Toxunmasam, sönər bədənin – YENİ İMZA

Kulis.az “Yeni imza” layihəsindən Amil Məmiyev şeirlərini təqdim edir.

 

***

 

Artıq təqaüdə çıxmışdı, snayperçi qadın.

O qədər əsgər öldürmüşdü ki,

qapı döyüləndə indi

yumub bir gözünü

baxa bilmirdi gözlükdən.

 

Əysə aşağı,

tətik kimi çəkilərdi qapı tutacağı

və sanardı,

öldürübdü qapını döyən qonağı.

 

***

 

Çörək ürəkdə qalanda

tez çörəkdən qoxlasan

keçib gedər ağrısı.

 

İndi ürəyimdə biri var.

Bircə gəlsə, qoxlasam,

keçib gedər bəlkə də.

 

***

 

Dünyaya gəlmək, doğulmaq kimi sözlər ola-ola,

anasız böyüyən kimsəsiz, atılmış uşaq

tərcümeyi-halının ilk cümləsini belə bitirdi.

- Anadan olmuşam.

 

***

 

Sinəmin iç divarından xatirə lövhən asılıb.

Məndə nə vaxtlar yaşamısan

nə vaxtlar ölmüsən deyə.

 

***

 

Göz-gözə, çiyin-çiyinə,

əl-ələ, üz-üzə,

göz-gözə, burun-buruna,

dodaq-dodağa

tamamlayırsansa onu

demək, başa-baş gələ bilərsiniz,

dəyişə bilərsiniz özünüzü.

 

***

 

Utanmayan, qızarmayan insanın keyfiyyəti

qaralmayan dişlək alma kimidi.

Birinin tərkibində dəmir

birinin tərkibində isə bərklik olmur.

 

***

 

Sensor toxunuş kimidir bədənin,

toxunmasam sönər.

 

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017