Yazarlar Tanrını nəyə bənzədirlər? - SORĞU

Kulis.az tanınmış yazıçıların “Uşaq vaxtı Tanrını necə təsəvvür edirdiniz?” sualına cavablarını təqdim edir.

 

Yazıçı Səfər Alışarlı: "Bizim ailəmiz heç zaman Allahsız olmayıb. Bizim evdə həmişə namaz qılınıb, oruc tutulub. Ancaq cəmiyyət bizə ateist tərbiyəsi verməyə çalışıb. Uşaq vaxtı da, indi də Allahın adı mənim üçün ən müqəddəs addır. Mən heç zaman onu təsəvvürümdə canlandırmağa çalışmamışam. O mənim üçün həmişə ən ali haqq və ədalət mücəssəməsi olub. Sonralar oxudum ki, Musa peyğəmbərə verilmiş 10 ehkamdan ilk üçü belə səslənir:

 

1. Mən Allaham, sənin Allahın... Məndən başqa sənin heç bir Allahın yoxdur.

 

2. Yuxarıda göydəkinin, aşağıda yerdəkinin, yerdən aşağıda sudakının təsvirindən özünə büt yaratma.

 

3. Allahın adını yalanla dilinə gətirmə, çünki Allah onun adını yalanla dilə gətirənləri cəzasız qoymaz.

 

Oxudum və bir daha inandım.”

 

Yazıçı Şərif Ağayar: "Tanrı xəyalımda necə olubsa, bir dəfə rəsmini də çəkmişdim. Nəsə kepqalı, qoca bir kişi kimidir. Amma bu kişinin siluetidir daha çox. Bu, görünür atamın və biz tərəflərdə ən güclü hesab etdiyim kişilərin obrazıdır. Təbii ki, sonralar bu təsəvvürüm dəyişdi. Xüsusən, Quranı oxuyandan sonra. İndi Tanrı mənə kosmosda nəhayətsiz işıq kimi görünür. Yeri gəlmişkən, bu yaxınlarda Vanqa nənə haqqında bir sənədli filmə baxdım, Tanrıya inamım bir az da artdı. Söhbət heç də kəhanətdən getmir. Kor bir qadının 5000-ci ilə qədər verdiyi proqnozlardakı təxəyyül məni valeh elədi.”

 

Yazıçı Murad Köhnəqala: "Uşaq vaxtı Tanrının necəliyi və kimliyi haqda düşündüyüm yadıma gəlmir. Ancaq yuxarı siniflərdə oxuyarkən tay-tuşlarımızla kainat haqda söhbətləşər, dünyanın yaradılışı, yaradan, ölüm kimi mövzularda mübahisələr edərdik. Yadımdadı, mən həmin söhbətlərdə hər şeyi idarə edən Tanrının beyindən ibarət bir planet olması haqda versiya yürütmüşdüm. Ancaq indi təkamülə inananlardanam.”

 

Şair Cəlil Cavanşir: "Nurani, ağ saç-saqqalı olan bir qoca kişi düşünürdüm. Və dəqiq yadımdadır ki, onunla görüşməyi çox arzulayırdım. Elə ona görə də Tanrıya Allah baba deyirdik. Mənə çox doğma, heç vaxt üzünü görmədiyim babam kimi düşünürdüm.”

 

Yazıçı Azad Qaradərəli: "Düzü, mənim uşaq vaxtındakı Tanrı düşüncəmdə heç dəyişiklik olmayıb. Tanrını mən qorxunc, əli hər yerə çatan, kimi istəsə öldürə bilən biri kimi təsəvvür etmişəm həmişə. Amma ona da inanmışam ki, bu əlinin üstündə əl olmayan kişi həm də zəhmli ata kimidir. Qərarı qətidir.

 

Amma heyf ki, üzünü bizlərə göstərmir. Və heyf ki, o dünyada nələr olduğunu da bizə demir. Bu dünyaya nigaran gəlib, nigaran da gedirsən.

 

Bu mənim Tanrı ilə bağlı zaman-zaman formalaşan düşüncəmdir. Doğrudan da O Kişi haqda uşaqlıqla indiki düşüncəm arasında elə bir fərq yoxdur.”

 

Yazıçı Kənan Hacı: "Uşaqlığımın Tanrısı mənim üçün bir az qorxulu varlıq idi. İnsan tanımadığı, bilmədiyi şeydən qorxub çəkinir axı. Valideynlərim Allah deyəndə həmişə üzlərini göyə tuturdular. Mən də həmişə Tanrını göylərdə axtarırdım. Zaman keçdikcə Tanrı anlayışı mənimçün başqa mahiyyət kəsb etdi. Tanrını dərk etmək üçün özünü tanımalısan. Özünü dərk etməyən insan Tanrını anlaya bilməz.”

 

Yazar Ayxan Ayvaz: "Uşaq vaxtı Tanrını Aya bənzədirdim. Gecələr göyüzündə ay görünəndə elə bilirdim Tanrı odur.”

 

Yazar Günel Natiq: "Belə bir məqamı xatırladım... Atamın kitab şkafı hansısa ağacdan düzəldilmişdi. Qəhvəyi və daha tünd- şabalıdı rəngin çalarları var idi. Qəribədir ki, mən onun üzərində bir kişi təsvirini sezmişdim. Bu, ağacın öz təbii ləkələrindən yaranan və əslində diqqəti cəlb etməyən bir təsvir idi. Elə bir təsvir ki, diqqətlə baxanda qoca, saqqallı, əlində əsa tutmuş bir adama bənzədirdin. Xatırlayıram ki, uşaq vaxtı o təsvirə gözüm sataşanda qorxub divanın dalında gizlənirdim. Bəzən də onu xeyirxah bir qocaya bənzədirdim. Elə bilirdim, bu ağsaqqal kişi məni gah suçlayır, gah da xeyir-dua verir. Bəlkə də hardasa Tanrını təcəssüm etdirirdi mənim uşaq təsəvvürümdə. Çünki o təsvirlə bağlı çoxlu düşüncələrim vardı..."

 

Şair Əsəd Qaraqaplan: "Tanrını Göydə - buludların üstündə bardaş qurub oturan çalmalı, saqqallı nurani bir kişi kimi təsəvvür edirdim. Bu biraz da Tanrının bu şəkildə təbliğiylə bağlı idi.”

 

Yazar Sevinc Elsevər: "Tanrını necə təsəvvür edə bilərdim ki? Bizimçün seçim şansı yox idi. Böyüklər onu bizə elədiyimiz səhvlərə daim hirslənən və cəza verə biləcək yaşlı kişi kimi təqdim edirdilər. Mənə elə gəlirdi o ağ paltardadı və yuxarıda, buludların üstündə bir yerdədi... 

 

Ağ paltarlı olduğunu kimsə deməmişdi. Bu artıq öz təsəvvürüm idi. Yanında çoxlu mələklərlə görürdüm onu xəyalımda...

 

Və həmişə nənəm deyəndə Tanrı təkdi. Əvvəl buna üzülmüşdüm. Axı buludların üstündə tək-tənha necə yaşamaq olar? Yəqin o, çox darıxar düşünürdüm. Mələkləri haqqında eşidəndə sevinmişdim ki, Tanrını tək qoymurlar. Bir də onu bilirdim ki, hər kəs öləndə Tanrı ilə görüşür. Tanrı onu ya cənnətə, ya cəhənnəmə atır. Bu məni əndişələndirirdi. Görəsən, Tanrı məni hara göndərəcək düşünərdim onu yada salanda. Nəticədə Tanrıdan qorxardım. Amma böyüyəndən sonra Tanrı haqqında öz təsəvvürlərim yarandı. Onu sevməyə başladım.” /adalet.az/

 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017