Tərk edə bilmədiyim insanlar

 

Səmayə Bayramova

 

İnsan mahiyətcə tənha varlıqdır. Tək gəlir dünyaya, elə tək də gedir. Lakin bununla bahəm insan həm də sosial varlıqdır. Yəni daim başqa insanların ətrafındadır, ya da onun ətrafında mütləq başqa insanlar var. Bu iki ziddiyyətlə insan yaşamalı, balansı qorumağı bacarmalıdır.

 

Normal insanlar bacarır, balansı qoruya bilirlər. Niyəsə mən heç vaxt bacara bilməmişəm. Əvvəllər insansızlıqdan əziyyət çəkirdim. Ətrafımdakı insanlar mənə yetmirdi. Çoxlu insan tanıyıb kəşf etmək istəyirdim. Sonra çoxlu insanlar tanıdım və indi insanlılıqdan əziyyət çəkməyə başlamışam. Deyəsən mən anormalam, ya da ola bilər yorulmuşam, bilmirəm...

 

Həyatımdakı insanların mütləq əhəmiyyəti, dəyəri və yeri var mənim üçün. Heç vaxt məni tərk etməyən, həmişə yanımda olan, anladığım insanlar var. Bu insanları duya bilirəm, onlar da məni duyur. Elə ona görə də hər zaman yanımda, düşüncəmdə və qəlbimdədirlər. Həyatımda var olan bütün insanları dərk edirəm.  

 

Dərk etməkdə çətinlik çəkdiyim insanlar var bir də. Heç vaxt başa düşmürəm o insanları. Anlamaqda, dərk etməkdə çox böyük çətinlik çəkirəm.

 

Məsələn;

 

Aşkarda deməyə çətinlik çəkdiyi sözləri gizlində deyən insanları.

 

İnsanları kateqoriyalara ayıranları.

 

Dəyər anlayışı olmayan insanları.

 

Yoldaşlıq anlayışı olmayan insanları.

 

Məişətə bağlı insanları.

 

Mərhəmət duyğusu olmayan, xəstə, problemli adam görəndə əsəbiləşən, insanları dinləməyən, hətta insanlara durduq yerdə nifrət edən insanları.

 

Pul üçün nə oldu edən insanları.

 

Yaltaq insanları.

 

Hər cür mənəviyyatsızlıq edə bilən insanları.

 

Bir şey hiss edib başqa cür danışan insanları.

 

Yumşaq, zəif insanları.

 

Həyatın bütün zərbələrinə baxmayaraq dərs almayan insanları.

 

Zibili zibil qabına atmayan insanları.

 

Gələcəklərini düşünməyən, milli özünüdərki olmayan insanları.

 

Düzgünlüyü danan ədalətsiz insanları.

 

Soyuq insanları.

 

Məni də bumbuz edə bilmək qabiliyyətinə malik insanları...

 

Bu insanları qəti dərk edə bilmirəm. Tərbiyə deyə bir məfhum mövcud olduğu halda, insanların özlərini tərbiyə edə bilməməsini də dərk edə bilmirəm. İnsan beyni, daha dəqiq desəm, inkişafa açıq insan beyni özünü necə istəsə tərbiyə edə bilər. Belə insanlar mənim üçün əhəmiyyətsiz, dəyərsiz və yersizdirlər.

 

Əhəmiyyətsiz, dəyərsiz və yersiz insanlar mənimlə deyillər heç vaxt da olmurlar, olmayacaqlar da. Hər zaman sadəcə tanış qismində yer alırlar, elə də qalırlar. Gedirəm o insanların beyinlərindən, qəlblərindən, həyatlarından. Öz düşüncələrimdə onlara yer də vermirəm! Dərk edə bilmirəmsə tərk edirəm.

 

Lakin...

 

Unutduğum bir kateqoriya daha var. Həyatımda olmayan, nə əhəmiyyətsiz, nə əhəmiyyətli, nə dəyərli, nə dəyərsiz, nə yerli nə yersiz.

 

Bu kateqoriyadan olan insanlar ağırlıq edirlər.

 

Onları anlaya bilmirəm, amma zaman-zaman düşünürəm. Bu insanlar ağır gəlirlər. Qəribəsi odur ki, bu insanları dərk edə bilmirəm, amma tərk də etmirəm....

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017