Bir Lolita da yoxdu– ELVİN BAKİROĞLUNUN YENİ ŞEİRLƏRİ

 

Kulis.az Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.

 

Havalanmış adamın şeiri

 

hanı sevdiyim o qız?
hanı sevdiyim hər kəs?
yüz ilin tənhasıyam,
görməyib məni Markes.

 

məni kimsə görmədi,
nə bir düşmən, nə bir dost.
ömrüm itmiş zamandı,
axtarsın Marsel Prust.

 

boyları bircə qarış,
di gəl tavandı eqo.
bu adamlar kordular,
hardasan, Saramaqo?

 

bir Lolita da yoxdu,
başımı qatan bir ov.
yox, məndən olan deyil
Vladimir Nabokov.

 

mən sevginin acıyam,
göz yaşı əldə viski.
bu da mənim cəzamdı
senyor Dostoyevski.

 

necə qoyum kənara 
bu aclığın hamısın.
cavab yoxdu yenə də
eşitmir Knut Hamsun.

 

mən bu evin küncünə 
qısılmış bir tarakan.
böcəyə çevrilmişəm
hardan biləydi Kafka.

 

məndə qırmızı yoxdu,
rənglərim solğun, qopuq.
mənim adım qaradı,
incimə, Orxan Pamuk.

 

mənim qara rənglərim
qırmızıya tutur toy.
hərb ve sülh eyni qabda,
düz buyurmuş Tolstoy.

 

heç kimdə yoxam daha,
heç yerdi daha hər yer.
xəsisdi hər nə varsa,
anlayar məni Molyer.

 

daha Martin İdenəm,
hər şey bitir, bu da son.
dəniz uzaq olsa da,
içim dənizdi, London.

 

içimdəki dənizdə
boğuluram elə hey.
bu qoca cavan oğlan
ölür e, Heminquey…

 

 

***

 

məni sənə, səni də
mənimçün cox görənlər.
aramıza girənlər -
ayrılıq massonları...

 

günü-gündən azalır
çöldə ayaqqabılar.
pəncərələr, qapılar -
gözləmə salonları...

 

uşaqların yeməyi, 
üst-başı, əyinləri.
anamın çiyinləri -
agır yük vaqonları...

 

torpağın üzərində
Süleymandan iz qalar.
zəhmətkeş qarışqalar -
yeraltı qarsonları...

 

yad bir ölkə, yad şəhər,
adamlı boş küçələr.
eyni fərqli gecələr -
hüznün qara tonları...

 

şairlər bu kədəri
milyon ildi əritmir.
niyə işıqlı bitmir
şeirlərin sonları...

 

 

***

 

Bir də mənim qarşıma çıx,
Bir də mənim xoşuma gəl.
Bir də mənim başıma çıx,
Bir də mənim başıma gəl.

 

Bir də mənə həyatım de,
Bir də olum sənə ömür.
Bir də mənim ömrümü ye,
Bir də mənim ömrümü sür.

 

Bir də məni tələyə sal,
Bir də keçir qarmağına.
Bir də məni əlinə al,
Bir də dola barmağına.

 

Bir də…
Bir də…
Bir də…
Bir də…

 

 

LENT

23 Avqust 2017
22 Avqust 2017
21 Avqust 2017