Murad Köhnəqala: “AYO-çular Anarın tayı deyillər” - MÜSAHİBƏ

Kulis.az şair Murad Köhnəqala ilə müsahibənin davamını təqdim edir.

 

Əvvəli

 

- 90-cı illərdə, kimsə sizə desəydi ki, gəl sənə ev verim... cavabınız nə olardı?

 

- Nəyə görə ev? Mən Yazıçılar Birliyinin üzvü idim. O vaxt AYO-nu yaradanda Yazıçılar Birliyindən çıxdım. Orda üzv kimi qalsaydım, yəqin ki, növbəyə yazılıb ev də ala bilərdim. Mənə ev verən yox idi e. Demirdilər ki, ay aman, çıxma, sənə ev verək. Amma Yazıçılar Birliyinin bəzi üzvləri ev alıblar. Yəqin ki, mən də ala bilərdim. İstəmədim. Nəyinsə naminə.

 

- Nəyin, Murad bəy? Nəyin naminə?

 

- Mən Yazıçılar Birliyinin verdiyi binada yaşayırdım. Qaçqınlarla bir yerdə. Köhnə ailəm indi də ordadır. Yazıçılar Birliyinin Şüvəlandakı yaradıcılıq evi var. Qaçqınlıq dövründə qaçqınlar ora doldular. Anar müəllim mənə ordan ikiotaqlı ev vermişdi. Sonra mən kirayələrdən yığışdım, o evdə qalmağa başladım. Düzdü, o ev mənim deyil, sata bilmərəm, ala bilmərəm… Faktiki olaraq qaçqın kimi yaşayırdıq. Sonra mən Yazıçılar Birliyinin mənə verdiyi evdə yaşaya-yaşaya o təşkilatdan çıxmışam, o təşkilatı tənqid etmişəm. Halbuki Anar deyə bilərdi ki, təşkilatdan çıxmısansa evdən də çıxmalısan. Amma Anar müəllim onları etməmişdi. Anarla barışıq söhbətində də çox adam dedi ki, yəqin nəyəsə görə getmisən onun yanına, barışmısan. Dedim, yoox. Sadəcə vicdani söhbət idi, vicdani bir söhbət etmək istədim. Səhv məndə olub. İndi başa düşürəm ki, Anar mənə nə pislik edib ki? Ev verib, gedib orda yaşamışam…

 

- Bu nəticəyə gəlmək üçün neçə iliniz getdi?

 

- AYO, onun ətrafındakı gənc yazarların xarakterindən, yazdıqlarından, tutduğu mövqedən də danışım. İnanın ki, onların heç biri Anarın tayı deyil. Mən Anar haqda tənqidi yazı yazmışam. Mən əsasən Anarın yaradıcılığı haqda yox, uzunmüddətli rəhbərlikdə oturması haqda tənqid etmişəm. Ayrı-ayrı adamları onun yerində arzulamışıq. Amma indi onun yerində kimi arzulaya bilərəm, bilmirəm. Məsələn, mən yanımdakı Rasimi (Rasim Qaraca - müəl.) heç vaxt onun yerində arzulamaram. Ya da Həmid Herisçini.

 

- Niyə?

 

- Çünki ondan yaxşı olmayacaqlar.

 

- Bu nə qəribə, müti psixologiyadır?

 

- Niyə müti e? Mən onları hamıdan yaxşı tanıyıram. Bilirəm ki, onlar yazıçı kimi Anardan üstün deyillər. İkincisi də insani keyfiyyət baxımdan Anarın yanında çox cılızdılar. Yazıçılar Birliyi Azərbaycan hakimiyyəti üçün bir nazirlikdir, ədəbiyyat nazirliyidir. Yazıçılar Birliyinin sədrini dövlət başçısı təyin edir. Bu, Sovet dövründən belə idi, indi də belə davam edir. Ona görə də nə Rasimi, nə də məni ora təyin edərdilər. Bir vaxt, AYO-nun aktiv dönəmində, Yazıçılar Birliyinin qurultayına az vaxt qalmış düşündük ki, Anara kim alternativ ola bilər? Dedik ki, Zəlimxan Yaqub. Birincisi, həm hökumətə yaxın idi. Həm də Elçin bizə “lümpenlər”, küçə yaradıcıları demişdi. Düşünürdük ki, Zəlimxan Yaqub da bizim kimi “podval” ədəbiyyatçılarına, undergraond yazarlarına dəstək olacaq. Biz həqiqətən də küçə yaradıcılarıydıq. Küçədə, “podval”da yazır, yazdıqlarımızı orda bir-birimizə göstərirdik. Uzun müddət mən Zəlimxan Yaqubun namizədliyini müdafiə etdim. Çünki Anar müsahibəsində demişdi ki, mən gedəcəm - filan. Sonradan gördük ki, o, hər seçki öncəsi bunu deyir. (gülür) Biz də bunu oxuyub ürəkləndik ki, alternativ kimi onun namizədliyini irəli sürək. Hər kəs də bununla razılaşırdı. Baxmayaraq ki, Zəlimxan Yaqub hakimiyyət adamı idi.

 

- Bir müddət sizlər, AYO-çular, postmodernistlər mütəşəkkil bir qrup halında fəaliyyətdə idiz. Sözünüz, əməliniz bir. Planlarınız, etirazlarınız, birgə mübarizəniz vardı. Sonra pərən-pərən düşdüz. Biriniz Anarın yanına gedib, səhvinizi etiraf etdiniz, bir başqanız meydandan çəkildi, başqa biri… Mübarizəyə axıra qədər davam gətirə bilmədiz? Yoxsa bu, ümumi ədəbi proses idi və dünyanın hər yerində bunlar baş verir deyə… özünüzə təskinlik verirsiz?

 

- Mən AYO-nun həmtəsisçisiyəm. Həmidlə Rasimi mən razı salmışam. Bu qurumun adını da mən qoymuşam, ideologiyasını da mən təyin etmişəm. Nizamnaməsinə də saldırmışdım ki, digər ədəbi təşkilatlara üzv olanlar bizə gəlməsinlər. Çünki Yazıçılar Birliyinin üzvü olan şəxslər də bizə müraciət edirdilər, ikili oynayırdılar öz aləmlərində. Ona görə də ilk olaraq Yazıçılar Birliyindən özüm çıxdım. Yazdım ki, nizamnaməmizin tələbinə görə çıxdım, hay-küysüz. Mənim bu jestimdəm sonra hər iki tərəfdə oynamaq istəyənlərin axını dayandı.

 

- Kənardan elə görünə bilər ki, uzun illər etiraz, mübarizə, hay-küy… Sonra da heç nəyə nail olmayıb, elə etiraz etdiyiniz adamın yanına qayıtdız..

 

- Kim deyir heç nəyə nail olmadıq?

 

- Nəyə nail olduz ki?

 

- Birincisi, gənc yazar ordusu yaratdıq. Azərbaycan ədəbiyyatının şeirində də, nəsrində də mərsiyəçilikdən ayırdıq, onları ayırtdıq, dini bilgilərdən arındırdıq. Bu yolda real yaradıcılığa gəlmə, real təfəkkürə malik olma məsələsində Rasimin rolu böyük oldu. Çünki Rasim böyük müəllimdir bu məsələdə.

 

- Amma nə ironik mənzərədir ki, o dəstədəki böyük əksəriyyət də sonradan bir-birinə düşmən kəsildi.

 

- Mən inciyib ordan çıxandan sonra orda nə AYO? Bir yerdən ki, mən inciyib getmişəm, özü də bunu yaradan adam, ora nə olmalıdır? Bugünkü AYO-çular arasında hərdən məni söyənlər də var. Bu proses Avropa ədəbiyyatında, bütün cərəyanlarda da olub. Rəssamlıqda, incəsənətin əksər sahələrində yaradıcı insanlar sonda bir-birini duelə də çağırıb, aralarında mübahisə, ixtilaf da yaranıb. O mənada bu, olduqca təbii prosesdir. Şükür ki, biz dava-şavasız ayrılmışıq. Nəticəmiz də o olub ki, ədəbi prosesə təkan vermişik. Bu diskussiyalar, polemikalar Yazıçılar Birliyinə də xeyir edib.

 

- Nə mənada?

 

- Bilirsiz, bu diskussiyalar zamanı həqiqətlər üzə çıxır, proses gedirdi. Məsələn, biz onlara rişxənd edirdik ki, Yazıçılar Birliyinin rəsmi saytı yoxdur, onlar dərhal sayt yaradırdılar. “Ulduz” kimi gənclik jurnalına yaşlı baş redaktor qoyulduğunu tənqid edirdik, dərhal vəzifəyə gənc baş redaktor gətirirdilər.

 

- Anar sizə vəzifə versə, gedərsiz?

 

- Nə bilim vallah. Jurnal redaktoru kimi gedərəm. Amma katib kimi yox.

 

- Amma məndə sizlə bağlı belə təəssürat var ki, qərarlarınızdakı, mövqeyinizdəki 360 dərəcəlik dəyişikliyə görə belə təkliflərin heç birinə pis baxmazsız.

 

- Yox. Yazıçılar Birliyi hakimiyyətin bir qanadıdır. Mən də vaxtilə radikal müxalifətçi olmuşam. Amma heç bir partiya qarşısında öhdəçiliyim yoxdu. Sadəcə bir ziyalı kimi…

 

- (sözünü kəsirəm) Bəs vicdanınızın qarşısında? Öhdəçiliyi soruşuram…

 

- Bir ziyalı kimi cəmiyyət qarşısında öhdəçiliyim var. Mən öz vicdanıma gənəşirəm. Ora gedərəm, ya yox? İndiki müxalif qüvvələr var e, bunların hamısı oyun oynayır. Hamısı qranta oynayır. Mitinqə çağırılan gənclərin xəbəri yoxdur ki, bura çağırılması, qışqırması ilə bu birilər pul qazanır, xaricdə oxuyurlar. Yəni, onların yaşıdı olan müxalifətçi uşaqları xaricdə kef edəndə onları mitinqdə əzirlər, tuturlar…

 

- Siz bunu nə zaman başa düşdüz?

 

- 2005-ci ilə qədər Ukraynada, Gürcüstanda, Qırğızıstanda rəngli inqilablar oldu. Mən Azərbaycanda da bu inqilabların olacağına inanmışam və 2005-ci ilə qədər öz qələmimlə onlara kömək etmişəm. Sonra gördüm ki, bunlar sadəcə oyun oynayırlar. 2005-ci il parlament seçkilərindən sonra bunu anladım. Ola bilər ki, yaş da rol oynayır. Görürsən ki, radikal sözün çəkisi daha yüngüldür. Elə şeylər var ki, heç orda radikal söz deməyin mənası yoxdur, gülməlidir. Radikal söz deyən adam ruhi dispanserin barmaqlığından danışan, çıxış edən adamlara oxşayır. İnamım yoxdur. Həm də… nəysə… Mən İsa Qəmbər və Əli Kərimli ilə müqayisədə İlham Əliyevi haqlı sayıram. Baxıram, Qənimət Zahid televiziyada çıxış edir, Əli Kərimli hər hadisədən sonra söz deyir. Mən onları haqlı-filan saymıram. Hər iki tərəfdə səhv var. Amma müxalifətinki daha eyiblidir. Amma mən indi kirpi.info-da adi bir adamam, heç bir səlahiyyətim də yoxdur. Amma əlimdə imkan olsa, bu hakimiyyətdə nə qədər adam dəyişərəm. Mən kiməm ki, burda? Niyə hər şeyi mən eləməliyəm? Dəli tapıbsınız?

 

- (gülərək) Hər şeyi deyəndə ki… Bağışlayın, bu günə qədər nə etmisiz ki?

 

- Necə neyləmişəm? Mənim yazdığım yazıların cümlələrin bircəciyini “İçərişəhər” metrosunun qabağında hündürdən deyənin alnından öpərəm. Bir də görürsən, məni tənqid edirlər. Deyirlər ki, niyə bunu demirsən, Ay bala, sən kimsən ki, mənə, Murad Köhnəqalaya hücum edirsən? Dəli tapıbsınız ki, elə həmişə mən qışqırım?

 

- Yorulduzmu, a bəy?

 

- Mən Avropaya gedəndə hamı başladı yazmağa. Qəzet, televiziya, sayt… Nolub, a bala? Məndən başqa gedən yox idi ora? Nolmuşdu?

 

- Bəs niyə qayıtdız? Geri yolladılar, ya özünüz axıra qədər dözümlü olmadız?

 

- Qayıtdım da (ironiya). Məni Avropadan qovdular. Dedilər ki, sənin kimi adam lazım deyil. Qəzetlərdə o cür radikal yazan, dini tənqid edən, həyatı təhlükədə olan adam lazım deyil Avropaya.

 

- Murad bəy, ironiyanızı anladım. Gerçək səbəbi danışasız bəlkə? Niyə qayıtdız?

 

- Bura gələndə dedilər ki, guya məni Avropadan qovublar. Ay adam, Avropadan adam qovmurlar. Gedirsən Avropaya. Orda heç kimsən, tutaq ki. Tikanlı cümlə də işlətməmisən. Bir neçə il səni sorğu-suala tuturlar, gəliş səbəbini soruşurlar filan. Axırda görürlər ki, cinayətkar deyilsən, pis məqsədin də yoxdu. Məni niyə qovaydılar ki ordan? Camaat balaca bir cümləni çap etdirib, onu əlində əsas edir ki, həyatıma təhlükə var.

 

- Bunu mənə deməyin. Avropaya gedib, onların hekayəsini yazmışam mən, xəbərim var.

 

- 2012-ci ildə “Yeni Müsavat” qəzetində belə bir yazı getdi ki, “hansısa xəfiyyə idarəsi 18 jurnalistin öldürüləcəyi ilə bağlı xəbərdarlıq edib”. Necədi sizinçün ki, o siyahının başında da mənim adım vardı?

 

- Siyahının başında siz deyildiz, amma içində var idiz. O yazını həmin vaxt mən yazmışam, xəbərim var.

 

- O siyahının içində Qənimət Zahid də, Mirzə Sakit də, Fikrət Hüseynov da, Həbib Müntəzir də... 4 nəfərin hamısı mühacirətdə idilər mən İsveçdə onu göstərəndə. Bircə onu göstərəndə dedilər ki, sən bu günə qədər niyə orda qalmısan? Demək istəyirəm ki, mənim “stop”um var. Məni Miqrasiya Mərkəzinə çağırıb soruşdular ki, depressiyada olub, geri qayıtmaq qərarı verdin? Dedilər ki, geri götürəsən qərarını? Bir ay vaxt vermək istədilər düşünməyə. Amma mən yox dedim. Onlar ilk intervüdən sonra mənə inanmışdılar və orda qalmağımı istəyirdilər. Gerçək səbəbim vardı, ziyalı, yazı-pozu adamı idim, alverçilərdən fərqli olaraq, gerçəkdən həyatıma təhlükə vardı. Üstəlik, Avropada olan dostlar hamısı bilir ki, mənə “stop” qoyulub.

 

- Amma Avropanın bütün gözəllikləri bir yana, Azərbaycan bir yana dediz və qayıtdız…

 

- Avropa çox gözəldir. Hətta elə sahələr var ki, idealdır. Elektrik qatarı ilə gedirsən, saatda 300 kilometrlə. Meşəliyin içi ilə. Hər şey tərtəmiz. İçəridə vaqonun biri bardır, o biri restoran. İçəridə ViFi var, düymənin birini basırsan, isti yemək gəlir, o birində soyuq yemək. Şəhərlərə gedirsən, qədim binaları saxlayıblar. Lakin bütün bunlar gözəl bir filmdir. Sən o filmdə iştirak edə bilmirsən. Faciə budur. Sən ora qarışa bilmirsən. Anlayırsızmı? O filmdə sənə rol ver-mir-lər. Bəlkə sənin övladın orda böyüyə, rol verilə. Fikir verin, indi Avropada yaşayan azərbaycanlıların hamısı kompüterin başında yatışır. Niyə? Niyə çölə çıxmırlar? Niyə biri bir alman qadınla evlənmir? Niyə birinin bir fransız dostu ilə qol-boyun şəkli yoxdur? Çünki hamısı oturublar, “çubuşlarını” içib, dayanıblar. Qarışa bilmirlər, dil öyrənə bilmirlər. O kinoda tamaşaçıyıq. Orda kədərdirsə kədərlənirsən, sevincdirsə sevinirsən, o qədər.

 

- Azərbaycan çoxmu fərqlidir? Burda hər şeyi özünüzünkü hiss edirsiz?

 

- Azərbaycanın üstünlüyü odur ki, hamı doğma dildə danışır. Pisi pisdir, yaxşısı yaxşı.

 

- Əlacsız deyildiz…

 

- Xeyr. Sadəcə burda hər şey sənindir. Faciə janrı olsa belə sən bunun içində oynayırsan.

 

musavat.com

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017