhs edərkən fikrini belə ifadə etmişdir: «Ailənin şəcərəsi Osmanlı imperatorluğundan bugünədək Türkiyənin ictimai həyatına çox önəmli töhfə vermiş bir ailə ilə tanışlığa vəsilə oldu».

 

 

15 Teşrin-i sâni [noyabr] 1918

Muhterem Ahmed Beyefendi

 

Bütün Türk ordusunun Bakü’yü alelacele [təcili olaraq] tahliye etmesi [tərk etməsi], zabıtan [zabitlər] misafirhanesinin akşam boşaltılması, Osman’la beni hayli düşündürdü ve biraderiniz Hüseyin beyle ba’de’l-müzakere [müzakirədən sonra] muvakkaten [müvəqqəti olaraq] Gence’ye gitmeye karar verdik. Ol tarafa pek az para ile hareket ediyoruz. Avdetiniz akabinde [siz döndükdən sonra] bize süratle talimat-ı lâzıma [lazımi təlimatı] vereceğinizi ümit ediyoruz. Adresimiz Gence’de Samed Bey Yusufbeyof vasıtasıyladır. Bendeniz gerçi müsait şerait tahsisinde Kafkasya’da çalışmak taraftarı olsam da, Osman Cevri, ailesini düşünmekten adeta daüssılaya [vətən həsrətinə] uğradı. Gece gündüz İstanbul’u, çoluk çocuğunu düşünüyor ve Ahmed bey müsaade etse de İstanbul’a gidebilsem diyor.

Ellerinizi öperiz muhterem Ahmed Beyefendi

Tevfik (soyadı oxunmur)

 

 

Təbii sual çıxır: Osmancıq niyə məhz Əhməd Ağaoğluna müraciət edir, ondan təlimat gözləyir, icazə istəyir?

 

Bu məktub - tarixi sənəd bir daha Qafqaz İslam Ordusunun müşaviri, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan Əhməd bəy Ağaoğlunun nüfuzundan, onun Qafqazda cərəyan edən hadisələrə təsir gücündən xəbər verir.

 

Bu sənəd, həm də onu deməyə əsas verir ki, Qafqaz İslam Ordusunun Azərbaycanda bütün fəaliyyəti Əhməd bəyin tam nəzarəti altında həyata keçirilmişdir.

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017