Qollarına düşürəm hər dəfə... – Rəbiqədən YENİ ŞEİRLƏR

Kulis.az şairə Rəbiqənin yeni şeirlərini təqdim edir.
 

Vətən


Könlümə nə səpdin,
tikan bitdi.
Məni vətən bilib
özgələrə getdin.
Soruşmuram, qürbət kimdi, 
necədi... nəçidi..
Ölməyə qayıtma, gecikdin,
qanqal basıb
içimdəki qəbir yerini..

 

Heç nə

 

Əvvəl məktublar qısalar 
sonra zənglər.
Təsəlli görüşlərdə 
dodaqlardan qalxar öpüşlər... yanaqlara...
Daha çox ürəyini sıxar 
barmaqları ayrılanda SEVGİLİnin...
 

Əvvəl məktublar azalar,
sonra zənglər.
Görüşləri düşər gözündən... ayağının altına...
Büdrədiyini görməz,
yanaqlarından alnına qalxar 
SEVGİSİZİN əli...

Əvvəl yalanlar ağrıdar
sonra şübhələr...
Sonra heç birinin olmaması...
Sonra heç nə...
Heç nə olmamış kimi...

 

Sevgili

 

Ümidimdən asılıb
qollarına düşürəm
hər dəfə.
Getmək istəyəndə
ayaqların kəsir yolumu.
Olmur!
Sağlığımda günahkarsan,
Sevgili...
Zənglərindən tutub
Ev dustağı eləyiblər
Səni könlümə...
Hara gedirsən get.
Yolum ürəyindən keçir.

 

Zərərçəkmiş sevgilinin dilindən

 

Nağıl danışmıram, səmimiyəm,
başımıza gül səpirdi işıqlar
əlimdən tutub mənimlə qaçdığı gün...
elektrik dirəyindən asılan lalələri deyirəm…
inanın, yalan ifadə deyil,
dastanlardan çıxmışdı Koroğlu,
gülümsəmişdi: “tələs, oğlum
bir azdan qapıları bağlanacaq
yeraltı qəsrimin” demişdi.
qatara minmişdik,
qoluma girmişdi...
adını bilmədiyim adamlar şahiddi -
təkcə əllərimi yox,
saçlarımın qoxusunu da
burnuna almışdı,
nəfəsini vermişdi qulaqlarıma,
yəqin nəsə pıçıldamışdı
xatırlamıram…
könlümü götürmüşdü ilk görüşdə
əvvəl kinoya çağırmışdı… 
getməmişdim,…
yəni bir az məsumam…
boynuma alıram,
sonradan…
nə isə...
kafedəki o yaşlı nənə şahiddi -
ağlamışdım
çox yox, ayda cəmi on-on beş gün…
hər dəfə alnımdan öpmüşdü, 
vəd vermişdi…
nə dediyini xatırlamıram…
yox, heç soruşmayın,
yaşadığı ünvanı,
əvvəl yaşadığı ünvanı yəni.
axtarmayın, indi yaşamır
öldürəndən sonra məni…
şahidim... şahidim yoxdur...

 

LENT

25 Sentyabr 2017
24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017