Sevgi – hər gün vurulmaqdı eyni qadına! - Aqşin Yeniseyin şeirləri

Tarixin acığına sevgi


Təhqir olunmaq – burdan başlanır insanlığın tarixi!
Öz başlanğıcını burdan götürür
bir çox kəsici alətlər.
Balta
qılınc
bıçaq
“Adam” sözünə ən yaxşı qafiyəni 
tarix özü tapıb:
“Edam”

Vəssalam!

Tarix şairə bənzər; özü özünü yazar.
Qələmi silahdır, mürəkkəbi qan.

Bir azdan
mən sənə sevgi elan edəcəyəm
Bir azdan – doğrusu, bilmirəm haçan.

Ölmə! 
çünki çox uzaqdasan.
Mən gəlib çatanacan
ölmə!
Sənə sevgi elan edəcəyəm. 

İnək

Yuxuma bir inək girir hər gecə
Vərəqləri, pərdələri çeynəyir
Oyanıram, düşünürəm yataqda,
Mən təkəmsə, görən, Tanrı neynəyir?

Necə dözür bu əbədi təkliyə?
Bəlkə, bəlkə, darıxmamaqdan ötrü
Kəklik olub qonur qaya dibinə
Ovçu olub güllə atır kəkliyə..

Ha qovuram inək çıxmır yuxumdan
Aman Tanrım, inəyinə yiyə dur.
Mən qalıram yer üzündə tək-tənha
Sən də Tanrım, dur, ya Allah, göyə, dur.

Əşya

Özünü öldürməli? Budurmu çıxış yolu?
Qonşu mənzildən gəlir dərdli-dərdli val səsi.
Dəftərdə axtarıram köhnə dostun nömrəsin,
Yoxdu... sirrə çevrilib alın yazısı kimi.

Yəqin, mən də köhnəyəm indi onun yadında
Bəlkə, yadından çıxıb bir vaxt dost olduğumuz.
Son dəfə dalaşanda gülə-gülə söyüşdük
O, mənə “Eşşək” dedi, mən də ona “Ağ donuz”.

Çırpıb getdi qapını.
Mən də qəsdən dalınca vızıldatdım mis tası.
Ancaq hələ də evdə masanın üstündədir,
Geri qayıtmaq üçün “unutduğu” əşyası.

Ateistin kədəri

(Salam Sarvanla söhbətlər) 
 

1
Həyat o qədər balacadır ki, böyük adamlar darıxırlar orada.
Eşidirəsən həyat! O qədər balacasan ki, böyük adamlar darıxırlar səndə.
Divin mağarada,
Hökmdarın taxtda,
Güllən lülədə, çağan qundağda darıxır.
ən yüngül xəstəliklərin də bir gün ölüm xəbərdarlığına çevrilir.
Hər gün bir ümidin ölür, yerinə bir əzabın, qorxun dirilir.
Göyərçinlərin dimdikləyir başını bit basmış heykəllərini
Gücün çatanları daşa, çatmayanları torpağa çevirirsən.
Bir ümid tapanda dostlarla bölüşürük aramızda
Ovub hələ quşlarına da atırıq.
Şəkilçi qəbul etməyən “əlvida” sözü kimi tənhayıq...
...darıxırıq... darıxırıq...
 

2
Sevgi – hər gün vurulmaqdı eyni qadına!


Vaxt – heç vaxt insanın yadından çıxmır 
Şair o kəsdir ki vaxtı unuda bilir
Səhər ibtidai icma quruluşundadır
Günorta feodalizmdə 
Axşamüstü kapitalizmin ağrılarına dözür.
Şair özünün oğludu, atasıdı, qardaşıdı
Şair özünün qəbridir, öz-özünün başdaşıdır!
Unudulmaq! – Budur onun duyğusu.
Yadda qalmaq! – Adilərin arzusu.

4
Biz kənd uşaqlarıydıq 
İnəklərə ot tayası yığardıq, acından ölməsinlər
Ağlayanda evin dalında ağlardıq, arvadlar görməsinlər.
Atamızın kəfənini düzəldərdik qəbirdə
Doyunca yemək yeyərdik; ya məsciddə, ya pirdə.
Biz kənd uşaqlarıydıq.
Gözlərimiz anadan, əllərimiz atadan bizə qaldı yadigar
Ona görə beləyik; ağlağan və davakar!

5
Həyat, 
Sən bizə xoşbəxtliyimizi başqalarının bədbəxtliyi ilə
ölçməyi öyrətdin.
Quşun ilanına baxıb sevinir
ilanın soxulcanına.
Göy üzü Yer üzünə baxıb sevinir
Gecələr ulduzlar küçə işıqlarını lağa qoyur.
Ev uşaqları küçə uşaqlarını lağa qoyur.
Azadlıqda olanlar gün işığını belə
Payokla verirlər məhkumlara pəncərədən.
Budur sənin balacalığın,
O qədər balacasan ki, ilbizin qabığına sığırsan.

6

Əlimdə bir tikə çörək, güzgüyə baxıram:
nəyin qulu olduğumu görüncə, ağlamaq tutur məni.
Görəsən, indi hayanada sevgilim unudur məni.
Divara vurduğum xəritədə axtarıram xoşbəxtliyi 
ən sevdiyim şairləri, rəssamları axtarıram xəritədə.
“Yoxdu”... “Yoxdu” – səslər gəlir, 
O qitədən, bu qitədən:
- Öldürmüşük, başına güllə çaxmışıq,
Lap belə dara çəkmişik, artıqmısan onlardan sən!?

7
Tanrım, həyata acıqlan!
Çəkmələrimizi belə tez köhnəldir,
ayaqyalın qoymaq istəyir bizi
saçlarımızı tez ağardır, dişlərimizi
tez tökür.
Gecikmək lazım olanda tələsir,
Tələsmək lazım olanda gecikir.
Bir barmaq silkələ göydən...

Tanrım, sənə min şükür!

 

2011

 

LENT

23 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017