Mircəfər Bağırovun varisi: “Cəsədini tapdıq, oğlunun yanında dəfn elədik” – İLK DƏFƏ

Kulis.az Mircəfər Bağırovun bacısı nəvəsi və yeganə varisi Tağı kişiylə müsahibəni təqdim edir.

 

- Tağı müəllim, Mircəfər Bağırovla necə qohumsunuz?

 

- Mən Mircəfər Bağırovun böyük bacısının nəvəsiyəm.

 

- Bağırov sonuncu övlad olub?

 

- Bağırov sonbeşikdir. 1896-cı il 17 sentyabrda Quba şəhərində anadan olub.

 

- Və iki övladı olub.

 

- Bəli, iki övladı olub. Böyüyü Cahangir Bağırov - 1919-cu ildə Həştərxanda anadan olub. 1943-cü ildə Böyük Vətən müharibəsində böyük şücaət göstərib. Sovet İttifaqı

qəhrəmanı adı veriblər ona. Lakin atası imtina edib, qoymayıb alsın. Lenin ordeni ilə kifayətlənib.

 

- Bağırov ziddiyyətli şəxsiyyət olub, yəni onun haqqında...

 

- Bağırovun heç bir zidiyyəti olmayıb. Əgər ziddiyət varsa, bir ziddiyyət tap, mənə de, mən cavab verim.

 

- Yəni onun haqqında bəzən bir-biri ilə üst-üstə düşməyən fikirlər səslənir...

 

- Bağırov haqqında 1956-ci ildə nə yazılıbsa arxiv sənədləri əsasında deyil, müxtəlif insanların uydurması əsasında yazılıb.

 

- Gəlin, Bağırovun Mərkəzi Komitənin birinci katibi olması ərəfəsindən danışaq... 30-cü illərdən... Onun ədəbiyyata, ədəbiyyatçılara münasibətindən  

 

- Bağırov Moskvada ali partiya məktəbini oxuyub gələndən sonra 1932-ci ilin 10 oktyabrında Nazirlər Sovetinin sədri, 1933-cü ilin 10 dekabrında isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub. O, Azərbaycan tarixində ilk azərbaycanlıdır ki, Azərbaycana rəhbərlik edib. Arabir deyirlər, Nərimanov rəhbər olub. Nərimanov olub Nazirlər Sovetinin sədri olub. Nərimanov heç vaxt Azərbaycanın birinci rəhbəri olmayıb. Bu günə kimi cənab Artur Rasizadə də daxil olmaqla, 23 baş nazir olub. Mircəfər iki dəfə baş nazir olub. Biri 32-ci ildə, biri də Stalinin ölümündən sonra. Ədəbiyyata gəlincə... Çox təəssüf ki, 30-cu, 37-ci ilin ədəbiyyatını düzgün araşdırmırlar.

 

 

- Repressiyalar dövrü…

 

- Yox, repressiyaya qalıb hələ. O vaxt Cəfər Cabbarlı da sağ idi.

 

- Cəfər Cabbarlı ilə yaxın olublar...

 

- Yaxın idilər. Mirzəbala Məmmədzadə Müsavatın Gənclər Təşkilatının sədri olub. Onlar dost olublar, bir yerdə oxuyublar.

 

- Aha...

 

- 30-cü ilə kimi - Bağırova kimi Azərbaycanda Nizami Gəncəvi adlı şair yox idi. Füzuli vardı, Nəsimi vardı. Sonra bilindi ki, Nizami də Azərbaycan şairidir.

 

- Fars şairi kimi tanıyırdılar...

 

- Hə, fars şairi kimi. Gedirlər Gəncə zonasına - onun doğulduğu, yaşadığı torpağa, dəfn olunduğu yerə. Ziyarətgah kimi. Kimin uşağı olmurdu, kimin arzuları vardı gedirdilər onun qəbrinə, pirinə xeyir-dua diləyirdilər. Bağırovdan sonra böyük səviyyədə tədqiqatlar aparıldı. Azərbaycan alimləriylə. 41-ci ildə Nizaminin anadan olmasının 800 illiyi yüksək səviyyədə keçirilir. 48-ci ildə Nizami Gəncəvinin heykəli qoyulur.

 

- 30-cu illər ədəbiyyatı araşdırılmır dediniz...

 

- 30-cu illər ədəbiyyatı araşdırılmayıb. Doğru-dürüst araşdırma aparılmayıb. Məsələn, götürək Mikayıl Müşfiqi. Stalinə ən böyük şeirlər yazan Mikayıl Müşfiq idi. Hamı yazıb, Məmməd Rahim də yazıb, Əhməd Cavad da... Bildiyimiz bütün şairlər... Bunlar yazdıqlarına görə repressiya olunmayıblar. Onlar ancaq partiya mənsubiyyətinə görə həbs olunublar.

 

 

- Necə partiya mənsubiyyətinə görə?

 

- Məsələn, 36-cı ilin 5 dekabrında SSRİ Konstitusiyası elan olundu. Və ondan sonra, 37-ci ildə sovetin proqramına uyğun 5 iyunda SSRİ Daxili İşlər Komissarlığının 00448 nömrəli əmri çıxdı. Bütün müttəfiq respublikalara, Moskvaya şamil olundu. Yəni bu dövrdə, əgər bir adam müsavatçıdırsa, başqa partiyanın üzvüdürsə, eserdisə, sosial demokratdırsa, həbs olunub qovulmalı, güllələnməli idi. Əhməd Cavad da Müsavatın üzvü idi və Müşfiq də bunlarla bir yerdə idi. Müsavatla bir idi. Yəni heç kim yazısına görə həbs olunmayıb.

 

- Bu repressiya Bağırovun əlindən keçmirdi?

 

- Repressiyada, orda - 5 dekabrda qəbul edilən sənəddə yazılmışdır ki, müttəfiq respublikaların birinci katiblərinin, Nazirlər Sovetinin bu tədbirə müdaxilə etməyə ixtiyarı yoxdur. Bəzən deyirlər, Sovet İttifaqında ən çox adam Azərbaycanda güllələnib. Ümumiyyətlə, ən az güllələnənlər azərbaycanlılar olub. Hətta ermənidən də, gürcüdən də! Bağırov cəhd edib ki, repressiya siyahısına bunlar düşməsin. Əgər siyahıya düşübsə, mütləq güllələnməlidir. Bağırov müdaxilə edə bilməzdi. Özbəkistanın birinci katibi, Nazirlər Soveti müdaxilə elədi, hər ikisini güllələdilər.  Bağırov dolayısıyla müdaxilə edib. Özünü də həbs edəndə deyirdilər ki, bəs sən müsavatçı olmusan.

 

- Məşhur məhkəməsi olub.

 

- 10 gün. Müsavatçı olmayıb. Müsavatçılığı yaşadıb, müdafiə edib.

 

- Əli üstlərində olub?

 

- Bəli. Mirzəbala Məmmədzadənin 23-cü ildə Azərbaycandan sağ-salamat çıxaran, qaçıran Bağırov olub. 23-cü ildə, özü də Zirə kəndindən. Onun böyük qardaşı Həsənbala Məhəmməd oğlu Məmmədzadəni də... O, 52-ci ilə kimi Azərbaycanda Nazirlər Sovetində kənd təsərrüfatı üzrə işləyib, sənətkar olub. Heç kim bunu bilməyib.

 

- Üzr istəyirəm, Tağı müəllim, dediniz, Bağırov cəhdlər edib onların repressiyadan xilas olmağı üçün. Məsələn, hansı şairlər üçün cəhd göstərib?

 

- Mikayıl Rəfili, Üzeyir Hacıbəyov. Üzeyir Hacıbəyov həm himni yazıb, həm Müsavatın parlament katibi olub. O biri qardaşı Ceyhun bəy Fransada Sovet İttifaqına qarşı yazılar yazıb. Böyük işdi e... onu xilas eləmək. Tək-tük adamları xilas etməyi bacarıb. Hamını edə bilməzdi. Bu, mümkün deyildi.

 

- Bəs Müşfiqi xilas etmək üçün cəhdlər edib?

 

- Müşfiqi xilas etmək üçün cəhdlər edib.

 

- Nə edib məsələn?

 

- Qanuna qarşı çıxa bilməzdi. Sadəcə, nəsə cəhd eləyə bilərdi. Qanunda yazılmışdı ki, repressiya olunanların arvadları da sürgün olunsun. Əgər Müşfiq Dilbərdən boşanmasaydı, o da onlarla sürgün ediləcəkdi.

 

- Yəni bunu Bağırov təşkil elədi?

 

- Yox, qanunda yazılmışdı ki, sürgün edilsin. Bağırov ona müdaxilə edə bilməyib.

 

 

- Dilbər boşandı və sürgündən xilas oldu.

 

- Bəli, xilas oldu. Başqa nə söz-söhbət varsa hamısı şayiələrdir. Yenə deyirəm, Bağırovdan sonra, 56-cı ildən sonra yazılanların arxiv sənədləri yoxdur. İmam Mustafayev bunların hamısını birinci katib olmaq üçün təşkil edib. Anonim məktublar əsasında Bağırovu şərləyib.

 

- Neçənci ildə olub bu?

 

- 53-cü ildə.

 

- Bəs Səməd Vurğun məsələsiylə bağlı nə deyə bilərsiniz? Deyilənə görə, Səməd Vurğun Bağırovun məhkəməsində çıxış edib.

 

- Bağırovu şərləməkdə ikinci yeri Səməd Vurğun tutur. Onun çıxışları var bu haqda. Səməd Vurğun deyir ki, nə istəyir Bağırov bu Şaumyandan? Bağırov beynəlmiləlçi olmayıb, Bağırov millətçi olub. Fadeyev var...

 

- SSRİ Yazıçlar İttifaqının sədri...

 

- 1948-ci ildə Nizami Gəncəvinin yubileyində Bağırov qoymamışdı onu Azərbaycana gəlməyə. Çünki... Şaumyanı müdafiə etmişdi. Siz sual edə bilərsiniz ki, niyə İmam Mustafayev belə təşkil etdi? Səməd Vurğun niyə belə danışdı? Çünki bunlar inanırdılar ki, sovet hökuməti əbədidir.

 

- Rahat danışırdılar.

 

- Hə, danışırdılar, bilirdilər ki, axıra qədər gedəcək.

 

- Bağırovun sağ qalmağıyla bağlı söhbətlər gəzirdi. Guya sağ qalıb

 

- Yox, o şayiədir. Rəhmətlik Mahal İsmayıloğlu vardı, jurnalist. Deyirdi, guya Bağırov Vladivastokda rəhmətə gedib. Hamısı yalandır. Özünə zəng elədim. Nə üçün belə edirlər, bilmirdim. Yəni, sovet hökumətinə haqq qazandırırlar ki, guya onlar zalım olmayıb, adam öldürməyib, ona hörmət edək. Mən belə başa düşürəm.

 

- Astaraya niyə getmişdiniz?

 

- Bir nəfər bizə evə gəldi, dedi Bağırovu görmüşəm. Bilmədim buna görə bunun maddi qazancı var, ya qonaqlıq verəcəklər. Çox olub belə. 1956-cı il 26 apreldə hökm çıxardıblar. Bir həftədən sonra da güllələyiblər.

 

 

- Qəbri var?

 

- Bu yaxınlarda Bağırovun güllələnməsi haqqında məsələ açıldı. Bayılda qəbristanlıq var. Kim güllələnibsə orda basdırırlar. Yəni İranda, Türkiyədə olduğu kimi kəfənləmək yoxdur, paltarla atıb basdırıblar.

 

- Yəni qəbri bilinmir də?

 

- Yox, tapdıq, analiz elədik. Özü də vəsiyyət eləmişdi ki, məni oğlumun yanında dəfn edin. Bir xeyirxah adam köməkliyi ilə elədik.

 

- Müharibədə ölən oğlunun?

 

- Hə.

 

- Repressiya olunan insanların qohumlarından Bağırovun qohumları ilə düşmənçilik eləmək istəyən olubmu?

 

- Heç vaxt, heç vaxt.

 

- Deyirsiz,  günahsızdır, amma özü deyib ki, məni şaqqalamaq lazımdır...

 

- Onu İmam Mustafayev uydurub. Bağırov deyib ki, əgər mənim təqsirim varsa, şaqqalayın. Mən əminəm ki, o, bir ayna kimi tərtəmiz, ləkəsizdir.

 

- Repressiya olunanların sənədinə imza atmayıb?

 

- Heç vaxt!

 

- Bəs kim icra edirdi bunu?

 

- SSRİ Daxili İşlər Naziri müavini. Birinci katiblərin müdaxilə eləməyə haqqı yox idi.

 

- Bağırova qəzəb və nifrət başa düşüləndir, bəs sizcə, ona sevgi haradandır? Niyə bəzi adamlarda sevgi var Bağırova?

 

- O, heç kəsin xətrinə dəyməyən, heç kəsi incitməyən bir adam olub. Quba zonasında onun qəlbinə dəydiyi bir adam tapa bilməzsiniz. Bircə nəfər məhkəmədə üzünə durmuşdu, ona da buna görə ev vermişdilər.

 

- Əzazil adam olmayıb?

 

- Yox, a kişi. Uydurublar! Əzazil olub, necə əzazil? Mart hadisələrində 18-ci ildə o qulaqkəsən Andranik var e, onu qaçırdan Anton arvad paltarı geyinib, Bağırov gedib bunu tapıb və şəxsən güllələyib.

 

- Siz gördünüz Bağırovu?

 

- Gördüm, əlbəttə. Bağırovun oğluyla dost olmuşam. Yer almışam Xaçmazda. Mənim evimdə Mircəfərin oğlunun adı var. Böyük bacısı ana kimi olub ona. Mənim nənəm. Onlardan qalan bir mənəm. Mən saxlamışam Mircəfərin ailəsini. Çünki yaxşı imkanım olub. Oğlun, qızın evləndirmişəm.

 

- Yəni o necə insan idi belə? Evdə, ünsiyyətdə...

 

- Heç vaxt deməzdi ki, içmə, çəkmə, ağıllı ol. Bunu deməyib. Atam gedib yanına, siqaret çəkirmiş. Deyib ki, bu nədi çəkirsən, çəkirsən lap yaxşısını çək.

 

- Çox sadə bir ailə başçısı olub...

 

- Çox sadə. Özü də imanlı adam idi. Quran oxuyurdu.

 

 

- Quranı vardı?

 

- Əşşi, ali ruhani məktəbi oxuyub.

 

- İranda oxumuşdu?

 

- Yox, Qubada molla məktəbi var. Yəni orda mədrəsədə oxuyub. Ərəb, fars dillərini bilib.

 

- Onla ünsiyyətdə olduğunuz vaxt neçə yaşınız vardı?

 

- 45-ci ildə bizə gəlmişdi. Hər dəfə şimala gedəndə gələrdi məni görərdi. Mən onda görmüşəm. Bir də 53-cü ildə vəzifədən çıxanda. Ən çox anamı istəyirdi. Anamın 8 uşağı vardı. Oturdardı yanında.

 

- Qohumları ondan çəkinirdilər?

 

- Yox, çəkinib eləmirdilər. Mircəfəri vəzifədən çıxardandan sonra o qədər axtardılar ki, bunun kimisə vurmağını, incitməyini. Nə əcəb bu bir nəfərə bir şillə vurmayıb? Müdirdir də. Nə əcəb bir təpik vurmayıb, kiminsə haqqını pozmayıb? Tapmadılar! Tapmadılar, a kişi!

 

- İmam Mustafayevin onunla nə düşmənçiliyi vardı ki, Bağırovu elə qələmə verirdi?

 

- Buna vəzifə verib axı Xuruşov.

 

- Stalinin adamı kimi ona qarşı gedirdilər?

 

- Stalinin adamı kimi yox, Azərbaycanın adamı kimi. Bağırov Stalinin adamı olmayıb. Stalini başa salıb o. Beriyayla bir yerdə işləyiblər. Beriya böyük şəxsiyyət idi. 37-ci ildə bir dənə Beriyanın imzası yoxdu. Beriya gələn kimi repressiyanı saxlayıb.

 

- Məhkəmə Bağırova ədalətsiz qərar çıxarıb?

 

- Yalançı şahidlərlə. Yalançı şahidlər kimdi? Məsələn, Tahir Salahovun bacısı Zərifə Salahova, Ədalət Tahirzadə yalançı şahidlərdən olublar.

 

- Tahir Salahov?

 

- Hə, hə...

 

- Övladlarından kimsə qalmadı?

 

- İki oğlu vardı. Birinci arvad 26-cı ildə rəhmətə gedib. Ondan sonra 4 il subay qalıb. Bəzi adamlar deyir ki, Bağırov iki-üç arvad saxlayırmış. Yaıandr. 4 il subay qalıb. Mənim nənəmgil deyiblər ki, bəs uşağa baxmaq lazımdır. Öləndə 7 yaşı olub oğlu Cahangirin. 19-cu ildən idi. 31-ci ildə evlənib. Ondan da Cen adlı oğlu olub. Cen 32-ci il avqustun 12-də anadan olub. 94-cü ildə Moskvada ermənilər tərəfindən bir ziyafətdə zəhərlənərək öldürülüb.

 

- Elə iki övladının ikisi də ölüb ? Nəvələri yox idi ?

 

- Nəvəsi vardı. Mircəfər…

 

- Adını Mircəfər qoymuşdular?

 

- Hə, Mircəfər. 2005-ci ildə ermənilər tərəfindən öldürüldü. Gürcüstanda. Bir mənəm qalan. Bağırovun Qubadakı evini almışam, oranı muzey eləyəcəm.

 

- Əşyaları ordadı?

 

- Hə.

 

- Eynəyi durur?

 

- Hə, durur.

 

- Bağırov günahsız idisə, görmürdü ki, bu hadisələri onun ayağına yazırlar?

 

- Öləndən sonra yazdılar, şərlədilər.

 

- Adamlar günahsız yerə güllələnir və sən həmin respublikanın birinci şəxsisən.

 

- Onların müdaxilə eləməyə ixtiyarları yox idi də. Deyirdilər, otur yerində. Bağırov 13 il daşnaklarla mübarizə aparıb. Yeganə adamdır ki, bütün müttəfiq respublikalar içində repressiya haqqında məktub yazmayıb.

 

- Hər halda repressiyanı onun adına yazırlar.

 

- Qəsdən ediblər bunu.

 

- Siz əminsizmi ki, Mircəfər Bağırovun heç bir adamın güllələnməsində əli olmayıb?

 

- Bir nəfər də yoxdu. Sübut gətirsinlər. O sübutu gətirən adamın ayaqlarından öpərəm.

 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017