Afaq Məsud: “Sirli yazı əraziləriylə sürətlə irəliləyirdim”LAYİHƏ

 

Kulis.az məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində Afaq Məsudin “Azadlıq” romanı barədə danışdıqlarını təqdim edir.

 

Romanın ilk üç fəsli üzərində iş qurtarmaq üzrəydi. Uzunmüddətli fasiləsiz yazı rejimi məni yorub əldən salmışdı. Divarlar, bağlı qapılar artıq televizorun və küçə səslərinin, qonşu mənzillərdən axan hənirtilərin qabağını kəsə bilmirdi. Binamızla üzbəüzdəki balaca səsyazma köşkündən qoşa gücləndirici ilə küçəyə yayılan “Xoçu umeret molodım...” mahnısı da bir yandan…

 

Əsərin son fəsilləri məni dünyanın ən səssiz, keçilməz laylarına saldıqca, ətrafın səs-küyü məkrli bir qəsdlə birə-on artıb çoxalır, nə yanvar ayının qar-çovğunu, nə televiziya kanallarının Axirət barədə yaydığı ətürpədən “yeniliklər”i ətrafın bu xəstə aktivliyini səngidə bilmirdi. Yazını yarımçıq saxlamaq – sürətlə qaçan adamı yüyürdüyü yerdə dayandırıb, ağız-burnunu qapamaq qədər təhlükəli və öldürücü idi. Yeganə çıxış yolu qalırdı: Mərdəkandakı bağ evimizə köçmək və işi orada davam etdirmək.

 

İlk əvvəl həftənin üç günü – cümə, şənbə və bazar günləri Mərdəkandakı evdə – qızdırıcı sistemi olmayan, işıqları dəqiqədəbir sönən ikimərtəbəli bədheybət bir binada tənha qalmağı qərara aldığım üçün evdə mübahisə düşdü. Lakin çox keçmədi ki, evin içində barmaqlarının ucunda gəzməsi belə, fikirlərimi dağıdan yoldaşım, axır ki, Mərdəkana köçməyimə razılıq verdi. Amma tək yox, balaca qızımla.

 

Beləliklə, yanvar ayının axırları qızımla birgə bir müddət küləklərin qorxunc-qorxunc uğuldadığı, gecələr qaranlıq otaqlarının hər küncündən əcaib səslərin eşidildiyi soyuq, kimsəsiz, lal evdə yaşamalı olduq.

 

Günlər anlaşılmaz sürətlə keçir, hər səhər yeməyindən sonra mətbəxin qapısını bağlayıb qaz pilətəsinin gözlərinə güc verərək, özümə qapılır, əlimdə qələm, bir gözüm saatda sübhün açılmağıyla gecə qapanmaları arasında sirli yazı əraziləriylə sürətlə irəliləyir, nahar və şam yeməyində fasilə verib qızımla qısa, ötəri söhbətlərdən sonra dərin, qaranlıq sulara baş vurantək, yenidən yazıya girişir, gecədən xeyli keçənə qədər işləyir, yazılı səhifələri səliqəylə üst-üstə yığır, şəhərdə bir aya bitirib başa çatdıracaqlarımı burda bir neçə saata əldə etdiyimdən gizli qürur duyurdum…

 

Uşaq gününün əksər hissəsini qarovulçunun komasında keçirir, saatlarla soyuq küləklərin vıyıltısıyla dolu çılpaq ağacların arasında gəzişir, yenicə balalamış itin balaları ilə oynayırdı.

 

Beləcə, əsərin dördüncü fəslini başa vurdum. Sonuncu – əsas fəsil qalırdı… Gözlərimin, yaddaşımın taqətsizliyini hiss etsəm də, işi yarıda saxlamaqla, səbəbini özüm də dərk etmədiyim bağışlanmaz səhvə yol verəcəyimi anlayırdım.

 

Günlərin biri, axşama yaxın göyün üzü qəfildən qaramtıl buludlarla örtüldü… hava qaraldıqca xırda-xırda qarlamağa, dəniz tərəfdən əsən şiddətli xəzri damın dəmirlərini, pəncərə çərçivələrini qorxunc-qorxunc əsdirməyə başladı. Qaranlıq yataq otağının ikigözlü çarpayısında böyrümə qısılan qızımın vahimələndiyini duysam da, şəhərə zəng vurub yoldaşımı çağırmaq, kimsəsiz bağ evlərinin arasında, tufanlı dənizin ortasında tənha qayıq kimi çalxalanan bu soyuq evi tərk etmək fikrini beynimdən qovub çıxartdım. Bir qədər keçmişdi ki, telefon zəng çaldı. Yoldaşım idi, bizi şəhərə aparmaq üçün gələcəyini dedisə də, mən işi yarımçıq qoya bilmədiyimi söylədim, şəhərə qayıtmağa razılıq vermədim və biz bütün gecəni qucağıma qısılan qızımla birgə, güc yığan qasırğanın qorxunc uğultuları altında yatdıq.

 

Gecədən xeyli keçmiş işıqlar söndü. İşıqlarla bir, yataq otağımızı qızdıran elektrik sobası da soyudu.

 

– Mama… – uşağın soyuqdan, ya qorxudan xırıldayan səsi eşidildi.

 

– Hm.

 

– Yatmısan?..

 

Sözləri, ağzında qoz varmış kimi deməyindən bildim ki, boğazı gəlib. Bütün günü çölün soyuğunda yaxası-başı açıq oynayıb gecələr pallı-paltarlı nəm yorğan-döşəkdə yatmağın axırı belə də olmalıydı.

 

Əlimi alnına toxundurdum. Azca istisi vardı.

 

– Yox, yatmamışam, nədi ki?..

 

– Eşidirsən?..

 

– Nəyi?..

 

– Səsləri.

 

– Hansı səsləri?

 

– O biri otaqda kimsə gəzir, – qızım dedi və başını yorğanın altında gizlədi.

 

Nəfəsimi qısıb yan otağa qulaq kəsildim...

 

Səs-səmir gəlmirdi.

 

– Küləkdi, – dedim, – qorxma, gözünü yum, yat.

 

– Mən qorxmuram… Deyirəm, sən qorxmursan ki?..

 

– Yox, – dedim, amma əslinə qalsa, qorxurdum. O biri otaqdan gələn hənirtilərdən çox, hər qış qar yağanda qarovulçunun dərin yuxuya getməsindən, çöldəki tufandan istifadə edib hasarın üstündən, pəncərələrin laxlaq taylarından evlərə soxulan bağ oğrularından qorxurdum. Gecələr mətbəxin, artırmanın işığını da ondan ötrü yanılı qoyurdum ki, kənardan baxanda, evdə adam olduğunu düşünüb bu tərəflərə hərlənməsinlər. İndi, tərs kimi, işıqlar da sönmüşdü…

 

…Sübhün alaqaranlığında qapının əsəbi-əsəbi döyülməsinə ayıldım…

 

Gələn yoldaşım idi… saçları, bığları qar lopalarıyla dolu idi. İçəri girib salamsız-kalamsız, birbaş yataq otağına yollandı, uşağı yuxudan oyadıb dodaqlarını alnına toxundurdu, sonra çönüb əyri-əyri üzümə baxdı:

 

– Sənin bu yazıların hamımızın axırına çıxacaq… hazırlaş, gedirik!.. –  dedi.

 

…Yolboyu ağlayırdım... Şəhərə bu qədər nifrət elədiyim olmamışdı… Elə bil məni sirlər dolu sakit, əfsanəvi ərazidən, sintetik qoxulu, səs-küylü zavoda aparırdılar…

 

Ərimlə yolda mübahisə elədik. O bütün yolu gözlərinin altına çökmüş günah kölgələrini gizləməyə çalışa-çalışa dinmir, sükanı elə sıxırdı, elə bil ikiyə bölüb sındırmaq istəyirdi.

 

Mənsə arxa oturacaqda yırğalana-yırğalana, gözüm yaşla dolub boşala-boşala fikirləşirdim ki, kaş ki, o, sükanı iki böləydi… Maşın da iki yerə bölünəydi… hər yarısı bir tərəfə gedəydi. Birində o – şəhərə, o birində mən – geriyə…

 

1994

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017