Səni özünə arvad edən, məni özünə ər... – YENİ ŞEİRLƏR

Kulis.Az gənc şair Tural Cəfərlinin yeni şeirlərini təqdim edir.

 

Unutmaq,  getmək,  dönməmək...

 

Sən inamla yaşadın,

Mən ümidlə.

Sonra zamanı keçdi

Bizi qovuşduran səbəblərin...

Beləcə ayrıldıq

Heç kimə qarğış etmədən,

Günah axtarmadan...

Yolumuzun üstündə

Bir adam var idi...

Səni özünə arvad edən,

Məni özünə ər edən...

Əvvəl telefon nömrəni unutdum,

Sonra uşaq  gülüşünü...

Daha ümidlə yaşamıram,

Daha inamla yaşayıram,

Səni inandırım

Sənsiz

Hələ də yaşamağıma inanmıram...

 

Adam

 

Qocalıb ölmür adam,

Təklikdən ölür adam.

Çoxluqdan ölmür adam,

Heçlikdən ölür adam.

 

Yıxılıb ölmür adam,

Dayanıb ölür adam.

Səhəri başqasıyla

Oyanıb ölür adam.

 

Ağlayıb ölmür adam,

Gülməyib ölür adam.

Sevincini, qəmini

Bölməyib ölür adam...

 

Hamı və heç kim

 

Bir gecə ölsəm,

Səhəri günəş işığına dirilsəm

Və bulud kimi otağa dolsam

Hamı mənə gülər

Heç kim mənə inanmaz...

Bir gecə ölsəm,

Dostum zəng eləsə

Telefon səsinə dirilsəm

Və dağ kimi böyüsəm

Hamı mənə gülər

Heç kim mənə inanmaz...

 

Bir gecə ölsəm,

Qızım məni çağırsa

Dirilsəm “Ata” sözünə

Dəniz kimi dalğansam

Hamı mənə gülər,

Heç kim mənə inanmaz...

 

Bir gecə ölsəm,

Səhər açılmasa,

Mən dirilməsəm,

Heç kim mənə gülməz,

Hamı mənə inanar...

 

Optimizm

 

Ağaclar,

İşıqforda dayanan maşınlar,

Ümidsiz kitab satıcıları

Şəhərin boz üzünü göstərir.

Hamıdan qabaq sərçələr oyanır

Səhər evə yorğun qayıdır fahişələr

Hərçənd onların evi yoxdu

Kirayədə qalır çoxu...

Bir də yol kənarıyla

Süpürgəçi nənələr və xalalar

Tozunu qaldırır bu şəhərin

Etiraz formasında...

Ya Allaha, ya bəndəyə

Ya da özlərinə üsyan edir onlar...

Gecə itlərin ulamağı

Ümid verir şəhərin zibil daşıyanlarına

Tək deyilik deyirlər onlar

Bax itlər də oyaqdı...

Sonra Günəş boylanır

Şərqin astar üzündən

Qərbə doğru yol alır

Axırda hamı kimi

Günəş də, ay da, o da...

 

Unutqanlıq

 

Sənin haqqında ən yaxşı söz

Hələ deyilməyib...

Səni təsvir etmək üçün

Gərək gecələr yatmayıb

Ancaq səni seyr edim...

Səni tanımaq üçün

Əvvəl səni unutmalıyam

Bu da mümkün deyil ki...

Səni təqdim etməyin

ən yaxşı yolu

Dünyanı yenidən qurmaqdı

Allaha inanmaqdı

Ya da sadəcə susmaqdı...

 

Təklik haqqında

 

Təklik yuxu olsa

Yaşamağa nə var ki...

Heç kim səni oyatmaz bu yuxudan,

Ömürlük yuxuda keçər zaman...

Bir də onda ayılarsan ki

Bütün təkliklər səni tərk edib,

Hətta tək qalmağa özün də yoxsan...

Bax onda darıxmağa bəhanə olmaz

Eləcə susarsan güzgünün önündə

Günlərlə....

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017