Azərbaycan qadınına nifrət edən yazıçı

 

Günel Natiq

 

“Azərbaycan qadını riyakardır, ikiüzlüdür...”

 

Yazıdakı bu ifadələr məni şoka saldı. Azərbaycan qadınını təsvir edən yazı başdan-başa tənqid və hətta təhqirlərdən ibarət idi.

 

“Azərbaycan qadını olduğu kimi görünmür. Düşündüklərini başqa cür ifadə edir. O saxtakardır. Özünü ideal qadın kimi qələmə verir. Əslində isə düzgün olmayan həyat sürür”.

 

Yazı müəllifinin sosial şəbəkədə öz səhifəsi vardı, amma ad-soyadını anonim saxlayıb “Düşüncəli adam” adıyla fəaliyyət göstərirdi. (Sonralar sosial şəbəkədə axtarış zamanı xeyli “Düşüncəli adam” profilinə rast gəldim, amma onların bu adamla əlaqəsi yox idi). Pərəstişkar sarıdan korluq çəkmirdi. Onun hər statusunu bəyənir, tərif yağdırırdılar. “Düşüncəli adam” da bu rəylərdən xeyli məmnun olub öz “müdrik” fəaliyyətini davam etdirirdi. Əslində ümumilikdə pis yazmırdı, yetərincə savadlı idi, mən bu adamın hansısa tanınmış şair və yazıçı olduğunu düşünürdüm, amma konkret kim olduğu əlbəttə ki, mənə bəlli deyildi.

 

Neqativ adam idi. İçi və dışı qaranlıq olanlardandı. Hiss olunurdu ki, nəinki qadınlara, ümumilikdə insanlığa nifrət bəsləyir. Tez-tez ölümdən yazırdı. Bəlkə də o ölümcül xəstə idi və bu üzdən normal şəkildə həyata davam edənlərə nifrət edirdi? Hər halda bu adamda itələyici nə isə vardı və bu “nə isə” məni istər-istəməz narahat edirdi.

 

Elə bil öz kölgəsinə sığınmışdı və qaranlıq tərəflərini ört-basdır etmək üçün təzadlı fikirlərlə pərdələnirdi. Mənə hərdən elə gəlirdi ki, təsadüfən onu aşkar edən biri olsa, bu adam yad insan qoxusu duyan nabələd küçük kimi ona dişlərini qıcıdar. Yəni bu adamın mənim təsəvvürümdə müəyyən obrazı var idi. Halbuki lap təzəlikcə onun fərqinə varmışdım.

 

“Azərbaycan qadını riyakardır...”

 

“Düşüncəli adam” özünü sığortalamaq üçün tənqid və təhqir dolu yazısının altında bir qeyd yazmışdı:

 

“Bu yazını müəyyən qadınlar üçün yazdım. Kim bu yazıda özünü görürsə, reaksiya verə bilər”.

 

Oxucu qadınlar da həmin o “müəyyən qadınlardan” olmadıqları üçün yazını normal qəbul edib hətta bəyənmək işarəsi belə qoymuşdular.

 

“Bravo sizə. Əsl Azərbaycan kişisi kimi Azərbaycan qadınının obrazını gözəl yaratmısınız” - Mən kinayə ilə yazdım.

 

Adam gözləmədiyim halda həyəcanlandı, elə bil ən qorxduğu şey başına gəlmişdi. Halbuki belə iddialı yazını yazan adam hər cür reaksiyalara, rəylərə açıq olmalıdır. Yad qoxu duyub təlaşlanan nabələd it yenidən təsəvvürümdə canlandı.

 

“Düşüncəli adam” hücum taktikasına keçdi:

 

- Xeyir ola, soğan yeməmisiniz, içiniz niyə göynəyir?

 

Bu situasiya üçün maraqlı cavab idi, hər halda işin axırını gözlədim.

 

- Mən o yazını müəyyən qadınlar üçün yazmışam. Qeydi görmürsünüz? Yoxsa o qadınların içində özünüzü görmüsünüz?

 

Adam özünü sığortalamaq üçün guya işini ehtiyatlı tutmuşdu, amma əsəbləri onu ələ verirdi.

 

- O yazıda Azərbaycan qadınının ümumi mahiyyətindən söhbət gedir, - mən yazdım, - əgər sizi kimsə aldadıb və ya qürurunuza toxunubsa, bunu bütün qadınlarımıza aid etməyə haqqınız yoxdur. Sizin riyakar dediyiniz qadın mühafizəkar cəmiyyətdə hər addımda təhqir olunur, alçaldılır. Olduğu kimi görünmək Azərbaycan qadınına bəzən həyatı bahasına başa gəlir. Bəzən riyakar olmağa, bəli, məcburdur. Çünki cəmiyyət onu sıxışdırır, ittiham edir, azadlığını məhdudlaşdırır. Siz bir ziyalı kimi qadınlarımızın mənəvi durumunu anlayıb dəstək olmaq yerinə, daha bir zərbə vurursunuz. Siz qız uşaqlarının öldürüldüyü mühitin insanısız. Zamanın, məkanın fərqi yoxdr, insanları onların düşüncələri birləşdirir. Siz ölmüş insanların ölü hüceyrələrindən doğulan bir kəssiniz. Belə həssas məqamlar haqqında fikir yürütmək sizlik deyil.

Maraqlı idi ki, kənardan heç bir müdaxilə yox idi, sanki bizi izləyənlər azərbaycanlı kişi və qadınlar deyildi, ayrı ölkədən, ya da ayrı planetdən gəlmişdilər.

 

“Düşüncəli adam” əsəblərini cilovlaya bilmirdi, sözlərim onda böyük qəzəb yaratmışdı. Elə bil cinayət başında tutulmuşdu. Orta əsrlərdə qəfəsə salınıb, küçəbəküçə gəzdirilib ifşa edilən adamın vəziyyətindəydi. Öz “qəfəsində” var-gəl edir, çımxırır, ittiham edir, dediklərinə heç cür haqq qazandıra bilmirdi.

 

Nəhayət, “Düşüncəli adam”la söhbətimizə xitam verib özünü də qara siyahıya saldım. Mənşəyi və məqsədi naməlum olan bu adamın insanlarımızı təhqir edən yazılarını görüb qanımı qaraltmaq istəmirdim. Bir müddətdən sonra həmin adam və başındakı pərəstişkar ordusu da yadımdan çıxdı.

 

Bu yaxınlarda az-çox tanınan, təxminən 50 yaşlarında bir yazarın televiziya müsahibəsində ağzından qaçırdığı sözlər olmasaydı, o adam heç yadıma da düşməyəcəkdi.

 

“Nə zamansa “Düşüncəli adam” adlı bir nikim vardı”, - yazar dedi, sonra nə isə söyləmək istədi, az sonra bu sözlərdən də vaz keçib söhbəti dəyişdi.

 

Deməli, şübhələrimdə haqlıydım. Bu adam cəmiyyət içində az-çox tanınan bir kəs idi, şəxsi səbəblərdən “ürəyi doluymuş”, saxta profil altında gizlənərək öz nifrətini qərəzli yazılarla büruzə verirdi. Bir vasitəylə bu “ziyalımıza” həmin o söhbəti xatırlatmaq keçdi içimdən. Amma sonra fikrimdən vaz keçdim. Orta əsrlərin təsəvvürümdə yaranan miskin mənzərəsinin bir daha şahidi olmaq istəmədim.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017