Qonşumuzun evi nərdə?

 


Uzun-uzadı zamanlar oldu rayona getməyəli, atama baş çəkməyəli. İş-güc, baş qarışıq, təqvimdəki günlər məşğul. Aramızda qalsın, bunlar hamısı bəhanədir. Nəsə olur, adam heç kimə, heç nəyə can atmır. Elə-belə, oturduğun yerdəcə qəribsəyirsən. Yadlaşırsan hamıya. Başa düşürsən. Ki, daha heç kimin heç nəyi deyilsən. Dənizə atılmış balıq şəkli kimi hiss edirsən özünü. Olur belə. Amma yayın oğğ...lan çağında belə depressiv şeylərə çox da köklənməyingil. Şair demiş, “həpsi rəngidür”. Xülasə, şəhərdəki evimdə yüngülvari yer-yığış edib yol aldım rayongilə.

Gecə saatlarında yetişdim dədə-baba evimizə. Evdəkilərlə xoş-beş, onbeşdən sonra duş alıb girdim yerimə. Bu otaq da mənimdir. Əşyalar hamısı yerli-yerində. Necə qoymuşamsa, elə. Sağ olsunlar, hörmət edib əşyalarıma toxunmurlar. Arabir tozunu alırlar. Vəssalam. “Novruz”dan çıxanam buralardan.

Nəsə yuxu görürdüm. Görürdüm qıvırcıq bir qızcığaz, şıltaq təbəssümlərlə mənə sarı gəlir, ovcunda cücə. Yumurtadan yenicə çıxmış, sarı tükcüklü cücə. Qızcığazın fonunda süd yoludur sanki, dümağ-dümağ uzanır, süd yolunun uzanıb gedən o başından azan səsi eşidilir. Oyanıb çevrildim, tavana baxdım, sonra sağa. Otağımın qapısı zala açılır. Gördüm atam sübh namazına oyanıb. Sakitcə atama qulaq asdım. Elə gözəl, ahəstə səslə namazın sözlərini deyirdi ki, əyilib qalxanda dizlərinin şaqqıltısını da eşidirdim. Atamın səsinə yenidən yuxuya getdim. Bu dəfə ovcucücəli qıvırcıq da çıxıb getmiş idi. Bomboş yatdım. Oyananda günəş pəncərəmdən üzümə durmuşdu.

Bura Mərkəzi Aran bölgəsidir. El arasında İmişli deyirlər. Avqustda təxminən bir neçə günəş çıxır burda. Heç nəyin kölgəsi olmur. Zarafat eləmirəm. Sanki günəş ağacların da kölgə düşən tərəfindən boylanır. Olsun.

Bilmirəm niyə xatırladım. Yazı prosesində olur belə şeylər. Şüur axınını deyirəm. Amma xatırlamışkən deyim. “Qarabağ” savaşında qaçqın düşmüş soydaşlarımızın ilk üz tutduqları rayonlardan biri də bizim rayon idi. Uşaq idim. Küçəmizdə dava düşdü. Cəbrayıldan olan bir qaçqın deyinirdi, “bu nə istidir, lap xarabadır ki!” Qonşumuz Rauf da cığal idi belə söhbətlərdə. Qayıtdı ki, “ayə, qaçqın düşdüyün Cəbrayılın 91 şəhidi var, qaçqın gəldiyin İmişlinin 255. Xaraba vətən olmur, xaraba adamlar olur!” Atam çıxdı səs-küyə, hərəsinin qulağına bir sillə çəkib dedi: “Aləm dəyib bir-birinə, o boyda müharibəyə poliqon ediblər ölkəni, bunların söhbətinə bax. Rədd olun burdan!” Sonra bilmədim rədd olub hara getdilər. Çox yəqin çayxanaya, domino çırpmağa. Rədd olası haraları vardı ki?

Bütün qaçqınlara ev qapısı, məktəb qapısı, zavod qapısı açdı bu rayon. Neçə-neçə ailə elə burdaca yurd saldı sonralar, özlərinə Kəlbəcər, Cəbrayıl, Şuşa, Füzuli, Laçın, Zəngilan, Ağdam seçdilər buranı.

Sözüm onda yox. Qapı demişkən, gələk mənim azarımın üstünə. Deyirəm, oyananda günəş pəncərəmdən üzümə durmuşdu. Qalxdım, əl-üzümü yuyub düşdüm həyətə, çıxdım küçəyə. Küçə bom-boş. Hardadır bu küçənin uşaqları? Vertolyot pərləri vıyıltısında sok qabıyla, xlor qabıyla ayaqyalın futbol oynayan vaxtlarımızı xatırladım bu küçədə. Futbol deyəndə ki, düzü, bizim fut-larımızın bol-ları yox idi. Futsokqabı, futxlorqabı deyək adına. 90-lar bir başqaydı həqiqətən. Bütün məhrumiyyətləriylə belə bir başqaydı.

Qonşumuzun Hidayətgilin qapısına yaxınlaşıram. Qapı bağlı. Keçirəm Elvingilə. Onların da qapısı bağlı. Ruslangil, qapı bağlı. Həmidgil, qapı bağlı. İlahi, bu darvazaları kim bağladı belə birdən-birə? Hətta dost-qonşum Xəqanigilin də qapısı bağlıdır. Elə bil hamı Salamın “qapımı açıq saxladım, qapısı yoxdu dedilər” misrasının təsirinə düşmüş, ey büt!

Hansı gözəgörünməz zəlzələdən sonra yoxa çıxdı bu qonşuluq? Qapıları hansı yel, hansı əl bağladı? Peşiman addımlarla öz qapımıza yaxınlaşdım. İnanmazsınız, gördüm o da bağlanıb. Yarım saat deyil çıxdığım. Ərklə döydüm. Heç olmasa ərklə döyəcəyim bir qapı tapmışdım. Hətta hirslə döydüm darvazamızı. Atamın yoldaşı açdı. Dedim, xanım, (atamın yoldaşına belə müraciət edirəm) niyə bağlamısan qapını? Dedi, elə bildim çıxdın rayona. Dedim, tamam, tutaq ki, getdim rayona. Amma sən qapını niyə bağladın? Düşünürdüm, bu cavab bütün bağlı qapıların cavabı olacaq. Nə desə yaxşıdır? “İt-pişik girir, ona görə bağlı saxlayırıq qapını”. Yox, əzizim. Bu ki cavab olmadı. Sanki yeni təbiət hadisəsidir it-pişik. Bu it-pişik 20 il qabaq yox idimi? Vardı əlbəttə. Nə bilim. Xülasə, baş açmadım getdi. Qocalar demiş, bu işdə bir iş var. Amma bilmirəm nə. Ən dəhşətlisi isə bu. Ki, mən qonşularımın evini “tapa” bilmədim...

 

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017