Füzuli ölüsü - Murad Köhnəqala yazır

 

Öyün, yolun Cavid parkı tərəfindən “Elmlər Akademiyası” metrosuna sarı keçmək istəyəndə əlində əsa, qoltuğuna kirli papka sıxmış güclə yeriyən bir qoca yandan məni səsləyib onu gözləməyimə işarə elədi. Dayanıb gözləyəsi oldum. Kişi asta-asta mənə yaxınlaşdıqca fikirləşirdim, görəsən, qoltuğuna papka almış bu qoca nə işin sahibidi. Öldüyü yerdə bu nə papkabazlıqdı? Yaxşı daa, ola bilsin, nə vaxtsa müəllim-zad işləyib, indi də höt-hötünü yerə qoymaq istəmir. Yox a kişi, müəllim olanın üzündən azca da olsa işıq sızar, bunun sifətində nifrətdən başqa bir şey yoxdu, axı. Sürünə-sürünə elə gəlir, elə bil ayaqlarını falaqqadan yenicə düşürüblər. Başını tısbağa kimi çanağından çıxarıb ətrafı sezməyindən hiss elədim ki, qocalıb bu günə düşməyində ətrafdakı adamları günahkar bilir. 

 

Nəhayət, aramızdakı 5-10 metr məsafəni səbirlə, asta-asta, ehtiyatla qət edib mənə yetişdi və xoşagəlməz titrək səsi ilə ucadan: “Məni də yolun o tayına keçirt!” deyib, zəli kimi qoluma dolandı. Mən, asta-asta onunla birgə, ora-bura vızıldayan maşınların arasından boylana-boylana yolu keçməyə girişdim. Yanımızdan maşın keçdikcə qoca məndən daha möhkəm yapışıb böyrümdə gizlənirdi ki, bircə ona xətər toxunmasın. O, sağ qolumdan dartıb məni əydikcə hər ikimizə daha da təhlükə yaradırdı. Qocanın bu hərəkəti suda boğulanın öz xilaskarını boğmasına bənzəyirdi.

 

Kişini sürüyə-sürüyə birtəhər yolun bu üzünə keçirdim. Sağollaşıb aralanmaq istəyimi hiss eləyib qolumdan daha da möhkəm yapışaraq: “Məni Akademiyanın binasına qədər ötür!” – dedi. Səsindəki amiranəlikdən bildim ki, onun rəhmətlik, bəlkə də cənnətlik dədəsinə xeyli borcum var.

 

Ağsaqqalın papkasının sirri mənim üçün yavaş-yavaş açılmağa başlayırdı. Demək, kişi elm adamıdı, qəbir evinəcən öyrənmək istəyənlərdəndi. Qolumdan yapışmasının iyrəncliyini yadımdan çıxarıb öz başımı qatmaq üçün soruşdum: “Ağsaqqal, Akademiyaya getməyiniz xeyirdimi?”

 

Kişi nifrət dolu sifətini mənə tərəf əyib sualımı təkrarlamağım üçün: “Haıy?” – dedi.

 

Bildim ki, qulağı o qədər də saz deyil, ona görə sualımı ucadan təkrarladım: “Deyirəm, Akademiyaya getməyiniz xeyirdimi?”

 

Kişi yenə məni nifrətlə süzüb: “A bala, nə bağırırsan, burda karmı var? Xeyir olmayanda nədi? Mən sənin xalqının akademikiyəm, ee, akademiki! 97 yaşım var, ömrümün 77 ilini sənin kimi qanmazlara elm öyrətmək üçün xərcləmişəm, heyf mənim əməyimə! Sənin kimi qədirbilməzlər əlində qalmışam, ömrüm zay olub getdi!” – dedi.

 

Fikirləşdim, əşi, qoca kişidi, qoy, nə deyir-desin, xətrinə dəyməyəcəyəm ki. Könlünü almaq üçün: “Ağsaqqal,- dedim- sizə daha da uzun ömür, elmi işlərinizdə yeni-yeni nailiyyətlər arzulayıram! Arzu edirəm qoltuğunuzdakı o elmi işiniz axırıncı yox, axarıncı olsun!” – söylədim.

 

Kişi yenə üzümə baxıb: “Sənin kimisi nə qanır elm nədi, alim nədi, savad nədi, bilik nədi, zəka nədi, dərrakə nədi?”- dedi.

 

Mən onun yerişinə köklənərək yavaş-yavaş, səbirlə Akademiyanın binası tərəfə addımlayır, girişdəcə qaçıb canımı qurtarmaq istəyirdim. Qocaman alim məndən növbəti sual gözləsə də susmağa üstünlük verirdim. Beləcə, susmağımı görən akademik təzədən açıldı: “Mən düz 50 ildir Məhəmməd Füzuli yaradıcılığı ilə məşğulam. Desən, bu nə qanır, qəzəl nədi, Məhəmməd Fizuli kimdi, “ğəmi-pünhan” nədi? Bunlarınkı müftə yeyib-içib yatmaqdı! Əşşiii!!!”

 

Mən başımı aşağı sallayıb əzmlə susaraq öz vətəndaşlıq vəzifəmi yerinə yetirməyə davam edir, akademikimizin canlı leşini binaya tərəf sürüyürdüm. Kişi ağzındakı üst protez dişini dili ilə çölə çıxarıb dərhal da geri öz yerinə qablaşdırdıqdan sonra yenə başladı:

 

“Füzuli deyir: - Eşq Məcnuni-cünuni zindandır, Eşqin ən əlası ğəmi-pünhandır! - Bilirsənmi, kişi nə deyib?”

 

Mən yüngülcə başımı yellədim, yəni, bilmirəm. Akademik təzədən başladı: “Sən hardan biləsən, ey qafil?! Deyiiir, Məcnun elə bir işə düşüb ki, onunku zindandan betərdi! Yəni eşqə düşən adam zindana düşmüş kimi bir şeydi! Əşi, mən kimə danışıram ee, sənin kimi zırramalar belə hikmətləri hardan qanacaq? Bax, o qarşımızda cavanlar gedir ee, onların hamısına nifrət eləyirəm, nifrət!!! Heyf, mənim ömrüm getdi, əslində onların yerinə mən yaşamalıyam ee, məəən!!! Gör nə günlərə qaldım ki, sənin kimi heyvərənin birinin qoluna girmişəm! Hey, fani dünya! Həmişə allahıma yalvarmışam ki, ya rəbbim, məni bu nadanlara möhtac eyləmə, ancaq yenə gəlib sənin kimi axmağın birinə ağız açdım! Eh, nə bilim! Gör, sonra nə deyir? Deyir ki, eşqin sənə gətirdiyi ğəmi gizlin saxlamalısan! Yəni, sən birinə vurulmusansa ömrünün axırına qədər bu eşqi sevdiyinə bildirməməlisən! Yoxsa, indikilər birini sevən kimi “cırt!” qızın qabağını yolda kəsib deyir, aaz, mən səni sevirəm! Bəs, sevginin isməti, paklığı, ülviliyi harda qaldı, ay nadanlar?!”

 

Mən dinmir, bu çürük adamdan tezliklə xilas olmağıma ümidlənib susurdum. Akademik sözünə ara verərək dərin, füzuliyanə bir ah çəkdi. Onun nəfəsi üzümə dəyəndə ağzından çıxan üfunətin dözülməzliyindən az qaldım oradaca qusam. Kişi yenə başladı: “17 yaşım olanda bir qıza vurulmuşdum, 97 yaşım var, hələ də o eşqi sinəmdə gəzdirirəm. O qız ərə getdi, uşaqları oldu, nəvələri dünyaya gəldi, yenə bu sirri ona açmadım. Yazıq çox yaşamadı, 64 yaşında haqqın dərgahına qovuşdu. Ölüm ayağında xəstə yatarkən bircə dəfə yanına gedib dedim, ey gül, sənə bir sirr açmaq istəyirəm. Dedi, nə sirdi o elə? Dedim, düz 50 ildir, mən səni qəlbimdə gizli sevirəm. Yazıq göz yaşları töküb dedi, bəs niyə qəlbini mənə açmamışdın, ey bülbülü-şeyda? Dedim, əzizim, Füzuli deyib, “Kim ki, faş edər eşqi aləmə, Onun günahları gəlməz qələmə!” Yazıq qadın bu dünyanı göz yaşları içində tərk elədi. Özüm də göz yaşları içində ondan ayrıldım. Bax, budur, əsl məhəbbət! Budur əsl eşq! Budur vəfa, budur ilqar!!!”

 

Kişi danışdıqca əsasının ucunu asfalta döyürdü. Fikirləşirdim, ey göylər, mən bundan canımı haçan qurtaracam? Akademik sol əli ilə sağ qolumdan sallaşaraq davam eləyirdi:

 

“Füzuli bir dərya idi, mən onun bircə damlası olsaydım özümü xoşbəxt sanardım. Mənim Füzuli yaradıcılığının təfsirinə dair 58 dənə kitabım çıxıb! Oxumursunuz, oxumursunuz, oxumursunuz!!!! Eşitmişəm, təzəlikcən “indernat” (internet demək istəyirdi) deyilən bir şey çıxıb, ta orda it yiyəsini tanımır, kim kimə istəyir, məktub yazır, eşq elan eləyir, tfuuu!!!”

 

Kişi “tfuu!” eləyəndə başımı yana tutdum ki, tüpürcəyi üzümə dağılmasın. Axır ki, Akademiya binasının girəcəyinə çatdıq. Bu qoca idbarın əlindən sürüşüb çıxmaq istəyəndə: “Hara tələsirsən, məni liftin yanına apar!”- dedi. Yaxınlaşan kimi cəld liftin düyməsini basdım. Handan-hana lift gəlib çıxdı. Mən sevinmiş kişini içəri ötürmək istəyəndə: “Ayə, hara tələsirsən, kömək elə içəri keçim dəə!”- dedi.

 

Akademiklə bərabər liftə girdim. “Beşin düyməsini bas!”- deyə mənə əmr elədi. Sonra içəridə qolumdan yapışıb: “Məfailün-failatün...” deyərək nəsə bir zoğallama başlamaq istəyirdi ki, cəld düyməni basıb bayıra tullandım.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017