Elşən Hacıbabayev: “Qızımı hələ də aldadıram” - MÜSAHİBƏ

Kulis.az Gənc Tamaşaçılar Teatrının aktyoru, “Oğlan evi” kinokomediyasından İsi obrazı ilə sevilən Elşən Hacıbabayevlə söhbəti təqdim edir.

 

- Elşən bəy, dediniz məşqdəsiz. Mövsüm hələ açılmayıb. Bu yeni tamaşanın məşqidir?

 

- Elşad Rəhimzadə Conatan Sviftin “Qulliver” əsərini tamaşaya hazırlayır. Mənim də rolum Qulliverdir. Ənənəvi Qulliver deyil a, qabaqcadan deyim, biləsiz. Oktyabrın axırında premyeradır. Onu məşq edirik.

 

- Bu, deyəsən teatrda ilk baş rolunuz olacaq?

 

- Baş rol olub. “Danışan gəlincik” uşaq tamaşasında şah olmuşam. Əslində... Haqlısız.  İkinci dərəcəli rollar daha çox oynamışam.

 

- Ümumiyyətlə, tipaj və qəhrəman oynamağın nə kimi üstünlükləri var?

 

- Əlbəttə, tipaj oynamaq asandır. Kiçik rolun üstündə işləmək daha asandır.

 

- Həm də azad hiss edərsiz özünüzü. Qəhrəmanı müəllif öz fikirlərilə çox yükləyir, adətən... Yox?

 

- Üstünlük yaxşı oynayanda hamısında olur. Amma versələr qəhrəman da oynayaram. Niyə oynamıram. Əsas odur ki, mənə uyğun olsun. Amma məsələn, romantik qəhrəmanda özümü təsəvvür etməmişəm. Amma bəlkə olsa, oynayaram.

 

 

- Bir aktyorun yaxınlaşıb rejissora “o rolu mənə verin” deməsi etikdirmi?

 

- Mən burada problem görmürəm, nə var ki burada. İmtina etmək bir az düz deyil, amma istəməkdə problem yoxdur məncə.

 

- Teatrdan, yoxsa kinodan daha çox ruh alırsız?

 

- Əslində teatrdan daha çox ləzzət alıram. Canlı ünsiyyət başqadır. Həm də biri var çəkilirsən, sonra özünə baxırsan, bir də var heç vaxt özünə baxa bilmirsən.

 

- Elşən bəy, “Oğlan evi” kinokomediyanızda İsi rolunuz çox uğur qazandı. Böyük publikaya da bu rolla tanındınız. Sonrakı ekran işlərinizin İsiyə oxşamaq qorxusu varmı? Yəni ştampa çevrilməyib İsi?

 

- Əlbəttə, çalışıram İsi olmasın. Ətrafdakılardan, rejissordan da soruşuram ki, bu İsi deyil ki? Özü də son zamanlar hara gedirəmsə məni İsi çağırırlar.

 

- İsinin prototipi varmı?

 

- İsi elə unikaldır ki, onun prototipi çətin olar. Amma əlbəttə ki, müşahidələr var.

 

- Elşən bəy, siz aktyorsuz. Oğru dostunuz ola bilərmi?

 

- Ola bilər. Niyə olmasın? İsi kimi oğrudursa olar (bir az düşünür). Amma yenə də oğrudur da... (gülür)

 

- Sizin İsiniz tamaşaçılara iki fikir ötürür: 1. Oğurluq nisbi məsələdir. 2. Oğru olmaq tale məsələsidir.

 

- İsi əslində oğru deyil. Bəlkə də ehtiyac səbəbdən oğurluq edir. “Oğlan evi 2”-də o, tövbə etmək istəyir, amma alınmır. Taleyinə yazılıb ki, bu, oğrudur.

 

 

- İsinin uğuru şəksizdir. Onu baş qəhrəman edib bir layihə işləmək, film, serial... Belə bir ideya yoxdur ki?

 

- Bu, İlham Qasımovun məhsuludur, etsə o edər. Filmin müəlliflik haqları ondadır.

 

- Elşən bəy, İsi qədər uğurlu rollarınız varmı? Məsələn, teatrda?

 

- Əlbəttə var. “Buzovna kəndinin əhvalatları”nda sürücünü oynayıram. Həyat tərzinə görə İsiyə oxşayır. Mən "Oğlan evi"ndən qabaq da filmlərə çəkilmişəm. Hərçənd hamı elə bilir “Oğlan evi” ilk kino işimdir. Bundan əvvəl “Bu şəhərdə" prodakşnın çəkdiyi “Moskva-Bakı qatarı”, “İnterpapa”, “Mən evə qayıdıram” filmlərində oynamışam. Sadəcə o zaman kinoteatrlar çox inkişaf etməmişdi, elə də çox tanınmadı. Məsələn, “Moskva-Bakı qatarı” dövrünün yaxşı filmlərindən olmuşdu. Heydər Əliyev adına sarayda da xeyli göstərildi. Üç gün deyəsən.

 

- “Qız qaçırma” filminə çəkilirsiniz. Bəs oradakı obrazınız necə adamdır?

 

- “Qız qaçırma”nı Rüfət Şahbazov çəkir. Qız qaçırma şirkətinin işçisini oynayıram.

 

- Teatrdan qazanılanın pulun yaşayış minimumuna bəs etmədiyini bilirik. Seriallar, filmlər də hər deyəndə olmur. Dolanışıq üçün hansı işlərə əl atmısınız?

 

- Tələbə vaxtı kameraman işləyirdim. Operator yəni. Toylara gedirdim, evlərə gedirdim. Ofisiant da işləmişəm. Xalça dükanında da işləmişəm. Əlbəttə teatrla paralel. Sonra klounluq-zad çıxdı. Keçdik klounluğa. 2008-ci ilədək kloun getmişəm toylara. Şaxta baba da işləmişəm. Şar işi ilə də məşğul olduq. Sizə deyim ki, bu işlər daha gözəldir. Kimsə deyir, sənətimə aid deyil, mənim yerim deyil. Amma nə qədər insanlar görürsən. Operator olanda elə yerlərə düşürdüm, elə adamları müşahidə edirdim ki... Adam psixoloq olur az qala. Məsələn, mən bir az işləyəndən sonra adamları tanımağa başladım. Bir-iki dəfə aldanandan sonra baxan kimi bilirdim ki, bu adam pul verəcək, ya verməyəcək. Ən çox da kloun işləyəndə. İndi onları tipaj kimi oynayanda deyirlər, belə şey ola bilməz. Halbuki gördüyüm adamlardı.

 

- Məsələn nə?

 

- Misal üçün, operator işləyirdim. Adam səninlə normal danışır, içəndən sonra xasiyyəti dəyişir. Sən də bunu çəkirsən. Sonra zəng edir ki, bəs, adamsan, məni niyə içəndə çəkmisən? Axı mən nə bilim sən bu günə düşəcəksən? Klounluq bir az çətin iş idi. Pis yanaşanlar olur, səmimi qəbul edənlər olur.

 

 

- Macəralı işdir yəni...

 

- Biri bir dəfə pul vermişdi - çaypulu kimi. İşimiz qurtardı, gəldik əynimizi dəyişək. Bir qadın girdi otağa, inanın bizi öldürürdü ki, ərimin pulunu almısız. Pulu qaytardım, bununla belə sakitləşmirdi.

 

- Daha kloun getmirsiz?

 

- 2008-ci ildən buraxdım o işi. Maraqlı iş idi, düzdür, amma mən sevgi ilə yanaşmırdım o işə. Bizdə bir az yaxşı yanaşmırlar. Fikir verirəm ki, düzgün qəbul edə bilmirlər. Əslində animatorluq başqa işdir, aktyorluq başqa. Amma Şaxta baba olmağı sevirdim. Uşaqlarla işləyirsən. Bir kəlmə de ki, sizə hədiyyə verəcəm, sonra kef elə. Nə deyirsən edirlər.

 

- Evdə qızınız üçün Şaxta baba olursuz?

 

- Hər il oluram.

 

- İnandıra bilirsiz?

 

- Əvvəllər inanırdı. Deyirdi, ay ata, sən işdə idin, bizə Şaxta baba gəlmişdi. Nəsə keçən il şübhə ilə yanaşdı. Səkkiz yaşı var. Mən heç vaxt o paltarları ona göstərməmişəm. Bilirsiz, bu ciddi işdir. Bizə klounada başqa tərəfə gedir - böyüklərə yönəlir, onlara uyğunlaşdırır zarafatlarını. Amma bu uşaqlar üçündür. Bu bir mədəniyyətdir, o personajdan başlayıb uşaqlar teatra gedir. Şaxta babalar indi düşüb milli havalar oynayır, amma o obrazı itirmək olmaz. Uşaqların inamını itirmək olmaz. Hələ ki inanırlar, uşaqdırlar.

 

 

- Siz teatrşünas, “Ədəbiyyat qəzeti”nin məsul katibi Atabala İsmayıloğlunun oğlusuz...

 

- Hə. Atam bir vaxtlar Akademik Milli Dram teatrında ədəbi hissə müdiri işləyib.

 

 - Bizim kursa da dərs deyib.

 

- İncəsənət Universitetində dərs deyirdi, yaşına görə təqaüdə göndərdilər. Mən oxuyan vaxtlarda da işləyirdi. “Çestniy” adamdır bir az. Mən oxuyanda işdən çıxdı ki, birdən elə bilərlər onun hesabına oxuyuram. Mən bitirəndən sonra qayıtdı universitetə. Babam da universitetdə mühasib işləyib. Bir dəfə İbabə xanım soruşdu ki, sən Atabala müəllimin oğlusan? Dedim, bir dəqiqə çıxa bilərəm? Çıxdım daha qayıtmadım auditoriyaya. Belə...

 

- Siz Mədəni-maarif Texnikumunu bitirib sonra yenidən universiteti oxudunuz?

 

- Elədi. Məni texnikuma da atam gətirdi. Mən zərgər olmaq istəyirdim. 9-cu sinifdən çıxmışdım, məktəbə getmək istəmirdim. Atama kimsə demişdi ki, belə texnikuma apar.

 

- Zərgərliyi niyə istəyirdiniz?

 

- Bilmirəm, uşaq idim, xoşuma gəlirdi bu iş. İncə iş idi, həm də sakit. Bəlkə də yaxşı yaşamaq istəyirdim. Amma texnikuma çatanda məni aktyorluğa yazdırdı. Mikayıl Mirzə orada işləyirdi. Baxdı mənə gördü ki, gözümün də altını vurub göyərdiblər. Belə yekə-yekə də danışıram. Baxdı, dedi atama ki, qoy bu uşaq qalsın burada. Bundan nəsə çıxacaq.

 

 

- Sonradan zərgər olmadığınıza peşman olmadınız ki?

 

- Çox olmuşam. Yalan nə deyim? Deyirəm hərdən kaş ki, zərgər olardım. Amma bu keçir gedir. Çünki öz işimi sevirəm. Aktyorun məqsədi tanınmaqdır. Bu, qürurlandırıcı bir şeydir. Necə ki hərbçi rütbə alır, aktyorun da auditoriyası böyüdükcə rütbəsi də böyüyür. Bunun üçün aktyor özü də əziyyət çəkməlidir. Çoxu elə bilir kef edirik, amma bu işdir, həm də çətin işdir.

 

- Atanızın da işiylə bağlı olaraq, evdə çox kitablarınız olsun gərək. Ümumiyyətlə, kitabla aranız necədir?

 

- Yalan nə deyim? Durum deyim kitab oxuyuram hər gün, düz deyil. Mən praktikaya üstünlük verirəm. Məsələn, filmlərə baxmağı sevirəm. Rejissorundan asılı olmayaraq. Köhnə bir alman filmi var o filmi sevirəm: “Göyün qapılarını döymək”.

 

- Atanızın işinə münasibətiniz necədir? Teatrşünas işi nə verir ki sizə?

 

- Mən pis yanaşa bilmərəm, çünki bizə hələ də o baxır... (gülür) Yalandan nə deyim, borclarımızı ödəyə bilmirik. Atamdan yalnız bir istəyim var ki, gəlib tamaşalarıma baxsın.

 

- Gəlmir ki?

 

- Deyir, vaxtım yoxdur, gəlmir. İstəyirəm gəlsin.

 

 

- Filmlərinizə də baxmır?

 

- “Oğlan evi”ni çox bəyənir. Youtube-da baxıb hər gün mənə məlumat verir: “Bir milyon oldu baxış”...

 

- Amma yenə də teatrşünasların işinə münasibətinizi demədiniz...

 

- Tənqid lazımdır. Teatra da, kinoya da. Amma teatrşünaslar gərək daha keçsinlər e bu yana... Onlar hələ 21-ci əsrə keçməyiblər. Müəyyən texnologiyalar var, sosial şəbəkələr var, indi o köhnə ənənələr lazım deyil. İndi teatrşünaslar yeni teatrdan yazmalıdır. Necə olmalıdır yeni teatr? Bundan yazmalıdırlar. Atam hərdən mənimlə söhbət edir, deyir Səməndər Rzayev o vaxt belə oynamışdı. Mənim çox hörmətim var Səməndər Rzayevə. Keçmişə də. Amma biz artıq gələcəyə baxmalıyıq. Mənim uşağım texnika dövrünün sakini kimi məndən daha çox yenilənmiş nəsildir. Biz bu yeni nəsli aldada bilmərik.

 

- Heç səhnədə bu yeni nəsillə ayaqlaşmadığınızı hiss etmisiniz?

 

- Olub. Xüsusən uzun tamaşalarda. Bilirsiz, uşağa bu gün çirkin ördək balasını göstərəndə bilməliyəm ki, o, bu əhvalatın 4 variantına baxıb gəlib.

 

- Yeni mövsümdə xeyli yeni serial anonsu gedir. Siz də çəkilirsiz deyəsən...

 

- “Ögey ana” serialında çəkilirəm. Sain Qəhrəmanın rejissorluğu ilə çəkilir. Orada ailənin dostunu oynayıram.

 

- Müsbət profilli obrazdır?

 

- Hə, müsbətdir.

 

- Uğurlar!

 

- Sizə də!

 

LENT

26 Sentyabr 2017
25 Sentyabr 2017
24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017