Humanizmlə özünü alçaldanlar

Kulis.az “Ankara sokaklarından” adlı yeni rubrika təqdim edir. Rubrikada Ankarada yaşayan tanınmış şair Aqşin Yeniseyin köşə yazıları yer alacaq. 

 

Dünyanın ümumi vətən, insanın ümumdünya vətəndaşı olması mümkündürmü? Dünyanı qazanmaq üçün nələri itirməlisən? Bəşəri dəyərlər niyə bəşəri xilas edə bilməz?

 

Əvvəlcə onu deyək ki, kosmopolitizm indiki qlobalizmin keçən əsrdə ölən atasıdır. Pula və işə ehtiyacı olanlara bütün dünyanı (reallığın cənnət təamlarını) vəd edən bir imperializm dinidir. İnsanı vətən (burjua) mücahidi olmaqdan çıxarıb dünya (imperializm) mücahidi etmək məqsədi güdən utopiyadır. Burjuanın çörəyi millətçilikdən çıxdığı kimi, imperializmin çörəyi də kosmopolitzmdən çıxır. İnsan ikisindən birini seçmək zorundadır, çünki üçüncüsü yox.

 

Patriotizm kimi kosmopolitizmin də əsl məqsədi insana azadlıq mühiti tanımaq yox, onu ələ keçirməkdir. Patriotun və kosmopolitin əsl kölədən yeganə fərqi hər ikisinin ideoloji kölə olmalarıdır. Hansı daha yaxşıdır, patriot olub dünyaya qarşı dayanmaq, yoxsa kosmopolit olub vətəni inkar etmək? Bu suala ən yaxşı cavabları Marks-Bakunin mübahisələrində cavab tapmaq olar. İnsana nəzarət edən heç bir sistemi tanımayan, xalis azadlığı kollektivçilik ruhunda görən, dövlətə və dinə oxşayan hər şeydən imtinaya çağıran utopik anarxist Bakunin deyirdi ki, “hər kilsə səmavi bir dövlətdir, hər dövlət isə dünyəvi bir kilsədir” və hər ikisi üçün insan, sadəcə, pis məxluqdur, ona azadlıq vermək olmaz. Əksinə, əgər onu insan etmək istəyiriksə, bacardıqca azadlığını əlindən almalıyıq. Marks isə əksinə, adı işçi sinfi olan bir qrupun hakimiyyətindən bəhs edir, sərvətlərə nəzarət edən “Fəhlə sinfindən” danışırdı. Ona görə də Bakunin Marksı gizli dövlətçi, hətta burjua tərəfdarı hesab edirdi.

 

Kommunizm ideologiyası millətçiliyi qəbul etmir, çünki kommunizmin düşməni olan burjuanın təməl duyğusu millətçilikdir.

 

Marksla Bakunini ayıran məsələlərdən biri də bu idi. Keçmiş Sovet KQB-si də buna görə millətçiləri aradan götürürdü, çünki imperialist siyasət yürüdürdü; millətçiləri olmayan çoxmillətli bir düzən yaratmaq istəyirdi. Bundan xəbəri olmayan bizim bir çox insanlar isə elə bilir ki, kosmopolitzm insanpərvərlikdir və vətəni, milləti sevmək barbarlıqdır. Guya universal azadlıq kosmopolitizmdədir. Halbuki məqsədi dövləti ictimai qurumlarla əvəzləmək olan Marksizmin şinelindən çıxan kommunist liderlər dünyanın ən qəddar və ən millətçi dövlət liderləri oldular.

 

Kosmopiltizmin ilahiləşdirilmiş forması dindir; “İnsanı allah yaradıb və taleyini bəri başdan müəyyən edib”. Bundan səmimi bərabərlik formulu yoxdur, amma hansı din onun qaydalarına əməl etməyənə qarşı səmimidir? Tale əvvəlcədən yazılıbsa, insan nə üçün namaz qılmalıdır, oruc tutmalıdır, bu, onun əvvəlcədən yazılan taleyində hansı redaktə işi görəcək? Tale yazılıbsa, bizim əməllərimiz, doğruları və yanlışları ilə birlikdə yazılanların icrası deyilmi? Kilsə xorunda İncil oxumaqla biz öz iradəmizi yazıya qarşı qoymuruqmu, yəni yanlış hesab etdiyimiz əmrlərə passiv etiraz etmirikmi? Demirikmi ki, ey Tanrı, sənin yazdığını özümə yaraşdırmadım, buyurduğun və mənim icra etdiyim əməli doğru hesab etmirəm, ona görə namaz qılır, Həccə gedir, xor oxuyuram ki, yazdıqlarına yenidən əl gəzdirəsən. Yaxşı yaza bilməmisən, onu düzəlt! Ya da məsuliyyəti mənim üzərimdən götür! Mən, sadəcə, icraçı qulam! Budurmu ilahi kosmopolitizmin insana verdiyi azadlıq? Qul olduğunu addımbaşı nümayiş etdirmək və ölənə kimi bağışlanmaq duyğusunun əsiri olmaq?!

 

Patriotzmdə kosmopolitizmdən üstün olan duyğu təbiilik duyğusudur, vətəni sevmək təbii instinktdir, vətən milli və şəxsi kimliyin ünvanıdır. Kosmopolitizmdə sən heç kimsən, məsələn, müsəlmansan, yaxud sovet insanısan, türk və ya talış olduğunu unutmalısan, bunu ancaq sənə ziyanı toxuna bilər. Milli və şəxsi kimliyi olmayan insan hansı mənəvi başlanğıca söykənə bilər? Vətəndaşlıq milli kimlik duyğusuna söykənmirsə, hansı birgəyaşayışdan söhbət gedə bilər? Yaxud milli və şəxsi kimlik vətəndaşlıqla təsdiqini tapmayıbsa, o necə dünyəviləşə bilər? Bir qadının sevgisinin dadına baxmayan kişi, Facebook-dan başqa harda öz kişiliyindən danışa bilər? Dünyanın bütün inkişaf etmiş mədəni ölkələrini quranlar milli kimliyini vətəndaşlığa çevirən insanlar deyillərmi? Milli kimliyi ilə vətəndaşlığı arasında uçurum olan hansı ölkədə insan haqları, söz və fikir azadlığı var? Milli kimliyini bəşəri, səmavi olan kosmopolit dəyərlərə qurban vermiş hansı xalq xoşbəxtdir?

 

Sən gedib Fransa, Almaniyada, İngiltərədə kosmopolit, humanist ola bilərsən, çünki sən orda heç kimsən, səni orda adam yerinə qoyan yoxdur. Peyğəmbərliyini belə elan etsən, kimsənin umrunda olmayacaq.

 

Demək istədiyim odur ki, öz miskinliyini, acizliyini humanizm, kosmopolitzm altında gizləməklə yalnız özünü aldada və alçalda bilərsən. Sən etməsən də, bunu sənə başqa “humanist və kosmopolit”lər edəcəklər.

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017