Facebookdakı ermənilər

Dünən ağlıma nə gəlsə yaxşıdır? Sosial şəbəkələrdə girim erməni profillərinə, bir-bir onların şəkillərinə baxım! Belə də etdim. Heyrətə gəldim! İlahi, bunlar da insandır. Yəni o mənada ki, əməlli-başlı gözləri, qaşları, əlləri var. Açıq havada stol qoyub çörək yeyirlər. Yaşlı bir qadın ərinin pencəyini kürəyinə atmışdı. Deyəsən, orda da külək əsir.

 

Sonra erməni tələbələrin şəkillərinə baxdım. Yerevan Dövlət Universitetində oxuyurdular. Məzun günləri idi. Yığışıb şəkil çəkdirmişdilər. Səy bir oğlan arxada bir qızın başına barmaqları ilə buynuz işarəsi tutmuşdu. Hiss elədim ki, çoxu kasıbçılıqla yaşayır. Varlı uşaqları ilə kasıb uşaqları aydın şəkildə seçilirdi. Tələbə gənclərin heç birinin üzündən vətən sevgisi-zad yox idi. Hamısı həyata bağlı, həyat eşqi ilə alışıb yanırdı. Allah bilir, qızın başına buynuz tutan oğlanın atası haradansa borc pul tapıb balasını əsgərlikdən saxlatmaq haqqında düşünür.

 

Bir şəkil vardı. Erməni qadın həyətdə cücələrə dən verirdi. Əri də bir az aralıda yer qazırdı. Yəqin toyuqlara hin düzəldirmiş. Mənim hissiyyatım çox güclüdür, əminəm ki, o yer qazan kişi bank kreditlərinin əlindən boğaza yığılıb. Yaman fikirli idi. Şəklə baxan kimi bilirsən ki, bunlar Qarabağ-zad haqda düşünmürlər. Torpaq uğrunda döyüşmək, ölmək bunlardan min ağac uzaq hissdir. Yüz faiz axşam evlərində söz düşəndə prezidentlərini söyürlər, deyirlər ki, ay köpək oğlu, camaatın torpağını ver. Birinci sülh bağlansın, sonra da söhbət bağlanıb getsin! Allahın verdiyi bir qırıq ömrü adam kimi yaşayaq! Gözümüzün qabağında böyüyən uşaqların hamısını aparıb verirsən güllənin qabağına, qırdırırsan. Axı bu cavanların günahı nədir? Ay köpək oğlu, Qarabağ nə vaxtdan sənin torpağın olub? Ümumiyyətlə, sən torpaq qədri bilən it oğlusan?

 

İnanın, mənim baxdığım şəkillərdə heç bir erməni insanı müharibə istəmirdi. Bəlkə də heç birinin ürəyi gəlib iki yaşlı Zəhranın şəklinə baxa bilməzdi. Hamısı gözlərin yumardı.

 

Təbii, qabağıma sarsaq ermənilər də çıxdı. Birinin profilinə baxdım, bir saytdan dayanmadan yazılar paylaşırdı. Harada işlədiyinə baxanda gördüm yazıların paylaşdığı saytın rəhbəridir. Yəqin haradansa pul-zad da verirlər. Bütün günü orada Azərbaycanı, azərbaycanlıları söyür, bayrağımızı təhqir edir. Altından da beş-üç özü kimi sarsaq ermənilər rəy yazır, dəstəkləyir.

 

Həmin erməni iki yaşlı Zəhranın şəkillərin də paylaşmışdı. Dillərini başa düşmürdüm, amma çox güman şəklinin üstünə iyrənc şeylər yazmışdı. Zəhranın toppuş əlləri, kök ayaqları hələ ölməmişdi, yaşayırdı. Zəhranın şəklinə çoxlu “bəyəndim” gəlmişdi. Baxdım ki, həmin şəklə nə qədər erməni üzüntü işarəsi qoyub, kədərlənib.

 

Bir dəfə internetdə ölmüş erməni əsgərlərinin şəkli yayılmışdı. Həmin şəkillərə baxdığım yerdə birdən anam otağa girdi, meyitləri görən kimi dedi, can bala, anan ölsün, yazıq səni nə zülmlə böyütmüşdü. Anam düz yarım saat dil deyib ağladı, elə bilirdi bizim əsgərlərdir. Gördüm ürəkdən ağlayır, daha pərt eləmək istəmədim. Ürəyini boşaldıb getdi...

 

Bütün bunları yazmaqda məqsədim nədir? Hətta Qarabağ məsələsini sülh yolu ilə həll eləmək mümkün deyilsə, hətta müharibədən başqa çıxış yolu yoxdursa belə yenə də sülh istəyən və sülh arzusu ilə yaşayan insanların fikrinə hörmətlə yanaşmaq, daim sülhün yanında olmaq lazımdır. Bütün ədalətli müharibələr də əslində böyük sülh üçündür. Adam nə istəyir ki? Sülh! Sülh istəyən adamın təhqir olunduğu bir cəmiyyət heç vaxt ağ günə çıxmayacaq!

 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017