Mario Benedetti: Novatorluq yanğısı hər yazıçıda fərqlidi

 

Latın Amerikası nəsrinin nəhəngləri arasında mühacir həyatı yaşamayan yazıçı çox az olar. Demək olar ki, onların hamısının yaradıcılığında xəstəhal ehtirasla kökə bağlılığın bir səbəbi də yəqin elə budu. Əslində, yazıçı təbiətən ömrü boyu mühacirətdədi – ən azı təxəyyülünün yaratdığı dünyaya münasibətdə. Amma bu hissi həm də cismən yaşamaq şübhəsiz ki, yaradıcılıq üçün əlavə stimuldu. Yəqin elə bu səbəbdəni ki, təkcə Latın Amerikası deyil, ümumiyyətlə dünya ədəbiyyatının əksər şedevrləri vətəndən kənarda doğulub. Çünki yazıçı təkcə əbədi əzabkeş yox, həm də əbədi sərgərdandı...

 

Ötən əsrin 85-ci ilinin əvvəllərində Uruqvaya bahar gəldi. Bu təkcə təbiətə deyil, ölkənin siyasi ab-havasına gələn bir bahar idi. On ildən artıq sürən hərbi-vətəndaş diktaturasından sonra hakimiyyətə xalqın seçdikləri gəldilər. Dustaqlar türmələrdən buraxıldılar, repressiyalardan boşalan ölkəyə (əhalisinin sayı 3 milyona güclə çatan Uruqvayın yarım milyonu mühacir idi) axın başlandı. Fəhlələr, keçmiş məmurlar, ziyalılar, siyasi xadimlər... Eyni səbəbdən Amerikaya və Avropaya səpələnmiş qonşu çilili, argentinalı qardaşlarıyla birgə uruqvaylılar da vətənə döndülər. Məşhur Uruqvay yazıçısı Mario Benedetti də qəhrəmanlarıyla birlikdə həmin mühacirlərin arasındaydı.

 

Bəs Mario Benedettinin dünya nəsrində yeri hardadı? Müasir realizmə şəxsi variantını təqdim edən bu sakit və təmkinli uruqvaylı öz dəst-xəttiylə şübhəsiz ki, «yeni» Latın Amerikası romanının nüvəsini təşkil edən digər nəhəng həmqitəlilərindən xeyli fərqlənir. Mifik, intellektual nəsrin, magik realizmin, fantastikanın fonunda onun ilk baxışdan sadə, hardasa elə bil səsi alınmış nəsri özünün ancaq adamaoxşar adamlarıyla, «köhnə dəbli» psixologizmiylə hardasa əsas yoldan kənarda uzanan cığır kimi görünə bilər. Amma əslində, Benedetti bu özünəməxsusluğu və daha effektiv üslubuyla hadisələrin ən dərin qatlarını açaraq tarixin bədii-fəlsəfi mənzərəsini yaradır ki, bu da Latın Amerikası romanının XX əsr dünya mədəniyyəti qarşısında çıxış etdiyi konsert zamanı xorda solo kimi səslənir. Bu mənada, Benedetti nəsri bəlkə elə doğrudan da Latın Amerikası ədəbiyyatının əsas yolundan kənarda açılan cığırdı.

 

Yaşar

 

Kulis.az Uruqvay yazıçısı Mario Benedettinin müsahibəsini təqdim edir.

 

– Bəzən tənqidçilər La-Plat ölkələri ədəbiyyatında fantastika elementlərinin belə geniş yayılmasının səbəblərini Argentina və Uruqvayın müəyyən milli xüsusiyyətləriylə əlaqələndirirlər.

 

– Fantastika janrında əsərlər yazan müəlliflər Argentinada daha çoxdu və həmin ölkədə bu səpgili yaradıcılıq nümunələrinə bütün dövrlərdə maraq olub. Uruqvaya gəlincə, bizim sırf bu janrda işləyən cəmi bir yazıçımız olub ki, onun da adı Felisberto Ernandesdi. Digərləri, məsələn, Xuan Karlos Onetti yaxud Maria İnes Silva Vila nə vaxtsa bir ya bir neçə fantastik hekayə yazsalar da, əsasən başqa janrlara müraciət edirlər.

 

Mənim «Qəribə məktublar» adlı bir kitabımda «Mənasız təmsillər» başlıqlı hissə var. Təmsillər fantastika qiyafəsindədi, amma əslində, onlar senzuranın gözündən yayınmaq üçün bu janrda yazılıb, mən qarşıma tamamilə real məqsədlər qoymuşam. Bununla da məsələnin məğzini tutan oxucu oradakı sətiraltı mənanı anladı, müəllifin də bəhanəsi o oldu ki, yazdığı sadəcə təmsildi. Oxucular bu təmsillərə dəyər verdilər, həftəlik «Marça» isə hətta təqiblərin ən şiddətli vaxtlarında belə bu yazıları dərc edə bildi.

 

– Latın Amerikası nasirlərindən kimə daha artıq önəm verirsiz?

 

– Ölkəmin, ümumilikdə bütün Latın Amerikasının yazıçıları arasında mənə bir oxucu kimi ən yaxın və doğma olanı Orasio Kiroqadı. Latın amerikalı nasirlərin çoxunda onun təsiri var. Adətən, Xuan Rulfonun yaradıcılığına Folknerin təsirindən danışılır, amma hesab edirəm ki, Rulfoya Kiroqadan gələnlər, Folknerdən gələnlərdən daha çoxdu. Əlbəttə, Rulfonun yazı texnikasına Folknerin böyük təsiri olub, amerikalı nasirin «Avessalom, Avessalom» və digər əsərlərinin «Pedro Paramo»ya güclü təzyiqi hiss edilir. Amma başqa bucaqdan baxanda mənə elə gəlir ki, onun «Od içində vadi» adlı hekayələr toplusu özünün təhkiyə manerasına görə Kiroqaya daha yaxındı. Bəli, Kiroqa dildə yığcamlığın ustasıydı, o, yalnız son dərəcə vacib sözlərdən istifadə edirdi. Düşünürəm ki, Qarsia Markesin ən güclü əsəri saydığım «Polkovnikə məktub yoxdu» povestində də məhz ifadə vasitələrinin yığcamlığında Kiroqanın təsiri duyulur.

 

– Demək olarmı ki, ölkəni bürüyən amansız şəraitə baxmayaraq, Uruqvay ədəbiyyatı mövcudluğunu davam etdirir?

 

– Bu, ölkədən kənarda olanlar geri dönəndən sonra bilinəcək. Yalnız o zaman mühacirətdə olan bizlərin və ölkədə qalanların yazdıqlarını müqayisə etmək imkanı yaranacaq. Odur ki, bu gün bu suala cavab vermək çətindi. Uruqvay yazıçılarının böyük əksəriyyəti sürgündədi, vətəndə qalanlar da ya türmədədi, ya da susmağa məhkumdu. Hətta əgər nəsə yazırlarsa belə çap eləyə bilmirlər. 

 

Amma tam əminəm ki, Uruqvayın bu acı gerçəkliyi o yanlı, bu yanlı hamımıza eyni cür təsir edir. Mənim ölkəmdə elə bir yazıçı çətin tapılar ki, onun bu gün yaratdığı hansısa əsər indi Uruqvayda baş verən hadisələrlə birbaşa ya dolayısı əlaqəli olmasın. Bəlkə də bu sırada bir dəstə sağ təmayüllü yazıçını istisna etmək olar. Yeri gəlmişkən, onlar çox deyil, həm də aralarında bir nəfər də böyük qələm sahibi yoxdu. Bax elə bu tərəfdən də biz Argentinadan fərqlənirik. Həmin ölkədə həmişə sağ təmayüllü nəhəng yazıçılar olub.

 

Mənə gəlincə, «Vətən və vətənsizliyə xiffətlə» adlı kitabım sırf bu mövzuya həsr olunub. Bu kitab Uruqvayda baş verən faciəvi hadisələrin insanların taleyində, ailələrin həyatında, ataların və övladların münasibətlərində, hətta sevgililərin intim münasibətlərində necə əks olunmasından bəhs edir. Biz qitənin digər xalqları, məsələn, paraqvaylılar kimi mühacir həyatına hazır deyildik. Lap keçmişdən biz özümüz Latın Amerikasının müxtəlif dövlətlərindən olan qaçqınları qəbul etməyə öyrəncəliydik. İndi üç milyonluq Uruqvay əhalisinin üçdə birinin mühacirət etməsi müasir tarixdə həqiqətən nadir haldı. Bəziləri siyasi motivlər, digərləri aclıq və işsizlik səbəbindən vətəni tərk edib. Bütün bunlar bizim yazıçıların bu müddət ərzində çap etdirə bildikləri əsərlərdə öz əksini tapır. 

 

– Siz ədəbiyyatda nəyi həqiqi novatorluq kimi qəbul edirsiz?

 

– Fikrimcə, hər tarixi şəraitdə yeniliyin öz xüsusi növü peyda olur. Bu, həm də yazıçının söykəndiyi ənənələrdən, bu və ya digər klassikə bağlılığından asılıdı. Axı, biz hamımız eyni mövzulara müxtəlif cığırlarla gəlirik. Odur ki, novatorluq yanğısı hər yazıçıda fərqlidi. Odur ki, bu məsələyə hamı üçün yararlı ola biləcək bir ümumi formula vermək mənim imkanım xaricindədi. Amma hər halda, fikrimcə sosializm şəraitində püxtələşən gənc yazıçı kapitalist ölkələrində yaşayan həmkarından xeyli fərqlənir. Hətta eyni quruluşda, amma müxtəlif ölkələrdə formalaşan yazıçılar da bir-birindən seçilirlər. Ən əsası yeniliyə gedən yol yazıçının söykəndiyi yaradıcı istiqamətdən keçir.

 

Elə bir an gəlir ki, hələ tələbə olan gənc yazıçı mədəni dəyərləri əxz etməyə, dəyərləndirməyə başlayır, incəsənətdən, ədəbiyyatdan zövq alır. Nəhayət, məqamı gələndə o, hiss edir ki, ona qədər yaradılanlara nəsə bir yenilik gətirməlidi. Beləcə, hər kəs müxtəlif istiqamətlərdə hərəkət etdiyindən yeniliyə də öz fərqli cığırını açır.

 

Bu sırada kubalı nasir Lisandro Oteronun yaradıcılığını qeyd edərdim. O, hələ özünün mükəmməl romanını yarada bilməsə də, hər halda, doğru yolda olanlardandı. 

 

Amma kubalı Soler Puiqin «Gecə çörəyi»ni mən Kuba inqilabından sonra yaranan Latın Amerikası romanları arasında, ola bilsin, təkcə Karpantyerin romanlarını çıxmaq şərtilə ən yaxşılardan sayıram. Yeri gəlmişkən, Soler Puiqin «Gecə çörəyi» Karpantyerin ustalıq səviyyəsinəcən yüksələ bilib. Bu kitabda Soler Puiq xeyli eksperiment aparır. Təbii ki, əsərdə realist elementlər az olmasa da, roman ənənəvi realist üslubda yazılmayıb. Həm ədəbi, həm də sosial, siyasi və tarixi baxımdan olduqca mükəmməl romandı. Tək mənim yox, romanı çox isti qarşılayan digər yazıçıları da qənaəti belədi. 

 

– Necə bilirsiz, Uruqvaydakı mövcud vəziyyət hələ nə qədər davam edə bilər?

 

– Dəqiq cavab vermək üçün gərək münəccim olasan. Amma hər halda, öz fikrimi deyəcəm. Uruqvayın başına gələnləri öz taleyində yaşayan insanlar bəzən çox səbirsiz olurlar, gözləyirlər ki, elə bu dəqiqə möcüzə baş verəcək və hər şey həll olunacaq. Amma siyasətdə möcüzə olmur, yalnız proseslər olur. Çevrilişdən ötən bu on il ərzində Uruqvay xalqı bütün tarixi boyu malik olmadığı bir siyasi şüura yiyələnib. Mən cəsarətlə deyə bilərəm ki, yaradıcı ziyalıların belə amansızlıqla təqib olunmalarına səbəb də (həftəlik «Marça»nın qadağan edilməsini, «Qalpon» teatrının bağlanmasını xatırlatmaq kifayətdi) nəhayət onların sözlərinin xalq kütlələrinə çatmasına görədi. Bax elə buna görə də ali mərtəbəyə – mədəniyyət xadimlərinə qarşı amansız təqiblər başlandı. Diktatura yazıçı və oxucu, sənətkar və tamaşaçı arasında bu illər uzunu yaranan həyati söhbətin təhlükəsini dərk etdi.

 

Mədəniyyət xadimlərinin ölkənin taleyinə təsiriylə bağlı illüziyalara qapılmadan deyərdim ki, Uruqvay yazıçıları və sənət adamları xalqın şüurunun inkişafında az da olsa əsaslı rol oynadılar. İnanıram ki, artıq çox da uzaq olmayan gələcəkdə də bu təsiri göstərə biləcəklər. Ölkədə dəyişikliklər qaçılmazdı. Təbii ki, bütün bunlar bir gecənin işi deyil, amma biz artıq qələbənin bir addımlığında olduğumuza əminik.

 

"Xəzər" jurnalı

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017