Qadın edəndə fahişə, kişi edəndə “kişi” sayılır – NAMUS HEKAYƏTİ

Olmuş hadisədir. Qadının meyitinə də yiyə duran tapılmadı. Axırda Gəncədə kimsəsizlər məzarlığında torpağa basdırıldı. Üstündə başdaşı da yoxdur.  O da yüzlərlə sahibsiz ölü kimi torpağa qarışıb, it-bat oldu. Barəsində dedi-qodu danışanlar da gündən-günə azaldı. Sağların “ətini yeyirlər”, ölü heç qeybət edənlərə də lazım deyil.

 

Əslində, kimsəsiz deyildi Səkinə xala (ad şərtidir). Özünü işə verməyən əri, min bir əziyyətlə böyütdüyü 4 övladı, bir qoşun qohum-əqrəbası var. Amma o hadisədən sonra hamısı imtina etmişdi.  Evdən qovmuşdular, qohumları da üzünə qapı açmırdı.  O da başını götürüb harasa getmişdi. Gəncə kimi mühafizəkar toplumda əxlaqsız damğası ilə yaşamaq  ölümə bərabərdir. Elə tanıyanlar da  “ölsəydi, ərinin, oğlanlarının başı yerdən qalxardı”, “ölsə, bəlkə əxlaqsızlığı da yaddan çıxardı” deyirdilər.

 

Mən o qadını müdafiə edən bir tanışa da rast gəlmədim. Hamısı bir ağızdan lənət yağdırırdı. Bir gün yenə söhbəti düşmüşdü, qonşulardan “qadının əxlaqsızlıq etdiyini görübsünüzmü?” deyə soruşdum. Bir-birinin üzünə baxıb çiyinləri çəkdilər. Başqalarından da maraqlandım. Əxlaqsızlığına dair bir dastan söz danışsalar da, Səkinə xalanın pozğunluq etdiyini, kiminsə maşınına mindiyini, evinə getdiyi, yanaşı gəzdiyi gözü ilə görən olmamışdı. Hamısı “mən görməmişəm, amma elə deyirlər” cavabını verirdi.

 

Əhvalatı öyrənmək çətin olmadı, qadının yaşadığı məhəllə kiçik ərazidir. Deməli bu qadın ömür boyu  evə bir çörəklik pul da qazanmayan, hər çətinlikdə yaxasını qırağa çəkən  bivec ərinə və 4 oğluna baxıb. Deyilənə görə, çox əziyyətlə, kasıbçılıqla oğlanlarını böyüdüb. Qapılarda təmizlik işləri görüb, bağdan yığdığı meyvələri satıb, bir qarın ac-bir qarın tox ailə saxlayıb.    

 

Beləcə, illər ötür, oğlanları böyüyür. Amma Səkinə xalanın qayğıları azalmır. Oğulları da ataları kimi işləmir, yenə də zavallı ana özünü oda-közə vurub  ailəni dolandırır.

 

Çayxana, siqaret xərcliyini də qadından alırlarmış. Günlərin bir günü evin balaca oğlu “qəhrəmanlıq” edib kiminləsə dalaşır, adama zərər verir. Vurduğu ziyanı ödəmək üçün pul lazım olur. Səkinə xala övladı həbs olunmasın deyə özünü dağa-daşa vurub pul axtarır. Kimin qapısına borca gedirsə, əliboş qayıdır. Axırda bir imkanlı qonşusuna ağız açır, borc tapıb övladını həbsdən xilas edir. Elə söz-söhbət də bundan sonra başlayır.

 

Guya Səkinə xalanın borc aldığı kişi ilə münasibəti olub. Ona görə “guya” yazıram ki, deyilənləri gözü ilə görən olmayıb. Hamı “elə deyirlər”ə inanıb, nəsə danışır. Dedi-qodu məhəlləyə yayılır. Bir gün də həmin balaca oğluna çayxanada söz atıb, anasının fahişə olduğunu eyham edirlər.

 

Oğul da ailənin namusunu “təmizləmək” üçün bıçaq götürüb yüyürür anası ilə adı çıxan kişinin evinə. Səkinə xalaya xəbər çatan kimi yollanır həmin ünvana. Çatanda gec olur. Kişi qanlar içində canını tapşırır. Gözü dönmüş oğul bir neçə bıçaq da anasına vurub qaçır. Qadın ağır xəsarət alsa da ölmür, cani həbs olunur. Hadisədən sonra digər övladları və əri dedi-qoduya inanıb qadını evdən qovur. Yaralı ana yenə də məhkəməyə gəlir, övladına bəraət verilməsi üçün hakimə yalvarır, övladından  şikayətçi olmadığını deyir...

 

Səkinə xaladan qohumları da üz çevirir, bu “namussuz” qadınla münasibət saxlamağı özlərinə ar bilirlər. Onun yaralı halda hara getdiyini, harda yaşadığını bilən olmur. Amma yenə deyilənə görə qapılarda təmizlik işləri görüb çörək pulu qazanır. Dəfələrlə oğulları ilə görüşməyə, məsələnin əslini danışmağa çalışsa da ananı görmək və dinləmək istəmirlər.

 

Çox keçmir, Səkinə xalanın ölüm xəbəri yayılır. Qadın psixoloji təzyiqlərə, dedi-qodunun ağırlığına, ən çox da övladlarının ondan üz döndərməyinə dözməyib çərləyir. Bunu da camaat danışır. Oğulları və qohumları “namussuz” qadının ölüsünə də yaxın durmur. Bəlkə onlar da el-oba qınağından qorxub, meyiti qəbul etməyiblər, bilmirəm.

 

Kimsənin əxlaqsızlığını görmədiyi, söz haqqı tanımadığı, dinləmədiyi qadının sonu kimsəsizlər məzarlığı olur. 

 

Bu əhvalatı gündəmdən düşməyən namus cinayətlərinə görə yazdım. Hər halda biz namus cinayəti kimi bilirik, işin əsli-astarı bir Allaha agahdır, bir də öldürülən qadınlara.   

 

Bu gün də namus adı ilə qadın döyülür, saçı qırxılır, bıçaqlanır, öldürülür. Yenə kişilərin bu əməllərə haqq qazandırmağını birtəhər anlamaq olar, bəs cinayətə bəraət qazandıran qadınlara nə deməli?

 

“Əcəb edib, eləsinin başı kəsilməlidir” - rəylərini oxuyanda söyləməyə  söz tapmıram. Özü də bunu deyən müsəlmanlardır.

 

İslama görə birini zinada suçlamaq üçün 4 şahid olmalıdır. Əgər 4-cü şəxs təsdiq etmirsə, digər 3 nəfərin ifadəsi də qəbul edilmir. Əks halda deyilənlər böhtan, onu danışanlar isə yalançı sayılırlar.

 

Hələ də namus - cinayətləri ört-basdır etmək üçün bir səbəbdir. Şərqdə qadınlar daha çox namusla “vurulurlar”. Çox asandır. Əxlaq söhbətini ortalığa at, 1-2 günün içində şişib dastana çevrilsin. Elə ki, dilə düşdü, nə istəyirsənsə et. Döy, öldür, axırda da de ki, əxlaqsız idi. Kimsə hesab soruşmayacaq.

 

“Əxlaqsıza nə etsələr haqdır” deyən bacılar və qardaşlar, bəs bu namus ancaq qadınamı aiddir? Nikahdankənar münasibəti olan qadınlara əxlaqsız deyiriksə, bəs kişilər? Əməl eynidirsə, niyə qadın edəndə fahişə, kişi edəndə “kişi” sayılır?

 

Riyakar və ədalətsiz yanaşma olduğu şübhəsizdir. Eləcə də namus çoxluğun düşündüyü qədər də dar və bəsit bir anlayış deyil. Namus həm də vicdandır, dürüstükdür, ədalətdir. Bir sözlə, namus dəyərdir, vacibdir, önəmlidir. Ta ki alətə çevrilənə qədər.

 

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017