“Taxt oyunları”nın yazarı: “Heç bir personajın ölümünə təəssüflənməmişəm”

 

 

Əsasında “Taxt oyunları” serialı çəkilən “Buz və odun mahnısı” kitabının müəllifi Corc Martin Rusiyaya səfər edib. Kulis.az yazıçının rus mətbuatına verdiyi müsahibəni sizə təqdim edirik:

 

- “Buz və odun mahnısı” əsərinin ideyası nə zaman yarandı?

 

- 1991-ci ildə “Avalon” elmi-fantastik roman üzərində işləyirdim. Artıq 50 səhifə yazmışdım, qəfildən gözüm önündə sonradan “Buz və alovun mahnısı” əsərinin 1-ci bölməsi olacaq səhnə canlandı: başsız adam və qar içində canavar balaları. Anladım ki, bu səhnə “Avalon” a heç cür daxil ola bilməz, onunla nə edəcəyimi də bilmədim. Bu obraz-epizopd məni rahat buraxmırdı və mən yeni roman yazmağa oturdum. Fentezi yazmaq ideyası bu kitaba qədər çoxdan ağlımda var idi. Amma Vesteros haqqında dastan yazdıracaq bu səhnənin haradan ağlıma gəldiyi özüm üçün də sirrdir.

 

- Qəhrəmanlarınızı niyə öldürürsünüz?

 

- Yazıçı olmazdan əvvəl mən oxucu olmuşam və süjetini qabaqcadan bilə bildiyim kitablardan nifrət etmişəm. Kitabı oxuyanda ki, başdan bilirsən kim yaxşı adamdı, kim pis, kimi müəllif cəzalandıracaq, kimə rəhm edəcək - belə kitablardan zəhləm gedib. Kitabı açırsan, ilk səhifədə əsas qəhrəmandan danışılır. Bilirsən ki, qəhrəmanın başına hər bəla gələcək, amma axırda o qalib gələcək. Xeyir qalib, şər məğlub olacaq. Belə kitabda qəhrəman üçün real təhlükə yoxdur, mənsə istəyirəm ki, kitab adanı şoka salsın, qorxutsun, gərginlikdə saxlasın, heyrətləndirsin. Bunu eləməyin yeganə yolu hansısa vacib qəhrəmanı qəflətən öldürməkdir. Eddard Starkı da buna görə öldürdüm. Hərçənd onun ölümünü kitabın ilk səhifələrindən planlaşdırırdım ki, Starkın uşaqları ön plana çıxa bilsin.

 

- Əsərdəki inanclar haqda nə deyə bilərsiniz?

 

- Roman üzərində işləyərkən orta əsr adət-ənənələrini öyrənməyə başladım və romana real insanların inancdan gələn anlamlarını gətirdim. Mən skeptik böyümüşəm, dindarları, rahibləri tez-tez məyus etmişəm. Məsələn, Tolkin qatı katolik olsa da, onun “Üzüklərin hökmdarı” əsərində hansısa dini sistem yoxdur.

 

Yəqin Tolkin məni pis katolik hesab edərdi. Hərçənd mənə dinin fentezi dünyasında necə uyuşması olduqca maraqlıdır. Əlbəttə çoxları deyə bilər ki, din özü də özlüyündə fentezidir.

 

- Vesterosda necə sağ qalmaq olar?

 

- Böyük miqyasda yanaşsaq, Vesterosun qanunları bizim yaşadığımız dünyanın qanunlarıdır. Ona görə də orada sağ qalmaq üçün real üsullar yoxdur. Məsələn, döyüşdən qaçmağı məsləhət görə bilərsən ki, özgə qılıncı ilə ölməyəsən, amma bu da sizə qarantiya deyil.

 

- Bəs siz əsərdə ölülər ordusunu mütləq şər kimi təqdim etməklə öz işinizi sadələşdirmiş samırsız ki?

 

- Ölülər onsuz da ölüblər, onları daha bir dəfə öldürmək əxlaqa zidd bir şey deyil. Belə mütləq düşmənlərin sayı siz dediyiniz kimi, kitabda sosial, siyasi, dinastik konfliktləri sadələşdirir. “Odun və buzun mahnısı”nda əsas məqsədim fentezi dünyasının da bizim real dünyamız kimi mürəkkəb olduğunu göstərməkdir. Lannisterlər Starkların düşmənidir, amma öz adamları üçün Lannisterlər qəhrəmandı. Bizim hər birimizin daha çox xeyirxah olmaq kimi daha çox şər etmək potensialımız var və belə baxanda şər sadəcə baxış bucağına görə dəyişir. Hər bir kəsdə böyük xeyirxahlıq, islah olunma qabiliyyəti var.

 

 

- “Taxt oyunları” serialını təqdim edən NVO kanalının haker hücumlarına məruz qaldığı bəllidir. Serialın və əllərində olan başqa məlumat fayllarının yayımlanmaması üçün 6 milyon dollar tələb edirlər. Bu sizi narahat edir?

 

- “Taxt oyunları”nın ssenarisinin ictimaiyyətə sızdırılması onun işinə təsir etmir. 5 mövsümün ssenarisi kitabı oxuyan hər kəsə onsuz da məlum idi. Həm də mənim işimə bunun heç bir təsiri yoxdur. Bu haker məsələsi ətrafındakı səs-küyü də anlamıram. Məsələ təkcə süjetdə baş verənlər deyil ki, onun necə göstərilməsi, baxanda nə hiss etdiyin, aldığın təəssüratlardır, nə dərk etməyindir, oradakı məkan, detallardır. Bütün dünyada Tolstoy, Dostoyevski populyardır. Süjetlər bəlli olsa belə. Məsələn, “Hərb və sülh” Napoleonun sonda məğlub olacağını bilsən belə maraqlıdır. 

 

- Sonradan süjetdə nəyisə dəyişmək fikriniz yaranmayıb ki?

 

- Heç bir personajın ölümünə təəssüflənməmişəm. Xüsusən pərəstişkarların xeyrinə dəyişməyi heç düşünməmişəm. Yalnız “Taxt oyunları”nın çəkilişində iştirak edərkən, belə bir arzum oldu. Çəkilişə gələndə qəhrəmanlarından birini oynayan aktyoru görəndə ona özünəxas bir bağlılıq hiss edirsən, həm də bilirsən ki, bir neçə gündən, ya da həftədən sonra onun qəhrəmanını öldürəcəklər, özünü isə layihədən çıxaracaqlar. O aktyorun əlini sıxırsan, gülümsünürsüz və sən onun qəhrəmanının əzab içində öləcəyini düşünürsən.

 

Amma mən romanı serialın çəkilişlərinə qədər yazıb bitirmişdim, və hansısa dəyişikliyi nəzərdə tutmamışam.

 

Fentezidə “Settinq” əhvalı olduqca vacibdir. Yazıçının missiyası bütün detalları ilə insanların şüurunda bir dünya yaratmaqdır. Kağızda görünsə də bizim beynimizdə bu dünyadakı adamların şəxsi həyatı var.  

 

Mən serialın ilk mövsümünün çəkilişlərində olmuşam, Şotlandiyada, Belfastda, Mərakeşdə. Hətta Mərakeşdəki pilot epizodda özüm də oynamışam, Deyneris və Droqonun toyundakılardan birini. Təəssüf ki, bu epizod seriala düşmədi. Mənim böyük şlyapalı zadəganımı montajda kəsdilər, o cümlədən artistlik qabiliyyətimi də heç kim görmədi...

 

“Taxt oyunları” serialındakı qəhrəmanlar arasında mənim şəxsi tanışlarım yoxdur, amma onların hamısında mən varam. Biz hamımız çox fərqliyik, sağlamlar və xəstələr, kasıblar və varlılar, kişilər və qadınlar, amma bizim fərqliliklərimiz oxşarlıqlarımızdan daha vacibdir. Mənim personajlarım hamısı insanlardır və bizim missiyamız özümüzdə insanlıq tapmaqdır....

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017