İstərdim bacımın sevgilisi olsun

Bacım birinci il imtahandan kəsilmişdi. Kefi pozulmuşdu, heç yerdə qərar tuta bilmirdi. Onu həvəsləndirdik ki, ikinci dəfə keçərsən, ürəyini buz kimi tut. Universitetə girməmək nə böyük şeydir? Bu gün qəbul olunmazsan, sabah olarsan, qəti qorxusu yoxdur.

 

İkinci dəfə imtahan verəndə yenə yağış yağmışdı. Məktəbin həyətində islana-islana onu gözləyirdik. Qəfil yağışın içində qaça-qaça gəlib çıxdı: üzündə ümidsizlik yanıb sönürdü.

 

O gün başa düşdük ki, yenə qəbul oluna bilməyəcək.

 

- Ürəyinə salma, keçməmisən keçməmisən də... – atam yolboyu ona təsəlli verirdi.

 

Mən bacımın içində öz-özü ilə danışdığını hiss elədim. Qorxdum, açığı. Atamın iş yerinə gəlib çatdıq. Hərəyə bir çay süzdük, bacım əlləri əsə-əsə fincanı ağzına yaxınlaşdıranda atam üstünə qışqırdı: “Yavaş ol, üstünə tökəcəksən!”. Bacımın elə bil alnından güllə açıldı, key kimi ətrafa baxdı və heç hiss eləmədi ki, fincan əlindən düşdü, cilik-cilik oldu.

 

Atam öz-özünə donquldandı, amma bacımın xətrinə dəyməmək üçün susdu. Qəfil bacım getmək istədiyini dedi.

 

- Hara gedirsən?

 

- Evə...

 

Atama dedim ki, qoymayaq tək getsin, nəsə özündə deyil bu.

 

- Heç nə olmaz. Get... – atam qətiyyətlə dedi.

 

Bacım çıxıb getdi. O gün bizə gələn zəngi xatırlamaq istəmirəm. Anamın hönkürə-hönkürə danışması: “Günorta sizin yanınızdan çıxıb hara gedə bilər bu qız?”

 

Sonra öyrəndik ki, yolu çaşdırıbmış. Polisə xəbər verdik, onlar da 24 saat içində bir izə rast gəlməsələr, əlinizi üzün dedilər. Anam bircə “Vayy!!!” deyib döşəməyə sərildi...

 

Gecənin bir vaxtı bacımı tapdıq. Hər yeri əsirdi. Evə gətirdik, ayağını isti suya qoyduq. Nəsə danışırdı, amma sözləri rabitəsiz idi, heç nə başa düşə bilmirdik.

 

Qorxmuşdu, yaman qorxmuşdu!

 

Balaca bir məsafədən evimizin yerini tapa bilməmişdi. Elə bil həmin gün dünyada deyildi...

 

Bacımı o gündən sonra evə bağladılar, çölə qoymadılar. Atam, anam qorxurdu ki, yenə başına nəsə gələr. Amma bu doğruydu? Bir qızı evə bağlayıb, çölə həsrət qoymaq nə deməkdir?

 

Çox mübahisə eləyirdim, atam mühafizəkar olduğundan qəti razılaşmırdı. Ciddi nəzarət vardı bacımın üstündə. Hər hərəkətinə diqqət edirdilər. Və bu, bacımın cəmiyyətə açılmağına böyük maneələr yaradırdı. Nəticədə bacım asosial birinə çevrildi, cəmiyyətdən uzaq düşdü. İndi-indi onu adamların arasına çıxarırıq.

 

Biz bəzən deyirik ki, azad olmaq lazımdır, sərbəstlik lazımdır. Ancaq məncə, azad qadın, sərbəst qadın yoxdu. Ailə onu dalana dirəyir, cəmiyyət onu sıxır. Məsələn, mən istəyərdim bacımın sevgilisi olsun, onunla rahat görüşə bilsin. Ancaq həm də qorxuram. Buna hazır deyilik çünki. Atam, anam da buna heç hazır deyildi.

 

Özümüz yekə-yekə danışırıq ki, evlilikdən əvvəl bir yerdə yaşamaq lazımdır, bakirəlik boş şeydir. Ümumi deyirik bunu, məsələyə konkret hansısa fərdin timsalında baxmırıq. Öz içimizdən baxanda görürük ki, yox, heç biz özümüz də bunu qəbul edəcək gücdə deyilik.

 

Mən bacımın sərbəst öz həyatını yaşamağını istəyirəm. İstəyirəm ki, sevgilisi olsun, gəlib bizlə tanış eləsin. Amma bacım hələ də o qorxu altındadır. Evdən çölə çıxa bilmədiyi o günlərin ab-havasını daşıyır üzərində. Üstəlik qohum-əqrəba, qonum-qonşu gözü...

 

Bacıma kimisə tanımağa imkan vermirlər. Sadəcə evlənməlisən, vəssalam! Beyninə bu cür yeridiblər. Və Azərbaycanda bu cür nə qədər qadın var. Hamısı bir gün onu gəlib bu əzablardan xilas edəcək ağ atlı oğlanı gözləyir. Onların üzərindəki nəzarət bitib-tükənmir. Və əslində bir yandan da haqq qazandırırsan buna.

 

Çünki biz avropalı deyilik. Burda yalandan azad seksdən danışa bilərəm, amma reallıq bizim təfəkkür olaraq ora çata bilməməyimizi göstərir. Hətta təfəkkürü geniş olanlar belə yenə də öz ailəsində buna göz yuma bilmir, içindəki o “məhəllə uşağı” üzə çıxır.

 

Özümüzü aldatmayaq, heç birimiz sərbəst yaşamağa hazır deyilik, azad seksə hazır deyilik. Biz mahiyyətcə şərqliyik.

 

LENT

26 Sentyabr 2017
25 Sentyabr 2017
24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017