5 yaşlı qızın xəbərini necə yazmalı?

 

Könül Cəfərli

 

“İt başından tutub çeynədi...” Hə, elə belə də yazılmışdı xəbər başlığı. Söhbət 5 yaşlı uşaqdan, Sumqayıtda quduzluqdan ölən balaca qızdan gedir. İndi təsəvvür edin o başlığı uşağın ata-anası da oxuyur. Yaxud da elə düşünün ki, ölən sizin balanızdı, kimsə faciəsini belə təsvir edir. Oxuyanda nə hiss keçirərsiniz? Sizi necə ağrıdarsa, bax o qızın valideyninə də eyni cür toxunar. Bir balaca qızın ölümünü bu kökə salmaq nə jurnalistika etikasına, nə də insanlığa sığır. İşdən-gücdən isə heç danışmayın, xəbərçilik bu deyil.

 

Xəbər nədir və nə üçün lazımdır? Öncə buna aydınlıq gətirək. İfadə və istehsal fərqliliyindən asılı olmayaraq, bütün kütləvi informasiya vasitələrinin əsas işi və vəzifəsi informasiya hazırlamaqdır. Bu iş informasiyanın əldə edilməsi, istehsalı və yayımından ibarətdir. Medianın məlumat əldə etmək, cəmiyyətin isə informasiya ilə təmin olunmaq haqqı var. Bəs hər informasiya xəbər sayılırmı? Bu da mübahisəlidi. Qərb xəbər jurnalitikasına görə, cəmiyyət üçün əhəmiyyət daşıyan informasiyalar xəbərdi. Lap tutaq ki, belə deyil, model Günayın alt paltarından tutmuş Nadir Qafarzadənin yeni maşınınadək hər məlumat xəbərdi. Deyə bilərsiniz ki, oxunursa, camaat üçün maraqlıdırsa, niyə də yazmayaq? Bu da başqa bir mövzudu. Biz qayıdaq xəbərə. Uşağı it dişləməsi xəbərdi. Cəmiyyət baş verən hadisə ilə məlumatlanmalıdır. Eyni olayın təkrarlanmaması, valideynlərin daha diqqətli olması, küçə itlərinə qarşı tədbirlərin görülməsi və s. üçün hadisənin xəbəri yazıla bilər. Xəbərdirsə, məzmunu yalnız informasiya daşımalıdır. Yəni ah-vay, üzüntü, kədər, təəssüf, bəzək-düzək, emosiya olmadan, sırf məlumat təqdim olunmalıdı. Yetkinlik yaşına çatmayan və digər xüsusi hallarda şəxslərin adları və soyadları yazılmaya bilər. Jurnalist etik kodeksi də bunun tərəfdarıdır. Bu halda anonimliyi qorumaq üçün adamların ya adları şərtiləşdirilir, yaxud da isimlərinin yalnız baş hərfləri yazılır. Çünki xəbərdə məqsəd şəxslər deyil, hadisənin məzmunu, ictimai əhəmiyyətidir. Sırf şəxslər üzərində qərarlaşan xəbərlər də var. Bu adətən tanınmış, ictimai-siyasi nüfuzu olan şəxslərə aiddir. Məsələn, məşhur biri qəzaya düşübsə, burada xəbər foksu çox zaman hadisə deyil, şəxs olur.

 

Amma Sumqayıtda 5 yaşlı qızı it dişləməsi və ölümü hadisə fokslu xəbərdi. Yəni şəxsin kimliyini, adını, soyadını, oxuduğu məktəbi, sinfini, partasını açıq yazmamaq da olar. Hətta jurnalistika etikasına görə, xüsusi hallarda müxbir özünü zərərçəkmişin yerinə qoymalı, sualları elə verməli, xəbər o cür həssaslıqla hazırlamalıdı.

 

O ki qaldı başlığa, informasiyanın təqdimatı çox önəmlidir. Başlıq hadisənin məzmununu və foksunu təyin edən xəbər adıdır. Həm də yazının oxunması üçün bir vasitədir. Ondan qədərincə, xəbər etikasını aşmadan, insanların duyğuları və əsəbləri ilə oynamadan, ürək bulandırmadan istifadə etmək olar

 

Jurnalistika, etika, peşəkarlıq bir yana, insanların faciəsindən mədəd ummağa, ölümlərini o kökə salmağa kimin haqqı var? Sizin vicdanınızı, insafınızıdamı it çeynəyib?  

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017