Gənc yazarlara nifrət edənlər

 

Ayxan Ayvaz

 

Son vaxtlar gənc yazarlar gündəmdən düşmür. Hamısı inkubator cücələri kimi bir-birini təkrar edir, gündəm üçün dəridən-qabıqdan çıxır.

 

10 il qabaq sosial şəbəkələr aktiv deyildi, saytlar yox idi və yalnız qəzetlərdə ədəbi qovğalar baş verirdi. O zaman yazarlar yenə əlinə balta alıb cəmiyyətin ağrılı yerlərinə döşəyirdi, gündəm yaratmaq eşqinə açıq-saçıq yazılar yazırdı. Mən bığ yeri təzəcə çıxmış yeniyetməydim, bu prosesi dörd gözlə izləyirdim. Deyirdim, görən nə olacaq bunun axırı? Şou ayaq tutub yeriyirdi. Ədəbiyyatı şouya çevirən bir qisim yazarlar peyda olmuşdu. Ancaq onlar maraqlı gəlirdi. Aygün Kazımova kimi gündəmdən düşmək istəməyən bu yazarlar hər dəfə yeni bir mövzu ortaya atıb özləri üçün əylənirdilər.

 

Sonra nə oldu? Hamı tısbağa kimi qınına çəkildi. Ortada işığı zəif-zəif közərən əsərlər qaldı, şou isə yerini daha da bərkitdi. Bu dəfə ədəbiyyatı şouya çevirənlər estafeti yenilərinə ötürdülər. Sosial şəbəkə də sağ olsun, bu barədə yazarlara xeyli dəstək durdu, onların auditoriyasını genişləndirdi. Böyük kütlədən feyzə gələn yazarlar öz yazıçılıq missiyasını unudub şouya yuvarlandı, qalmaqal, qıcıq yaratmağa başladı. Halbuki yazıçının missiyası cəmiyyətdəki ictimai-siyasi hadisələrə öz ləyaqətli münasibətini ortaya qoymaqdır. Bizim yazarlar isə bu missiyanı əlinin tərsi ilə kənarlaşdırıb həssas məsələlərə barmaq elədi və nəticədə hamının haqlı olaraq qəzəbinə tuş gəldi.

 

Şou meylli statuslarla, insanları qıcıqlandıran fikirlərlə gözdən düşdük. Yazıçı ola bilmədik. Yazıçı cəmiyyətin işığı idi axı. Biz niyə qaranlıq olduq? Niyə yazıçılığı gözdən saldıq? İndi çoxları düşünür ki, bu yazarlar nə yeyib, nə içir, niyə bu qədər mənasız işlərə baş qoşurlar. Əvvəllər şair, yazıçı ən yüksək mərtəbələrə layiq idi. Ən azından yazıçı adında bir ağırlıq vardı. İndi yazıçı, şair yüngülləşib, buxarlanıb havaya qarışıb. O ağırlıq, o çəki yoxdur artıq. Ona görə də heç kim övladının yazıçı olmağını istəmir. Yazıçı adı gələndə gülürlər, lağ edirlər. Axı hamı səhv düşünə bilməz. Çoxluq haqlıdır. Yazarlar özlərini gözdən saldılar. Təəssüf ki, bu həqiqətdir.

 

Ancaq burda bir ciddi məsələ də var. Bu mənasızlığa yazarları kim apardı? Tolstoy Anne Kareninanı öldürmədi, cəmiyyət onu ölümə apardı. Yazarları da cəmiyyət özü bu yola apardı. Onlar da oxucu ola bilmədilər, fikirləri səthi oldu, arqumentləri zəif. İntellektual səviyyəsi yüksək ola bilməyən bir cəmiyyət öz yazarını da bu cür şouya yuvarlayacaqdı. Hər gün eşitdiyimiz kriminal xəbərlər bu cəmiyyətin güzgüsüdür. Kitabdan min ağac uzaq düşmüş cəmiyyət aqressiyasını bir-birindən çıxdılar. Bu aqressiyanın alovuna baxa-baxa öz içini yeyən yazar da alovu söndürmək əvəzinə onu daha da artırdı. Nəticədə yazar da cəmiyyətin gözündən düşdü... 

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017